Məhkəmə qərarları › İş №1(003)-237/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-237/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-237/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1978-ci il ildə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 08.02.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı Binə qəsəbəsi, R.Məcidov küçəsi, ev 26 ünvanında olan zaman arvadı Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsini istəmiş, lakin Aytən Bayramova şəxsiyyət vəsiqəsini verməkdən imtina etdiyi üçün Zərərçəkmiş şəxs hərəkətinə qəzəblənərək şəxsi münasibətlərin pozulması zəmnində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs otaqdakı divanda oturmuş vəziyyətdə olan zaman sonuncunun sağ qol nahiyyəsinə və başına yumruqla bir neçə dəfə zərbə vuraraq sonuncuya sağ bazunun qansızması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağının yumşaq toxumalarının əzilməsi kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, ekspert rəyi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2006-cı ildən Zərərçəkmiş şəxs ilə rəsmi nikahla ailə həyatı qurmuş və bu evlilikdən iki az yaşlı övladı vardır. Təxminən 1 ildir ki, təqaüdə çıxmışdır. 2000-ci ildən 2021-ci ilədək DİO-da xidmət etmişdir. Maddi vəziyyəti pis olduğu üçün bankdan kredit götürmək məqsədi ilə 08.02.2022-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs onun şəxsiyyət vəsiqəsini istəmişdir. Lakin, Aytən ona vəsiqəsini verməmişdir. O, bundan əsəbləşib Aytənin qol nahiyəsinə və baş nahiyyəsinə yumruqla bir neçə dəfə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək və Xəzər RPİ-nin 3-cü PŞ-nə ərizə ilə müraciət edərək onun barəsində şikayət ərizəsi yazmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2006-cı ildən Təqsirləndirilən şəxs ilə rəsmi nikahla ailə həyatı qurmuş və bu evlilikdən iki azyaşlı övladı vardır. Əri bir neçə il polis işləmişir. Təqsirləndirilən şəxs təqaüdə çıxdıqdan sonra ona və az yaşlı övladlarına qarşı pis rəftar etməyə başlamışdır. Belə ki, evdə olan əşyaları satıb pulunu bilmədiyi yerlərə xərcləmişdir. O, buna etirazını bildirəndə Təqsirləndirilən şəxs onu döyüb, lakin o, bu barədə heç vaxt polisə müraciət etməmişdir. 08.02.2022-ci il tarixdə əri Təqsirləndirilən şəxs həmişəki kimi evə gələrək onunla mübahisə etməyə başlamış və onun şəxsiyyət vəsiqəsini istəmiş və bildirmişdir ki, onunla boşanmaq istəyir. Lakin, o vəsiqəsini verməmişdir. Təqsirləndirilən şəxs əsəbləşib onun bədəninin qol nahiyəsinə və baş nahiyyəsinə yumruqla vurub döymüşdür. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək və Xəzər RPİ-nin 3-cü PŞ-nə ərizə ilə müraciət edərək əri Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə 11.02.2022-ci il tarixli, 149 saylı rəydən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bazunun qansızması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən 08.02.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetiriliməsi istisna olunmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzanın təyin edilməsi məqsədəmüvafiqdir və təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan islah işləri cəzası cəzanın məqsədini tam təmin edir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və və ona qazancının 20 %i dövlət nəfinə tutulmaqla, 09 (doqquz) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaqda müdafiə edilməsinə görə sərf etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar