Məhkəmə qərarları › İş №1(003)-220/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-220/2020

04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-220/2020 04.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1992-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ünvanında yerləşən nömrəsiz evdə yaşayan və barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən idman klubunun yanında arvadı Aydan Vahidovaya baxdığına görə Zərərçəkmiş şəxs ilə aralarında həmin səbəbdən şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsindən iki dəfə başı ilə vuraraq, sağ qaşın əzilmiş yarası, sağ gözaltı nahiyənin qançırı, sağ göz almasının ağlı qişasının qansızması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır, Səfərlə onun yaşadığı evin arasında təxminən 500-600 metr məsafə vardır. Hadisədən 1-2 ay əvvəl həyat yoldaşı Aydan ona evlərinin yanında mağazaya lavaş gətirən və qonşuluqda yaşayan Səfərin Aydanı küçədə görəndə tez-tez baxdığını və Səfərə bu barədə deməsini bildirmişdir. O, həmin vaxt Səfərə onun yoldaşına baxmamağı demiş və Səfərin bu hərəkətini irad tutaraq onun həyat yoldaşının xoşuna gəlmədiyini demişdir. Bundan sonra o, həyat yoldaşı ilə evdən çıxıb gedəndə və yaxud gələndə Səfərin onlara diqqətlə baxdığını görmüş və bu onun xoşuna gəlməmişdir. Baş vermiş hadisədən 2-3 gün əvvəl həyat yoldaşı Aydan ona yenidən Səfərin diqqətlə baxıb onu süzdüyünü və Səfərin bu baxışlarından narahat olduğunu demişdir. Həmin vaxt o, Səfəri tapa bilmədiyi üçün Səfərlə söhbət edə bilməmişdir. xx.xx.2019-cu il tarixdə, təxminən saat 19:00 radələrində o, Səfərin kirvəsi Sərxanla Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yaşadığı evin yaxınlığında adsız idman zalının qarşısında dayanıb söhbət edirdi. Həmin vaxt Səfərin gəldiyini görüb “bura gəl” deyərək Səfəri yanına çağırmışdır. Səfər ona öz adı ilə çağırmağı deyərək iradını bildirərək söyüş söymüş və həmin zaman o, “adamın arvadına baxmazlar” demiş, əsəbindən Səfərin sifət nahiyəsindən başı ilə, yəni kəllə ilə bir dəfə vurmuşdur. Həmin vaxt Sahil oraya gəlmişdir. Bundan sonra onun yanında olan Sərxan və Sahil onları ayırmaq istəyəndə o, yenidən başı ilə Səfərin başından bir dəfə vurmuşdur. Sonradan isə Elşən oraya gəlmişdir. Bundan sonra o, çıxıb getmişdir. Hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. Mübahisəyə səbəb Səfərin onun həyat yoldaşıma baxmağı və onun Səfərə bu barədə deməyindən sonra yenə Səfərin öz hərəkətlərinə davam etməyinin olduğunu, Səfəri orada ondan başqa heç kəsin vurmadığını, mübahisə zamanı ona heç kəsin xəsarət yetirmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Fizuli oğlunu hadisə olan müddətdən tanıyır, Ceyhunun yaşadığı ev ilə onun yaşadığı ev arasında təxminən 500-600 metr məsafə vardır. Hadisədən 1-2 ay əvvəl o, Ceyhungilin evinə yaxın "Ümid" marketdən çıxanda Ceyhun ona yaxınlaşaraq nəyə görə arvadına baxdığını deyərək ona öz iradını bildirmişdir. O, isə Ceyhuna boş-boş danışmamağı, arvadına baxmadığını bildirmişdir. O, müxtəlif ərzaq mağazalarına lavaş satmaqla ailəsini dolandırır. Ceyhunun evinə yaxın "Ümid" market Ceyhuna məxsusdur, lakin həmin mağazanı başqa bir şəxsə icarəyə vermişdir. O, da 10 gündən bir "Ümid" marketə lavaş satır. xx.xx.2019-cu il tarixdə, təxminən saat 18:40 radələrində o, oğlu Anarı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yaşadığım evin yaxınlığında adsız idman zalına aparmışdır. Oğlunu zala qoyub evə qayıtmaq istədikdə Ceyhun ona “ə bura gəl” deyərək çağırmışdır. Həmin vaxt Ceyhunun yanında tanıdığı Sahil, Elşən və onun qohumu Sərxan da olmuşdur. O, Ceyhuna onu öz adı ilə çağırmağını deyərək iradını bildirmişdir. Həmin vaxt Ceyhun qəflətən başı ilə onun sifət nahiyəsindən vurmuşdur. Həmin zərbə onun sağ qaş nahiyyəsinə dəymişdir. Orada olan Sərxan, Elşən və Sahil Ceyhunu tutaraq ondan aralamışlar. Sərxan Ceyhuna niyə onu vurduğunu soruşmuş, Ceyhun Sərxana onu bir daha vurmayacağını, ancaq söhbət edəcəyini söz verərək ona yaxınlaşmışdır. Ceyhun ikinci dəfə baş nahiyyəsi ilə onun sifət nahiyəsindən vurmuşdur. Zərbə yenə onun sağ qaşını tutmuşdur. Həmin zərbədən o, yerə yıxılmışdır. O, özünə gələn kimi ayağa qalxıb avtomobilinə minib oradan uzaqlaşmış və DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1407 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində sağ qaşın əzilmiş yarası, sağ gözaltı nahiyənin qançırı, sağ göz almasının ağlı qişasının qansızması aşkar edildi. Qeyd olunan xəsarətlərküt əşya (əşyalar) təsirindən onun 3 saylı X2 müraciətindən az əvvəl tərənmişlər, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə və şəraitdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Zərərçəkmiş şəxs ilə barışdığı, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Ceyhun tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 03 saata görə 18 (on səkkiz) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi və X3 ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar