Məhkəmə qərarları › İş №1(003)-228/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-228/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-228/2021 28.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi ev 49 “S” qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-20/2021 saylı 21 yanvar 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 yanvar 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 20 noyabr 2020-ci il tarixdə saat 21 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanının həyətinə hasardan qanunsuz daxil olaraq həyətdən Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd dəyəri 80 manat olan təxminən 7-8 litr su tutumlu samovarı, 01 ədəd dəyəri 15 manat olan əl arabasını və həyətdə olan birmərtəbəli tikilidən 01 ədəd 300 manat dəyərində “Stels 676” markalı velosipedi gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 395 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən 06 dekabr 2020-ci il tarixdə saat 21 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanına evin qapı yerindən qanunsuz daxil olaraq evdən Zərərçəkmiş şəxs2 məxsus hər birinin dəyəri 250 manat olmaqla ümumilikdə dəyəri 500 manat olan 02 ədəd “Makita” markalı laqondanı, hər birinin dəyəri 45 manat olmaqla ümumilikdə dəyəri 90 manat olan 02 ədəd “Makita” markalı laqondanı, dəyəri 150 manat olan bir ədəd “Bosch” markalı divardeşəni, dəyəri 30 manat olan bir ədəd “Bosan” markalı dreli, bir metrinin dəyəri 1,20 manat olmaqla ümumilikdə dəyəri 162 manat olan 135 metr uzunluğunda elektrik uzadıcısını gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 932 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən 17 dekabr 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu Binə qəsəbəsi Bolluq yeni yaşayış sahəsində yerləşən evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 900 manat olmaqla ümumilikdə qiyməti 1800 manat olan iki ədəd “LG” markalı televizoru, hər birinin qiyməti 60 manat olmaqla ümumilikdə qiyməti 180 manat olan üç ədəd çay dəstini, hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə qiyməti 450 manat olan üç ədəd yemək dəstini, hər birinin qiyməti 70 manat olmaqla ümumilikdə qiyməti 280 manat olan dörd ədəd tavanı, hər birinin qiyməti 10 manat olmaqla ümumilikdə qiyməti 40 manat olan dörd ədəd yataq örtüyünü, hər birinin qiyməti 10 manat olmaqla ümumilikdə qiyməti 50 manat olan beş ədəd can dəsmalını, hər birinin qiyməti 12 manat olmaqla ümumilikdə qiyməti 60 manat olan beş ədəd süfrəni və bir ədəd qiyməti 70 manat olan ütünü gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 2930 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən 06 yanvar 2021-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvanda yerləşən evin həyətinə qanunsuz olaraq hasardan aşaraq daxil olduqdan sonra yaşayış sahəsi olan evin qarşısından bir ədəd qiyməti 1100 manat olan velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 cəmi 1100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən 15 yanvar 2021-ci il tarixdə təxminən saat 01 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 4 ünvanda yerləşən yaşayış sahəsi olan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan bir ədəd qiyməti 800 manat olan “Panasonic” markalı televizoru, bir ədəd qiyməti 250 manat olan “Samsung” markalı mikrodalğalı sobanı, bir ədəd qiyməti 150 manat olan “Kumtel” markalı elektrik qızdırıcısını, bir ədəd qiyməti 100 manat olan çəngəl-bıçaq-qaşıq dəstini çamadanı ilə birlikdə, bir ədəd qiyməti 40 manat olan istifadədə olmuş üzərində “ATEC AT 2712 Electric router” sözləri yazıları olan frezi, bir ədəd qiyməti 30 manat olan istifadədə olmuş üzərində “Zenit ETF 2500A” sözləri yazıları olan tikinti fenini, bir ədəd qiyməti 20 manat olan istifadədə olmuş üzərində “UMA professional TOOLS F30” sözləri yazıları olan mismarvuran cihazı, bir ədəd qiyməti 850 manat olan “Bosh” markalı betondeşəni, bir ədəd qiyməti 400 manat olan elektrik mişarını, bir ədəd qiyməti 120 manat olan laqondanı, bir ədəd qiyməti 50 manat olan dreli, bir ədəd qiyməti 80 manat olan dreli, bir ədəd qiyməti 20 manat olan istifadədə olmuş üzərində “Bort Germany” sözləri yazıları olan dreli, bir ədəd qiyməti 25 manat olan istifadədə olmuş üzərində “Royce professional AMG- 330/163T” sözləri yazıları olan bormaşını, bir ədəd qiyməti 250 manat olan su nasosunu, bir ədəd qiyməti 25 manat olan istifadədə olmuş üzərində “STERN Austria” sözləri yazıları olan hamarlayıcı-sürtücü cihazı, bir ədəd qiyməti 150 manat olan idman maskasını, bir ədəd qiyməti 6 manat olan istifadədə olmuş üzərində “Glue gun” sözləri yazıları olan yapışdırıcı cihazı, hər birinin qiyməti 50 qəpik olmaqla ümumilikdə qiyməti 20 manat olan 40 ədəd istifadədə olmamış tikinti əlcəyini, bir ədəd qiyməti 5 manat olan kəlbətini, hər birinin qiyməti 1 manat olmaqla ümumilikdə qiyməti 2 manat olan 2 ədəd oboy bıçağını, hər birinin qiyməti 1 manat olmaqla ümumilikdə qiyməti 2 manat olan 2 ədəd vintaçanı, bir ədəd qiyməti 1 manat olan yapışqan lentini, bir ədəd qiyməti 5 manat olan istifadədə olmuş üzərində “Extreme” sözləri yazıları olan idman çantasını, bir ədəd qiyməti 250 manat olan elektrik samovarını, 1 ədəd qiyməti 200 manat olan xalçanı, 1 ədəd qiyməti 100 manat olan tikinti üçün əl arabasını, bir ədəd qiyməti 250 manat olan “Bosh” markalı su qızdırıcısını, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə qiyməti 60 manat olan 3 ədəd 18 metrlik elektrik uzadıcısını, hər birinin qiyməti 12 manat olmaqla ümumilikdə qiyməti 24 manat olan 2 ədəd elektrik uzadıcılarını, həmin evin həyətindən ümumilikdə dəyəri 100 manat olan 50 metr uzunluğunda divara quraşdırılmış qalın elektrik naqillərini, bir ədəd qiyməti 7 manat olan 3 metrlik elektrik uzadıcısını, bir ədəd qiyməti 12 manat olan 10 metrlik elektrik uzadıcısını, bir ədəd qiyməti 20 manat olan 18 metrlik elektrik uzadıcısını, həyətdə evə bitişik olan emalatxanadan isə bir ədəd qiyməti 20 manat olan 18 metrlik elektrik uzadıcısını, hər birinin qiyməti 12 manat olmaqla ümumilikdə qiyməti 24 manat olan 2 ədəd 10 metrlik elektrik uzadıcısını, cəmi 4468 manat məbləğində özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 eyni məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən 16 yanvar 2021-ci il tarixdə təxminən saat 01 radələrində Zərərçəkmiş şəxs6 məxsus ünvan 5 ünvanda yerləşən yaşayış sahəsi olan evin həyətindəki saxlanc yeri hesab olunan evin zirzəmisinə qapının qıfılını və qıfıl keçən halqasını sındırma yolu ilə qanunsuz daxil olaraq bir ədəd qiyməti 850 manat olan “EMKO” markalı kombi cihazını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 cəmi 850 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, maddi vəziyyətilə əlaqədar 2020-ci ilin noyabr ayının 20-dən sonra Xəzər rayonu Binə qəsəbəsi ərazisində bir neçə evdən oğurluq etmişdir. Belə ki, o, 20 noyabr 2020-ci il tarixdə yaşadığı Xəzər rayonu Binə qəsəbəsində onlarla hasar qonşuları olan Ramin adlı şəxsin evindən oğurluq etmək qərarına gələrək həmin gün saat təxminən 21 radələrində evlərinin həyətindən Raminin yaşadığı evə boylanmış və həyətdə işıqların sönülü olduğundan evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə keçmiş, bundan sonra həyətdə olan tikilinin qapısını açaraq içəridən bir ədəd velosiped götürərək hasarın dibinə qoymuşdur. Bundan sonra həyətdə olan bir ədəd əl arabası ilə bir ədəd samovarı götürərək öz həyətlərindən oğurladığı əşyaları iplə bağlayaraq bir-bir qaldırmış və yaşadığı evin zirzəmisində gizlətmişdir. Sabahı gün oğurladığı velosipedi götürərək yoldan taksi tutmuş və 8-ci km bazarına apararaq 80 manata tanımadığı şəxsə satıb pulunu isə öz ehtiyaclarına xərcləmişdir. Əl arabasını və samovarı isə isə yaşadığı evdə saxlamış və sonradan polis əməkdaşlarına təhvil vermişdir. Bundan sonra 06 dekabr 2020-ci il tarixdə saat 21 radələrində Binə qəsəbəsi ərazisində olarkən dəmir qapının üzərindən həyətə keçmiş və həyətdə olan evin altındakı qaraj kimi yerdən dörd ədəd laqonda, bir ədəd betondeşən, bir ədəd drel və bir ədəd elektrik uzadıcısı oğurlamışdır. Bundan sonra 17 dekabr 2020-ci il tarixdə saat 23 radələrində Binə qəsəbəsi Bolluq yeni yaşayış sahəsində yerləşən evə pəncərəni açıb daxil olaraq oradan üç ədəd çay dəsti, üç ədəd yemək dəsti, dörd ədəd tava, dörd ədəd yataq örtüyü, beş ədəd can dəsmalı, beş ədəd süfrə, iki ədəd “LG” markalı televizor və bir ədəd ütü oğurlamışdır. Bundan sonra 06 yanvar 2021-ci il tarixdə gecə saat 01 radələrində Binə qəsəbəsi Musabəyov küçəsi döngə 1 ev 3 ünvanda yerləşən evin həyətinə hasardan aşaraq daxil olub evin qarşısından bir ədəd velosiped oğurlamışdır. Bundan sonra 15 yanvar 2021-ci il tarixdə təxminən gecə saat 01 radələrində Binə qəsəbəsi N.Abbasov küçəsi ev 2 ünvanda yerləşən evə pəncərəni açıb daxil olaraq oradan bir ədəd televizor, bir ədəd mikrodalğalı soba, dörd ədəd drel, bir ədəd betondeşən, bir ədəd elektrik mişarı, iki ədəd laqonda, müxtəlif qab-qacaq dəstləri, 12 ədəd elektrik uzadıcısı və tikintidə istifadə olunan adını bilmədiyi alətləri oğurlamışdır. Sonuncu dəfə isə 16 yanvar 2021-ci il tarixdə təxminən gecə saat 01 radələrində Binə qəsəbəsi V.Mirzəyev küçəsi ev 2 ünvanda yerləşən evin zirzəmisindən qapının kilidini sındırıb daxil olaraq oradan bir ədəd kombi cihazını oğurlamışdır. Bütün oğurluqları tək etmiş, oğurladığı əşyaların demək olar ki, hamısını oğurluq etdiyi gün, yaxud da həmin günün səhəri taksi tutaraq 8-ci km bazarına aparıb orada tanımadığı ayı-ayrı şəxslərə satmış, onları satan zaman həmin əşyaların oğurluq yolu ilə əldə edildiyini alıcılara deməmişdir. İlk dəfə törətdiyi əməllərdən peşmançılıq çəkir, lakin maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəyə və zərərçəkmiş şəxslərin hamısı ilə barışıq əldə edə bilməmişdir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 20 noyabr 2020-ci il tarixdə ona məxsus Binə qəsəbəsi Rövşən Səfərov küçəsində yerləşən evdən oğurluq baş vermişdir. O, hadisə barədə polisə ərizə verməmişdən əvvəl maraqlanmış və ona məlum olmuşdur ki, yaşadığı evin həyətindən oğurluq edən onunla qonşuluqda yaşayan Hikmət adlı şəxs ola bilər, yəni dəqiq bilməsə də, Hikmətin oğurluq etməsini görməsə də, qonşusu olduğundan onu yaxşı tanımış və buna görə də ondan şübhələnmişdir. Ona məxsus evin həyətində olan tikilidən 01 ədəd 300 manat dəyərində “Stels 676” markalı velosiped, həyətdən isə 01 ədəd 80 manat dəyərində samovar və 01 ədəd 40 manat dəyərində əl arabası oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 420 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, hazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Binə qəsəbəsi Fuad Aynulov küçəsində ev tikdirir. Həmin ev iki mərtəbədən və mansardan ibarətdir. Evin tikinti işləri görülüb qurtarsa da, təmir işləri bitmədiyindən evdə yaşayış yoxdur. Həmçinin evin giriş qapısı da qoyulmamışdır. Sonuncu dəfə o, 06 dekabr 2020-ci il tarixdə saat 17 radələrində evdən çıxmış və 07 dekabr 2020-ci il tarixdə evə qayıdarkən ona məlum olmuşdur ki, evdən oğurluq baş vermişdir. Belə ki, ona məxsus evdən hər birinin dəyəri 250 manat olan ümumilikdə 500 manat dəyərində iki ədəd “Makita” markalı laqonda, 02 ədəd 45 manat dəyərində “Makita” markalı laqonda, 01 ədəd 150 manat dəyərində “Bosch” markalı divardeşən, 01 ədəd 30 manat dəyərində “Bosan” markalı drel və bir metrinin dəyəri 1.20 manat olan ümumilikdə 162 manat dəyərində 135 metr uzunluğunda elektrik uzadıcısı oğurlanmışdır. Ümumilikdə ona 932 manat maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, 17 dekabr 2020-ci il tarixdə saat 15:00 radələrindən 19 dekabr 2020-ci il tarixdə saat 15:30 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər ona məxsus Binə qəsəbəsi Bolluq yeni yaşayış sahəsində yerləşən ikimərtəbəli evə pəncərəni açma yolu ilə daxil olaraq oradan ümumilikdə dəyəri 2930 manat olan üç ədəd çay dəsti, üç ədəd yemək dəsti, dörd ədəd tava, dörd ədəd pakrval, beş ədəd can dəsmalı, beş ədəd süfrə, iki ədəd “LG” markalı televizor və bir ədəd ütünü oğurlayıb aparmışdır. Hadisə nəticəsində ona ümumilikdə 2930 manat məbləğində ziyan dəymişdir. Bundan başqa, evin ikinci mərtəbəsindəki qapının sındırılması nəticəsində ona 400 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, hazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, ailəsilə birlikdə Binə qəsəbəsi Musabəyov küçəsi döngə 1 ev 3 ünvanda yaşayır. 05 yanvar 2021-ci il tarixdə şəxsi velosipedini yaşadığı evin qarşısında saxlayıb evə getmiş, 06 yanvar 2021-ci il tarixdə saat 11 radələrində velosipedinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş və dərhal bu barədə Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzinə məlumat vermişdir. Oğurluq nəticəsində ona 1100 manat maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 göstərdi ki, Binə qəsəbəsi N.Abbasov küçəsi ev 2 ünvanda şəxsi həyət evi var, lakin həmin evdə yaşayış yoxdur, buna baxmayaraq, o, gündəlik olaraq həmin evə gedib baş çəkir. 14 yanvar 2021-ci il tarixdə təxminən saat 17:00 radələrindən 15 yanvar 2021-ci il tarixdə saat 13:00 radələrinədək olan müddət ərzində evdə heç kəs olmayan vaxt naməlum şəxs və ya şəxslər hasardan keçmək yolu ilə evin həyətinə daxil olmuş, daha sonra evin taxtadan olan pəncərəsinin taxtasını sındırmaqla evə daxil olmuşlar və evin içərisindən bir ədəd qiyməti 800 manat olan “Panasonic” markalı televizoru, bir ədəd qiyməti qiyməti 250 manat olan “Samsung” markalı mikrodalğalı sobanı, bir ədəd qiyməti 150 manat olan “Kumtel” markalı elektrik qızdırıcısını, bir ədəd qiyməti 100 manat olan çəngəl-bıçaq-qaşıq dəstini çamadanı ilə birlikdə, bir ədəd qiyməti 500 manat olan “ATEC” markalı Frez maşınını, bir ədəd qiyməti 80 manat olan “Zenit” markalı tikinti fenini, bir ədəd qiyməti 80 manat olan “UMA” markalı tikən cihazı, bir ədəd qiyməti 850 manat olan “Bosh” markalı betondeşəni, bir ədəd qiyməti 400 manat olan elektrik mişarını, bir ədəd qiyməti 120 manat olan laqondanı, bir ədəd qiyməti 50 manat olan dreli, bir ədəd qiyməti 80 manat olan dreli, bir ədəd qiyməti 150 manat olan “Bort” markalı dreli, bir ədəd qiyməti 180 manat olan dreli, bir ədəd qiyməti 250 manat olan su nasosunu, bir ədəd qiyməti 80 manat olan “Stern” markalı hamarlayıcı cihazı, bir ədəd qiyməti 150 manat olan idman maskasını, bir ədəd qiyməti 10 manat olan şam əridən cihazı, hər birinin qiyməti 40 qəpik olmaqla ümumilikdə qiyməti 16 manat olan 40 ədəd əlcəyi, bir ədəd qiyməti 5 manat olan kəlbətini, hər birinin qiyməti 1 manat olmaqla ümumilikdə qiyməti 2 manat olan 2 ədəd oboy bıçağını, hər birinin qiyməti 1 manat olmaqla ümumilikdə qiyməti 2 manat olan 2 ədəd vintaçanı, bir ədəd qiyməti 1 manat olan yapışqan lentini, bir ədəd qiyməti 50 manat olan idman çantasını, 1 ədəd qiyməti 250 manat olan elektrik samovarını, 1 ədəd qiyməti 200 manat olan xalçanı, 1 ədəd qiyməti 100 manat olan tikinti üçün əl arabasını, bir ədəd qiyməti 250 manat olan “Bosh” markalı su qızdırıcısını, həyətdən isə ümumilikdə dəyəri 100 manat olan 50 metr uzunluğunda divara quraşdırılmış qalın elektrik naqillərini sökərək oğurlamışdır. Bundan başqa, evin həyətindən bir ədəd qiyməti 7 manat olan 3 metrlik elektrik uzadıcısı, bir ədəd qiyməti 12 manat olan 10 metrlik elektrik uzadıcısı, bir ədəd qiyməti 20 manat olan 18 metrlik elektrik uzadıcısı, evin içərisindən hər birinin qiyməti 20 manat olan ümumilikdə qiyməti 60 manat olan 3 ədəd 18 metrlik, hər birinin qiyməti 12 manat olan üumilikdə qiyməti 24 manat olan iki ədəd elektrik uzadıcısı, həyətdə evə bitişik olan emalatxanadan isə bir ədəd qiyməti 20 manat olan 18 metrlik elektrik uzadıcısı, hər birinin qiyməti 12 manat olan ümumilikdə qiyməti 24 manat olan iki ədəd 10 metrlik elektrik uzadıcısı oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 6083 manat 40 qəpik məbləğində ziyan dəymişdir. Naməlum şəxs emalatxanaya plastik pəncərəni itələyib açmaq yolu ilə daxil olmuşdur. Hadisə nəticəsində oğurlanmış əşyalardan əlavə ona evinin pəncərəsinin sındırılması nəticəsində 1 manat, darvazanın qıfılının sındırılması nəticəsində isə 8 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, hazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 göstərdi ki, 15 yanvar 2021-ci il tarixdə təxminən saat 21 radələrindən 16 yanvar 2021-ci il tarixdə saat 15:00 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər evdə olmadıqları vaxt Binə qəsəbəsi V.Mirzəyev küçəsi ev 2 ünvanda yerləşən ona məxsus evin zirzəmisinə qapının qıfılını və qıfıl keçən halqasını sındırma yolu ilə daxil olaraq oradan ona məxsus divara quraşdırılmış bir ədəd qiyməti 850 manat olan “EMKO” markalı kombi cihazını yerindən söküb çıxardaraq oğurlayıb aparmışdır. Hadisə nəticəsində ona cəmi 850 manat ziyan dəymiş, zirzəminin qapısının üzərində olan qıfılın və qıfıl keçən halqanın sındırılması nəticəsində ona 30 manat da əlavə ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, hazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş Ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmışdır. Hazırda onların təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarına əlavə olunmuş 09 dekabr 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, bir ədəd əl arabası və bir ədəd samovar Təqsirləndirilən şəxs götürülmüşdür. İş materiallarına əlavə olunmuş 05 yanvar 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə 09 dekabr 2020-ci il tarixli götürmə aparılması haqqında protokolla Təqsirləndirilən şəxs götürülmüş bir ədəd əl arabası və bir ədəd samovara baxış keçirilmiş və Zərərçəkmiş şəxs1 həmin əşyaların hər birini tanıyaraq ona aid olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş 18 yanvar 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, 01 ədəd üzərində “UMA professional TOOLS” sözləri yazılan mismarvuran cihaz, 01 ədəd üzərində “ATEC AT 2712 Electric router” sözləri yazılan drel, 01 ədəd üzərində “STERN Austria” sözləri yazılan hamarlayıcı-sürtücü cihaz, 01 ədəd üzərində “Glue gun” sözləri yazılan yapışdırıcı cihaz, 01 ədəd üzərində “Zenit ETF 2500A” sözləri yazılan tikinti feni, 01 ədəd üzərində “Bort Germany” sözləri yazılan drel, 01 ədəd üzərində “Royce professional AMG-330/163T” sözləri yazılan drel, 01 ədəd idman çantası və 15 ədəd tikinti əlcəkləri Təqsirləndirilən şəxs götürülmüşdür. İş materiallarına əlavə olunmuş 20 yanvar 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 iştirakı ilə 18 yanvar 2021-ci il tarixli götürmə aparılması haqqında protokolla Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd üzərində “UMA professional TOOLS” sözləri yazılan mismarvuran cihaz, 01 ədəd üzərində “ATEC AT 2712 Electric router” sözləri yazılan drel, 01 ədəd üzərində “STERN Austria” sözləri yazılan hamarlayıcı-sürtücü cihaz, 01 ədəd üzərində “Glue gun” sözləri yazılan yapışdırıcı cihaz, 01 ədəd üzərində “Zenit ETF 2500A” sözləri yazılan tikinti feni, 01 ədəd üzərində “Bort Germany” sözləri yazılan drel, 01 ədəd üzərində “Royce professional AMG-330/163T” sözləri yazılan drel, 01 ədəd idman çantası və 15 ədəd tikinti əlcəklərinə baxış keçirilmiş və Zərərçəkmiş şəxs5 həmin əşyaların hər birini tanıyaraq ona aid olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 10 mart 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş 13 yanvar 2021-ci il tarixli 09/133 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 95,00 manat müəyyən edilir. O cümlədən: - 01 ədəd əl arabası – 15,00 manat; - 01 ədəd təxminən 7-8 litr su tutumlu samovar – 80,00 manat. İş materiallarına əlavə olunmuş 12 fevral 2021-ci il tarixli 09/728 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 178,50 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarına əlavə olunmuş 11 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə əldə olunmuş 01 ədəd əl arabası və 01 ədəd samovar maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs1 saxlanılması nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş 11 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə əldə olunmuş 01 ədəd üzərində “UMA professional TOOLS” sözləri yazılan mismarvuran cihaz, 01 ədəd üzərində “ATEC AT 2712 Electric router” sözləri yazılan drel, 01 ədəd üzərində “STERN Austria” sözləri yazılan hamarlayıcı-sürtücü cihaz, 01 ədəd üzərində “Glue gun” sözləri yazılan yapışdırıcı cihaz, 01 ədəd üzərində “Zenit ETF 2500A” sözləri yazılan tikinti feni, 01 ədəd üzərində “Bort Germany” sözləri yazılan drel, 01 ədəd üzərində “Royce professional AMG-330/163T” sözləri yazılan drel, 01 ədəd idman çantası və 15 ədəd tikinti əlcəyi maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs5 saxlanılması nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 28 dekabr 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, xx xxxx 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etməsi cinayətini törətməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə edərək onlara dəymiş maddi ziyanı tamamilə ödəməsini və həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 19 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd əl arabasının və 01 ədəd samovarın sahibinə qaytarılması nəzərə alınmalıdır. Maddi sübut - Zərərçəkmiş şəxs5 Cənnətli oğluna məxsus 01 ədəd “UMA professional TOOLS” sözləri yazılan mismarvuran cihazın, 01 ədəd üzərində “ATEC AT 2712 Electric router” sözləri yazılan drelin, 01 ədəd üzərində “STERN Austria” sözlər yazılan hamarlayıcısürtücü cihazın, 01 ədəd üzərində “Glue gun” sözləri yazılan yapışdırıcı cihazın, 01 ədəd “Zenit ETF 2500A” sözləri yazılan tikinti feninin, 01 ədəd üzərində “Borte Germany” sözləri yazılan drelin, 01 ədəd üzərində “Royce professional AMG-330/163T” sözləri yazılan drelin, 01 ədəd idman çantasının və 15 ədəd tikinti əlçəyinin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 100,00 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərin bəziləri tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, həmin zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu 19 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd əl arabasının və 01 ədəd samovarın sahibinə qaytarılması nəzərə alınsın. Maddi sübut - Zərərçəkmiş şəxs5 Cənnətli oğluna məxsus 01 ədəd “UMA professional TOOLS” sözləri yazılan mismarvuran cihazın, 01 ədəd üzərində “ATEC AT 2712 Electric router” sözləri yazılan drelin, 01 ədəd üzərində “STERN Austria” sözlər yazılan hamarlayıcısürtücü cihazın, 01 ədəd üzərində “Glue gun” sözləri yazılan yapışdırıcı cihazın, 01 ədəd “Zenit ETF 2500A” sözləri yazılan tikinti feninin, 01 ədəd üzərində “Borte Germany” sözləri yazılan drelin, 01 ədəd üzərində “Royce professional AMG-330/163T” sözləri yazılan drelin, 01 ədəd idman çantasının və 15 ədəd tikinti əlçəyinin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 100,00 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar