Məhkəmə qərarları › İş №1(003)-233/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-233/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-233/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 dekabr 2020-ci il tarixdə saat 23 radələrində hasardan adlamaqla X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3-də yerləşən evin həyətinə qanunsuz daxil olaraq həmin həyətdə yerləşən evdən sonuncuya məxsus dəyəri 120 manat olan 01 ədəd səkkiz bölümlü elektrik radiatorunu, dəyəri 150 manat olan 01 ədəd on iki bölümlü elektrik radiatorunu, dəyəri 100 manat olan 01 ədəd sintezatoru, dəyəri 180 manat olan 01 ədəd elektrik sobasını, dəyəri 60 manat olan 01 ədəd stolüstü qaz sobasını, ümumi dəyəri 60 manat olan 02 ədəd elektrikli çaynikləri, dəyəri 20 manat olan 01 ədəd feni, dəyəri 70 manat olan 01 ədəd elektrikli ət çəkən maşınını, dəyəri 70 manat olan 01 ədəd “Panasonic” markalı ev telefonunu, dəyəri 50 manat olan “Samsung Galaxy 2” markalı 01 ədəd mobil telefonu, həyətdəki yardımçı tikilidən isə dəyəri 20 manat olan 01 ədəd əl arabasını, 04 yanvar 2021-ci il tarixdə saat 23 radələrində hasardan adlamaqla X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3-də yerləşən evin həyətinə qanunsuz daxil olaraq həmin həyətdə yerləşən evdən sonuncuya məxsus dəyəri 300 manat olan 01 ədəd yeniyetmələr üçün nəzərdə tutulmuş “Grand”xxxx“MMC mtb mountain concept” modelli, dəyişən surətli velosipedi və dəyəri 150 manat olan 10 litr su tutumlu odun samovarını, 15 yanvar 2021-ci il tarixdə saat 15 radələrində hasardan adlamaqla X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3-də yerləşən evinin həyətinə qanunsuz daxil olaraq həmin həyətdə yerləşən evdən sonuncuya məxsus dəyəri 50 manat olan 01 ədəd ütünü, dəyəri 60 manat olan 01 ədəd böyük həcmli aliminium qazanı, dəyəri 50 manat olan 01 ədəd aliminium tası, dəyəri 70 manat olan yaşıl-sarı rəngli 01 ədəd yorğanı, dəyəri 15 manat olan 01 ədəd içərisində 9 kq yuyucu toz olan paketi, ümumi dəyəri 500 manat olan 12 nəfərlik yemək vəçay dəstini, ümumi dəyəri 30 manat olan 06 ədəd xurustal stəkanı, ümumi dəyəri 20 manat olan 06 ədəd bakalı, ümumi dəyəri 40 manat olan 12 ədəd armudu stəkanları, ümumi dəyəri 20 manat olan 02 ədəd qənd qablarını, ümumi dəyəri 20 manat olan 02 ədəd ələyi, ümumi dəyəri 20 manat olan müxtəlif qab-qacaqları, ümumi dəyəri 10 manat olan 02 ədəd taburetka və ümumi dəyəri 20 manat olan 02 ədəd stulları, həyətdəki yardımçı tikilidən dəyəri 20 manat olan 01 ədəd əl arabasını, dəyəri 15 manat olan 01 ədəd beli, dəyəri 250 manat olan 01 ədəd su nasosunu gizli olaraq talayıb zərərçəkmiş X5 2560 manat məbləğində maddi ziyan vurmaqla vahid niyyətlə əhatə olunan oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 25 dekabr 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanında yerləşən evin arxa tərəfinə gəlib ətrafda heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan aşaraq həmin evin həyətinə daxil olmuş, daha sona evə yaxınlaşıb evin arxasında olan pəncərənin dəmir barmaqlığını yerdən götürdüyü dəmir parçası ilə qırdıqdan sonra pəncərəni həmin dəmir parçası ilə açaraq pəncərədən evə daxil olmuşdur. Evə göz gəzdirib satıla bilən əşyaların bir hissəsini oğurlayıb satmaq qərarına gəlmiş, lakin həmin əşyaları bir dəfəyə apara bilməyəcəyindən həmin əşyaları hissə-hissə oğurlayıb satmağı planlamışdır. Beləliklə, həmin gün həmin evdə olan əşyalardan 02 ədəd elektrik radiatorunu, 01 ədəd sintezatoru, 01 ədəd elektrik sobasını, 01 ədəd stolüstü qaz sobasını, 02 ədəd elektrikli çaynikləri, 01 ədəd feni, 01 ədəd elektrikli ət çəkən maşınını, 01 ədəd ev telefonunu, 01 ədəd mobil telefonu götürmüş, mobil telefonla ev telefonunu cibinə qoymuş digər əşyaları isə evin bir kənarına yığmışdır. Daha sonra həmin əşyaları evin həyətindəki yardımçı tikilinin qapısının qıfılını sındıraraq oradan götürdüyü bir ədəd əl arabasına yükləmiş və hasarın bir kənarına yığmışdır. Evdə qalan digər əşyalar isə növbəti dəfə gəlib götürməyi qərara almışdır. Bundan sonra səhərin açılmağını gözləmiş səhər saat 6 radələrində hasardan ətrafa baxıb heçkimin olmadığını gördükdən sonra əl arabası da daxil olmaqla həmin əşyaları hissə-hissə hasarın digər tərəfinə keçirmişdir. Bundan sonra yola çıxaraq yoldan tanımadığı bir taksini çağırıb əşyaların özünə məxsus olduğunu və satmaq üçün Sabunçu rayonunda yerləşən rus bazarına aparmaq istədiyini bildirmişdir və əşyaları həmin taksi vasitəsi ilə Sabunçu rayonunda yerləşən rus bazarına apararaq tanımadığı müxtəlif şəxslərə müxtəlif qiymətlərə satmışdır. Bundan 10 gün sonra yəni 04 yanvar 2021-ci il saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanında yerləşən evin hasarından aşaraq evin həyətinə oradan isə əvvəlcədən açdığı pəncərədən həmin evə daxil olmuş evdən 01 ədəd samovarı və 01 ədəd velosipedi götürərək həyətdə bir kənara qoymuşdur. Daha sonra həmin həyətdə quyuya quraşdırılmış 01 ədəd su nasosunu çıxarmış, lakin həmin vaxt velosiped və samovarla birlikdə apara bilməyəcəyi üçün onu həyətdəki yardımçı tikiliyə qoyub növbəti dəfə gəldikdə götürməyi planlamışdır. Hasardan boylanıb heç kimin olmadığını gördükdə həmin samovarı və velosipedi hasarın digər tərəfinə keçirmiş daha sonra samovarı iplə velosipedin təkər hissəsinə bərkidərək yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Sabir küçəsi döngə 1 ev 26-nın həyətinə aparmış və burada gizlətmişdir. Növbəti gün təsadüfən tanışı Əmrahla görüşdükdə ona özünə məxsus olan samovarı satmaq istədiyini bildirmişdir. Əmrah ona özünün samovar almaq istəmədiyini, lakin samovarı sata biləcək bir yer tanıdığını bildirdi. Bundan sonra Əmrahla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə yerləşən Araz marketin arxasında köhnə əşyaların alındığı yerə getmişlər və burada tanımadığı bir kişiyə həmin samovarın ona aid olduğunu bildirib 35 manat qarşılığında satmışlar. Əmrah ona samovarı satmağa kömək etdiyi üçün bu puldan ona 5 manat pul vermişdir. Bundan sonra o, həyətdə gizlətdiyi velosipedi satmaq fikrinə düşsə də onu satdıqda kiminsə sürəcəyindən və sahibinin görüb onu tapa biləcəyindən qorxub bir müddət sonra satmağı planlaşdırmışdır. Bildirmişdir ki, geridə qalan əşyaları götürmək məqsədi ilə 15 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanında yerləşən evin hasarından aşaraq evin həyətinə oradan isə əvvəlcədən açdığı pəncərədən həmin evə daxil olmuş və evdən 01 ədəd ütünü, 01 ədəd böyük həcmli aliminium qazanı, 01 ədəd aliminium tası, 01 ədəd içərisində yuyucu toz olan paketi, içərisində müxtəlif qab-qacaqlar olan qutuları, içərisində xurustal qablar olan qutunu, bundan başqa evdən götürdüyü növbənöv qənd qabları, stakanları, bakalları, 02 ədəd ələyi, 02 ədəd taburetka və 02 ədəd stulları, 01 ədəd yorğanı və həyətdəki yardımçı tikilidən isə bundan əvvəl evə daxil olduqda quyudan çıxarıb oraya qoyduğu 01 ədəd su nasosunu və 01 ədəd beli həmin yardımçı tikilidən götürdüyü digər bir əl arabası vasitəsi ilə daşıyaraq hasarın yanına yığıb hasardan boylanıb heçkimin olmadığını gördükdən sonra əl arabası da daxil olmaqla əşyaları növbə ilə hasarın digər tərəfinə keçirmişdir. Bundan sonra təkrar bu əşyaları əl arabasına yığmış və həmin evdən götürdüyü yorğanı görünməsin deyə onların üzərinə atmışdır. Bunları bu cür daşıya bilməyəcəyini düşünüb yola tərəf çıxıb yoldan keçən bir taksini çağırmış və həmin əşyaların özünə aid olduğunu bildirmiş və həmin taksi vasitəsi ilə həmin əşyaları Sabunçu rayonunda yerləşən rus bazarına aparıb tanımadığı müxtəlif şəxslərə müxtəlif qiymətlərə satmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi ev 75-də bağ evi vardır. 2020-ci ilin noyabr aylarından pandemiya səbəbi ilə bu bağ evinə gəlməyi mümkün olmamışdır. 19 yanvar 2021-ci il tarixdə bu ünvana gedərkən evinin qapı-pəncərəsinin açıq olduğunu görmüşdür. Evə baxış keçirərkən evin dağınıq vəziyyətdə olduğunu müşahidə etmiş, baxış zamanı müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər evindən dəyəri 120 manat olan 01 ədəd səkkiz bölümlü elektrik radiatorunu, dəyəri 150 manat olan 01 ədəd 12 bölümlü elektrik radiatoru, dəyəri 140 manat olan 01 ədəd samovarı, dəyəri 50 manat olan 01 ədəd ütünü, dəyəri 60 manat olan 01 ədəd böyük həcmli alminium qazanı, dəyəri 50 manat 01 ədəd böyük həcmli aliminium tası, dəyəri 70 manat olan yaşıl-sarı rəngli 01 ədəd yorğanı, dəyəri 15 manat olan 01 ədəd 9 kiloqramlıq yuyucu tozu, dəyəri 750 manat olan 01 ədəd “Grand” markalı velosipedi, dəyəri 100 manat olan 01 ədəd sintezatoru, dəyəri 500 manat olan 12 nəfərlik yemək vəçay dəstini, ümumi dəyəri 30 manat olan 06 ədəd xrustal stəkanı, ümumi dəyəri 20 manat olan 06 ədəd bakalı, ümumi dəyəri 40 manat olan 12 ədəd armudu stəkanları ,ümumi dəyəri 20 manat olan 02 ədəd qənd qablarını, dəyəri 180 manat olan 01 ədəd elektrik sobasını, ümumi dəyəri 20 manat olan 02 ədəd ələyi, ümumi dəyəri 60 manat olan 02 ədəd elektrik çaynikləri, ümumi dəyəri 20 manat olan müxtəlif qab-qacaqları, dəyəri 60 manat olan 01 ədəd stolüstü qaz sobasını,dəyəri 20 manat olan 01 ədəd feni, dəyəri 70 manat olan 01 ədəd elektrik ətçəkən maşını, ümümi dəyəri 10 manat olan 02 ədəd taburetka və ümumi dəyəri 20 manat olan 02 ədəd stulları, dəyəri 70 manat olan 01 ədəd “Panasonic” markalı ev telefonunu, dəyəri 50 manat olan 01 ədəd “Samsung Galaxy 2” markalı mobil telefonu, həyətdə olan yardımçı tikilidən isə hər birinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 40 manat olan 02 ədəd arabanı, dəyəri 15 manat olan 01 ədəd beli oğurlamışdır. Bundan başqa onun həyətində olan quyunun içərisində quraşdırılmış 250 manat dəyəri olan su nasosu oğurlanmışdır. Beləliklə, ona ümmumilikdə 3000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində metal və köhnəlmiş əşyaların alqı satqısı ilə məşğul olur. Təqribən bir ay bundan əvvəl tanımadığı iki şəxs onun yanına gələrək samovar satdıqlarını bildirmişlər. O, əvvəlcə ehtiyatlandığı üçün onlardan bu əşyanı almaq istəməmişdir. Lakin, sonradan onlardan arıq cüssəli hündür boylu olanı samovarın özünə aid olduğunu, əgər lazımdırsa təsdiqləməsi üçün anasını gedib çağıra biləcəyini söyləmişdir. Bundan sonra o, həmin şəxsə inanmış və onlarla razılaşaraq samovarın müqabilində onlara 35 manat pul vermişdir. Bildirmişdir ki, həmin samovarın oğurluq olduğunu bilmirmiş, əgər bilsə idi həmin samovarı almazdı və dərhal polisə məlumat verərdi. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 05 mart 2021-ci il tarixli, 9/1221 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, 01 ədəd yeniyetmələr üçün nəzərdə tutulmuş“Grand”xxxx“MMC mtb mountain concept” modelli, dəyişən surətli velosipedin bir ədədinin qiyməti 300 manatdır. 10 litr su tutumlu odun samovarının 01 ədədinin qiyməti 150 manatdır. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olunması nəzərə alınmaqla 2020-ci ilin noyabr ayında 2021-ci ilin yanvar ayınadək olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 450 manatdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 11.02.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş Əliyev X7 Hərbi Məhkəməsinin 22.08.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 332.2.1 və 62-ci maddəsi ilə təqsirli bilinərək, 400 manat cərimə cəzası təyin edilmişdir. 17.08.2018-ci il tarixdə cərimə tam ödənildiyindən qeydiyyatdan çıxarılmışdır. Hazırda məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs X4 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut olan 01 ədəd “Grand”xxxx“MMC mtb mountain concept” modelli, dəyişən sürətli velosiped və 01 ədəd 10 litr su tutumlu odun samovarı zərərçəkmiş şəxs X5 qaytarılmış hesab edilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24.01.2021-ci il tarixdən 20.04.2020-ci il tarixdək həbsdə və 20.04.2021-ci il tarixdən 06.05.2021-ci il tarixdədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 12 (on iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 01 ədəd “Grand”xxxx“MMC mtb mountain concept” modelli, dəyişən sürətli velosiped və 01 ədəd 10 litr su tutumlu odun samovarı zərərçəkmiş şəxs X5 qaytarılmış hesab edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 35 saata görə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar