Məhkəmə qərarları › İş №1(003)-224/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-224/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-224/2024 28.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən Hərbi şəhərcik, ev 175-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli «evə baxış keçirilməsi haqqında» qərarına əsasən 16 avqust 2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış və götürmə istintaq hərəkəti keçirilərkən evin arxasında olan həyətyanı ərazidə qanunsuz olaraq tərkibində narkotik maddələr olan və xeyli miqdar təşkil edən 03 ədəd, ümumi çəkisi 555,0 qram olan yaş vəziyyətdə çətənə(kannabis) bitkilərini əkərək yetişdirməklə kultivasiya etmiş, həmin 03 ədəd çətənə(kannabis) bitkilərinin dibində həmin növ bitkilərdən qanunsuz şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 60,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həyətdəki saxlanc otağında olan masanın üzərinə sərilmiş və ağ kağıza bükülmüş 02 ədəd kağız bükümə bükülmüş halda ayrı-ayrılıqda təmiz çəkiləri 5,420 qram və 0,638 qram, ümumi çəkisi 6,058 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, çətənə(kannabis) bitkilərində və həmin növ bitkilərdən hazırlanmış ümumi çəkisi 66,058 qram marixuanaların tərkibində olan kannabinoidlərə görə eynilik təşkil edən, ona məxsus evin yataq otağındakı kiçik ölçülü paltar dolabının üzərində olan eynək qabının içərisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib yaşadığı evə daşıyaraq saxladığı 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlərdə təmiz çəkiləri 0,221 qarm və 0,050 qram, ümumi təmiz çəkisi 0,271 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd üzərində «Meth..oxunmur» əmtəə göstəriciləri olan konvalyutda qəhvəyi rəngli dairəvi formalı üzərində «F/M40» ǝks əlavəli həb metadon tərkibli dərman preparatı və 01 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram olan narkotik vasitə metadon, üzərində 02 ədəd ağ-tünd qəhvəyi rəngli üzərində «P300» yazısı olan kapsullar preqabalin tərkibli dərman preparatı və 02 ədəd kapsulda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram(üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qram preqabalin olmaqla) narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsiredici maddəsi külli miqdar təşkil etməyən güclü təsir edən preqabalin maddəsi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə baxış iclası zamanı Dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs CMnin CM-in 237.1-ci maddəsi ilə yanaşı, CM-nin 234.1-ci maddəsinin deyil, həmin Məcəllənin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri olduğundan ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan və kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olan (055)-867-94-94 mobil nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan SMS yazışmalarının mətni əldə edilmiş və aşağıdakılar müəyyən edilmişdir. SMS yazışmalarının mətni: - xx.xx.2023-cü il tarixdə, saat 13:11-də (994) 55-839-09-78 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrəyə “Brat gör alınsa artıq 5 beşdiyim var yarım dənə təbiyyətdə götürdə”, xx.xx.2023-cü il tarixdə, saat 18:47-də Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994) 55-273-44-41 nömrəyə “Namiq qardasimsan imkan varsa pulu karta ata bilersen qaqa qedmeliyem yemey dalinca”, xx.xx.2023cü il tarixdə, saat 00:17-də Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994) 77-306-94-98 nömrəyə “Xaloglu 2 das 40 m OT paketi biraz dobriy ele”, xx.xx.2023-cü il tarixdə, saat 00:17:40-da (994) 77-306-94-98 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrəyə “Xaloglu 2 das 40 m O”, xx.xx.2023-cü il tarixdə saat 20:34-də Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994) 77- 306-94-71 nömrəyə “Xaloglu 2 masin das lazimdir düzeler gelsem?”, xx.xx.2023-cü il tarixdə, saat 04:00-da Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994) 55- 273-44-41 nömrəyə “Ay brat pulu atardin da gedib nese götürmeye pul yoxdur”, xx.xx.2023-cü il tarixdə, saat 19:51-də Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994) 55-273-44-41 nömrəyə “Esas oduki ise qedenkimi her sey alindi gözlemeden polnu yükvü götürdün bes menide düsün da men pulumu düzüb qosub götre bilmirem baxda bratka”, xx.xx.2023-cü il tarixdə, saat 17:48-də Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94- 94 nömrədən (994)-77-306-94-71 nömrəsinə “Xaloglu kende qelirdim meclise ordan cixanda gelib deyerdim bir yesik pomidor 2 masin das”, xx.xx.2023-ci il tarixdə, saat 00:40-da Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994) 50-407-00-21 nömrəyə “Xaloglu catiram da men 2 das.birdenede yeşik”, xx.xx.2023-cü il tarixdə, saat 15:48də Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994)50-407-00-21 nömrəyə “Ay brat bu bekeidi mene deyerdin da brat temiz lomka eledi xarab maldi qaytardilar hamsi falqada”, xx.xx.2023-cü il tarixdə, saat 15:49:17-də Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994)50-407-00-21 nömrəyə “Men sene qarsi ele deyilem aa deyirsen hec seni narahat etmeyim”, xx.xx.2023-cü il tarixdə, saat 20:13-də (994)50-407-00- 21 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrəyə “1yari mende”, xx.xx.2023-cü il tarixdə, saat 14:12-də Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994) 55-273-44-41 nömrəyə “Ay brat o pulu atardin da”, xx.xx.2023cü il tarixdə, saat 18:55-də Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994)50-407-00-21 nömrəyə “Xaloglu das lazimdir gele bilerem?”, xx.xx.2023-cü il tarixdə, saat 17:16-da (994)50-407-00-21 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrəyə “Yozdiye qaqas”, xx.xx.2023-cü il tarixdə, saat 19:47-də Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994)50-407-00-21 nömrəyə “Xaloglu hec yari zad olmaz özüm üÇün vekmeye”, xx.xx.2023-cü il tarixdə. Saat 17:31-də Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994)99-719- 28-19 nömrəyə “Ay brat alinmirdi denen alinmir men cixmisam yola sene zeng vururam cavab vermirsen qaqas biraz seryoznu yanasmaq lazimdi bele islerde pulu vursaydim indi sene axtarardim”, xx.xx.2023-cü il tarixdə, saat 20:21-də Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994) 50-407-00-21 nömrəyə “Ay qaqas bu itler basima oyun axir bax gör 200 man verirdi dostun verey qetsin yemey catira bilmirem”, xx.xx.2023-cü il tarixdə, saat 09:26-da Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994)70- 257-09-01 nömrəyə “Xiyar tel acda sene lazimdir das var burda tez bir xeber de”, xx.xx.2023-cü il tarixdə, saat 16:09-da Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994) 55-273-44-41 nömrəyə “Salam bratka o pulu göndererdin da bratka vereceyim var dermana” xx.xx.2023-cü il tarixdə, saat 23:32-də (994) 55-273-44-41 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrəyə “Salam qardawim kartda yoxdur sabah gelecem verecem” xx.xx.2023-cü il tarixdə, saat 12:24-də Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994)55-905-77-00 nömrəyə, xx.xx.2023-cü il tarixdə, saat 22:12-də Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994)70-295- 00-11 nömrəyə “Elmidar di. Senle danismaq ücün yigmiram. Cehunu tutublar 1 ci bölmededi”, xx.xx.2023-cü il tarixdə, saat 19:51-də (994) 50-228-03-38 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrəyə “X2 isdiyirem e 2 3 dene imkan olar”, xx.xx.2023-cü il tarixdə, saat 22:39-da Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94- 94 nömrədən (994)77-380-46-47 nömrəyə “Konkret deye bilmirsen meni niye yubadirsan qedim basqa yerden götürüm” xx.xx.2023-cü il tarixdə, saat 22:39-da (994) 77-380-46-47 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrəyə “Konkret deye bilmirs”, xx.xx.2023-cü il tarixdə, saat 19:47-də (994) 77-320-90-56 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrəyə “İmkan var dansqaq”, 06.06.202-cü il tarixdə, saat 19:48-də Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994) 77- 320-90-56 nömrəyə “Danismaq nan düzelseydi vererdim da yoxdu ki bos bosuna neye acim düzelse özüm deyerem” xx.xx.2023-cü il tarixdə, saat 23:15-də Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994)55-252-49-38 nömrəyə “Hacan peclerin pulunu verersen kanallarin özü ayagva qelecey. Hacan 300 m karta atarsan peclere göre onan sonra senin ücün her yerde yasil isig olacaq s” xx.xx.2023-cü il tarixdə, saat 16:46-da Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrədən (994)55-915-72-61 nömrəyə “Gorursen adam nece prizedent olur))” xx.xx.2023-cü il tarixdə, 17:18-də (994)55-915- 72-61 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan (994) 55-867-94-94 nömrəyə “Müdetin qutardı zir zibille pirizdent olmuruq” kimi SMS yazışmaları əldə edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunu 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma qeyd edilən maddə ilə cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 16-cı bəndinə əsasən aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan məlum olur ki, onun üzərindən narkotik vasitə və psixotrop maddələrlə yanaşı, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsiredici maddəsi külli miqdar təşkil etməyən güclü təsir edən preqabalin maddəsi də aşkar edilmişdir. Bununla da, hazırkı iş üzrə Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin növ müxtəlifliyi, onun istifadəsində olmuş mobil nömrələrə daxil olan və çıxan smslərin məzmunu, onda narkomaniya xəstəliyinin aşkar olunmamaqla həmin xəstəlikdən əzab çəkməməsi və məcburi müalicəyə ehtiyacının olmaması və digər hallar təsdiq edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 237.1-ci maddəsi ilə yanaşı, CM-nin 234.1-ci maddəsinin deyil, həmin Məcəllənin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri vardır. Bu səbəbdən də Təqsirləndirilən şəxs əməlində ona irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə baxış iclası zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilir, lakin o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə vəsatəti və ona dair proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, CPM-in 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bu qərarında Konstitusiya Məhkəməsi belə hüquqi mövqe ifadə etmişdir ki, məhkəmələr şikayət olmadıqca sübutların qiymətləndirilməsi haqqında qərarı öz təşəbbüsü ilə ləğv etməyə haqlı deyil. Belə qərarın qüvvədə olduğu müddətdə isə məhkəmə işlərə verilən ittiham daxilində baxmalı və ittihamdan kənara çıxmamalıdır. Qanunun həmin tələbindən göründüyü kimi, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə məhkəmə qanunvericiliyin tələblərinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə (şəxslərə) başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və Təqsirləndirilən şəxs əməlinə münasibətdə Azərbaycan Respublikası CM-nin CM-in 237.1-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Qeyd olunanlardan başqa, Azərbaycan Respublikası CPM-nin 318.3-cü maddəsində həmçinin göstərilir ki, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Bu məsələ ilə bağlı məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsi müzakirə olunarkən işin ibtidai istintaqını lazımi qaydada aparmamış müstəntiq haqqında xüsusi qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 155, 318 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və Təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və apellyasiya protesti verilə bilməz. Hakim: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar