Məhkəmə qərarları › İş №1(003)-224/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-224/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-224/2025 13.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Ağayev Ceyhun Məhəmməd oğlunun, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili Müdafiəçi iştirakları ilə, Ağayev Ceyhun Məhəmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X3 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, Ağayev Ceyhun Məhəmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmaları barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şikayətini onunla əsaslandırmışdır ki, Ağayev Ceyhun Məhəmməd oğlu “TikTok” sosial media platformasında öz adından onun ünvanına həqiqətə uyğun olmayan ifadələr işlədərək onu təhqir etmiş və ona qarşı ağır cinayətdə ittiham edərək böhtan atmışdır. Ağayev Ceyhun Məhəmməd oğlu tərəfindən barəsində aşağıdakı böhtan ifadələri İşlədilmişdir: "Nə var, nə var, səkkiz min vermədim deyə", "Bu ərazidəki evlərin hamısı da pul verib tikiblər", "Adil Əliyev gələndən sonra bu hallar (qanunsuz tikililər) daha da çoxalıb" Mətnlərin məzmunundan göründüyü kimi Ağayev Ceyhun Məhəmməd oğlu sosial şəbəkədə həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət, böhtan xarakterli, uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu ictimaiyyət qarşısında nüfuzdan salan çıxışlar edərək, yalan məlumatları kütləvi informasiya vasitəsi olan sosial şəbəkələrdə yayaraq ona böhtan atmış və eyni zamanda onu təhqir etmişdir. Ceyhun Ağayev tərəfindən barəsində yuxarıda qeyd olunmuş ifadələri işlədərək onu ağır cinayətdə ittiham edərək böhtan atmışdır. Belə ki, o onu rüşvət almaqda, vəzifədən sui-istifadə etməkdə ittiham edərək böhtan atır. Ağayev Ceyhun Məhəmməd oğlu tərəfindən qeyd olunan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən məsuliyyətə səbəb olduğundan və onun bu qanuna zidd cinayət əməlləri hələ də davam etdiyi üçün tərəfindən onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün Xüsusi İttiham qaydasında məhkəməyə müraciət etməyə məcbur oldu. Ceyun Ağayevin ünvanına işlətdiyi "Mənə (mən) bugünkü gündə Suraxanı rayon İcra Hakimiyyətinin ərazisində olan qanunsuz tikililərə kimlərin başçılıq etdiyi və kimlərə icazə verilməsi haqqında açıqlıq verməyə maraqlı deyiləm, sadəcə, mən bugün qarşılaşdığım problemin həll olunması üçün və bizim, qazilərin, şəhid ailələrinin sosial problemlərinin həlli üçün sizə müraciət edə biləcəyimi bildiyim üçün bu videonu çəkdim", "Yenə o İcra Hakimiyyətinin qoçuları bax gəlib, bu qaydada (söküntüyə işarə edir) bu tikintini sökdülər", "Adil müəllim, baxın görün, necə vəhşiliklə söküblər, kərpicləri qırıblar, yəni bu, hansı insanlığa sığar?", "Məhkəmə qərarı olmadığı halda, qapımı qırırlar, bax bu şəxsi həyətə girirlər və bu şəxsi həyətdə mənim tikilimi vəhşicəsinə, erməni kimi, erməni evi sökən kimi sökürlər", "Bu, nə deməkdir, bu, hansı insanlığa sığır, hansı şərəfə, hansı vicdana sığır?" "Vandalizmdir bu". "Bugün oranın (əvvəlki materiallara istinadən güman etmək mümkündür ki, Bakı şəhərinin Suraxanı Rayon İcra Hakimiyyəti nəzərdə tutulur) qolugüclüləri, qoluzorbaları, maklerləri, ortada pulyığanları gəldilər, evin tikintisini dayandırmağı xahiş etdilər və dedilər ki, sabah səni Adil Əliyevlə görüşdürəcəyik. Bir neçə dəqiqə bundan öncə, saat 12-yə işləmiş (videogörüntülərdə gecə saatları olması müşahidə edilir) tülkü kimi, yəni tülkü kimi, başqa variant yoxdur, tülkü hinə girən kimi mənim həyətimə girirlər və kamera görüntülərində görürsünüz, vəhşicəsinə mənim tikilimi sökürlər... Adam nə qədər şərəfsiz olar ki, bir müharibə əlilinin evini sökər... İnsan nə qədər ləyaqətsiz olar ki, tülkü kimi girə evə, həyətə girə tülkü kimi və bu cür insan əməyini heça saya", "Bu qəddarlıq nədir?" hissələrində diqqəti cəlb edən konsept sahəsi emosional-psixoloji baxımdan mənfi yüklü məzmun daşıyan söz qrupları ilə bağlıdır. İşarələnən "qolugüclüləri", "qoluzorbaları", "maklerləri" (alman mənşəli varvarizmdir, ticarətdə iş düzəldən, dəllal mənalarını verir) polifanik (işlənmə məqamına görə həm neytral, həm də neqativ ola bilən), "vəhşicəsinə" kobud sözü, "ortada pulyığanları", "şərəfsiz", "ləyaqətsiz", "qəddarlıq" dil vahidləri mənfi istiqamətdə xüsusi məna çalarına malik sözlərdir, "tülkü kimi", "tülkü hinə girən kimi" linqvistik ədəbiyyatda mənfi semantikalı təşbeh adlandırılan ifadələrdir və cəm halda ifadə edilən, konkret adları çəkilməyən və "oranın" subyektləri kimi verilən adresatın şərəf və ləyaqətlərinin alçaldılmasına xidmət edir. 94 sözlük mikromətndə həmin sözlərin məhsuldarlığı 12 faizdir. "Nə var, nə var, səkkiz min vermədim deyə", "Bu ərazidəki evlərin hamısı da pul verib tikiblər", "Adil Əliyev gələndən sonra bu hallar (qanunsuz tikililər) daha da çoxalıb" kimi cümlələr Adil Əliyevin ünvanına işgüzar nüfuza xələl gətirən ifadələr kimi səslənir. Bununla bağlı Məhkəmə linqvistik ekspertizası keçirilmiş və ekspert rəyinə əsasən belǝ Ekspertizaya təqdim olunmuş videomateriallar dinlənildikdən və təhlil edildikdən sonra nəticəyə gəlmək olar ki, videokommunikasiyanın adresatı qismində 25 faiz halda Adil Əliyevdir, 75 faiz halda isə adları çəkilməyən ümumi müraciətlərdir. Tədqiq zamanı bir neçə neqativ məlumatlar və mətndə linqvistik aspektdən mənfi semantikalı və kobud ifadələr kimi qiymətləndirilən "əraziyə baxan maklerlər", "əraziyə nəzarət edənlər", "o pul danışanlar", "qoçu", "erməni", "erməni kimi", "vəhşilik", "vandalizm", "hansı insanlığa sığır", "hansı şərəfə, hansı vicdana sığır", "qolugüclülər", "qoluzorbalar", "ortada pulyığanlar", "şərəfsiz", "ləyaqətsiz", "qəddarlıq", "tülkü kimi", "tülkü hinə girən kimi" kimi söz və ifadələr ümumi şəkildə Suraxanı Rayon İcra Hakimiyyətinin adları çəkilməyən əməkdaşlarının şərəf və ləyaqətlərini alçaltmağa və "Nə var, nə var, səkkiz min vermədim deyə", "Bu ərazidəki evlərin hamısı da pul verib tikiblər", "Adil Əliyev gələndən sonra bu hallar (qanunsuz tikililər) daha da çoxalıb" sintaktik strukturları dolayısı ilə Adil Əliyevin işgüzar nüfuzlarına xələl gəlməsinə xidmət etdiyi görünür. Ağayev Ceyhun Məhəmməd oğlu kütləvi informasiya vasitəsi hesab olunan "Tik Tok" video paylaşım və sosial media platforması vasitəsi ilə ona böhtan atmış və onu təhqir edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətmişdir. Bununla da Ağayev Ceyhun Məhəmməd oğlu bu yazılarında onu mənfi qiymətləndirməklə onun şərəf və ləyaqətini aşağılamış, ona böhtan ataraq onu öz doğmalarının, dostlarının, tanışlarının, eləcə də kütləvi şəkildə insanların, ümumiyyətlə hamının yanında nüfuzdan salmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili şikayətin məzmununa uyğun izahat verərək onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Ağayev Ceyhun Məhəmməd oğlu xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsini xahiş etdi və bildirdi ki, şikayətin məzmununda onun konkret olaraq hansı əməli törətməsi, həmin əməl nəticəsində dəymiş maddi ziyanın məbləği və sair göstərilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 293.3.3-cü maddəsinə əsasən şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi qeyd edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət ışı və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən məhkəmə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət verən X3 şikayətində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyini, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini qeyd etməmiş, həmçinin şikayətin dəlillərini təsdiq edən sübutları əks etdirməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş “X1” MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, təqdim edilmiş videomaterialların təhlili nəticəsində belə nəticəyə gəlinmişdir ki, “Nə var, nə var, səkkiz min vermədim deyə", "Bu ərazidəki evlərin hamısı da pul verib tikiblər", "Adil Əliyev gələndən sonra bu hallar (qanunsuz tikililər) daha da çoxalıb" sintasktik strukturları dolayısı ilə Adil Əliyuevin işgüzar nüfuzuna xələl gəlməsinə xidmət edir. Azərbaycan Respublikasının CM-nin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi xüsusi ittihamçının şərəf və ləyaqətinin alçaldılmasına dair dəlillərini təsdiq edən sübutlar iş materiallarına əlavə olunmamışdır. Şəxsin işgüzar nüfuzuna xələl yetirilməsi isə cinayət təqibinin deyil, mülki mübahisə predmetidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü və 302.2.3-cü maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, X3 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 299, 300.1.3, 302.1.7, 302.2.3 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağayev Ceyhun Məhəmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar