Məhkəmə qərarları › İş №1(003)-22/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-22/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-22/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayonu, S.yesenin küçəsi 87-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 03 radələrində müştəri qismində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən “Kaspian” adlı kafeyə getmiş, orada xidmətçi kimi işləyən Şahid1 ilə aralarında sözlə mübahisə yaranmış, bundan sonra orada administrator kimi işləyən Zərərçəkmiş şəxs səs-küyə gələrək nə baş verdiyini soruşub iradını bildirdikdə Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərilə Zərərçəkmiş şəxs təhqir edərək yumruqla qəsdən sifət nahiyyəsinə vurmuş, orada olan şəxslərin köməyi ilə Təqsirləndirilən şəxs kafenin həyətinə çıxarılmış və həyətdə Zərərçəkmiş şəxs qarşı xuliqanlıq hərəkətlərini davam etdirəkək təpiklə onun qarın nahiyyəsinə vurmuş, yumruqla boyun, döş qəfəs və sağ bazu nahiyyəsinə yumruqla vuraraq, daha sonra isə əynindəki şalvarın sağ arxa cibindən avtomobil açarını çıxardıb silah qismində istifadə edərək bir dəfə sol süd vəzisinə, bir dəfə də sağ çiyin nahiyyəsinə vuraraq ümumilikdə sonuncunun ağzın selikli qişasının qansızması, boynun, döş qəfəsinin, sol süd vəzisinin, sağ çiyinin, qarnın qançırları, sağ bazunun sıyrığı, ağrı sindromu ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında tanışları ilə birlikdə Türkan qəsəbəsi ərazisində yerləşən kafeyə getmişdir. Onlar kafedə bir stolda oturmuş və qadın afisiant onlarıb stoluna yaxınlaşmış, onunla oturan tanışı afisianta sifariş verərkən afisiantın ağzından tüpürcək onun sifətinə sıçramış, tanışı ona niyə üzünə tüpürdüyünü bildirəndə həmin afisiant onu nalayiq ifadələrlə təhqir etmiş və bu dəfə bilərəkdən onun sifətinə tüpürmüşdür. Səs-küyə başqa bir qadın, adını sonradan bildiyi Lalə adlı qadın yaxınlaşmışdlr. Lalə yaxınlaşan zaman sonuncunun içkili vəziyyətdə olmasını görmüşdür. Lalə nə baş verdiyini soruşan zaman nalayiq ifadə işlətmiş və onların kafeni tərk etmələrini bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Bundan sonra həmin qadın talışları təhqir etmişdir. O, isə əsəbləşib həmin qadını əli ilə vurmuşdur. Lakin onun əlində başqa əşya olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etdi ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Kaspian” kafesində adminstrator kimi işləmişdir. xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 03 radələrində kafeyə müştəri kimi gələn, əvvəllər tanımadığı, sonradan adının Emin olduğunu bildiyi şəxs kafedə ofisiant kimi işləyən bacısı Şahid1 ilə mübahisə etmişdir. Bu mübahisəni gördükdən sonra həmin şəxsə yaxınlaşıb nə baş verdiyini öyrənmək istəmişdir. Həmin şəxs aqressiv formada və ətrafda olan şəxslərə təhqiramiz ifadələr işlətmişdir. Onun bu hərəkətlərinə iradını bildirmiş, lakin həmin şəxs üstünə hücum edərək bir dəfə yumruqla onun sifət nahiyyəsinə vurmuşdur. Bunu görən ətrafdakı şəxslər onu uzaqlaşdırıb kafenin bayıra çıxarmışlar. O, yenə də sakitləşməyərək ona tərəf hücum etmiş və təpik zərbəsi ilə onun qarın nahiyəsinə bir dəfə zərbə zərbə vurmuşdur. Yenidən ətrafdakı insanlar araya girmiş və onu uzaqlaşdırmağa çalışmışlar. Lakin Emin onların əlindən aralaşıb əynindəki şalvarın arxa cibindən bıçağı çıxardıb yenidən onun üstünə hücum edərək bıçaqla sinə və sağ çiyin nahiyyəsinə xəsarət yetirmişdir. Dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra onu ətrafdakı insanlar “Mercedes” markalı **-RX-*** qeydiyyat nömrəli avtomobilə mindirib oradan uzaqlaşdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində kafe icarəyə götürüb işlədir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında işlətdiyi kafedə adlarını bilmədiyi şəxslər müştəri kimi yemək yeyib, spirtli içki qəbul etmişlər. Gecə saatlarında kafeni bağlamaq istəyəndə onlar Türkan qəsəbəsində yerləşən “Kaspian” adlanan kafeyə getmək istədiklərini bildirib, ondan taksi çağırmağını istəmişlər. Onlara öz avtomobili ilə taksi kimi gedəcəkləri ünvana apara biləcəyini bildirmiş, onlar da razılaşmışlar. Daha sonra kafeni bağlayıb onları "Kaspian” adlı kafeyə aparmışdır. Bundan sonra içəri daxil olmuşlar və orada əyləşdikdən sonra xidmətçi xanıma spirtli içki sifariş etmişlər. Xidmət edən ofisiant sifarişləri gətirdikdən sonra ağzından qeyri ixtiyari olaraq çıxan tüpürcək onların yanında olan yaşlı şəxsin üzünə dəymişdir. Buna görə də yaşlı şəxs ondan “nə üçün üzünə tüpürdüyünü” soruşduqda ofisiant qadın yaxşı elediyini bildirib ona qarşı nalayiq ifadə işlətmişdir. Daha sonra adını bilmədiyi qadın onları oturduğu masaya yaxınlaşmış və o, da onlara qarşı nalayiq ifadələr işlətmişdir. Bu zaman masada olan Emin adlı şəxs masadan qalxıb masaya yaxınlaşan ikinci qadına əli ilə sifət nahiyyəsinə vurmuşdur. Ətrafda olan şəxslər onları aralaşdırmış və kafedən bayıra çıxarmışlar. Daha sonra kafenin həyətində olduqları zaman həmin qadın və Emin arasında sözlə mübahisə davam etmişdir. Bu vaxt Emin əynindəki şalvarın arxa cibindən nəsə əşya çıxardıb qadının üstünə hücum etmişdir. Lakin əlində bıçaq olmamışdır. Bu vaxt ətrafda olan şəxslər onları aralaşdırmış və birlikdə gəldikləri şəxslər Emini onun avtomobilinə mindirmişlər. O, avtomobilini işə salmaq istəyəndə görmüşdür ki, açarı cibində yoxdur, fikirləşmişdir ki, açarı itirib və bunu onlara demişdir. Bu zaman Emin onun açarını cibindən çıxardıb ona verib demişdir ki, kafedə stolun üstündə qalmış, telefonunu götürəndə açarı da götürmüşdür. Bundan sonra avtomobilini işə salmış və oradan uzaqlaşmışlar. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Kaspian” adlı kafedə ofisiant kimi işləmişdir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında işdə olarkən kafeyə müştəri kimi gələn dörd nəfər şəxs əyləşdikdən sonra spirtli içki sifariş etmişlər. Bundan sonra içkiləri masaya gətirib qoyduqdan sonra masadakı şəxslərdən yaşlı olan şəxs əlavə sifarişlər vermək istədiyini bildirmiş, ona yaxınlaşdıqda həmin şəxs əxlaqsız hərəkət etməyə cəhd etmişdir. O, buna etiraz etdikdə üstünə qışqıraraq ona niyə sifətinə tüpürdüyünü bildirmişdir. Qeyd etmişdir ki, onlar kafeyə gələndə sərxoş olmuşlar. O, həmin şəxsə bildirmişdir ki, onun sifətinə tüpürməmişdir, sadəcə olaraq danışanda ağzından tüpürcək sıçrayaraq onun sifətinə dəymişdir. Həmin şəxs yenə də qışqırıb onu nalayiq ifdələrlə təhqir etmiş, o, da əsəbləşib ona nalayiq ifadələrlə söymüş və oradan uzaqlaşmaq istədikdə masadan qalxan digər şəxs onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman həmin kafedə adminstrator işləyən bacısı Zərərçəkmiş şəxs masaya yaxınlaşmış və nə baş verdiyini soruşduqda sonradan onu təhqir edən, adını sonradan bildiyi Emin adlı şəxs masadan qalxaraq əli ilə bacısı Lalənin sifət nahiyyəsinə vurmuşdur. Orada araya girən şəxslər onu kafedən bayıra çıxarmışlar. Lakin həmin şəxs kafenin həyətində olanda da sakitləşməmiş və yenidən Lalənin üstünə hücum edib onun qarın nahiyyəsinə təpik zərbəsi vurmuşdur. Bunu görən şəxslər yenidən onu ayırıb uzaqlaşdırmaq istədikdə o, əynindəki şalvarın arxa cibindən bıçağı çıxardıb Laləyə hücum etmiş və bıçaqla onun sinə və sağ çiyin nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Lalə dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra həmin şəxslər gəldikləri maşına əyləşərək oradan uzaqlaşmışlar. Hadisə zamanı ona heç kim xəsarət yetirmədiyini, hadisənin şahidi özü və kafedə işləyən Pərvanə olmuşdur, qalan şəxslər müştəri kimi gəldiyindən onları tanımadığını, onların içərisində bir nəfər Orxan adlı şəxs tez-tez “Kaspian" kafeyə gəldiyinə görə onu tanıdığını bildirmişdir. Emin adlı şəxs kafeyə gələndə yanında bir nəfər qadın və iki nəfər kişi olduğunu, hadisənin təxminən ümumilikdə 15 dəqiqə davam etdiyini, Emin adlı şəxs sərxoş olduğundan cəld hərəkət etdiyinə görə bıçağı dəqiq görə bilmədir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd etmişdir ki, istirahət etmək üçün tez-tez tanışları ilə Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən “Kaspian” adlı kafeyə gedib yeyib içir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında da tanışları ilə orada olmuşdur. Gecə artıq xx.xx.2023-cü il saat təxminən 03 radələrində kafedə qonşu stolda oturan şəxslərin kafenin işçiləri ilə hansı səbəbdənsə mübahisəsi yaranmış, bunu orada olan müştərilər də görüb eşidirmişlər. Birdən onların arasında dava düşmüş və adını sonradan bildiyi Emin adlı şəxs yumruqla kafenin administratoru olan Lalə adlı qadının sifət nahiyyəsinə vurmuşdur. Orada olan şəxslər onları aralaşdırıb sakitləşdirmək üçün həyətə aparmışlar. Lalə də onların arxasınca getmiş, Emin adlı şəxs və onunla gələn şəxslərin kafedən çıxıb getmələrini tələb etmişdir. Bu zaman kafenin həyətində onların arasında birdən yenə də mübahisə yaranmış və Emin adlı şəxs bu dəfə yumruq və təpiklə Laləni vurmuşdur. Onları yenidən sakitləşdirmək istəmişlər, lakin onlar bir-birinə nalayiq ifadə işlətdiyinə görə Emin adlı şəxs şalvarının cibindən dəqiq görməsə də bıçaq kimi bir əşya çıxardıb Lalənin üstünə hücüm etmiş və onu vurmuşdur. Orada olan şəxslərlər birlikdə onları aralaşdırmış və yola salmışlar ki, çıxıb getsinlər və ara sakitləşsin. Hadisə təxminən ümumilikdə 10-15 dəqiqə davam etmiş, Emin adlı şəxsin əlində konkret nə olduğunu dəqiq görməmiş, balaca nəsə bir əşya olduğunu, bıçaq olub-olmadığını görmədiyini, əlindəki əşyanın arxasında gümüşü rəngli parıltılı nəsə olduğunu, amma yenə də dəqiq və konkret onun əlində nə olduğunu deyə bilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 tərəfindən keçirilmiş məhkəmətibbi ekspertizanın xx.xx.2023-cü il tarixli, 721 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər - ağzın selikli qişasının qansızması, boynun, döş qəfəsinin, sol süd vəzisinin, sağ çiyinin, qamın qançırları, sağ bazunun sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1-2 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023- cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2023-cü il tarixli hadisəni qeydə almış videomüşahidə kamerasından götürülmüş videogörüntüyə keçirilmiş baxış protokolundan görünür ki, hadisə zamanı “Kaspian” adlı kafenin daxilində bir neçə nəfər ayaq üstə hərəkət edir, Zərərçəkmiş şəxs kameranın qarşısına keçərkən Təqsirləndirilən şəxs sol əli ilə onun sifət nahiyyəsinə zərbə vurur və yenidən onun üstünə gedir. Bu zaman Zərərçəkmiş şəxs bacısı Şahid1 və digər şəxslər araya girib onları aralayırlar. Digər videogörüntüyə baxış keçirilən zaman isə müəyyən olunur ki, həmin kafenin həyətində onların mübahisəsi davam edir və Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs üstünə hücum etmək istəyir və orada olan şəxslər onun qarşısını almağa çalışırlar. Buna baxmayaraq Təqsirləndirilən şəxs əynindki şalvarın sağ arxa cibindən nəsə çıxardıb qaçaraq qarşı tərəfə hücum etməyə başlayır; - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur; - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi E.Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində xx.xx.2023-cü il tarixində Zərərçəkmiş şəxs “kaspian” adlı kafedə yumruqla, daha sonra isə cibində olan avtomobil açarı ilə vurduğunu e etiraf etmiş və “əlavəm yoxdur, düzgün yazıldı, imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 Məhəmməd qızına məxsus avtomobilin açarına baxış keçirilmişdir. Həmin açar qara rənglidir, qatlanmış vəziyyətdə 6 sm, açıq vəziyyətdə isə 11 sm-dir. Açıq vəziyyətdə vizual olaraq cib bıçağına bənzəyir; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lerik Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CMnin 177.2.2, 185.2.2, 66.3, 67.1-ci maddələri ilə 04 il 06 ay müddətinə azaqlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəza müddəti 04 ilə endirilmiş, xx.xx.2019-cu ildə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsində təqsirli bilinərək 01 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Barəsində CM-nin 263-1.3, 264-cü maddələri ilə cinayət işi məhkəməyə göndərilmişdir; - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.3, 264-cü maddələri ilə təqsirli bilinərək CM-nin 263-1.3-cü maddəsi ilə 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə qismən birləşdirilərək ona qəti 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; - Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü qüvvəsində saxlanılmışdır; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 7(003)-110/2025 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasından azad edilmişdir; - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə verilmiş xx.xx.2024-cü il tarixli teleqramdan aydın olur ki, o, Təqsirləndirilən şəxs qarşı şikayətçi deyildir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlinin törədilməsindən sonra yarandığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə (xx.xx.2019-cu ildə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti azad olunmuş, xx.xx.2025-ci il tarixli qərarla ona təyin edilmiş cərimə cəzasından azad edilmişdir) yaranmış məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlanıldığı müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), iş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-263/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və onun digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın, 01 ədəd avtomobil açarının sahibinə qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 96 saat vaxta görə 626 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar