Məhkəmə qərarları › İş №1(003)-225/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-225/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-225/2022 17.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Şiralı oğlunun, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər X2 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) 19 avqust 1996-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 23 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və üzərindən məhkumluq götürülmüş, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivi fərdi evdə yaşamış, Baki şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmaqla 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda həmin cəzanı çəkən, hazırkı cinayət işi üzrə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - X2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və 2) 01 avqust 1996-cı il tarixdə Bərdə rayonunun Qaradəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Qaradəmirçi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivi fərdi evdə yaşayan, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 1(003)-225/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 14 iyul 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, X4 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 dekabr 2021-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən yaşayış sahəsi olan evə plastik qapısının önündə olan dəmir barmaqlığı sındırıb plastik qapını açmaqla qanunsuz daxil olaraq oradan dəyəri 50 manat olan 01 ədəd “Zeu LS-4000P” markalı lazer aparatını, dəyəri 40 manat olan 01 ədəd batareya ilə işləyən “Rubin” markalı dreli, dəyəri 200 manat olan 01 ədəd su qızdırıcısını, dəyəri 20 manat olan 01 ədəd laqonda daşını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 310 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 dekabr 2021-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində, su kanalının kənarında yerləşən saxlanc yeri olan nasosxanaya qapısını açmaqla qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 Şiralı oğluna məxsus dəyəri 360 manat olan 01 ədəd su nasosunu və dəyəri 140 manat olan 4 metr uzunluğunda rezin su borusunu, Zərərçəkmiş şəxs2 məxsus dəyəri 400 manat olan 01 ədəd su nasosunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 Şiralı oğluna 500 manat məbləğində, zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 dekabr 2021-ci il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən yaşayış sahəsi olan evə giriş qapısından sağ tərəfdə yerləşən plastik pəncərəni açmaqla qanunsuz daxil olaraq oradan dəyəri 250 manat olan 01 ədəd “Kawasaki GA 1400A” markalı generatoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 dekabr 2021-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən yaşayış sahəsi olan evə plastik qapısının önündə olan dəmir barmaqlığı sındırıb plastik qapını açmaqla qanunsuz daxil olaraq oradan dəyəri 50 manat olan 01 ədəd “Zeu LS-4000P” markalı lazer aparatını, dəyəri 40 manat olan 01 ədəd batareya ilə işləyən “Rubin” markalı dreli, dəyəri 200 manat olan 01 ədəd su qızdırıcısını, dəyəri 20 manat olan 01 ədəd laqonda daşını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 310 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X4 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onunla bir məhəllədə yaşayır və dostluq münasibətləri vardır. 20 dekabr 2021-ci il tarixdə Yaşar ilə birlikdə olarkən maddi imkanları olmadığından belə qərara gəlmişlər ki, pul əldə etmək üçün oğurluq etsinlər. Bu məqsədlə yaşadıqları Binə qəsəbəsi Atçılıq massivində yerləşən evlərin arası ilə gəzib oğurluq etmək üçün münasib yer axtarmağa başlamışlar. Həmin vaxt, saat 23:00 radələrində işıqları yanmayan bir həyət evi diqqətlərini cəlb etmiş və ətrafa nəzər edib heç kimin olmadığını dəqiqləşdirdikdən sonra Yaşarla birlikdə hasardan aşaraq həmin evin həyətinə daxil olmuşlar. Həyətdə olan evə yaxınlaşıb plastik qapısının önündə olan dəmir barmaqlığı yerdən tapdıqları dəmir parçası ilə qırmış, sonra plastik qapını həmin dəmir parçası ilə qırıb açaraq oradan evə daxil olmuşlar. Evdə olan əşyaları axtarıb oradan pula gedəsi 01 ədəd lazer aparatını, 01 ədəd su qızdırıcını, 01 ədəd dreli və 01 ədəd laqonda daşını oğurlayıb gəldikləri kimi oradan çıxıb uzaqlaşmışlar. Bundan başqa, 25 dekabr 2021-ci il tarixdə, saat 23:00 radələrində icarəyə götürdüyü dövlət qeydiyyat nişanını xatırlamadığı “VAZ-2106” markalı avtomobillə özü tək Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən su kanalının yaxınlığında yerləşən nasosxanaya qapısını açmaqla daxil olub oradan 03 ədəd su nasosunu və 01 ədəd şlanqı oğurlayıb avtomobilinin yük yerinə yükləyib gəldiyi kimi oradan uzaqlaşmışdır. Bundan başqa, 27 dekabr 2021-ci il tarixdə, saat 01:00 radələrində Binə qəsəbəsi Atçılıq massivində yerləşən evlərin arası ilə gəzib oğurluq etmək üçün münasib yer axtarmağa başlamışdır. Həmin vaxt işıqları yanmayan bir həyət evi diqqətini cəlb etmiş və ətrafa nəzər edib heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan aşaraq həmin evin həyətinə daxil olmuşdur. Daha sonra həyətdə olan evə giriş qapısından sağ tərəfdə yerləşən plastik pəncərəni özü ilə gətirdiyi vintaçanla açıb daxil olmuşdur. Evdə olan əşyaları axtarıb oradan pula gedəsi 01 ədəd generatoru oğurlayıb gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Sonradan oğurladığı həmin əşyalardan 02 ədəd su nasosunu, 01 ədəd su qızdırıcısını səyyar metal qəbul edən tanımadığı şəxslərə satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişlər. Şlanq və laqonda daşını isə sata bilmədiyindən zibilliyə tullamışdır. Həmin əşyalardan 01 ədəd su nasosunu, 01 ədəd lazer aparatını, 01 ədəd dreli və 01 ədəd generatoru isə təsadüfən tanış olduğu Məzahir adlı şəxsə ümumilikdə 120 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməllərindən peşman olmuş və zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayətləri və ya digər tələbləri yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 onunla bir məhəllədə yaşayır və dostluq münasibətləri vardır. 20 dekabr 2021-ci il tarixdə Çümşüd ilə birlikdə olarkən maddi imkanları olmadığından belə qərara gəlmişlər ki, pul əldə etmək üçün oğurluq etsinlər. Bu məqsədlə yaşadıqları Binə qəsəbəsi Atçılıq massivində yerləşən evlərin arası ilə gəzib oğurluq etmək üçün münasib yer axtarmağa başlamışlar. Həmin vaxt, saat 23:00 radələrində işıqları yanmayan bir həyət evi diqqətlərini cəlb etmiş və ətrafa nəzər edib heç kimin olmadığını dəqiqləşdirdikdən sonra Çümşüdlə birlikdə hasardan aşaraq həmin evin həyətinə daxil olmuşlar. Həyətdə olan evə yaxınlaşıb əvvəlcə plastik qapısının önündə olan dəmir barmaqlığı yerdən tapdıqları dəmir parçası ilə qırmış, sonra plastik qapını həmin dəmir parçası ilə qarıb açaraq oradan evə daxil olmuşlar. Evdə olan əşyaları axtarıb oradan pula gedəsi 01 ədəd lazer aparatını, 01 ədəd su qızdırıcısını, 01 ədəd dreli və 01 ədəd laqonda daşını oğurlayıb gəldikləri kimi oradan çıxıb uzaqlaşmışlar. Sonradan əldə etdikləri həmin əşyaları Çümşüd tanımadığı şəxsə satdığını bildirmiş və əldə etdiyi puldan ona 25 manat pul vermişdir. Həmin pulu öz ehtiyaclarına xərcləmişdir. İlk dəfə törətdiyi əməlindən peşman olmuş və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 Şirəli oğlu göstərdi ki, onun Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən evi və torpaq sahəsi vardır. Atçılıq yaşayış massivində kanalın kənarında nasosxana yerləşir. Həmin nasosxananı özləri tikmişlər və orada quraşdırdıqları nasoslar vasitəsi ilə kanaldan su çəkərək əkin əkdikləri torpaq sahəsinin suvarılmasında istifadə edirmişlər. 2021-ci ilin dekabr ayının axırlarında həmin nasosxanada olarkən nasosların yerində olduğunu görmüşdür. 08 yanvar 2022-ci il tarixdə, saat 17:00 radələrində həmin nasosxanaya gələrkən ona məlum olmuşdur ki, nasosxananın qapısındakı qıfılı sındırıb nasosxanaya daxil olan naməlum şəxs və ya şəxslər oradan ona məxsus dəyəri 360 manat olan 01 ədəd su nasosunu və dəyəri 140 manat olan 4 metr uzunluğunda rezin su borusunu (şlanqı) oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 500 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tamamilə ödənildiyi üçün, o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən evi və torpaq sahəsi vardır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində kanalın kənarında nasosxana yerləşir. Belə ki, həmin nasosxananı özləri tikmişlər və orada nasos quraşdırmışlar. Həmin nasoslar vasitəsi ilə kanaldan su çəkərək əkin əkdikləri torpaq sahəsinin suvarılmasında istifadə edirmişlər. 2021-ci ilin dekabr ayının axırlarında həmin nasosxanada olarkən nasosların yerində olduğunu görmüşdür. 08 yanvar 2022-ci il tarixdə, saat 17:00 radələrində həmin nasosxanaya gələrkən ona məlum olmuşdur ki, nasosxananın qapısındakı qıfılı sındırıb nasosxanaya daxil olan naməlum şəxs və ya şəxslər oradan ona məxsus dəyəri 400 manat olan 01 ədəd su nasosunu oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 400 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tamamilə ödənildiyi üçün, o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 ittiham altında göstərilən ünvanına çağırış vərəqəsi və mobil telefonuna “sms” göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclaslarına gəlməmiş, Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən yeni tikilmiş ikimərtəbəli evi vardır. Mütəmadi olaraq həmin evə baş çəkirmiş. 2021-ci ilin noyabr ayında yadında qalmayan tarixdə həmin evə gəlib hər bir şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. 17 yanvar 2022-ci il tarixdə, saat 22:30 radələrində həmin evə gəldikdə ona məlum olmuşdur ki, həyətə hasardan aşmaqla daxil olan naməlum şəxs və ya şəxslər həyətdə olan evə plastik giriş qapısının önündəki dəmir barmaqlığı sındırıb plastik qapını açmaqla daxil olub oradan dəyəri 170 manat olan 01 ədəd lazer aparatını, dəyəri 160 manat olan 01 ədəd batareya ilə işləyən dreli, dəyəri 200 manat olan 01 ədəd su qızdırıcısını, dəyəri 20 manat olan 01 ədəd laqonda daşını oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 550 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 02 iyun 2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, hazırda ona dəymiş ziyan tamamilə ödənildiyi üçün, o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən ikimərtəbəli bağ evi vardır. Mütəmadi olaraq həmin evə baş çəkirmiş. 2021-ci ilin dekabr ayının sonlarında yadında qalmayan tarixdə həmin bağa gəlib hər bir şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. 19 yanvar 2022-ci il tarixdə, saat 15:00 radələrində həmin bağa gəldikdə ona məlum olmuşdur ki, bağa hasardan aşmaqla daxil olan naməlum şəxs və ya şəxslər həyətdə olan evə giriş qapısından sağ tərəfdə yerləşən plastik pəncərəni açmaqla daxil olub evin birinci mərtəbəsində yerləşən otaqlardan birindən dəyəri 250 manat olan 01 ədəd “Kawasaki GA 1400A” markalı generatoru oğurlamışdır. Hazırda ona dəymiş ziyan tamamilə ödənildiyi üçün, o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid Fəzail oğlunun elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi qaydada usta və fəhlə işləri ilə məşğul olur. Eyni zamanda özünə məxsus idarə etdiyi “Wolsvagen” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə də məşğul olub ailəsini dolandırır. 2021-ci ilin dekabr ayının sonlarında “Albalı” marketin qarşısında bir nəfər cavan oğlan müştəri qismində onun idarə etdiyi avtomaşına əyləşmiş və kanal üstü deyilən yerə aparmasını xahiş etmişdir. Yol boyu onunla həmsöhbət olmuş və həmin şəxs ona özünü “Cümü” kimi təqdim etmişdir. Sonradan həmin şəxsin adının Çümşüd olduğunu bilmişdir. Çümşüd ona özünə məxsus bəzi əşyalar olduğunu və satmaq istədiyini bildirmişdir. O, həmin əşyaların nədən ibarət olduğunu soruşmuş və Çümşüd bildirmişdir ki, həmin əşyaları gətirib ona göstərəcək. Bir müddət sonra Çümşüd onunla görüşüb özü ilə gətirdiyi 01 ədəd lazer aparatının, 01 ədəd drelin, 01 ədəd kiçik ölçülü generatorun və 01 ədəd su nasosunun ona dediyi satmaq istədiyi əşyalar olduğunu bildirmişdir. Həmin əşyalara baxıb Çümşüdlə razılaşaraq onları ümumilikdə 120 manata almış və Çümşüd çıxıb getmişdir. Bir müddət sonra 01 ədəd su nasosunu səyyar metal qəbul edən tanımadığı şəxslərə metal kimi 8 manata satmışdır. 01 ədəd lazer aparatı, 01 ədəd drel, 01 ədəd kiçik ölçülü generatoru isə polisə dəvət olunarkən oğurluq olduğunu bilib polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan “maddi sübutun götürülməsi” barədə 20 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şahid Fəzail oğlunun təqdim etdiyi 01 ədəd “Rubin” markalı batareya ilə işləyən drel, 01 ədəd “Zeu LS-4000P” markalı lazer aparatı, 01 ədəd “Kawasaki GA 1400A” markalı generator götürülmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 fevral 2022-ci il tarixli, 9/619 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 90,00 manat müəyyən edilir: 1. 01 ədəd “Rubin” markalı batareya ilə işləyən drel - 40 manat; 2. 01 ədəd “Zeu LS-4000P” markalı lazer aparatı - 50 manat; 3. 01 ədəd qırmızı rəngli “Kawasaki GA 1400A” markalı generator - aydın deyil. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarında olan “əşyalara baxış keçirilməsi” barədə protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxslər əldə olunmuş 01 ədəd “Rubin” markalı batareya ilə işləyən drelə, 01 ədəd “Zeu LS-4000P” markalı lazer aparatına, 01 ədəd “Kawasaki GA 1400A” markalı generatora baxış keçirtmişlər. Zərərçəkmiş şəxs3 qeyd olunan əşyalara baxış keçirib həmin əşyalardan 01 ədəd “Rubin” markalı batareya ilə işləyən drelin və 01 ədəd “Zeu LS-4000P” markalı lazer aparatının ona məxsus oğurlanmış əşyalar olduğunu və əlamətlərindən tanıdığını, Zərərçəkmiş şəxs4 qeyd olunan əşyalara baxış keçirib həmin əşyalardan 01 ədəd “Kawasaki GA 1400A” markalı generatorun ona məxsus oğurlanmış əşya olduğunu və əlamətlərindən tanıdığını bildirmişdir. İş materiallarından görünür ki, 01 ədəd “Rubin” markalı batareya ilə işləyən drel, 01 ədəd “Zeu LS-4000P” markalı lazer aparatı, 01 ədəd “Kawasaki GA 1400A” markalı generator maddi sübut kimi tanınmış, 01 ədəd “Kawasaki GA 1400A” markalı generator saxlanılmasından ötrü Zərərçəkmiş şəxs4, 01 ədəd “Rubin” markalı batareya ilə işləyən drel və 01 ədəd “Zeu LS-4000P” markalı lazer aparatı saxlanılmasından ötrü Zərərçəkmiş şəxs3 qaytarılmışdır. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Şiralı oğlu, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər X4 və Təqsirləndirilən şəxs2 onlara dəymiş maddi ziyanı tamamilə ödəmişlər. Buna görə də onların təqsirləndirilən şəxslərlə barışmışlar, onlardan heç bir şikayətləri, tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır. Bunların nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(003)-230/2022 saylı hökmünün surətindən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmaqla 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 18 mart 2022-ci il tarixli Tələbnamədən görünür ki, X4 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 23 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 28 yanvar 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər X2 təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi onların özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər X2 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə X2 törətdiyi əməllərdən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını və ona yüngül cəza verilməsini xahiş etmələrini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. X2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə X2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, X4 18 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 20 yanvar 2022-ci il tarixdə onahəmin maddə ilə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, X2 18 yanvar 2022-ci il tarixdən 20 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, X4 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(003)-230/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmaqla 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda həmin cəzanı çəkir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, X4 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(003)-230/2022 saylı hökmü çıxarılmamışdan əvvəl hazırkı iş üzrə təqsirli bilindiyi cinayət əməlini törətdiyindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(003)- 230/2022 saylı hökmü ilə ona təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, bu halda, həmin hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, X4 barəsində hazırkı cinayət işi üzrə seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza verilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 18 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 20 yanvar 2022-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 1(003)-225/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində həbsli axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 14 iyul 2022-ci il tarixli 057-8877-1222 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs2 14 iyul 2022-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 18 yanvar 2022-ci il tarixdən 20 yanvar 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və 14 iyul 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixə qədər təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 01 (bir) ay 03 (üç) gün, cəmi 01 (bir) ay 05 (beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivi fərdi evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Maddi sübut - 01 ədəd “Kawasaki GA 1400A” markalı generatorun Zərərçəkmiş şəxs4, - 01 ədəd “Rubin” markalı batareya ilə işləyən drelin və 01 ədəd “Zeu LS-4000P” markalı lazer aparatının saxlanılmasından ötrü Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ X1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər X2 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X6, X5, Müdafiəçi1 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən təqsirləndirilən şəxs X2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 60,00 (altmış) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs X2 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 90,00 (doxsan) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X7 tətəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq istintaq zamanı müdafiə edilməsinə görə 60,00 (altmış) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tətəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 90,00 (doxsan) manat olmaqla ümumilikdə 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X2 18 yanvar 2022-ci il tarixdən 20 yanvar 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X3 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-230/2022 saylı 19 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın. X2 barəsində hazırkı iş üzrə seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 18 yanvar 2022-ci il tarixdən 20 yanvar 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və 14 iyul 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixə qədər təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 01 (bir) ay 03 (üç) gün, cəmi 01 (bir) ay 05 (beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivi fərdi evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - 01 ədəd “Kawasaki GA 1400A” markalı generatorun Zərərçəkmiş şəxs4, - 01 ədəd “Rubin” markalı batareya ilə işləyən drelin və 01 ədəd “Zeu LS-4000P” markalı lazer aparatının saxlanılmasından ötrü Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxslər X1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən təqsirləndirilən şəxs X2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 60,00 (altmış) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs X2 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 90,00 (doxsan) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X7 tətəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq istintaq zamanı müdafiə edilməsinə görə 60,00 (altmış) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tətəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 90,00 (doxsan) manat olmaqla ümumilikdə 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs X3 isə andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar