Məhkəmə qərarları › İş №1(003)-233/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-233/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-233/2023 20.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2rdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,345 qram çəkidə narkotik vasitə olan heroin əldə edib Xəzər rayonu, Albalılıq massivi, N.Əliyev küçəsinə qədər saxlamaqla daşımış, 26 oktyabr 2022-ci il tarixdə saat 18:00 radələrində Xəzər rayonu, Albalılıq massivi, N.Əliyev küçəsində Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 2-ci Polis Şöbəsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,345 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, 13:10 radələrində qonşusuna məxsus evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. İbtidai istintaq zamanı ona olunan psixoloji təziq nəticəsində əməli etiraf etmişdir. Narkotik maddə polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur. Əlavə olaraq bildirmişdir ki, ayağında ağrılar olduğuna görə dərman preparatı qəbul etmiş və həmin maddə ekspertizada aşkarlanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təziq olunmuş, lakin onu döyməmişlər. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 2 il olar ki, narkotik maddələrin müxtəlif növündən istifadə edir. Narkotik vasitəni maştağa qəsəbəsində ayrı-ayrı yerlərdən müxtəlif şəxslərdən almışdır. Bir neçə gün əvvəl bir ədəd içərisində narkotik maddə heroin olan bükümü Maştağa qəsəbəsində üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 20 manata almışdır. Aldığı narkotik maddənin bir hissəsini qəbul etmiş və qalanını da istifadə etmək üçün cibinə qoymuş və saxlamışdır. Həmin günü, yəni xx.xx.2022-ci il tarixdə yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq massivində N.Əliyev küçəsində olarkən iki nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşaraq narkotik vasitə qanunsuz dövriyyəsində şübhəli olduğunu və bölməyə getməli olduğumu bildirmişlər. O, razılaşaraq onlarla birlikdə Xəzər RPİ-nin 2-ci PŞ-nə getmişdir. Ona müdafiəçi təqdim olunduqdan sonra üzərində videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroini təqdim etmişdir. Bildirmişdir ki, o, öz istifadəsi üçün alıb üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olan narkotik vasitə qablaşdırılmış və üzəri imzalanaraq möhürlənərək götürülmüşdür. O, həmin zərfin üzərini imzalamışdır. Polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib eləmişlər. Tərtib olunmuş protokolu ucadan oxumuş, düz yazdıqları üçün protokolu imzalamışlar. İş üzrə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raportla müraciət etmiş və həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında xx.xx.2022-ci il tarixdə saat 18:00-da Araz adlı şəxsin xarici əlamətlərinə uyğun şəxsə Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, N.Əliyev küçəsi ərazisində yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və üzərində şəxsi axtarış keçirilməsi üçün şöbəyə dəvət etmişlər. Müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs şöbəyə getməyə heç bir etiraz etməmiş və birlikdə 2-ci PŞ-nə getmişlər. Orada hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya digər qanunsuz maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibində siqaretin qızılı rəngli kağızına bükülmüş maddəni təqdim edib narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin 01 ədəd bükümdə olan heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 1 ədəd bükümdə aldığını bildirmişdir. Həmin büküm açıldıqda narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd büküm zərfə qoyularaq möhürlənmiş və üzərində imza edilmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6227 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs......”... yazı və imzalar olan zərfdə bir ədəd təmiz çəkisi 0,345 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına «Siyahı İ» daxildir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,345 qram olan kustar üsulla hazırlanmış narkotik maddə - heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,305 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qimsində cəlb etmə barədə qərardan görünür ki, 28 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş qərardan görünür ki, Təqsirləndirilən şəxs MSYdən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6856 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər, barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona məcburi müalicə təyin edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəza çəkməkdən 10 ay 02 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı hökm və ya məhkəmə qərarı Bakı şəhər Probasiya İdarəsinə daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-597/2022 saylı 22 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 26 oktyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,305 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 88,00 (səksən səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-597/2022 saylı 22 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 26 oktyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 il 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,305 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 88,00 (səksən səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (150 manat) və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 ümumilikdə 270 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar