Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-230/2021 20.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Naxçıvan MR., Şərur rayonu, Püsyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan MR., Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2020ci il tarixdə, saat 13:00-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Fidan” marketə alkoqol sərxoşluğu vəziyyətində tum almaq üçün müştəri kimi gələrək orada ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlər edərək mağazanın satıcısı Zərərçəkmiş şəxs1 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək onu ucadan nalayiq sözlərlə söyüb təhqir etməklə yaranmış münaqişə zamanı sonuncunu bir neçə dəfə yumruq və təpik zərbələri ilə qəsdən vuraraq, Zərərçəkmiş şəxs1 sol dizin sıyrığı, sağ baldırın əzilmiş yarası müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmiş və mağazada olan 3 ədəd şüşə vitrinləri sındıraraq Zərərçəkmiş şəxs2 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, 24 oktyabr 2020-ci il tarixdə, günorta saatlarında Binə qəsəbəsində fəaliyyət göstərən “Al” marketin yaxınlığında olan kafedə bir qədər spirtli içki olan araq qəbul etmişdir. Həmin gün saat 13:00-da isə tum almaq üçün Zərərçəkmiş şəxs2 işlətdiyi “Fidan” marketə gəlmişdir. Salman marketdə olmamış, satıcısı Zərərçəkmiş şəxs1 isə marketdə olmuşdur. Marketə daxil olaraq vitrindən “Patron” tumu götürüb, kassaya yaxınlaşmışdır. Kassada Camal dayanmış, Camala bir manat uzadaraq tumun qiyməti olan altmış qəpiyi çıxmasını və qırx qəpiyi isə qaytarmasını bildirmişdir. Həmin vaxt Camal sifətinə baxaraq ona “bilirsən tumun qiyməti neçəyədir” demiş, həmin vaxt Camala “mən nə bilim tumun qiyməti neçədir, bilsəydim kassada özüm dayanardım” demişdir. Həmin vaxt əsəbləşdiyi üçün əlində olan tumu Camalın üzərinə atmış, lakin Camala bununla xəsarət yetirmək fikri olmamışdır. Bundan sonra Camala yaşının az olduğunu, onunla belə danışmasının ayıb olduğunu bildirmişdir. Bundan sonra Camal kassadan ayrılaraq, üzərinə gəlmişdir. Bundan sonra isə marketdə dava-dalaş başlamışdır. Dava-dalaş zamanı sağ təpiyi ilə bir dəfə Camalın sol və sağ ayaq nahiyələrindən vurmuşdur. Daha-dalaş zamanı özünü müdafiə etmək üçün əl-qol hərəkətləri atarkən əli mağazada olan vitrinə dəyərək şüşəni sındırmış və vitrindəki ərzaq məhsulları dağılmışdır. Bundan sonra isə ətrafda olan şəxslər mağazaya daxil olaraq onları ayırmışlar. Daha sonra isə yaşadığı evə getmişdir. Dava-dalaş zamanı əli mağazada olan vitrinin şüşəsinə dəymiş və xəsarət almışdır, lakin xəsarəti ciddi olmadığından ekspertizadan keçməmişdir. Dava-dalaş 24 oktyabr 2020-ci il tarixdə, saat 13:00-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən Zərərçəkmiş şəxs2 məxsus “Fidan" adlı marketin daxilində sərxoş vəziyyətdə olmağı səbəbindən baş vermişdir. Dava-dalaş zamanı özünü müdafiə etmək üçün sağ ayağının təpiyi ilə bir dəfə Zərərçəkmiş şəxs1 sol ayaq nahiyəsindən və bir dəfə də sağ ayaq nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Dava-dalaş zamanı Zərərçəkmiş şəxs1 ona hər hansı bir xəsarət yetirməmişdir. Dava-dalaş zamanı sərxoş vəziyyətdə olduğu üçün Zərərçəkmiş şəxs1 qarşı nalayiq ifadələr işlətmişdir. Dava-dalaş zamanı Zərərçəkmiş şəxs1 ona qarşı hər hansı bir nalayiq ifadə işlətməmişdir. Davadalaş zamanı marketdə tanımadığı 15-16 yaşlı bir uşaq olmuş, daha sonra isə onların dalaşdıqlarını görən tanımadığı başqa şəxslər marketə daxil olaraq onları ayırmışlar. Həmin şəxsləri tanımadığı üçün onların anket məlumatları və əlamətləri haqqında hər hans bir məlumat verə bilmir. Davadalaş təxminən beş-on dəqiqə ərzində davam etmişdir. O, tutulub məsuliyyətə cəlb edilməkdən qorxduğu üçün istintaqdan yayınmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, 24 oktyabr 2020-ci il tarixdə, saat 13:00-da adını qeyd etdiyi mağazada olan zaman Təqsirləndirilən şəxs mağazaya daxil olaraq qara tum istəmişdir. Rahidə qara tum vermiş və bundan sonra isə ondan tumun qiymətini soruşmuşdur. Həmin vaxt Rahidin istədiyi tumun qiyməti yadında olmadığı üçün bir qədər gözləməsini malların satış dəftərinə baxıb aldığı tumun qiymətini deyəcəyini bildirmişdir. Bu zaman Rahid kobud şəkildə “qiyməti bilmirsən nə üçün satıcı işləyirsən” demişdir. Bundan sonra isə Rahid heç bir səbəb olmadan nalayiq sözlərlə onu təhqir edib, üzərinə hücum çəkərək sağ təpiyi ilə bir dəfə sol diz nahiyəsindən və bir dəfə də sağ baldır nahiyəsindən vuraraq, ona xəsarət yetirmişdir. Bundan sonra isə mağazada olan vitrinlərin şüşəsini sındırmış və vitrində olan ərzaq məhsullarını üzərinə atmağa başlamışdır. Özünü qorumağa çalışmış, təxminən beş-on dəqiqdən sonra isə mağazanın ətrafında olan şəxslər mağazaya daxil olaraq onları kənarlaşdırmışlar. Bundan sonra isə Rahid mağazanı tərk edərək getmişdir. Daha sonra Rahidin etdiyi hərəkətlərlə bağlı mağazanın icarədarı, dostu Salmana zəng edərək məlumat vermişdir. Salman isə mağazada baş vermiş hadisə barəsində polisə məlumat verməyini bildirmişdir. Bundan sonra isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 102 xidməti zəng mərkəzinə zəng edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Dava-dalaş 24 oktyabr 2020-ci il tarixdə, saat 13:00-da dostu Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən “Fidan” marketin içərisində Rahidə satdığı qara tumun qiymətini bilmədiyindən bir qədər gözləməsini və tumun qiymətini malların satış dəftərinə baxıb deyəcəyini bildirməyi səbəbindən baş vermişdir. Dava-dalaş zamanı Təqsirləndirilən şəxs sağ təpiyi ilə bir dəfə sol diz nahiyyəsindən və bir dəfə də sağ baldır nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. Daha sonra isə mağazada olan vitrinlərin şüşəsini sındırmış və vitrində olan ərzaq məhsullarını üzərinə atmağa başlamışdır. Dava-dalaş zamanı Rahidə hər hansı bir xəsarət yetirməmişdir. Dava-dalaş zamanı Rahid ona qarşı nalayiq ifadələr işlətmişdir. O, dava-dalaş zamanı Rahidə qarşı nalayiq ifadələr işlətməmişdir. Dava-dalaş zamanı mağazada və mağazadan kənarda başqa şəxslər olmuş, həmin şəxslər Rahidin ona qarşı nalayiq ifadələr işlədərək təhqir etməyini, xəsarət yetirməyini və mağazanın vitrinlərini sındıraraq, üzərinə atmağını görmüş, lakin həmin vaxt hadisənin təsirində olduğu və özünü qorumağa çalışdığı üçün həmin şəxslərin üzlərini görə bilmədiyindən qeyd edilən şəxslərin anket məlumatları və əlamətləri haqqında hər hansı bir məlumat verə bilməzdi. Dava-dalaş təxminən beş-on dəqiqə ərzində baş vermişdir. Dava-dalaş zamanı Rahid başqa şəxslərə hər hansı bir xəsarət yetirməmiş və mağazaya qeyd etdiklərindən başqa ziyan vurmamışdır. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, o, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən «Yaşıl» aptekin yanında «Fidan» adlı marketi icarəyə götürərək işlətmişdir. Zərərçəkmiş şəxs1 onun dostudur. İşləri ilə əlaqədar o, mağazada olmadığı vaxtlarda orada olaraq ona köməklik etmişdir. Təqsirləndirilən şəxs tanıyır, lakin onların heç bir münasibətləri olmamışdır. 24 oktyabr 2020-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq mağazaya gedə bilməmiş və buna görə də dostu Camaldan mağazaya getməsini tapşırmış və bir neçə saatdan sonra özünün də gələcəyini bildirmişdir. Həmin gün saat təxminən 13 radələrində Camal ona zəng edərək Rahid adlı şəxsin mağazaya gələrək qara tum istədiyini, Rahidin istədiyi tumu verməsini, lakin tumun qiymətini unutduğu üçün deyə bilməməsi səbəbindən mübahisə yaratdığını, baş vermiş mübahisə zamanı Camala xəsarət yetirərək mağazada olan vitrinləri sındırıb ərzaq məhsullarını dağıtdığını bilmişdir. O, mağazanı icarə əsasında işlətməsini, mağazada olan əşya və məhsulların ona məxsus olduğunu bildirmişdir. Rahid mağazada olan 03 ədəd şüşə vitrini sındırmış və yeyinti məhsullarını yerə atmışdır. Rahidin mağazada olan vitrinləri sındırması və ərzaq məhsullarını yerə dağıtması nəticəsində ona 300 manat məbləğində maddi ziyan dəyməsini göstərmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkumluğu olmamışdır. Məlum hadisə barəsində bildirmişdir ki, o, 24 oktyabr 2020-ci il tarixdə günorta saatlarında yaşadığı ünvandan, yəni Binə qəsəbəsi, yeni sahədən siqaret almaq məqsədi ilə Binə qəsəbəsində, yerləşən «Fidan» marketə getmiş, həmin marketə çatan zaman orada mağazanın qarşısında davadalaş olduğunu görmüş və bir insan kimi bu mənzərə ona çox pis təsir etmiş və buna görə də o, həmin marketə daxil olmamışdır. Sonradan isə eşitdiklərindən ona məlum olmuşdur ki, Rahid adlı bir nəfər şəxs sərxoş vəziyyətdə həmin marketə daxil olaraq orada xuliqanlıq hərəkətləri etmiş və mağazada işləyən Camal adlı satıcını döymüşdür. Bildirmişdir ki, həmin hadisə zamanı mağazanın qarşısına təxminən on nəfərə yaxın tanımadığı adam hadisəyə görə yığılmış və onlar mübahisə edən şəxsləri sakitləşdirməyə çalışmışlar. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin 07.11.2020-ci il tarixli, 1252 saylı ekspert rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol dizin sıyrığı, sağ baldırın əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 14-15 gün əvvəl olmaqla, qərarda göstərilən 24.10.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunun xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi inandırıcıdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 09.12.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1991-ci ildə Şərur rayonunda doğulmuş Təqsirləndirilən şəxs 02.04.2019-cu il tarixdə TR Gaziosmanpaşa 1 X4 tərəfindən TCQ 149-1-A-C maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən verilmiş 17/6-7643 saylı, 29.04.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Penitansiar Xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda Təqsirləndirilən şəxs Türkiyə Respublikasında məhkum olunmasına dair hökm və hər hansı məhkəmə qərarının Azərbaycan Respublikasında tanınıb-tanınmaması barədə məlumat qeydiyyatdan keçmir. İş materiallarında olan iş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş 06 may 2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə aralarında barışıq əldə edildiyini, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə olmayan cəza tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan iş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş 06 may 2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə aralarında barışıq əldə edildiyini, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə olmayan cəza tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, səmimi peşmasn olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu AR CM-nin 221.1-ci maddəsinin sanksiyasında cərimə, islah işi, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən “Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs 15.03.2021-ci il tarixdən 16.03.2021-ci il tarixdədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15.03.2021-ci il tarixdən 16.03.2021-ci il tarixdədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-230/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-230/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver