Məhkəmə qərarları › İş №1(003)-226/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-226/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-226/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, "xxxx" ASC-nin yataqxanasında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 02:00 radələrində arvadı Zərərçəkmiş şəxs birgə yaşadıqları ünvan 2 ünvanında aralarında yaranmış ailə məişət mübahisəsi zəminində qəsdən yumruqla vuraraq ona baş-beyin silkələnməsi halında qapalı kəllə beyin travması, sağ təpə nahiyəsinin hematoması, sağ gözaltı nahiyənin, sağ yanağın, sağ mil-bilək oynağının sıyrıqları, sağ mil-bilək oynağının qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərər çəkmiş şəxsin, ekspert rəyi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, hazırda Xəzər rayonu, Buzovna qəsəbəsi, Bakqazmaş ASC-nin yataqxanasında qeydiyyatda olmaqla Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi ev 14 mənzil 25-də ailəsi ilə birlikdə yaşayır. Həyat yoldaşı Zərərçəkmiş şəxs ərizəsi ilə tanış olduqdan sonra qeyd etmişdir ki, 2011-ci ildə xala qızı, yəni Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Birgə nikahdan iki övladları var. xx.xx.2022-ci il tarixdə anasının xəstəliyi ilə əlaqədar Şamaxı rayonunda olmuşdur. xx.xx.2022-ci il tarixdə anası ilə birlikdə ünvan 3 ünvanına, yəni yaşadığı ünvana gəlmişdir. Həmin vaxt saat təxminən 20:00 radələri olmuş, lakin yoldaşı Şahnaz evdə olmamışdır. Həyat yoldaşı həmin vaxt yaşadıqları əraziyə yaxın olan Zaqulba qəsəbəsində yerləşən qabyuyucu kimi işlədiyi “Zaqulba” restoranında işdə olmuşdur. O, evdə tək olduğuna görə yatmış, xx.xx.2022-ci il tarixdə təxminən saat 01:30 radələrində həyat yoldaşı evə gələrək onunla mübahisə etməyə başlamış və onun evdən çıxıb getməyini tələb etmişdir. O, görmüşdür ki, Şahnaz əsəbi haldadır və onu sakitləşdirmək üçün bildirmişdir ki, “anan sabah gələr məsələni həll edərik”. Şahnaz ona demişdir ki, “ya sən bu evdə qalmalısan ya da mən”. Zərərçəkmiş şəxs bunu deyən kimi xx.xx.2022-ci il tarixdə saat təxminən saat 02:00 radələri evdən bayıra çıxıb getmək istəyərkən Təqsirləndirilən şəxs də onun ardınca getmiş və onu liftdən qaytarıb evə salmışdır. Həmin vaxt səs-küyə onlarla bir blokda, yəni 29-cu mənzildə yaşayan atası, anası və bacısı onların mənzilinə gəlmişdir. Onlar gələn kimi Şahnaz qışqırmağa başlamış və başını mətbəxin divarına vuraraq özünə xəsarət yetirmışdır. Bundan sonra özünü mətbəxin pəncərəsindən atmaq istəmişdir. Bu zaman yeznəsi Xalid gəlib çatmışdır. Bunu görən kimi Şahnazın belindən tutaraq özünü pəncərədən atmağa qoymamış və içəri dartmışdır. Bundan sonra atası, anası və bacısı onunla söhbət etməyə başlamışlar ki, onu sakitləşdirsinlər. Atası, bacısı və yeznəsi hadisənin şahdi olduğunu qeyd etmişdir. Atası Şahnazın qardaşı Eminə zəng edərək bu barədə məlumat vermişdir. Səhəri gün Şahnazın anası, qardaşı və iki bacısı onların evinə gəlmişdir. Baş vermiş hadisəni onlara danışmışlar. Buna baxmayaraq onlar polisə məlumat vermişlər. Həyat yoldaşı ifadəsində onun mobil telefonunda başqa bir qadınla şəkillərini və videolarını gördüyünü və bu səbəbdən aralarında mübahisə yarandığını və aralarında yaranmış münaqişə zəminində onun baş, sifət və bədənin digər nahiyyələrinə vuraraq ona xəsarət yetirdiyini, eləcə də başqa qadınla tanışlığı ilə əlaqədar günlərlə evə gəlmədiyini və bu səbəbdən də ailəsində dəfələrlə mübahisələr olduğunu bildirsə də, lakin Təqsirləndirilən şəxs Şahnazın bu barədə yalan ifadə verdiyini bildirmişdir. Səmimi olaraq qeyd etmişdir ki, təxminən 3-4 il bundan öncəki vaxta kimi bir nəfər qadınla yaxın əlaqəsi olmuş və bu səbəbdən yoldaşı ilə aralarında narazılıqlar yaranmış, anası gəlib Şahnazı evinə aparmış və bir müddət evə gəlməmişdir. Sonradan həmin qadından ayrılmış və Şahnazla aralarındakı müasibəti bərpa etmişdir. Ondan sonra normal qaydada yaşamışlar. Son vaxtlar işsiz olduğuna görə evə pul gətirə bilmədiyi, evə lazım olanları ala bilmədiyinə görə ailəsində mübahisələr olmuşdur. O, Şahnazı vurmadığını nə də ona xəsarət yetirmədiyini bildirmişdir. Bundan başqa həyat yoldaşı Zərərçəkmiş şəxs ifadəsində onun mütəmadi olaraq evə hallı vəziyyətdə gəlmisini və bu səbəbdən də onun narkotik vasitə istifadəçisi olmağından şübhələndiyini bildirsə də, lakin Təqsirləndirilən şəxs belə şey olmadığını bildirərək səmimi etiraf etmişdir ki, bir neçə il bundan öncəki vaxta kimi toylarda, bayramlarda spirtli içki qəbul etmişdir. Sonradan namaz qılmağa başlamış və spirtli içki içməyi tərkitmişdir. Halhazırda isə spirtli içki qəbul etmədiyini, narkotik vasitə isə ümumiyyətlə qəbul etmədiyini, özünə əmin olduğuna görə bunun üçün narkoloji müayinədən də keçməyinə razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, hazırda Şamaxı rayonu, Şəhriyar qəsəbəsində valideynləri ilə birlikdə yaşayır. 2011-ci ildə xalası oğlu Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Birgə nikahdan iki övladları var. Həyat yoldaşı mütəmadi olaraq sərxoş halda evə gələrək onunla səbəbsiz mübahisələr etmiş və onu döyərək xəsarət yetirmişdir. O, bu barədə heç vaxt polis orqanlarına müraciət etməmişdir. Günlərlə evə gəlməmiş, tanımadığı bir qadınla yaşadığına görə bu müddətlərdə evə gələrkən onunla həmişə səbəbsiz mübahisələr yaratmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 20:00 radələrində evə gəlmış, yenə də əvvəlki kimi səbəbsiz olaraq aralarında mübahisə yaranmış və onun telefonunda yaşadığı qadınla birlikdə olan şəkillərini və videolarını görmüşdür. O, evinə və ailəsinə laqeyd olduğuna görə məcbur olmuşdur ki, xalasının işlədiyi Zuqulba qəsəbəsində yerləşən “Zuqulba” restoranında 3-4 dəfə qabyuyan kimi işləməyə getmişdir. Həmin gün aralarındakı mübahisədən sonra həmin restorana işləməyə getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 02:00 darələrində evə gəlib görmüşdür ki, Orxan evdədir və telefonla yazışır. Onu görən kimi telefonu gizlətmiş və özünü yuxuya vermişdir. Qeyd etmişdir ki, yataqxanada yaşayırlar, qayınatası, qayınanası, baldızı ailəsi ilə birlikdə onlarla qonşu otaqlarda yaşayırlar. O, Orxanın bu hərəkətlərini görən kimi gedib qayınatasına demiş və qayınatası ona demişdir ki, “sakit ol yola ver qoy problem olmasın”. Bu zaman qayınatası ilə dəhlizdə söhbət edərkən Orxan gəlib onun saçımdan tutub içəri çəkmişdir. Orxan onu dartaraq evə salandan sonra vurmağa başlamışdır. Yumruqla onun başıma və bədəninin müxtəlif yerlərinə yumruq və təpiklə vuraraq xəsarət yetirmişdir. Orxan onun başına vurduqdan sonra huşumu itirmiş, ondan sonra ayılıb görmüşdür ki, baldızının evindədir. Qeyd etmişdir ki, baldızı ailəsi ilə onlardan aşağı mərtəbədə yaşayır. Qayınatası onun qardaşına zəng edərək bu barədə məlumat vermişdir ki, gəlin Şahnaza yiyə dursunlar. Səhəri gün və anası, qardaşı Emin və bacısı Cahan onların evinə gəlmişdir. Onlar hadisəni biləndən sonra bacısı Şahid1 DİN-in 102 zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, Orxanla aralarındakı hadisə təxminən 10-15 dəqiqə davam etmiş, hadisənin şahidləri baldızı, onun həyat yoldaşı, qayınatası olmuşdur. Təqsirləndirilən şəxs ilkin təhqiqat araşdırması zamanı izahatında Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 01:30 radələrində işdən evə gəldikdən sonra onun evdən çıxmağını tələb etməsini və bunun nəticəsində aralarında mübahisə yarandığını, bundan sonra da sonuncu ondan küsərək özünü həyətə atmaq istəyərkən Təqsirləndirilən şəxs yeznəsi Xalid belindən tutaraq evə saldığını, bundan sonra başını divara vuraraq özünəü xəsarət yetirdiyini bildirməyinə baxmayaraq Zərərçəkmiş şəxs həyat yoldaşının bu barədə yalan ifadə verdiyini, ondan evdən çıxmağını tələb etmədiyini, nə də onunla səbəbsiz mübahisə etmədiyini bildirmişdir. Aralarında dəfələrlə mübahisələr olmuş və həmişə mübahisəyə səbəbkar həyat yoldaşı olmuşdur. Hansısa bir qadınla yaşadığına görə evə gəlməmiş və evə hallı vəziyyətdə gəldiyi zaman onunla mübahisələr yaratmışdır. İfadəsinin əvvəlində qeyd etdiyi kimi dəfələrlə həyat yoldaşı onu vurub xəsarət yetirsə də ailəsinin xətrinə polisə məlumat verməmişdir. Sonuncu dəfə isə bacısı onun vəziyyətini görüb dözməyərək və polisə məlumat vermişdir. Bunu da ifadəsinə əlavə etmişdir ki, özü öz başımı divara vurmamışdır, yoldaşı Orxan onu yumruqla vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanuna müvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, hazırda Şamaxı rayonu, Şəhriyar qəsəbəsində valideynləri ilə birlikdə yaşayır. 2011-ci ildə bacısı Zərərçəkmiş şəxs xalası oğlu Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Birgə nikahdan iki övladları var. Həyat yoldaşı mütəmadi olaraq sərxoş halda evə gələrək onunla səbəbsiz mübahisələr etmiş və onu döyərək xəsarət yetirmişdir. Bacısı bu barədə heç vaxt polis orqanlarına müraciət etməmişdir ki, ailəsi dağılmasın. Həmişə bu barədə onlara demişdir və onlar da xalası oğludur deyə şikayət etməmişlər. xx.xx.2022-ci il tarixdə bacısı Şahnaz saat təxminən 02:30 radələrində ona zəng vurub hadisə barədə məlumat verdi ki, Orxan yenə də onu vurub xəsarət yetirmişdir. Bunu bilən kimi o, anasına və qardaşına xəbər vermişdir. Səhəri gün o, anası və qardaşı Şamaxı rayonundan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə, yəni bacısının yaşadığı evə gəlmişlər. Gəlib görmüşlər ki, bacısının sifətində, başında və bədənində xəsarətlər var. O, bunu görən kimi ürəyi dözməmiş və DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, hazırda ünvan 2-də ailəsi ilə birlikdə yaşayır. Gəlini Zərərçəkmiş şəxs ərizəsi ilə tanış olduqdan sonra qeyd etmişdir ki, oğlu Təqsirləndirilən şəxs 2011-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Birgə nikahdan iki övladları var. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən saat 02:00 radələrində evdə yatmışdır, yoldaşı da evdə olmuşdur. Birdən bayırdan səs-küy gəlmiş, bu zaman tez bayıra çıxıb görmüşdür ki, gəlini Zərərçəkmiş şəxs dəhlizdə liftə minmək istəyir və oğlu da onun arxasınca yataq paltarında otaqdan çıxaraq onu liftə minməyə və çıxıb getməyə qoymur. O, səbəbini soruşanda Şahnaz ona bildirmişdir ki, “ya Orxan evdən getməlidir ya da mən”. Bu zaman Orxan gecə vaxtı səsküyə qonşular narahat olmasınlar deyə onu dartaraq mətbəxə aparmış və mətbəxdə otuzdurmuşdur. Şahid2 yenidən nə baş verdiyini soruşanda Şahnaz ona heç bir səbəb gətirməmişdir, buna baxmayaraq onu sakitləşdirməyə çalışmışdır. Oğlu Orxandan da nə səbəbdən Şahnazın belə hərəkət etdiyini soruşanda Orxan ona bildirmişdir ki, gecə yatmış olduğunu, birdən qapı açılaraq Şahnaz içəri girdiyini bilib ayıldığını, bundan sonra heç bir səbəb olmadan onunla mübahisə etməyə başladığını bildirmişdir. Vəziyyəti belə görüb Şahnazın qardaşı Emilə zəng vurub ona məlumat vermişdir ki, gəlsinlər, Şahnazı başa salsınlar və onu sakitləşdirsinlər. Səhəri gün Emin, anası və bacıları oğlunun evinə gəlmişdir. Lakin özü evdə olmamışdır, həmin vaxt yoldaşını həkimə aparmışdır. Saat təxminən 17:00 radələrində evə gəlib və görmüşdür ki, Şahnaz əşyalarını yığışdırıb evdən çıxmaq istəyir. O, Şahnaza və anasına bildirmişdir ki, gəlib oturub məsələni həll edib yoluna qoysunlar. Lakin onlardan heç kəs onun sözünə məhəl qoymayaraq əşyaları yığışdırıb getmişlər. Şahid2 oğlu Orxanın öz həyat yoldaşı Zərərçəkmiş şəxs vuraraq ona bədən xəsarətləri yetirdiyini görmədiyini bildirərək, gəlini öz başını mətbəxin divarına vuraraq özünə xəsarət yetirdiyini, bədənin digər yerlərində xəsarətinin olmasını isə görmədiyini qeyd etmişdir. O, evdən bayıra çıxandan sonra oğlunun Şahnazı vurduğunu görməmiş, lakin ondan əvvəl Orxan tərəfindən Şahnazın vurularaq xəsarət aldığının isə şahidi olmadığını bildirmişdir. Orxandan bu barədə soruşanda atasına bildmişdir ki, Şahnazı vurmamışdır. Oğlunun əvvəllər spirtli içki və ya narkotik vasitə qəbul edibetməməsini soruşduqda qeyd etmişdir ki, əvvəllər toylarda, bayramlarda spirtli içki qəbul etmişdir, son vaxtlar isə qəbul etmir. Narkotik vasitə isə ümumiyyətlə qəbul etməmişdir indi də qəbul etmir. Müayinədən keçirilməsinə də etirazı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, hazırda ünvan 2-də ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 23:00 radələrində evdə yatmış, birdən səs-küy eşitmiş və onlardan yuxarı mərtəbədə yaşayan qaynı və onun həyat yoldaşı Şahnazın səsini eşitmişdir. Həyat yoldaşı Şahid3 tez yuxarı qalxmış, bir az keçdikdən sonra özü də onun ardınca yuxarı mərtəbəyə qalxmışdır. Yuxarı qalxanda görmüşdür ki, Şahnaz öz evlərində mətbəxdədir, qayınatası və qaynı Orxan da onun yanındadır. Şahnaz əsəbi halda olduğu üçün əvvəlcə nə baş verdiyini bilməmişdir. Onu belə vəziyyətdə görüb yoldaşına demişdir ki, Şahnazı evlərinə aparıb sakitləşdirsin. Yoldaşı onu öz evə apararkən Şahnaz özündən getmiş və onlar ona yardım edib ayıltmış və sonra evlərinə aparmışlar. Şahnaz onların evində danışmışdır ki, gecə işdən evə gələndən sonra Orxanla aralarında əvvəl yaranmış narazılıqlar səbəbindən yenidən aralarında mübahisə olmuş və nəticədə Orxan onu vuraraq xəsarət yetirmişdir. Onların əvvəlki narazılığı Orxanın hansısa başqa qadınla bir yerdə yaşaması, onunla əlaqəsi olması və bu səbəbdən evə və ailəsinə qarşı laqeyd olması olmuşdur. Bunları Şahnaz onlara danışdıqdan sonra sakitləşmış və həmin gecə Şahnaz onların evində qalmışdır. Səhəri gün evinə getmiş və Şamaxı rayonundan qohumları gələrək onlarla birlikdə əşyalarını yığaraq Şamaxı rayonuna getmişdir. İfadəsinə əlavə edərək bildirmişdir ki, Şahnazı ilk dəfə görəndə onun bədəninin görünən yerlərində, yəni sifət nahiyyəsində xəsarəti olmuş və hadisə zamanı orada olmasa da sonradan Şahnazın bildirdiyinə görə qaynı Orxan vurmuşdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş İsmayılov Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, hazırda ünvan 2-də ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 23:00 radələrində evdə yatmışdır, birdən səs-küy eşitmiş və onlardan yuxarı mərtəbədə yaşayan qardaşı Orxan və onun həyat yoldaşı Şahnazın səsi olmuşdur. O, tez yuxarı qalxmış, ardınca həyat yoldaşı da gəlmişdir. Gedib görmüşdür ki, Şahnaz öz evlərində mətbəxdə oturmuşdur, atası və qardaşı Orxan da onun yanında olmuşdur. Şahnaz əsəbi halda olduğu üçün əvvəlcə nə baş verdiyini bilməmişdir. Bunu belə görüb yoldaşı ona demişdir ki, Şahnazı evlərinə aparıb sakitləşdirsinlər. Şahid3 həyat yoldaşı ilə birlikdə Şahnazı evlərinə apararkən Şahnaz öz qapılarının qarşısında özündən getmiş və ona yardım edərək ayıltmış və sonra evlərinə aparmışlar. Şahnaz onların evində danışmışdır ki, gecə işdən evə gələndən sonra Orxanla aralarında əvvəl yaranmış narazılıqlar səbəbindən yenidən aralarında mübahisə olmuş və nəticədə Orxan onu vuraraq xəsarət yetirmişdir. Onların əvvəlki narazılığı Orxanın hansısa başqa qadınla bir yerdə yaşaması, onunla əlaqəsi olması və bu səbəbdən evə və ailəsinə qarşı laqeyd olması olmuşdur. Bunları Şahnaz onlara danışdıqdan sonra sakitləşmiş və həmin gecə Şahnaz baldızının evində qalmışdır. Səhəri gün evinə getmiş və Şamaxı rayonundan qohumları gələrək onlarla birlikdə əşyalarını yığaraq Şamaxı rayonuna getmişdir. Şahid3 ifadəsində qeyd etmişdir ki, Şahnazı ilk dəfə görəndə onun bədəninin görünən yerlərində, yəni sifət nahiyyəsində xəsarəti olmuşdur və hadisə zamanı orada olmasa da sonradan Şahnazın bildirdiyinə görə qardaşı Orxan vurmuşdur. Son bir ildə Orxan və Şahnazla münasibəti yaxşı olmadığına görə onlarla maraqlanmamışdır. Lakin bildiyinə və qohumlardan eşitdiyinə görə Orxan son vaxtlar evə arada gəlməməsi, hansısa qadınla birlikdə yaşaması və Şahnazın da bundan xəbər tutması, bundan başqa ailə məişət zəminində aralarında narazılıqların yaranması, eləcə də ailəsinə laqeyd olması səbəbindən aralarında dəfələrlə mübahisələr olmuşdur. Bunu da ifadəsinə əlavə etmişdir ki, həm eşitmiş həm də şahidi olmuşdur ki, əvvəllər də qardaşı Orxan Şahnazı döymüşdür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2022-ci il tarixli, 202 saylı rəydən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş-beyin silkələnməsi halında qapalı kəllə beyin travması, sağ təpə nahiyəsinin hematoması, sağ gözaltı nahiyənin, sağ yanağın, sağ mil-bilək oynağının sıyrıqları, sağ mil-bilək oynağının qançırı edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 1 günə qədər törənmişlər, qərarda qərarda göstərilən xx.xx.2022-ci il tarixdə törənməsi istisna edilmir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər bədənin əlçatan nahiyyələrində yerləşməsinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində gəlmələri inandırıcı deyildir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən AR CM-nin 221.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində qazancının 10 %-i dövlət nəfinə tutulmaqla 07 ay 03 gün müddətinə islah işləri cəzası təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi əməlindən peşman olmasını və həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Şaşik oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs Şaşik oğlu yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs Şaşik oğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Şaşik oğlunun cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Şaşik oğlunun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaqda müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar