Məhkəmə qərarları › İş №1(003)-224/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-224/2022

12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-224/2022 12.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1978-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təcrid olunma qaydalarını, sanitar-gigiyena və karantin rejimini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla yaşadığı evi tərk etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğundan yaşadığı evdə özünü təcrid rejimində qalmalı olduğu halda, Azərbayjan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 28 sentyabr 2020-ci il tarixli qərarının tələblərini pozmaqla bu tələblərə riayət etməyərək, o cümlədən təcrid olunma qaydalarını pozaraq 26 yanvar 2022-ci il tarixdə, saat 10:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən təndirxananın yanında hərəkət edərək karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Həmin vaxt ərazidə xidmət aparan Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini 1 (bir) ədəd bükümdə əldə edərək özü istifadə etmək üçün əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxlayaraq daşımışdır. 23 yanvar 2022-ci il tarixdə, 11:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsində yerləşən 285 saylı uşaq bağçasında olarkən Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman göy rəngli cins şalvarın sol yan cibindən sellofana bükülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,570 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, himayəsində 7 və 8 yaşında iki uşağı, arvadı və yaşlı anası vardır. Təxminən 3-4 il olar ki, narkotik vasitə heroindən istifadə etmişdir. 23 yanvar 2022-ci il tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən istifadə etmək üçün 10 manata 1 bükümdə narkotik vasitə heroin almışdır. Həmin günü Binə qəsəbəsində yaşadığı evin yaxınlığında olarkən 2 nəfər polis əməkdaşı yaxınlaşaraq onu 3-cü polis şöbəsinə dəvət etmişlər. Orada üzərindən 1 büküm heroin aşkar olunmuşdur. Onu 2 gün Xəzər RPİ-nin MSY-də saxladıqdan sonra prokurorun yanına aparmışlar və prokuror onu azad etmişdir. Bundan sonra onu MSY-dən buraxmışlar və o, avtobusa minərək yaşadığı evə getmişdir. 26 yanvar 2022-ci il tarixdə satdığı televizoru götürmək üçün 3-cü Polis şöbəsinə getmişdir. Orada olarkən sahə inspektoru onun COVİD-19 infeksiyasına yoluxduğu halda nə üçün evdən çıxmasını səbəbini soruşmuşudr. Sonra şöbənin əməkdaşı xüsusi geyimdə onu aparıb evə yerləşdirmiş və evdən çıxmamasını demişdir. Lakin o, həmin vaxt COVİD-19 infeksiyasına yoluxduğunu bilməmiş və ona bu barədə heç kim deməmişdir. O, narkotiklə bağlı tutulduqdan sonra daha narkotik vasitə istifadə etməmiş və müalicə olunmuşdur. Əlavə olaraq bildirdi ki, barəsində elan edilmiş axtarış zamanı 01 iyun 2022-ci il tarixdə tutularaq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, ailəyə qazang gətirən yeganə şəxs olduğunu bildirərək azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğu üçün evdə olan əşyaları satması ilə bağlı ailə üzvləri tərəfindən dəfələrlə müraciət olunmuşdur. 2022-ci ilin yanvar ayında sahə inspektoru Şahid3lə xidmətdə olarkən narkotik vasitə saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs təsadüfən Binə qəsəbəsi, Bolluq yaşayış massivində təndirxananın yanında görüb saxlayaraq 3-cü Polis şöbəsinə dəvət etmişlər. Şöbədə üzərinə təhqiqatçının iştirakı ilə axtarış zamanı narkotik vasitə heroin aşkar olunmuşdur. Şöbədə olarkən COVİD-19 infeksiyasına yoluxubyoluxmamasını müəyyən etmək üçün Şahindən analiz götürülmüş və sonradan onda COVİD-19 infeksiyasına yoluxması aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs COVİD-19 infeksiyasına yoluxması barədə məlumat verilmiş, onun mobil nömrəsinə bu barədə sms göndərilmiş və o, evə buraxılmışdır. Lakin onun küçədə gəzməsi məlum olduğu üçün Məhkəmə iclasında şahid Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin sahə inspektoru Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs xidmət etdiyi ərazinin sakini kimi tanıyır. Təqsirləndirilən şəxs əməliyyat müvəkkili Şahid1 ilə birlikdə narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanılmışdır. Şöbədə olarkən ondan analiz götürülmüş və sonradan onun COVİD-19 infeksiyasına yoluxması barədə şöbəyə məktub daxil olmuşdur. Həmin məktubu aldıqdan sonra ona COVİD-19 infeksiyasına yoluxması barədə şifahi məlumat vermişdir. Lakin 26 yanvar 2022-ci il tarixdə şöbəyə işə gələrkən Şahini şöbənin yanında görmüş və onun COVİD-19 infeksiyasına yoluxduğu halda nə üçün evdən çıxmasını soruşmuşdur. O isə bu barədə məlumatı olmadığını demişdir. Analazin cavabını ona göstərənə kimi COVİD-19 infeksiyasına yoluxduğunu etiraf etməmişdir. O, Şahini COVİD-19 infeksiyası ilə bağlı tək saxlamışdır. Məhkəmə iclasında Şahid4 Adıgözəl qızı ifadəsində göstərdi ki Təqsirləndirilən şəxs onun əridir. Əri Şahin narkotik vasitə aludəçisidir. Onun narkotik vasitə istifadə etməsini 1-2 il olar ki, bilir. Narkotikə görə Şahin evdə olan əşyaları satmış, pulu olmayanda isə dava-dalaş salmış və pul tapmasını ondan tələb etmişdir. Buna görə də, evlərində problemlər olmuşdur. 23 yanvar 2022-ci il tarixdə Şahin evdə olan televizoru aparıb satmaq istədiyi üçün DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir qədər sonra polisdən zəng edərək Şahini narkotikə görə saxladığını bildirmişlər. O, istintaq zamanı Şahinin Covid 19 virusuna yoluxduğu üçün ona evdə ayrıca otaqı ayırdığını deməmişdir. Şahin tutulduğu gün atası onu rayona aparmış və martın 28-i evə qayıtmışdır. Şahinin Covid 19 virusuna yoluxduğunu ona qaynanası demişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2022-ci il tarixli, 6/453 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 244 dairəvi möhür əksi və "şübhəli şəxs Təqsirləndirilən şəxs - imza; müdafiəçi imza; iştirakçılar imza; tərtib etdi: A.Hacıyev-imza: yazı əlavə olan bir ədəd kağız zərfin içərisində 1 (bir) ədəd bükümdəki təmiz çəkisi -0,570 qram olan qəhvəyi rəngli dənəvar formalı maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,520 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin ambulator məhkəmə-narkoloji ekspertizasının 05 mart 2022-ci il tarixli, 1142 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psoxstimulyatorların qəbulu nəticəsində Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 03 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1978-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139- 1.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Belə ki, istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs izahatından və ifadələrindən görünür ki, 24 yanvar 2022-ci il tarixdə Xəzər RPİ-nin MSY-nin polis əməkdaşları onu xəstəxanaya aparmışlar və orada ondan "Covid 19" virusuna görə test götürmüşlər. Həmin günü ona koronavirus (COVİD-19) infeksiyasına yoluxduğunu və evə buraxılan zaman karantin rejimini pozmamaqla xəstəliyin yayılmaması üçün 15 gün evdən çölə çıxmamağı və müsbət halda evdə olan ailə üzvləri ilə də, təmas yaratmamağı, əks halda cinayət məsuliyyətinə cəlb olunacağını demişlər. O, da polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. 25 yanvar 2022-ci il tarixdə o, saxlanıldığı MSY-dən azad edilmiş və yaşadığı evə aparmışlar ki, evdən çölə çıxmasın. Lakin buna baxmayaraq 26 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində o, yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, nömrəsiz evi tərk edərək, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsinə şəxsi işləri ilə bağlı getmişdir. Həmin vaxt saat 10:30 radələrində bir nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduğunu deyib xidməti vəsiqəsini göstərib anket məlumatlarını soruşmuşdur. Polis əməkdaşı əlində olan siyahıya baxaraq onun "Covid 19" virusu yoluxduğunu bilib-bilmədiyimi soruşmuşdur. O, polis əməkdaşına koronavirus "Covid 19" virusuna yoluxduğunu bildiyini demişdir. Bundan başqa Xəzər RPİ-nin 02 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində 23 yanvar 2022-ci il tarixdə Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs «Covid-19» analizini 24 yanvar 2022-ci il tarixdə vermiş, analizin nəticəsi 25 yanvar 2022-ci il tarixdə onlara məlum olmuşdur. Analizin nəticəsi ilə bağlı şübhəli şəxsin özünə onlar tərəfdən şifahi məlumat verilmiş və həmin şəxsin evdən çıxmaması tövsiyyə edilmişdir. Həmçinin “Tibbi ərazi bölmələrinin idarəetmə birliyi” publik hüquqi şəxs “X6” publik hüquqi şəxsin 11 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Covid–19 testinin cavabı 24 yanvar 2022-ci il tarixdə, saat 11:39-da pozitiv çıxmışdır. Covid–19 testlərinin cavabları polis əməkdaşlarına təqdim olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılığını, iki azyaşlı uşağının olmasını və ailəyə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 139-1.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 25 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2022-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin 01 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində yeri müəyyən olunaraq saxlanılmış və aidiyyəti üzrə Xəzər RPİnin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 04 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq 04 iyun 2022-ci il tarixdə saxlanması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 01 iyun 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Tural Aslanovun 28 mart 2022-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,520 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk və Təqsirləndirilən şəxs saxlanılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,179 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk və Təqsirləndirilən şəxs saxlanılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 40 (qırx) saat vaxt, Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 240 (iki yüz qırx) manat məbləğində vəsait vəkil X2, 90 (doxsan) manat məbləğində vəsait vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla o, 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2022-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 01 iyun 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,520 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk və Təqsirləndirilən şəxs saxlanılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs istintaqda göstərdiyi hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil X2 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar