Məhkəmə qərarları › İş №1(003)-220/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-220/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-220/2021 05.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində ünvan 3 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 dekabr 2020-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.4, 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan başqa, avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuş və yol-nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə və ona, Bakı şəhəri Şüvəlan qəsəbəsi Hacı Mövlan bağlarında, sahəsi 10 sot olan 94A saylı bağ evinə dair DƏDRX-dən çıxarış alacağına və həmin bağ evini alqı-satqı yolu ilə onun adına rəsmiləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla 2019-cu ilin sentyabr ayının sonlarında Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən “N.Nərimanov” istirahət parkının qarşısında 10.000 manat məbləğində pulunu, 2020-ci ilin mart ayının əvvəllərində Nərimanov rayonu Təbriz küçəsində yerləşən “N.Nərimanov” istirahət parkının qarşısında 10.000 manat məbləğində pulunu, 2020-ci ilin may ayının ortalarında Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 26 ev 4 ünvanının qarşısında Şahid vasitəsi ilə 2.000 manat məbləğində pulunu və 2020-ci ilin may ayının sonlarında Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən “N.Nərimanov” istirahət parkının qarşısında 3.850 manat məbləğində pulunu almaqla, ümumilikdə 25.850 (iyirmi beş min səkkiz yüz əlli) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, 26 dekabr 2020-ci il tarixdə saat 19 radələrində idarə etdiyi 2007-ci il buraxılışlı, “X17” markalı, **-ZY-*** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı-Buzovna yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində üzü Buzovna qəsəbəsi istiqamətində hərəkət edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyib yolun “Şağan 2” dayanacağının qarşısında, yolu sağ tərəfdən sol tərəfə keçən piyada 18 aprel 1972-ci ildə Ağsu rayonu Cəlayır kəndində doğulmuş X5 avtomobilin sol qabaq hissəsi ilə vurub ehtiyatsızlıqdan onun ölümü ilə birbaşa səbəbli əlaqə təşkil edən, ənsə nahiyəsinin əzilmiş yarası; alın nahiyəsinin, burun belinin, sağ və sol almacıq nahiyəsinin, üst dodağın, alt çənə nahiyəsinin, sol dirsək nahiyəsinin, sağ və sol əlin arxa səthinin, sol qalça darağının, sol budun yuxarı üçdə birinin bayır səthinin, sağ və sol dizin ön səthinin, sağ və sol baldırın orta üçdə birinin, sol ayağın bayır topuğun, sağ ayağın iç topuğun, bel nahiyəsinin sıyrıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; ənsə sümüyünün kəllə əsasına keçən yerdəyişməsiz sınığı; burun sümüyünün qapalı sınığı; üst çənədə ön kəsici dişlərin diş əti səviyyəsindən travmatik sınığı; sol İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, az yerdəyişən sınıqları ilə müşayət olunan, 26 dekabr 2020-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilən, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetrimiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, hadisə barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4, 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, X4 və İstismarı Birliyi ilə onun anası X7 arasında bağlanmış 11 aprel 2003-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri Xəzər rayonu Çöl Şüvəlan qəsəbəsində yerləşən 9 sot ərazisi olan 97A saylı torpaq sahəsi anası Lətifə Tağıyevanın istifadəsinə verilmişdir. 29 avqust 2014-cü il tarixdə anası vəfat etmişdir. 2019-cu ilin sentyabr ayında anasından miras qalmış həmin bağ sahəsini satmaq qərarına gəlmişdir. Bununla əlaqədar dostu Şahid onun xahişi ilə internet saytlarına elan yerləşdirmişdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs adlı müştəri zəng etmiş və görüşmüşlər, sonra Zərərçəkmiş şəxs bağ sahəsinə baxaraq bəyənmiş və almaq istədiyini bildirmişdir. Bundan sonra bağ sahəsinin qiymətini müzakirə etmişlər və nəticədə 55.000 manata razılaşmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs bağ sahəsinin rəsmi olaraq mülkiyyətində olmadığını, yəni DƏDRX-dən çıxarış almadığını bildirmişdir. Zərərçəkmiş şəxs isə çıxarış olmadan bağ sahəsini almaqdan imtina etmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxsla əlaqə saxlayaraq bağ sahəsinə dair çıxarışı almaq üçün müəyyən xərclərin tələb olunduğunu, hazırda maddi imkanı olmadığı üçün çıxarışı ala bilmədiyini bildirmiş və çıxarışı almaq üçün ona ilkin olaraq 10.000 manat lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşaraq 2019-cu ilin sentyabr ayının sonlarında Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən “N.Nərimanov” istirahət parkının qarşısında ona 10.000 manat vermişdir. Həmin ərəfədə Əmlak Məsələləri Dövlət Komitəsində struktur dəyişikliyi baş vermiş, bu səbəbdən bağ sahəsinə dair çıxarışı ala bilməmişdir. Sonrakı müddət ərzində bağ sahəsinə dair çıxarışın alınması ilə bağlı tələb olunan sənədləri toplamağa başlamış, bağ sahəsi rəhmətlik anasının adına olduğu üçün vərəsəlik hüququ əldə etmiş, Bağlar İdarəsinin arxivindən müqavilənin surətini əldə etmiş, topladığı sənədlərini DƏDRX-nə təqdim etmiş, lakin 2020-ci ilin may ayında DƏDRX tərəfindən torpaq sahəsinə çıxarış verilməsindən imtina edilmişdir. Bununla yanaşı, 2019-cu ilin sentyabr ayından 2020-ci ilin may ayına kimi olan müddət ərzində Zərərçəkmiş şəxs hissə-hissə olaraq əlavə 15.850 manat almış, bağ sahəsini alqı-satqı edərkən onun ödəyəcəyi məbləğdən həmin pulları çıxacağını bildirmiş, lakin aldığı həmin pulları şəxsi maddi problemlərini həll etməyə sərf etmişdir. Nəticədə bağ sahəsini sənədləşdirə bilmədiyi üçün Zərərçəkmiş şəxsla alqı-satqı edə bilməmiş və Elvin onun barəsində Nərimanov rayon Polis idarəsinə şikayət etmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs aldığı ümumilikdə 25.850 manatı ödəmişdir. İlk dəfə törətdiyi bu əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Eyni zamanda cinayət nəticəsində vurulmuş 25.850 (iyirmi beş min səkkiz yüz əlli) manat ziyanın 25 (iyirmi beş) faizi miqdarında (6477 (altı min dörd yüz yetmiş yeddi) manat – komissiya məbləği ilə birlikdə) Dövlət büdcəsinə ödəniş etmişdir. Bundan başqa, 26 dekabr 2020-ci il tarixdə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi özünə məxsus, texniki cəhətdən saz olan, 2007-ci il buraxılışlı, “X17” markalı, qara metal rəngli, **-ZY-*** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı- Buzovna yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində üzü Buzovna qəsəbəsi istiqamətində, soldan birinci zolaqla 90 km/saat sürətlə hərəkət edərkən avtomobilin sol qabaq tərəfinə nəyinsə çırpıldığını hiss etmiş və əyləci basmışdır. Lakin sonra qorxub sürəti artıraraq hərəkətini davam etdirmiş, hansı maneə ilə toqquşduğuna məhəl qoymamışdır. Yola davam edərək geriyə dönüb üzü Bakı şəhəri istiqamətində hərəkət etmiş, hadisə yerinə çatdıqda ətrafa tanımadığı şəxslərin toplaşdığını görmüş, maşından yerə düşmüş, bərk həyəcanlı olduğundan və qorxduğundan, maşınını küçələrin birinə qoyub yoldan keçən markasını xatırlamadığı avtomobilə əyləşmiş, bir başa yaşadığı Nərimanov rayonu ərazisinə getmişdir. Orada Nərimanov RPİ-nə gedib növbətçiyə Buzovna yolunda yol-nəqliyyat hadisəsi törətdiyini bildirmiş, sonra Xəzər RPİ-nin əməkdaşları gələrək onu oradan götürüb əvvəl narkoloji dispanserə aparıb müayinə etdirmiş, sonra Xəzər RPİ-nə gətirmişlər. Hadisə zamanı avtomobillə vurduğu piyada X5 əvvəllər tanımamış, onunla hər hansı münasibəti olmamışdır. Həmin vaxt avtomobildə yük və sərnişin olmamışdır. 2003-cü ildən avtomobil idarə etməyinə baxmayaraq, ilk dəfə törətdiyi bu hadisənin şokundan qorxub hadisə yerində dayanmamış, möhkəm qorxduğundan polisə hadisə barədə məlumat verməmişdir. İlk dəfə, həm də ehtiyatsızlıqdan törətdiyi bu əməldən bərk sarsılaraq səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir və hazırda onun ondan heç bir tələbi və ya şikayəti yoxdur. Bunların nəzərə alınaraq onun Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini, CM-nin 263.2 və 264-cü maddələri isə ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 2019-cu ilin sentyabr ayında gələcəkdə bağ evi tikdirmək məqsədi ilə özünə Bakı şəhəri ərazisində torpaq sahəsi axtarırmış. Həmin ərəfədə “Bina.az” saytında yerləşdirilmiş elanları nəzərdən keçirərkən Şüvəlan qəsəbəsi Hacı Mövlan bağları adlanan ərazidə çıxarışlı 10 sot torpaq sahəsinin satılması barədə elana rast gəlmişdir. Elanı yerləşdirmiş Cavid adlı şəxsin telefon nömrəsinə zəng edərək əlaqə saxlamış və Nərimanov rayonu Əliyar Əliyev küçəsində yerləşən “Azinko” yaşayış kompleksinin qarşısında görüşmüşlər. Cavid adlı şəxs həmin görüşə xalası oğlu və torpaq sahəsinin sahibi kimi təqdim etdiyi Təqsirləndirilən şəxs adlı şəxslə gəlmişdir. Görüş zamanı bir daha Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin qiyməti, sahəsi və sənədləri barədə soruşmuş, əvvəlcə Təqsirləndirilən şəxs həmin torpaq sahəsini 60.000 manata satdığını, torpaq sahəsinin 10 sot ərazisinin və çıxarışının olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsini 55.000 manata ala biləcəyini bildirmiş, o da onun təklifi ilə razılaşmış, bundan sonra isə ona torpaq sahəsinin çıxarışının olmamasını, lakin Bağlar idarəsi tərəfindən verilmiş sənədlərinin olmasını, həmin sənədləri DƏDRX-nə təqdim edib 1 ay müddətində çıxarış alacağını bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək 1 ay gözləyəcəyini, çıxarış hazır olandan sonra isə ona 55.000 manat ödəyib alqı-satqı yolu ilə torpaq sahəsini alacağını bildirmişdir. Bir neçə gün sonra, 2019-cu ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq, torpaq sahəsinə çıxarışı ala bilməsi üçün 10.000 manat lazım olmasını, hazırda maddi imkanı olmadığı üçün həmin pulu ödəyib çıxarışı ala bilməməsini, əgər həmin məbləği ona versə torpaq sahəsinin çıxarışını alacağını və ondan aldığı məbləği torpaq sahəsinin qiymətindən çıxacağını bildirmişdir. Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq təxminən 2 gün sonra Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən “N.Nərimanov” istirahət parkının qarşısında Təqsirləndirilən şəxs 10.000 manat vermişdir. Təqsirləndirilən şəxs qısa müddət ərzində sənədləri hazır edəcəyini bildirsə də 10.000 manatı aldıqdan sonra müxtəlif bəhanələr gətirərək vaxtı uzatmış, nəhayət 2020-ci ilin fevral ayında onunla görüşmüşdür. Həmin görüş zamanı Təqsirləndirilən şəxs ona Bağlar İdarəsi tərəfindən verilmiş bir sənəd təqdim etmiş, sənədin üzərində həqiqətən də Bakı şəhəri Şüvəlan qəsəbəsi Hacı Mövlan bağlarında sahəsi 9 sot olan 94A saylı bağ evinin Təqsirləndirilən şəxs anasının adına verilməsi qeyd olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ona bildirmişdir ki, torpaq sahəsi anasının adına olduğu üçün çıxarışın alınması məsələsi bu qədər uzanmışdır. Belə ki, o, əvvəlcə notarial qaydada vərəsəlik hüququ almalı, həmin hüququ alması üçün ailə üzvlərinin razılıqları verilməlidir, bundan sonra topladığı sənədləri DƏDRX-nə təqdim etməli və çıxarışı almalıdır. Təqsirləndirilən şəxs təqdim etdiyi, Bağlar İdarəsi tərəfindən verilmiş sənədin surətini götürərək öz əlaqələri vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti ilə əlaqə saxlamış, həmin sənəd əsasında çıxarış almağın mümkün olubolmamasını soruşmuş, nəticədə əgər sənəd həqiqətən də sözügedən torpaq sahəsinə məxsusdursa, heç bir problem olmadan çıxarış verilə bilinəcəyini öyrənmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs dediklərinin həqiqət olmasına şübhə etməmişdir. Sonra Təqsirləndirilən şəxs onunla görüşərək vərəsəlik hüququnun alınması, notarial xərclər və DƏDRX-nə təqdim ediləcək bütün sənədlərin toplanması üçün ona yekun olaraq 10.000 manat lazım oldutunu, bundan sonra ən geci 2 ay ərzində torpaq sahəsini mülkiyyətinə keçirib onunla alqı-satqı edəcəyini və alqı-satqı zamanı aldığı pulların hamısını torpaq sahəsinin dəyərindən çıxacağını vəd etmişdir. Təqsirləndirilən şəxs əlində həqiqətən də Bağlar İdarəsi tərəfindən verilmiş sənədin olduğunu gördüyü üçün, o cümlədən verdiyi bütün pulların nəticədə torpaq sahəsinin qiymətindən çıxarılmasını nəzərə alaraq etiraz etməyərək 2020-ci ilin mart ayının əvvəllərində “N.Nərimanov” parkının qarşısında Təqsirləndirilən şəxs əlavə 10.000 manat vermişdir. Lakin 2020-ci ilin may ayında DƏDRX-dən verilmiş cavab məktubunda Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlərə əsasən həmin torpaq sahəsinin əslində 9 sot deyil, cəmi 6 sot ərazisinin olması göstərilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxslə görüşərək bunun nə demək olduğunu soruşmuş, Təqsirləndirilən şəxs həqiqətən də torpaq sahəsinin cəmi 6 sotdan ibarət olmasını və torpaq sahəsinin ərazisinə uyğun olaraq, yəni hər bir sotunun dəyəri 5.500 manat olmaqla cəmi 33.000 manat verib torpaq sahəsini almağı təklif etmiş, həmin məbləğin 20.000 manatını artıq verdiyini qeyd etmiş, lakin çıxarışı ala bilməsi üçün əlavə 6.000 manat lazım olmasını bildirmişdir. Yenə də güzəştə gedərək Təqsirləndirilən şəxs təklifini qəbul etmiş və 2020-ci ilin may ayının ortalarından həmin ayın sonlarına kimi Təqsirləndirilən şəxs hissə-hissə ümumilikdə 5.850 manat vermişdir. Belə ki, əvvəlcə 2020-ci ilin may ayının ortalarında Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 26 ev 4 ünvanının qarşısında Oqtayın qohumu Cavid adlı şəxsə 2.000 manat vermiş, sonra 2020-ci ilin may ayının sonlarında “N.Nərimanov” parkının qarşısında Təqsirləndirilən şəxs 3.850 manat vermiş, bütün bunlara baxmayaraq, bir neçə müddət sonra DƏDRX-dən verilmiş məktuba əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlərdə qeyd olunmuş, 6 sot ərazisi olan torpaq sahəsi ümumiyyətlə Təqsirləndirilən şəxs ona və Əmlak Komitəsinin əməkdaşlarına göstərdiyi torpaq sahəsi deyildir, həmin torpaq sahəsi tamamilə başqa ünvanda yerləşir. Artıq bundan sonra Təqsirləndirilən şəxs bütün bu müddət ərzində ona dəfələrlə yalanlar danışmasını, nəticədə 25.850 manat pulunu alaraq özünə məxsus olmayan torpaq sahəsini satacağını vəd etməsini görüb onun tərəfindən aldanılmağını başa düşüb pulları qaytarmasını tələb etməyə başlamışdır. Sonrakı müddət ərzində Təqsirləndirilən şəxs özü etiraf edərək, aldığı pulları şəxsi problemlərinə sərf etməsini bildirmişdir. Faktla bağlı şikayət ərizəsi ilə polisə müraciət etmiş, cinayət işi başlanmış və istintaq aparılmışdır. Təqsirləndirilən şəxs ondan aldığı 25.850 (iyirmi beş min səkkiz yüz əlli) manat pulu 16 noyabr 2020-ci il tarixdə tam şəkildə ona ödəmişdir. Həmin gün Nərimanov RPİ-də bu barədə müvafiq protokol tərtib edilmiş, o da həmin pulu qəbul etməsi barədə qəbz yazaraq müstəntiqə təqdim etmişdir. İndiki açıq məhkəmə iclasında bir daha bildirir ki, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir iddiası, şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X6 göstərdi ki, 18 aprel 1972-ci il tarixdə Ağsu rayonu Cəlayır kəndində doğulmuş X8 onun həyat yoldaşı olmuşdur. Onunla izdivacdan 25 noyabr 2006-cı il tarixdə İsrayıl və 09 yanvar 2008-ci il tarixdə İbrahim adlı övladları dünyaya gəlmişdir. Lakin aralarındakı nikah 14 noyabr 2013-cü il tarixdə rəsmiləşdirilmişdir. İkram İsmayılov Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsindəki bağ evlərində fəhləliklə məşğul olmuş və onları dolandırmışdır. 26 dekabr 2020-ci il tarixdə ona məlum olmuşdur ki, həmin tarixdə saat 19 radələrində həyat yoldaşı İkram İsmayılov Bakı-Buzovna yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində üzü Buzovna qəsəbəsi istiqamətindəki yolun “Şağan 2” dayanacağının qarşısında yolu piyada keçən zaman avtomobil vurmuş, İkram aldığı xəsarət nəticəsində hadisə yerində vəfat etmişdir. İkramın nəşi məhkəmə tibbi müayinədən sonra onlara verilmiş və onu yaşadıqları Ağsu rayonu Cəlayır kənd qəbristanlığında dəfn etmişlər. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs, 26 dekabr 2020-ci il tarixdə saat 19 radələrində idarə etdiyi 2007-ci il buraxılışlı, “X17” markalı, **-ZY-*** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı-Buzovna yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində üzü Buzovna qəsəbəsi istiqamətində hərəkət edərək yolun “Şağan 2” dayanacağının qarşısında yolu keçən mərhum əri İkramı vurmuş, İkram aldığı xəsarətlər səbəbindən hadisə yerində ölmüş, sürücü Təqsirləndirilən şəxs isə yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. 27 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq Xəzər RPİ-nin MSY-nə təhvil verilmiş, 28 dekabr 2020-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə ittiham verilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan hazırda tamamilə ödənilmişdir. Buna görə də o, Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir iddiası, şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, onun azadlıqdan məhrum edilməsinə razı deyildir. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Təqsirləndirilən şəxs onun yaxın dostudur. 2019-cu ilin sentyabr ayında Oqtay ona, rəhmətlik anasının adına olan, Bakı şəhəri Xəzər rayonu Çöl Şüvəlan qəsəbəsində yerləşən 9 sot ərazisi olan 97A saylı torpaq sahəsini satmaq istədiyini bildirmiş və bununla bağlı internet saytlarına elan yerləşdirməyi xahiş etmişdir. Oqtayın xahişi ilə bu barədə elanlar vermiş və elanlarda öz nömrələrini qeyd etmişdir. Həmin ərəfədə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs adlı şəxs ona zəng edərək bağ sahəsinə baxmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs Oqtayın telefon nömrəsini vermiş və torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən satıldığını bildirmişdir. Bir neçə gün sonra Oqtayın deməsinə əsasən ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs bağ sahəsinə baxaraq bəyənmiş, almağa razılıq vermiş, lakin bağ sahəsinin sənədləri qaydasına düşəndən sonra alacağını bildirmişdir. Bundan başqa, Oqtayın deməsinə əsasən ona məlum olmuşdur ki, o, torpaq sahəsini mülkiyyətinə keçirmək üçün sənədləri toplamaqla bağlı Zərərçəkmiş şəxs ilkin olaraq 10.000 manat almışdır. Sonradan Oqtayın sözlərinə əsasən ona məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsində struktur dəyişikliyi baş verdiyi üçün, o, torpaq sahəsini sənədləşdirə bilməmişdir. Sözü gedən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Zərərçəkmiş şəxs hər hansı bir məbləğdə pul almamış, ona vəd verməmişdir. Bir dəfə 2020-ci ilin təxminən may ayında Zərərçəkmiş şəxs Oqtay ilə görüşə gələrkən Oqtayın yanında olmuşdur. Həmin vaxt Oqtay ondan Elvinlə görüşməyi və birlikdə onu gözləməyi xahiş etmiş, o da binanın qarşısına düşərək Elvinlə görüşmüş, lakin Elvin tələsdiyini bildirib Oqtaya çatdırmaq üçün ona 2.000 manat vermişdir. Oqtayın evinə gedərək həmin pulu ona vermiş, Elvinin göndərdiyini bildirmişdir. Bildiyi qədər Oqtay Zərərçəkmiş şəxs hissə-hissə olmaqla təxminən 25.850 manat almışdır. Oqtay ilə Zərərçəkmiş şəxs arasında olan danışıqlarda iştirak etmədiyinə görə Oqtayın aldığı pulların qarşılığında konkret olaraq Elvinə nə vədlər verdiyini bilməmiş, bu məsələdə ona heç bir məbləğdə pul verilməmişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş, Təqsirləndirilən şəxs hər şeyi olduğu kimi etiraf etmişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Şahid arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində qeyd olunanları Şahid üzünə qarşı söyləmiş, sonuncu hadisələri təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 1/5436 nömrəli, 27 dekabr 2020-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Bakı şəhəri Xəzər rayon şöbəsinin 166 nömrəli, 19 yanvar 2021-ci il tarixli rəyinə əsasən 1972-ci il təvəllüdlü X3 meyitinin məhkəmə-tibb ekspertizasına və laborator müayinənin nəticəsinə əsasən, hadisə haqda məlumatları nəzərə alıb, qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinir: mərhum İ.İ.İsmayılovun meyitində aşkar edilmiş xəsarətlər - Ənsə nahiyəsinin əzilmiş yarası; alın nahiyəsinin, burun belinin, sağ və sol almacıq nahiyəsinin, üst dodağın, alt çənə nahiyəsinin, sol dirsək nahiyəsinin, sağ və sol əlin arxa səthinin, sol qalça darağının, sol budun yuxarı üçdə birinin bayır səthinin, sağ və sol dizin ön səthinin, sağ və sol baldırın orta üçdə birinin, sol ayağın bayır topuğun, sağ ayağın iç topuğun, bel nahiyəsinin sıyrıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; ənsə sümüyünün kəllə əsasına keçən yerdəyişməsiz sınığı; burun sümüyünün qapalı sınığı; üst çənədə ön kəsici dişlərin diş əti səviyyəsindən travmatik sınığı; sol İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, az yerdəyişən sınıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni 26 dekabr 2020-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum İ.İ.İsmayılovun ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum İ.İ.İsmayılovun meyitinin meyitxanada müayinəsindən 12-14 saat əvvəl baş vermişdir. Mərhum İ.İ.İsmayılovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,2% etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti sağkən Yüngül dərəcəli sərxoşluq vəziyyətinə uyğundur. Narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 08/K, 12.01.2021). İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/391 nömrəli, 09 mart 2021-ci il tarixli rəyinə əsasən istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən X17 markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı “AC 300333” nömrəli sürücülük vəsiqəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 14 yanvar 2021-ci il tarixli, 016-4783-1221 nömrəli məktubundan görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatına əsasən xx xxxxxx 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeyd alınmamışdır. İş materiallarından görünür ki, istintaq zamanı 26 dekabr 2020-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi 2007-ci il buraxılışlı, “X17” markalı, **-ZY-*** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı-Buzovna yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində üzü Buzovna qəsəbəsi istiqamətində hərəkət edərək yolun “Şağan 2” dayanacağının qarşısında, yolu keçən piyada 18 aprel 1972-ci ildə Ağsu rayonu Cəlayır kəndində doğulmuş X5 vurması ilə əlaqədar yol-nəqliyyat hadisəsinə dair Azərbaycan Respublikası DİN-in NHİX-nin 135 nömrəli protokol kamerasının 26 dekabr 2020-ci il tarixdə saat 19:00-dan 19:20-dək olan müddət ərzində görüntülərinin təqdim edilməsi ilə bağlı müraciət əsasında 21 yanvar 2021-ci il tarixli, 003-809-1221 nömrəli məktubla istintaqa daxil olmuş görüntülərə baxış keçirilmiş, “N 135-001 Past 1 2020-12-26 18-59- 59 2020-12-26 19-09-23” nömrəli görüntünün 07:47 saniyəsində “X17” markalı, **-ZY-*** dövlət qeydiyyat nömrəli avtomobilin Bakı-Buzovna yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində üzü Buzovna qəsəbəsi istiqamətində 4 zolaqlı yolda 3 və 4-cü zolaqları bir-birindən ayıran qırıq-qırıq xətlərin üzərində hərəkət etdiyi və piyadanın sakit qaçışla yolun sağ tərəfindəki səkidən yolun hərəkət hissəsinə daxil olub yolun sol tərəfinə doğru hərəkət etdiyi qeyd edilmişdir. Görüntünün 07:51 saniyəsində “X17” markalı, **-ZY-*** dövlət qeydiyyat nömrəli avtomobilin Bakı-Buzovna yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində üzü Buzovna qəsəbəsi istiqamətində 4 zolaqlı yolda 3 və 4-cü zolaqları bir-birindən ayıran qırıq-qırıq xətlərin üzərində, “Şağan 2” dayanacağının qarşısında, sakit qaçışla yolu keçən piyadanı avtomobilin sol qabaq hissəsi ilə vurduğu, piyadanın yerlə təmasının kəsilərək zərbə təsirindən havaya qalxdığı, avtomobilin isə dayanmadan hərəkətini davam etdirdiyi qeyd edilmişdir. “N 135-002 Past 1 2020-12-26 18-59-58 2020- 12-26 19-08-18” nömrəli görüntünün 07:53 saniyəsində piyadanın Bakı-Buzovna yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində üzü Buzovna qəsəbəsi istiqamətində “Şağan 2” dayanacağının qarşısında, 4 zolağın sol tərəfi ilə asfalt üzərində sürünərək irəlilədiyi, “X17” markalı, **-ZY-*** dövlət qeydiyyat nömrəli avtomobilin isə həmin istiqamətdə hərəkətini dayandırmadan uzaqlaşdığı qeyd edilmişdir. DVD disklərə baxış keçirilən zaman havanın qaranlıq olduğu, yolun asfalt örtüklü olduğu, asfalt üzərində defektlər olmadığı, yol süni şəkildə küçə lampaları ilə ilə işıqlandırıldığı, havanın yağmursuz olduğu, asfalt örtüyünün quru olduğu müəyyən edilmişdir. İş materiallarında olan Nərimanov rayon MKTB tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Nikahın bağlanması haqqında Vİ-ЖГ № 294464 saylı 11 dekabr 1992-ci il tarixli Şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ilə 04 fevral 1970-ci il təvəllüdlü X9 11 dekabr 1992-ci il tarixdə Bakı şəhəri Xətai rayon VVAQ şöbəsində nikaha daxil olmuşlar və həmin gün nikahın bağlanması haqqında 1324 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Tağıyev, arvada Tağıyeva soyadı verilmişdir. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli 13355 №-li ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X10 tərəfindən cinayət nəticəsində vurulmuş 25.850 (iyirmi beş min səkkiz yüz əlli) manat ziyanın 25 (iyirmi beş) faizi miqdarında (6477(altı min dörd yüz yetmiş yeddi) manat – komissiya məbləği ilə birlikdə) Dövlət Büdcəsinə ödəniş edilmişdir. İş materiallarında olan və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 14 aprel 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, bunun nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan və zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Buna görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və ya iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 30 oktyabr 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, bundan başqa, avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olması və yol-nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməllərini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4, 263.2 və 264-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmasını, buna görə də onun ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını, gələcəkdə də olmayacağını göstərdi. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etdiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıq üzündən ilk dəfə törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza verilməsini xahiş etməsini, iş yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesablanmaqla ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 27 dekabr 2020-ci il tarixdən 05 may 2021-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 04 (dörd) ay 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 iyun 2002-ci il tarixli qərarının 2-ci bəndinə əsasən əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayət əməli törətmişdirsə və həmin şəxs cinayətlərin məcmusu qaydasında 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edə bilər ki, təqsirli şəxsə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100,00 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4, 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etdiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesablanmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 dekabr 2020-ci il tarixdən 05 may 2021-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 04 (dörd) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar