Məhkəmə qərarları › İş №1(003)-225/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-225/2020

16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-225/2020 16.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Məsum-X2 və Məsum-X3, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) xx xxxxxx 1985-ci il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində beş azyaşlı uşağı olan, ortatəhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonunun Pəlikəş kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə və 2) xx xxxx 1994-cü il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ortatəhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonunun Pəlikəş kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında silah qismində istifadə olunan əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qardaşları Şahid2, Şahid4, tanışları Şahid3 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə silah qismində istifadə olunan əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən daş karxanasında dayanmış “Mingəçevir Avtonəqliyyat-5” X13 Cəmiyyətinə məxsus “ZİL” markalı **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin kabinəsində oturan sürücü X8 oğlu və sərnişin Zərərçəkmiş şəxs1 aralarında baş vermiş mübahisə zamanı heç bir əsaslı səbəb olmadannalayiq sözlərlə təhqir edərək zor tətbiq etməklə, hədələməklə onların avtomaşından düşmələrini tələb edərək avtomobilə yerdən götürdükləri silah qismində istifadə edilən daş parçalarını atıb avtomobilin qabaq alın şüşəsini sındıraraq onların avtomobildən düşmələrinə nail olmuşlar, bundan sonra hərəkətlərini davam edərək Zərərçəkmiş şəxs1 üzü üstə yerə yıxıb qollarını kəndirlə bağlayaraq əl və ayaqları ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vurmaqla Zərərçəkmiş şəxs1 sağ Vİİİ-X qabırğaların yerdəyişən sınığı ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya; sağ göz almasının ağlı qişasının qansızması ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid; sağ gözün bayır bucağının, burnun, üst və alt dodağın, sol körpücük nahiyəsinin, sağ və sol əlin, sol baldırın, sağ dizin qançırları, sağ gözətrafı nahiyənin qançırı ilə müşayiət olunan sağlamlığa zərərvurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş və zərərçəkmiş hüquqi şəxs “Mingəçevir Avtonəqliyyat-5” X13 Cəmiyyətinə 40 manat maddi ziyan vurmaqla xuliqanlıq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında silah qismində istifadə olunan əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışları Şahid2, Şahid4, Şahid3 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə silah qismində istifadə olunan əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən daş karxanasında dayanmış “Mingəçevir Avtonəqliyyat-5” X13 Cəmiyyətinə məxsus “ZİL” markalı **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin kabinəsində oturan sürücü X8 oğlu və sərnişin Zərərçəkmiş şəxs1 aralarında baş vermiş mübahisə zamanı heç bir əsaslı səbəb olmadannalayiq sözlərlə təhqir edərək zor tətbiq etməklə hədələməklə onların avtomaşından düşmələrini tələb edərək avtomobilə yerdən götürdükləri silah qismində istifadə edilən daş parçalarını atıb avtomobilin qabaq alın şüşəsini sındıraraq onların avtomobildən düşmələrinə nail olmuşlar, bundan sonra hərəkətlərini davam edərək Zərərçəkmiş şəxs1 üzü üstə yerə yıxıb qollarını kəndirlə bağlayaraq əl və ayaqları ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərəbələr vurmaqla Zərərçəkmiş şəxs1 sağ Vİİİ-X qabırğaların yerdəyişən sınığı ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya; sağ göz almasının ağlı qişasının qansızması ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid; sağ gözün bayır bucağının, burnun, üst və alt dodağın, sol körpücük nahiyəsinin, sağ və sol əlin, sol baldırın, sağ dizin qançırları, sağ gözətrafı nahiyənin qançırı ilə müşayiət olunan sağlamlığa zərərvurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş və zərərçəkmiş hüquqi şəxs “Mingəçevir Avtonəqliyyat-5” X13 Cəmiyyətinə 40 manat maddi ziyan vurmaqla xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Xəzər rayonu Türkan qəsəbəsində yerləşən Amil adlı şəxsə məxsus daş karxanasında işləmək üçün getmiş, həmin karxanada gündəlik 20 manat pul qazanmışdır. O, həmin karxanada gecə növbəsi işləyir, gündüzlər isə karxanada olan vaqonda istirahət edirmiş. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 11 radələrində karxanada iş yoldaşları Rövşən, Şahmalı, Nəcəf, İxtiyar və o, “KAMAZ”a daş yükləmişlər. Qardaşı Ələkbər isə hava soyuq olduğu üçün 300 metr aralıda təkər yandırıb istisinə qızınırmış. Birdən qəflətən Ələkbər qaçaraq onların yanlarına gəlib bir nəfər şəxsin onu bıçaqla vurduğunu və əlinin kəsildiyini bildirmişdir. Onlar həyəcanlı halda həmin şəxsi tapmaq üçün təkər yanan yerə getmişlər. Orada Mehti adlı şəxsin “ZİL” markalı avtomobildə yük üçün gözlədiyini və onun yanında kabinədə bir nəfər şəxsin oturduğunu görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb Ələkbəri nə üçün bıçaqla vurduğunu soruşmuşlar. Həmin şəxs “ZİL”in yan şüşəsini aşağıya endirmiş və əlindəki bıçağı onlara göstərərək “üstümə gəlsəniz sizi də bıçaqlayaram” demişdir. Bundan sonra İxtiyar, Rövşən və Şahmalı yerdən daş parçaları götürüb “ZİL” markalı avtomobilə atmışlar. “ZİL”in sürücüsü Mehti avtomobili daşladıqlarını görüb həmin şəxsi yerə düşürtmüş, özü isə “ZİL”i sürüb oradan uzaqlaşmışdır. Bundan sonra sonradan adının Aydın olduğunu bildiyi şəxs onların üstünə getmiş, onlar da hərəsi bir tərəfə qaçmışlar. Həmin vaxt Aydının ayağı ilişmiş və yerə yıxılmışdır. İxtiyar, Rövşən, Şahmalı və o, Aydının əllərini iplə bağlamışlar və o, “102” zəng mərkəzinə zəg edərək polisə hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları oraya gəlmişlər. Mübahisə təxminən 15 dəqiqə davam etmiş, həmin vaxt o, Aydını vurmamışdır, buna görə də özünü təqsirli bilmir, ola bilsin ki, Aydın həmin xəsarətləri ilişib yerə yıxılarkən almışdır. Belə bir hadisənin baş verməsini arzulamamışdır, buna görə də çox böyük sarsıntı keçirir və ilk dəfə törətdiyi bu əməldən səmimi peşmandır. Məhkəmənin gedişində zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Ailəsinin yeganə qazanc gətirənidir, himayəsində beş azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Türkan qəsəbəsində yerləşən Amil adlı şəxsə məxsus daş karxanasında işləmək üçün getmiş, həmin karxanada gündəlik 20 manat pul qazanmışdır. O, həmin karxanada gecə növbəsi işləyir, gündüzlər isə karxanada olan vaqonda istirahət edirmiş. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 11 radələrində karxanada iş yoldaşları Rövşən, Məmməd, Nəcəf, İxtiyar və o, “KAMAZ”a daş yükləmişlər. İş yoldaşı Ələkbər isə hava soyuq olduğu üçün 300 metr aralıda təkər yandırıb istisinə qızınırmış. Birdən qəflətən Ələkbər qaçaraq onların yanına gəlib bir nəfər şəxsin onu bıçaqla vurduğunu və əlinin kəsildiyini bildirmişdir. Onlar həyəcanlı halda həmin şəxsi tapmaq üçün təkər yanan yerə getmişlər. Orada Mehti adlı şəxsin “ZİL” markalı avtomobildə yük üçün gözlədiyini və onun yanında kabinədə bir nəfər şəxsin oturduğunu görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb Ələkbəri nə üçün bıçaqla vurduğunu soruşmuşlar. Həmin şəxs “ZİL”in yan şüşəsini aşağıya endirmiş və əlindəki bıçağı onlara göstərərək “üstümə gəlsəniz sizi də bıçaqlayaram” demişdir. Bundan sonra İxtiyar, Rövşən və o, yerdən daş parçaları götürüb “ZİL” markalı avtomobilə atmışlar. “ZİL”in sürücüsü Mehti avtomobili daşladıqlarını görüb həmin şəxsi yerə düşürtmüş, özü isə “ZİL”i sürüb oradan uzaqlaşmışdır. Bundan sonra sonradan adının Aydın olduğunu bildiyi şəxs onların üstünə gəlmiş, onlar hərəsi bir tərəfə qaçmışlar. Həmin vaxt Aydının ayağı ilişmiş və yerə yıxılmışdır. Rövşən, İxtiyar və o, Məmmədlə birlikdə Aydının əllərini iplə bağlamışlar və Məmməd “102” zəng mərkəzinə zəng edərək polisə hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları oraya gəlmişlər. Mübahisə təxminən 15 dəqiqə davam etmiş, həmin vaxt o, Aydını vurmamışdır, buna görə də özünü təqsirli bilmir, ola bilsin ki, Aydın həmin xəsarətləri ilişib yerə yıxılarkən almışdır. Belə bir hadisənin baş verməsini arzulamamışdır, buna görə də çox böyük sarsıntı keçirir və ilk dəfə törətdiyi bu əməldən səmimi peşmandır. Məhkəmənin gedişində zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Ailəsinin yeganə qazanc gətirənidir, himayəsində iki azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X4 oğlu göstərdi ki, Zərərçəkmiş şəxs1lə o, Türkan qəsəbəsində eyni kənddə yaşayır, həm də uzaq qohumdurlar. Atasının icarə müqaviləsi ilə idarə etdiyi “Mingəçevir Avtonəqliyyat-5” X13 Cəmiyyətinə məxsus “ZİL” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və o, həmin avtomobillə Türkan qəsəbəsi ərazisində daş daşıyır, lakin sürücülük vəsiqəsi yoxdur. xx xxxxxx 2019-cu il tarixdə həmin avtomobillə qohumu Xaləddinə məxsus daş karxanasından daş yükləmək üçün getmişdir. Həmin vaxt Aydın ilə telefonla danışdıqda Aydın ondan harda olduğunu soruşmuş və o, karxanada olduğunu bildirmişdir. Saat təqribən 22 radələrində Aydın onun yanına gəlmiş və sağ oturacaqda yanında oturmuşdur. Aydın həyəcanlı olmuş və fəhlənin birini onunla səhv saldığını, bu səbəbdən də mübahisələrinin düşdüyünü bildirmişdir. Aydın avtomaşında yanında əyləşərkən onun əlində bıçaq olmuşdur. Həmin bıçağın dəstəyi Aydının ovucunda olduğu üçün, o, dəstəyinin necə olduğunu görməmişdir. Lakin həmin bıçaq mətbəx bıçağı olmuşdur. Təxminən 5 dəqiqədən sonra 5 nəfər şəxs avtomobilin yanına gəlmiş və Aydına avtomobildən düşməyini demişlər. Aydın yerə düşmək istəmədikdə onlar yerdən daş parçaları götürərək avtomobilinin şüşəsinə atmışlar. Avtomobilin alıncıq şüşəsi sınmış və o, Aydınla bərabər avtomobildən yerə düşmüşlər. Aydın ilə həmin şəxslər mübahisə etməyə başladıqda o, avtomobilinə əyləşib oradan uzaqlaşmış, buna görə də davadalaşın şahidi olmamışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur. Dəymiş ziyan tamamilə ödənilmişdir. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Məsum-Zadə DadaşbalaMehti oğlu göstərdi ki, “Mingəçevir Avtonəqliyyat-5” X12 Cəmiyyətinə məxsus “ZİL” markalı **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili o, icarəyə götürmüşdür və 3 ildir ki, həmin avtomobil onun istifadəsindədir. xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində oğlu Mehti Türkan qəsəbəsində yerləşən daş karxanasına daş yükləmək üçün getmişdir. Mehti həmin gün evə gəldikdə ona məlum olmuşdur ki, daş karxanasında olarkən bir qrup şəxs həmin “ZİL” markalı avtomobili daşa basaraq qabaq alın şüşəsini sındırmışlar. Avtomobilin qabaq alın şüşəsinin sındırılması nəticəsində “Mingəçevir Avtonəqliyyat-5” X12 Cəmiyyətinə 40 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur. Dəymiş ziyan tamamilə ödənilmişdir. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə axşam saat təxminən saat 22 radələrində Türkan qəsəbəsindən tanışı Mehti ona zəng vuraraq karyerdə olduğunu bildirmiş və yanına gəlməyini xahiş etmişdir. Təminən saat 23 radələrində o, karxanaya getmiş və Mehti ilə danışarkən ona karxanada yanan təkərin yanında olduğunu bildrdirmişdir. O, karxanada yanan təkərin yanında bir nəfər şəxs görmüş və onu Mehtiyə oxşadaraq həmin şəxsə “Yolkabaş, neynirsən, gəl bura” demişdir. Həmin şəxs ona yaxınlaşdıqda onun Mehti olmadığını görmüşdür. Onlar təxminən 5 dəqiqə sözlə mübahisə etdikdən sonra ayrılmışlar. Həmin yerdən təxminən 30 metr məsafədə Mehtinin idarə etdiyi “ZİL” markalı avtomaşını görmüş və gedib sağ tərəfdə oturacaqda oturmuşdur. Mehti də avtomobildə olmuşdur. Mehti ondan niyə mübahisə etdiyini soruşmuş və o, Mehti ilə həmin şəxsi səhv saldığını bildirmişdir. Təxminən 10 dəqiqə keçmişdir ki, həmin şəxs oradan qaçaraq getmiş və təxminən 5 nəfərə yaxın şəxs ilə avtomobilin yanına gələrək yerdən götürdükləri daş parçalarını Mehtinin avtomobilinin şüşələrinə atmışlar. Avtomobilin qabaq şüşələri qırılaraq ona dəymişdir. Mehti avtomobildən düşərək getmiş və o, Mehtini sonra görməmişdir. O, avtomobildən yerə düşmüş və həmin şəxslər onu üzü üstə yerə yıxaraq əlini arxadan iplə bağlamış və təxminən 15-20 dəqiqə yumruq və təpiklə vuraraq xəsarət yetirmişlər. Onlardan heç birinin əlində dəmir parçası olmamış, eləcə də həmin şəxslər onu üzü üstə yerə yıxaraq əllərini arxadan kəndirlə bağlayaraq onu döydüklərindən, o, həmin vaxt onların hansının onun əlini bağladığını və konkret olaraq hansının hansı nahiyəsinə xəsarət yetirdiklərini dəqiq xatırlamır. Hadisə nəticəsində onun qabırğaları sınmış və başından travma almışdır. Mübahisə təxminən 30 dəqiqə davam etmişdir. O, həmin vaxt heç kimə xəsarət yetirməmiş, yanan təkərin yanında olan şəxslə isə sözlə mübahisəsi olmuşdur. Hadisə vaxtı onun əlində bıçaq olmamış və Şahid2 necə xəsarət alması barəsində heç nə deyə bilmir. Bir qədər keçdikdən sonra karxanaya polis əməkdaşları gələrək onun əllərini açmış və onu təcili tibbi yardım ilə xəstəxanaya aparmışlar. Hazırda təqsirləndirilən şəxslərlə barışmış və onları bağışlamışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Adıgözəl oğlu göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Xəzər rayonu Türkan qəsəbəsində yerləşən Amil adlı şəxsə məxsus daş karxanasında işləmək üçün getmiş, həmin karxanada gündəlik 20 manat pul qazanmışdır. O, həmin karxanada gecə növbəsi işləmiş, gündüzlər isə karxanada olan vaqonda istirahət etmişdir. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 22-23 radələrində karxanada iş yoldaşları Rövşən, Şahmalı, Nəcəf, İxtiyar, Məmməd, Ələkbər və o, “KAMAZ”a daş yükləyirmişlər. O, daş yüklədikləri yerdən təxminən 200 metr aralıda olan vaqonda özlərinə içmək üçün çay hazırlamağa getmişdir. Təxminən 30 dəqiqə sonra polka tərəfdən qışqırtı səsləri eşitmiş və tez çıxıb yoldaşlarının yanına getmişdir. O, onların yanına çatdıqda Məmməd və digərlərinin bir nəfər şəxsi əli bağlı vəziyyətdə yol tərəfə çıxardıqlarını görmüşdür. Həmin şəxsin ağız-burnu qanın içində olmuşdur. O, yoldaşlarından həmin şəxsin kim olduğunu soruşduqda, onlar həmin şəxsin Ələkbərin əlini bıçaqla vurduğunu bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən 3 saylı İstintaq Təcridxanasında saxlanılan Şahid2 göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Türkan qəsəbəsində yerləşən Amil adlı şəxsə məxsus daş karxanasında işləmək üçün getmiş, həmin karxanada gündəlik 20-25 manat pul qazanmışdır. O, həmin karxanada gecə növbəsi işləmiş, gündüzlər isə karxanada olan vaqonda istirahət etmişdir. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 23 radələrində hava soyuq olduğu üçün karxanada təkər yandırıb istisinə qızınırmış. Digər iş yoldaşları ondan təxminən 300 metr məsafədə işləmişlər. Həmin vaxt bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış, onu söyərək üstünə gəlmiş və onu bıçaqla vurmaq istəyərkən, o, sol əli ilə bıçağı tutmuşdur. Bundan sonra həmin şəxs bıçağı çəkmiş və onun əlini qan aparmışdır. O, tez həyəcanlı halda digər iş yoldaşlarının yanına tərəf qışqıra-qışqıra qaçmış, onlara tanımadığı bir şəxsin onun əlini bıçaqla kəsdiyini bildirmiş və huşunu itirərək yerə yıxılmışdır. Ayılanda isə artıq təcili tibbi yardım maşınında olduğunu görmüşdür. Bundan başqa onun yadına heç nə gəlmir. Hadisə vaxtı onun sol əli kəsilmiş və o, məhkəmə-tibb ekspertizasından keçmişdir. Sonradan həmin şəxsin adının Aydın olduğunu bilmişdir. O, Aydını vurmamış, həmin xəsarətləri Aydının hansı şəraitdə alması barədə məlumatı yoxdur. Mübahisələri təxminən 5 dəqiqə davam etmişdir. Hadisə günü gecə növbəsində o, qardaşı Məmməd, qardaşı Rövşən, xalası nəvəsi İxtiyar, kəndçisi Şahmalı, dayısı nəvəsi Nəcəf və bir nəfər “KAMAZ” markalı avtomobilin tanımadığı sürücüsü olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən 3 saylı İstintaq Təcridxanasında saxlanılan Şahid3 göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Türkan qəsəbəsində yerləşən Amil adlı şəxsə məxsus daş karxanasına işləmək üçün getmiş, həmin karxanada gündəlik 20 manat pul qazanmışdır. O, həmin karxanada gecə növbəsi işləmiş, gündüzlər isə karxanada olan vaqonda istirahət etmişdir. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 23 radələrində karxanada iş yoldaşları Məmməd, Rövşən, Şahmalı, Nəcəf və o, “KAMAZ”a daş yükləmişlər. İş yoldaşı Ələkbər isə hava soyuq olduğu üçün 300 metr aralıda təkər yandırıb istisinə qızınırmış. Birdən qəflətən Ələkbər qaçaraq onların yanına gəlmiş və bir nəfər şəxsin onu bıçaqla vurduğunu və əlinin kəsildiyini bildirmişdir. Onlar həyəcanlı halda həmin şəxsi tapmaq üçün təkər yanan yerə getmişlər. Orada Mehti adlı şəxsin idarə etdiyi “ZİL” markalı avtomobildə yük üçün gözlədiyini və onun yanında kabinədə bir nəfər şəxsin oturduğunu görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb Ələkbəri nə üçün bıçaqla vurduğunu soruşmuşlar. Həmin şəxs “ZİL”in yan şüşəsini aşağıya endirmiş və əlindəki bıçağı onlara göstərərək “üstümə gəlsəniz sizi də bıçaqlayaram” demişdir. Onlar həmin şəxsə avtomobildən düşməyini desələr də, həmin şəxs düşməmişdir. Bundan sonra o və Rövşən yerdən daş parçaları götürüb “ZİL” markalı avtomobilə atmışlar. “ZİL”in sürücüsü Mehti avtomobili daşladıqlarını görüb həmin şəxsi yerə düşürtmüşdür. Bundan sonra sonradan adının Aydın olduğunu bildiyi şəxs onların üstünə cummuşdur. Onlar hərəsi bir tərəfə qaçmışlar. Daha sonra Aydının ayağı ilişmiş və yerə yıxılmışdır. O, Rövşən və Məmməd birlikdə Aydının əllərini iplə bağlamışlar. Məmməd “102” zəng mərkəzinə zəng edib polisə hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları oraya gəlmişlər. O, Aydını vurmamışdır, ola bilsin ki, Aydın həmin xəsarətləri yıxılarkən almışdır. Hadisə zamanı orada o, Rövşən, Məmməd, Şahmalı və Aydın olmuşdur. “ZİL” markalı avtomobilin sürücüsü Mehti isə onlar avtomobili daşlayarkən avtomobildən düşmüş və sonradan onu görməmişlər. Nəcəf hadisə vaxtı orada olmamış, lakin hadisədən sonra polislərlə eyni vaxtda yanlarına gəlmişdir. Mübahisə təxminən 15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən 3 saylı İstintaq Təcridxanasında saxlanılan Şahid4 göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Xəzər rayonu Türkan qəsəbəsində yerləşən Amil adlı şəxsə məxsus daş karxanasında işləmək üçün getmiş, həmin karxanada gündəlik 20 manat pul qazanmışdır. O, həmin karxanada gecə növbəsi işləyir, gündüzlər isə karxanada olan vaqonda istirahət edirmiş. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 11 radələrində karxanada iş yoldaşları Məmməd, İxtiyar, Şahmalı, Nəcəf və o, “KAMAZ”a daş yükləmişlər. İş yoldaşı olan qardaşı Ələkbər isə hava soyuq olduğu üçün 300 metr aralıda təkər yandırıb istisinə qızınırmış. Birdən qəflətən Ələkbər qaçaraq onların yanlarına gəlmiş və bir nəfər şəxsin onu bıçaqla vurduğunu və əlinin kəsilldiyini bildirmişdir. Onlar həyəcanlı halda həmin şəxsi tapmaq üçün təkər yanan yerə getmişlər. Orada Mehti adlı şəxsin idarə etdiyi “ZİL” markalı avtomobildə yük üçün gözlədiyini və onun yanında kabinədə bir nəfər şəxsin oturduğunu görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb Ələkbəri nə üçün bıçaqla vurduğunu soruşmuşlar. Həmin şəxs “ZİL”in yan şüşəsini aşağıya endirmiş və əlindəki bıçağı onlara göstərərək “üstümə gəlsəniz sizi də bıçaqlayaram” demişdir. Onlar həmin şəxsə avtomobildən düşməyini desələr də həmin şəxs düşməmişdir. Bundan sonra o və İxtiyar yerdən daş parçaları götürüb “ZİL” markalı avtomobilə atmışlar. “ZİL”in sürücüsü Mehti avtomobili daşladıqlarını görüb həmin şəxsi yerə düşürtmüşdür. Bundan sonra sonradan adının Aydın olduğunu bildiyi şəxs onların üstünə cummuş və onlar hərəsi bir tərəfə qaçmışdır. Daha sonra Aydının ayağı ilişmiş və yerə yıxılmışdır. O, İxtiyar və Məmməd birlikdə Aydının əllərini iplə bağlamışlar. Məmməd “102” zəng mərkəzinə zəng edib polisə hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları oraya gəlmişlər. O, Aydını vurmamışdır, ola bilsin ki, Aydın həmin xəsarətləri yıxılarkən almışdır. Hadisə zamanı orada o, Rövşən, Məmməd, Şahmalı və Aydın olmuşdur. “ZİL” markalı avtomobilin sürücüsü Mehti isə onlar avtomobili daşlayarkən avtomobildən düşmüş və sonradan onu görməmişlər. Nəcəf hadisə vaxtı orada olmamış, lakin hadisədən sonra polislərlə eyni vaxtda yanlarına gəlmişdir. Mübahisə təxminən 15 dəqiqə davam etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 1486 saylı rəyindən görünür ki, Şahid2 bədənində aşkar edilmiş xəsarətlər –sol əlin kəsilmiş yarası kəsici təsirə malik əşya ((alət)ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı X1 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2019-cu il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 1498 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər –sağ gözün bayır bucağının, burunun, üst və alt dodağın, sol körpücük nahiyəsinin, sağ və sol əlin, sol baldırın, sağ dizin qançırları, sağ gözətrafı nahiyənin qançırı, sağ göz almasının ağlı qişasının qansızması, sağ Vİİİ-X qabırğaların yerdəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun 3 saylı X1 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2019-cu il tarixə və şəraitə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sağ Vİİİ-X qabırğaların yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya; sağ göz almasının ağlı qişasının qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; sağ gözün bayır bucağının, burunun, üst və alt dodağın, sol körpücük nahiyəsinin, sağ və sol əlin, sol baldırın, sağ dizin qançırları, sağ gözətrafı nahiyənin qançırı isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarından görünür ki, zərərçəkmiş şəxslər və təqsirləndirilən şəxslər istintaq zamanı vermiş olduqları ifadələrində göstərdiklərini bir-birinin üzünə bildirmişlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə ona həmin maddələr ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə ona həmin maddələr ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Xəzər RPİ MSY-dən azad edilmişdir. İşmateriallarındaolan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X4 oğlu və X5 oğlu tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, təqsirləndirilən şəxslərlə barışmışlar, dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onlardan heç bir şikayətləri yoxdur, barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş edirlər. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki,Təqsirləndirilən şəxs1 himayəsində beş azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki,Təqsirləndirilən şəxs2 oğlunun himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini məhkəmə baxışı zamanı etiraf etməmələrinə, xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 heç bir xəsarət yetirmədiklərini bildirmələrinə baxmayaraq, zərərçəkmiş şəxlərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə onların həmin cinayət əməllərini törətmələri tamamilə sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı özlərini təqsirli bilməmələri barədə verdikləri ifadələrə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəməyə verdikləri ifadələr həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onların bu məzmunda ifadə vermələri özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa,“Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunmasi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1997-ci il tarixli 3 №-li Qərarına əsasən məhkəmələr edilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan qanunun maddəsi ilə müəyyən olunmuş həddə cəza təyin edərkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, qanunlara dürüst əməl etmə, ümumi davranış qaydalarına hörmət etmə ruhunda tərbiyələndirmə, habelə həm məhkumlar tərəfindən, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəza ədalətli, qanunlara uyğun və törədənin şəxsiyyətinə uyğun olmalıdır ki, cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuş şəxs də qanunun aliliyini, törətdiyi cinayətə görə qanuna uyğun cəza almasını başa düşsün və cəza çəkərək islah olunsun və ümumi yaşayış qaydalarına hörmətlə yanaşsın. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməllərindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində beş azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 maddələsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində xx xxxx 2020ci il tarixdən xx xxxx 2020-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməllərindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində beş azyaşlı uşağının olmasını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə törətdiyi əməllərindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 maddələsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində xx xxxx 2020ci il tarixdən xx xxxx 2020-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməllərindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin olmamasını və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etmələrini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs1 CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 240,00 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrun etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrun etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar