Məhkəmə qərarları › İş №1(003)-237/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-237/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-237/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 7, 2 saylı yataqxanada qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Bakavtomat yolu küçəsi, Yeni yaşayış sahəsində fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edərək xx.xx.2023-cü il tarixdə saat təxminən 20:30 radələrində etibarnamə əsasında idarə etdiyi X3 mülkiyyətində olan, texniki cəhətdən saz vəziyyətdə "Toyota Prius" markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, "Bakavtomat" adlanan ərazidə yerləşən "Al market"ə doğru saatda təxminən 40-50 km/ saat sürətlə hərəkətdə olarkən sola doğru dönən zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək mövcud şəraitdə qarşıda yolun sola döngəli hissəsində idarəetməni itirib avtomobili yolun sağ hissəsinə çıxararaq hərəkət hissəsinin sağ kənarı ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs və Şahid ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin yerdəyişən sınığı ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri, həmçinin Şahid təpə nahiyəsinin əzilmiş yarası və bel nahiyəsinin qançırı ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən 1-2 gün əvvəl Vüsal adlı şəxsdən Toyota Prius markalı avtomobili etibarnamə əsasında icarəyə götürüb taksçilik fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixində təxminən saat 20 radələrində idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Xəzər rayonu, Qala qəsəbəsi, “Bakavtomat” adlanan ərazidə yerləşən yaşadığı evdən çıxıb «Al Market»ə getmişdir. Təxminən saatda 40-50 km/surətlə hərəkətdə olarkən sola doğru olan sərt döngəyə çatmış, manevr edərkən sükanı sola döndərmək istədikdə əli sükanın sağ tərəfində yerləşən şüşətəmizləyənə ilişdiyindən sükanı döndərə bilməmişdir. Bu zaman özünü itirdiyindən əyləci sıxa bilməmiş və həmin vaxt yol ilə iki xanımın hərəkətdə olmasını görmüşdür. Avtomobili sağa doğru qaçırtmış, həmin xanımlar da sağa doğru qaçdıqlarından onları vurmuş və avtomobili yolun kənarında yerləşən evin qarşısında olan ağaca dəyərək dayanmışdır. Tez maşından düşərək həmin xanımların qonşuları olduğunu görmüş, onlara yardım edib qardaşı və atasına zəng edib bu barədə məlumat vermişdir. Orda yaşayan qonşular təcili yardıma zəng etmişlər. Təcili yardım avtomobili ardınca həmin xanımları xəstəxanaya aparmışdır. Özü hadisə yerində qalaraq polisin gəlməsini gözləmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xəstəliyi ilə bağlı həkim axşamlar piyada gəzməyi məsləhət görmüşdür. xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində qonşuları Nabat və Samirə ilə yaşadığı Qala qəsəbəsi ərazisində piyada gəzməyə çıxmışdır. Üçü də hərəkətdə olan zaman döngədə "Toyota Prius" markalı avtomobilin üzərilərinə gəldiyini görmüşlər. Samirə cəld tərpəndiyi üçün maşın Samirəyə dəyməmiş, lakin Nabatla onu maşın qabaq hissəsi ilə vurmuşdur. Sonra maşın isə ağaca dəyib dayanmışdır. Nabatla o zərbənin təsirindən yerə yıxılmışlar. Zərbə nəticəsində sağ ayağından və sol kürək nahiyəsimndən xəsarət almışdır. Daha sonra həyat yoldaşı və oğlu gəlib onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində qeyd etmişdir ki, 09 avqust 2023-cü il tarixdə təxminən saat 20:30 radələrində baldızı Samirə, o və qonşusu Gülbəniz Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində Bakavtomat yolu adlanan ərazidə piyada hərəkət edirmişlər. Yolun kənarı ilə maşın yolu olmayan hissədə hərəkət edib digər bir hissəyə, su bulağına getmişlər. Döngəyə çatan zaman arxadan maşının qaz pedalının səsini eşitmişlər. Bu zaman qəfildən Gülbənizi və onu maşın vurmuşdur. Maşın onun ayağının arxa nahiyəsindən dəymiş və o yerə yıxılmışdır. Gülbəniz də onunla birlikdə yerə yıxılmışdır. Samirə cəld tərpəndiyi üçün maşın ona dəyməmişdir. Onlar yıxıldıqdan sonra isə maşın ağaca çırpılıb dayanmışdır. Daha sonra ətrafdakı şəxslər onu və Gülbənizi 3 saylı xəstəxanaya aparmışlar. Oradan isə onu Xətai rayonunda yerləşən neyrocərrahiyyə xəstəxanasına aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2023-cü il tarixli, 1/3350 saylı protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə müəyyən olunmuşdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYİ-nin xx.xx.2023-cü il tarixli, 3-13- 13/2-122250/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə 10 il müddətinə “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və bu hüququn məhdudiyyəti ilə bağlı məlumat yoxdur; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1065 saylı rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ baldır sümüklərinin yerdəyişən sınığı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun "Elmi-Tədiqiat Travmatologiya və Ortpediya İnstitutu❞ Publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1064 saylı rəyindən görünür ki, Şahid bədəni üzərində aşkar edilmiş xəsarətlər təpə nahiyəsinin əzilmiş yarası, bel nahiyəsinin qançırı küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun "Respublika Neyrocərrahiyə Xəstəxanası" Publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 27 sentyabr 2023-ci il tarixli, 8/2772 saylı rəyindən görünür ki, Toyota Prius" markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Teymurov narkotik vasitələrdən istifadə edərək avtomobil idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 oktyabr 2023-cü il tarixli, 6785 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-nin 170.3, 181.2.1, 181.2.5ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 06 il müddətinə endirilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək (CM-nin 67.1-ci maddəsi tətbiq olunmaqla) 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixində cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı tələb və şikayəti yoxdur. - xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Şahid zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş şəxs Şahid ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı tələb və şikayəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsində təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı ödəməklə barışıq əldə etməsini cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətlərə görə məhkumluğunun ödənilməsi və hazırki cinayətin ehtiyatsızlıqdan törədilməsi CM-nin 18-ci maddəsinə əsasən cinayətin residivini aradan qaldırır. CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, 85 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulsun. Maddi sübut olan “Toyota Prius” markalı avtomobilin sahibi X4 qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 (altmış) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramilə Xazri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar