Məhkəmə qərarları › İş №1(003)-238/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-238/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-238/2021 05.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində ünvan 2t 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 mart 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə hərəkətin edilməsi müqabilində özü vasitəsi ilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 3 sentyabr 2018-ci il tarixdən Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin fevral ayının ortalarında xidməti vəzifəsi ilə əlaqədar olmayan məsələ ilə bağlı, yəni barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektinin (tikintisinə icazə tələb olunmayan - mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evinin) tikinti layihəsinin rayon İcra Hakimiyyəti ilə razılaşdırılması ilə bağlı müraciət edən Şahid1 xidməti otağında qəbul edərkən sonuncu tərəfindən təqdim edilən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/126 ünvanında yerləşən 0.20 hektar torpaq sahəsində, ümumi sahəsi 1200 m2 olan fərdi yaşayış evinin tikintisinə dair tərtib edilmiş tikinti layihəsinə baxıb bu barədə bir qədər söhbətləşərkən bu cür fərdi yaşayış evin tikintisinə guya icazə alınmalı və tikinti layihəsinin rayon İcra Hakimiyyəti ilə razılaşdırılmalı olduğunu, habelə Şahid1 təqdim etdiyi tikinti layihəsində qüsurlar olduğunu, bu cür layihə ilə tikintinin aparılmasının qeyri-mümkün olduğunu bildirib, Şahid1 həmin tikinti layihəsinin icra edilməsinə köməklik edilməsinə dair xahişindən sonra müəyyən pul müqabilində qeyd edilən bütün işləri həll etmək etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, həmin məsələləri rayon İcra Hakimiyyətinin səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd edib Şahid1 ilə sövdələşməklə, özünə dair inam və etibar yaradaraq, sonuncudan Xəzər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən xidməti otağındakı görüşləri zamanı 10.000 manat pul vəsaitini istəyib, həmin niyyətlə, 19 fevral 2021-ci il tarixdə 3.000 (üç min) ABŞ dolları, həmin günün rəsmi məzənnəsi ilə 5.100 (beş min bir yüz) manat və 3 mart 2021-ci il tarixdə 3.000 (üç min) ABŞ dolları, həmin günün rəsmi məzənnəsi ilə 5.100 (beş min bir yüz) manat, aralarındakı razılaşmaya əsasən artıq olan 200 manat pulu geri qaytarmaqla, ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitini Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Telman küçəsi 4 ünvanında yerləşən Xəzər rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağında və “iclas zalı”nda Şahid1 alıb qeyd edilən tikinti layihəsinə rəsmi icazə verilməsini yaxın müddətdə həll edəcəyini yalandan vəd edib, Şahid1 xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulları şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2008-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq” fakültəsini bitirmiş, əvvəllər ayrı-ayrı yerlərdə müxtəlif vəzifələrdə işləmiş, 2013-cü ilin noyabr ayında isə Xəzər rayon İcra Hakimiyyətində memar kimi işə başlamışdır. 03 sentyabr 2018-ci il tarixdə Xəzər rayon İcra Hakimiyyəti Başçısının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə həmin tarixdən saxlanıldığı günə qədər qeyd edilən vəzifədə işləmişdir. Xidməti vəzifəsi fərdi yaşayış evlərin sənədləşməsi, torpaq sahələrinə dair baş plan və xəritələrdən çıxarışların verilməsi, rayonun kommunal xidmətləri ilə bağlı işlərin həll edilməsi və sairdən ibarət olmuşdur. Şahid1 əvvəllər tanımamış, fərdi yaşayış evin tikintisinə dair layihənin təqdim edilməsi ilə bağlı 2021-ci ilin fevral ayından etibarən tanımışdır. Belə ki, 2021-cui ilin fevral ayının ortalarında Şahid1 rayon İcra Hakimiyyətinə gələrək onun qəbulunda olub Mərdəkan qəsəbəsində bir torpaq sahəsi bəyəndiyini və onu almaq istədiyini bildirib həmin torpaq sahəsində fərdi yaşayış evin tikilməsi üçün hər hansı problem olub-olmaması ilə maraqlanmışdır. Həmin vaxt o, Şahid1 köməklik etmək üçün rəhbərlik etdiyi şöbədə baş məsləhətçi vəzifəsində işləyən Şahid2 həmin torpaq sahəsi barədə araşdırma aparıb məlumat verməsini xahiş etmişdir. Ələmdar araşdırma aparıb sonradan ona məlumat verərək torpaq sahəsinin problemli olduğunu, həmin torpaq sahəsinə bir neçə şəxsin iddia etdiyini, mülkiyyət hüququna dair heç bir sənədi olmadığını demişdir. Belə olan halda o, Şahid1 həmin torpaq sahəsini almağı məsləhət bilməmiş, belə problemli torpaq sahəsində tikintiyə icazənin verilməyəcəyini demişdir. Şahid1 minnətdarlığını bildirərək getmişdir. Bir neçə gündən sonra Şahid1 təkrarən onun qəbuluna gəlib, başqa torpaq sahəsi bəyəndiyini, həmin torpağın “çıxarışının” olduğunu deyib bu torpaq sahəsinin hər hansı problemi olub-olmadığı barədə maraqlanmışdır. O, torpağın “çıxarışı” varsa deməli heç bir problemi olmayacağını, tikintiyə icazə veriləcəyini deyib həmin torpaq sahəsini almasını məsləhət bilmişdir. Tikinti qanunvericiliyinə əsasən əgər torpaq sahəsi özəl mülkiyyətdədirsə və həmin torpaq sahəsi fərdi yaşayış evin tikintisi üçün nəzərdə tutulubsa bu torpaqlarda mərtəbələrin sayı 3-dən, hündürlüyü isə 12 metrdən artıq olmayan fərdi yaşayış evlərinin tikintisinə icazə alınması tələb olunmur. Bu halda yalnız “məlumatlandırma icratı” qaydasında həmin tikinti layihəsi barədə rayon İH-nə məlumat verilməlidir. Yəni şəxs tikəcəyi evin layihəsini rayon İH ilə razılaşdırmalıdır. Layihə təqdim edildikdən sonra İH-də onun tikinti normalarına uyğun olub-olmamasına baxılaraq nöqsanlar olduqda düzəliş edilir və layihəyə uyğun tikinti aparılması vətəndaşa tövsiyə edilməklə bu barədə rəsmi məlumat verilir. Şahid1 da tikinti təyinatlı “çıxarışlı” torpaq sahəsi almaq istədiyindən həmin torpaq sahəsində 3 mərtəbəli fərdi yaşayış evin tikintisinə RİH-dən heç bir icazə tələb olunmamışdır. Lakin o, özünə əlavə pul qazanmaq üçün yalandan Şahid1 bildirmişdir ki, guya bu cür tikintiyə rayon İH-nin başçısından icazə alınmalıdır. Əks təqdirdə tikintinin aparılmasına icazə verilməyəcəkdir. Habelə, tikəcəyi evə dair layihənin də təqdim edilməsini demişdir. Bir necə gündən sonra Şəfiqə tikinti layihəsini təqdim etmiş, o həmin layihəyə baxdıqdan sonra qəsdən layihədə qüsurlar olduğunu bildirib belə bir layihə ilə tikinti aparmağın mümkün olmadığını demişdir. Həmin vaxt Şəfiqə get-gələ düşmək istəmədiyini bildirmiş və tikintiyə dair bütün işlərin həll olunmasına köməklik edib-etməyəcəyini soruşmuş, o, heç bir problem olmadığını, müəyyən pul müqabilində tikinti layihəsini təsdiq etmək və RİH-nin başçısından tikintiyə icazə alınmasını həll etmək imkanına malik olduğunu bildirmişdir. Şəfiqə nə qədər pul verməli olduğunu soruşanda, o, heç bir məbləğ deməyərək bunu sonuncunun öhdəsinə buraxmışdır. Şəfiqə “elə olsun ki, mənim imkanım daxilində olsun” deyib 10.000 manat pul təklif etmiş, o da həmin məbləğlə razılaşmışdır. Bir neçə gündən sonra, yəni 19 fevral 2021-ci il tarixdə Şəfiqə yenidən onun qəbuluna gəlib pulun yarısını gətirdiyini bildirərək həmin gün 3.000 ABŞ dolları, yəni həmin günün məzənnəsi ilə 5.100 manat pulu xidməti otağında ona vermiş, qalan məbləği də yaxın günlərdə gətirəcəyini demişdir. Növbəti dəfə 03 mart 2021-ci il tarixdə səhər saatlarında işdən çıxıb gedərkən İH-in inzibati binasının qarşısında Şahid1 ilə rastlaşmış, sonuncu qalan məbləği gətirdiyini bildirərək ona vaxt ayırmasını xahiş etmişdir. O, tələsdiyinə görə xidməti otağına getməmiş, İH-in inzibati binasının 1-ci mərtəbəsində yerləşən iclas otağına keçib Şəfiqəni orada qəbul etmişdir. Şəfiqə özü ilə gətirdiyi 3.000 ABŞ dolları pulu verib ümumilikdə Azərbaycan manatı ilə 10.200 manat, yəni razılaşdıqları məbləğdən 200 manat artıq pul verdiyini deyərək artıq olan 200 manatı ona qaytarmasını demişdir. Bundan sonra, o, cibindəki puldan 200 manat Şəfiqəyə qaytarmışdır. O, pulu sayıb qəbul etdikdən sonra Şəfiqə getmiş, bir neçə dəqiqədən sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ona yaxınlaşıb aldığı pulu könüllü olaraq təqdim etməsini təklif etmişlər. Bundan sonra o, Şahid1 aldığı 3.000 ABŞ dolları pulu cibindən çıxardıb təqdim etmişdir. Həmin pullara baxış keçirilərkın xüsusi işıqlanma altında pulların üzərində “rüşvət 2021” sözlərinin yazıldığını görmüşdür. Onu da qeyd edir ki, Şahid1 tərəfindən təqdim edilən fərdi yaşayış evin tikintisinə dair tikinti layihəsinin icrasına heç bir icazə tələb olunmur, yalnız “məlumatlandırma icraatı” qaydasında bu barədə RİH-nə məlumat verilir, 10 gün müddətinə layihəyə dair etiraz edilmədikdə tikinti işlərinə başlanılır. Lakin o, özü üçün müəyyən gəlir əldə etməkdən ötrü Şahid1 aldadıb guya belə bir icazənin tələb olunması və layihənin tərəfindən təsdiq edilməli olması barədə yalanlar demişdir. Əslində isə tikinti layihəsini təsdiq etmək kimi səlahiyyəti olmamışdır. Ümumiyyətlə Bakı şəhəri üzrə rayon İH başçılarının hər hansı tikintiyə icazə vermək səlahiyyətləri yoxdur, bu səlahiyyət Şəhərsalma və Arxitektura Komitəsinə aiddir. Fərdi yaşayış evlərin tikintisi ilə bağlı rəhbərlik etdiyi şöbənin heç bir səlahiyyəti olmamış, yalnız ilkin müraciəti qəbul edib, hansısa torpaq sahəsinə dair “baş plan və xəritədən çıxarış” edib həmin müraciəti RİH başçısına ötürmək səlahiyyəti olmuşdur. Şahid1 aldığı puldan RİH-nin heç bir əməkdaşına verməmiş, ümumiyyətlə bu barədə heç bir əməkdaşın məlumatı olmamışdır. 03 mart 2021-ci il tarixdə keçirilən əməliyyat zamanı istifadəsində olan **-HT-*** dövlət nömrə nişanlı “Ford Fusion” markalı nəqliyyat vasitəsindən aşkar edilən 3.500 ABŞ dolları və 100 manat puldan 3.000 ABŞ dolları 19 fevral 2021-ci il tarixdə Şahid1 aldığı pul olmuşdur. Həmin vaxtdan pulu nəqliyyat vasitəsində saxlamış, digər pullar, yəni 500 ABŞ dolları və 100 manat pul isə özünə məxsus olmaqla şəxsi vəsaiti olmuşdur. Həmin pulları qanunsuz yolla əldə etməmişdir. Bundan başqa, 03 mart 2021-ci il tarixdə keçirilən əməliyyat zamanı üzərində və xidməti otağında aşkar edilən 4.969 manat pul özünə məxsus olmaqla şəxsi vəsaiti olmuş, həmin pulların heç bir hissəsi qanunsuz yolla əldə edilməmişdir. Saxlanıldığı gün, yəni 03 mart 2021-ci il tarixdə doğum günü olması ilə əlaqədar həmin gün axşam saatlarında restoranda qonaqlıq təşkil etməyi planlaşdırdığından, səhər evdən çıxarkən ehtiyat üçün özü ilə əlavə pul götürmüşdür, yəni aşkar edilən pullar bununla əlaqədar olmuş, habelə xidməti otağından aşkar edilən qeydiyyat dəftərlərindəki müxtəlif qeydlər, həmçinin götürülən digər sənədlər işlədiyi illər üzrə xidməti fəaliyyəti ilə bağlı olmuş, burada heç bir qanunsuzluq halı olmamışdır. İlk dəfə törətdiyi bu əməllərdən səmimi peşmandır, dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 2021-ci ilin yanvar ayında özünə torpaq sahəsi almaqla fərdi yaşayış evi tikmək istəmiş, bu məqsədlə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində satışda olan torpaq sahələri ilə maraqlanmışdır. Torpaq alqı-satqısı ilə məşğul olan Ması adlı şəxs Mərdəkan qəsəbəsində ona bir neçə torpaq sahəsi göstərmiş, həmin vaxt o, 0,12 ha torpaq sahəsini bəyənərək almaq qərarına gəlmişdir. Torpaq sahəsinin sahibi barədə maraqlananda Ması torpaq sahibinin vəfat etdiyini, hazırda başqa şəxs tərəfindən satıldığını bildirərək bununla bağlı bütün danışıqları onunla aparmasını demişdir. O, fərdi yaşayış evin tikinti layihəsini rayon İcra Hakimiyyəti ilə razılaşdırmalı olduğunu bildiyindən, habelə həmin torpaq sahəsinin hər hansı problemi olub-olmadığını müəyyənləşdirmək üçün torpaq sahəsini almazdan öncə İH-nə müraciət etməklə araşdırma aparmaq qərarına gəlmişdir. Bu məqsədlə 2021-ci ilin fevral ayının əvvəllərində Xəzər rayon İcra Hakimiyyətinə getmiş, orada ona məlumat verilmişdir ki, bu işlərlə Rayon təsərrüfatı şöbəsinin müdiri Təqsirləndirilən şəxs məşğul olur. Buna görə o, Təqsirləndirilən şəxs müraciət edib fərdi yaşayış evi tikmək üçün Mərdəkan qəsəbəsindən 0,12 ha torpaq sahəsi almaq istədiyini bildirərək həmin torpaq sahəsi ilə bağlı hər hansı hüquqi problemin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs “araşdırmaq lazımdır” bildirib rəhbərlik etdiyi şöbənin Ələmdar adlı işçisinə bu işlə məşğul olmasını tapşırmışdır. Bundan sonra o, Ələmdar ilə birlikdə gedib almaq istədiyi torpaq sahəsini sonuncuya göstərmişdir. Həmin vaxt torpaq sahəsini satan “makler” də ora gəlmişdir. Bir qədər söhbətdən sonra bəlli olmuşdur ki, həmin torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən heç bir sənədi yoxdur. Belə olan halda Ələmdar həmin torpaq sahəsində hər hansı tikintiyə icazə verməyəcəyini demişdir. Bundan sonra “makler” yaxınlıqda yerləşən və ümumi sahəsi təxminən 0.20 ha olan başqa torpaq sahəsini göstərib həmin torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədi olduğunu demişdir. Ələmdar həmin torpaq sahəsinə baxdıqdan sonra “çıxarışı” varsa tikintiyə icazə verilə biləcəyini demişdir. Bundan sonra o, həmin torpaq sahəsini almaq qərarına gəlmiş, “makler” vasitəsi ilə torpaq sahibi X2 ilə görüşüb 80.000 manata almağı razılaşdırmışdır. Hətta həmin vaxt Fatma Qasımovaya 1.000 manat beh də vermişdir. Bundan sonra o, yenidən Xəzər rayon İcra Hakimiyyətinə gedib Rayon təsərrüfatı şöbəsinin müdiri Təqsirləndirilən şəxs müraciət edərək qeyd edilən torpaq sahəsini almaq üzrə olduğunu bildirib orada tikinti işlərinin aparılması üçün hər hansı problemin olub-olmamasını bir daha dəqiqləşdirmiş, eyni zamanda görəcəyi tikintiyə dair öncədən hazırlatdığı layihəni də təqdim etmişdir. Tural torpaq sahəsi ilə bağlı bir qədər araşdırma apardıqdan və təqdim etdiyi tikinti layihəsinə baxdıqdan sonra orada tikintiyə icazə verilə biləcəyini demiş, üstüörtülü şəkildə danışıb bununla bağlı hörmət etmək lazım olduğuna dair işarə etmişdir. O, ilk öncə Turalın nə demək istədiyini başa düşməmiş, onunla açıq danışmasını xahiş etmişdir. Bundan sonra Tural “sənin tikəcəyin ev çox böyükdür, belə bir evin tikilməsində rayon İH-nin icazəsi tələb olunur. 1200 m2 evin tikintisinə icazənin verilməsi üçün hər kvadrat metrinə görə 10 manat olmaqla əslində 12.000 manat verməlisən, 2.000 manat keçirəm, 10.000 manat verərsən” deyə bildirmişdir. O, torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədi olduğu halda, yəni torpaq sahəsini qanunsuz zəbt etməklə qanunsuz tikinti işləri aparmadığı halda nəyə görə o qədər pul verməli olduğunu soruşanda, Tural “torpaq sahəsinin özəl mülkiyyətdə olmasının heç bir fərqi yoxdur, tikintiyə icazə verilməsi ilə bağlı işlərin həlli üçün bu qədər pul verməlisən” deyə cavab vermişdir. O, da işi pozulmasın deyə mübahisə etməmiş, məcbur qalıb Turalın dediyi ilə razılaşıb otaqdan çıxmışdır. Özəl mülkiyyətdə olan torpaq sahəsində hündürlüyü 12 metrdən çox olmayan fərdi yaşayış evin tikilməsində İcra Hakimiyyətindən icazə alınması tələb olunmadığını bildiyindən hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib Təqsirləndirilən şəxs əməlləri barədə məlumat vermişdir. Həmin idarənin əməkdaşları tərəfindən əməliyyat qurulmuş, ona izah olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün sonuncunun tələb etdiyi pulu versin. Lakin pulu Turala verməzdən öncə həmin pulların nömrələri həmin idarənin əməkdaşları tərəfindən götürülmüş, habelə üzərinə video izləmə aparatı quraşdırılmışdır. 1-ci dəfə 19.02.2021-ci il tarixdə Xəzər rayon İH-nə gedib Təqsirləndirilən şəxs müraciət edib pulun bir qismini gətirdiyini demiş, Tural onu öz xidməti otağında qəbul etmiş, o, özü ilə gətirdiyi 3.000 ABŞ dollar (həmin günün məzənnəsi ilə 5.100 manat) pulu Təqsirləndirilən şəxs vermişdir. Bir neçə gündən sonra, yəni 03 mart 2021-ci il tarixdə növbəti dəfə Xəzər RİH-nə getmiş, Təqsirləndirilən şəxsla İH-in inzibati binasının qarşısında rastlaşmış, sonuncu harasa tələsdiyini bildirmişdir. O, qalan pulu gətirdiyini bildirəndə Tural geri qayıdıb İH-in inzibati binasının birinci mərtəbəsində yerləşən “iclas zalında” onu qəbul edərək pulu verməsini demiş, o da özü ilə gətirdiyi 3.000 ABŞ dollar, yəni həmin günün məzənnəsi ilə 5.100 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu qəbul edib saydıqdan sonra razılaşdıqları məbləğdən bir qədər artıq olduğunu deyəndə, o, 200 manat artıq olduğunu bildirib həmin məbləği qaytarmasını demişdir. Bundan sonra Tural cibindən 200 manat çıxardıb ona vermişdir. Pulu aldıqdan sonra Tural tikintiyə rəsmi icazə verilməsinə heç bir ehtiyac olmadığını, icazənin şifahi şəkildə veriləcəyini bildirmiş, “heç kim səni narahat etməyəcək, get evini tik” demişdir. Yəni Tural icazənin verilməsini təsdiq edən heç bir rəsmi sənəd verməmiş, eləcə şifahi şəkildə “get evini tik” demişdir. Həmin vaxt o, bir daha əmin olmuşdur ki, evin tikilməsi üçün icazə tələb olunmamış, Tural onu aldadıb pulunu almışdır. O, sağollaşıb otaqdan çıxdıqdan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yaxınlaşıb Təqsirləndirilən şəxs saxlamışlar. Üzərinə baxış keçirilərkən ondan aldığı 3.000 ABŞ dollar pul Təqsirləndirilən şəxs cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, əvvəllər Xəzər RİH Başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi mühəndis, 02 mart 2020-ci il tarixdən hal-hazıradək isə Xəzər RİHB Aparatının Rayon təsərrüfatı şöbəsində baş məsləhətçi vəzifəsində işləyir. Xidməti vəzifəsi şöbəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılması, xidməti ərazidə qanunsuz tikintilərə qarşı nəzarətin aparılması, şöbənin rüblük hesabatının hazırlanması və sairdən ibarət olmuşdur. Şahid1 əvvəllər tanımamış, sonuncunu ilk dəfə 2021-cui ilin fevral ayının ortalarında görmüşdür. Belə ki, həmin vaxt Şahid1 rayon İH-nə gələrək şöbə rəhbəri Təqsirləndirilən şəxs qəbulunda olub Mərdəkan qəsəbəsində torpaq sahəsi bəyəndiyini və onu almaq istədiyini bildirib, həmin torpaq sahəsinin hər hansı problemi olub-olmaması barədə məlumat əldə etməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin vaxt şöbə rəhbəri Təqsirləndirilən şəxs həmin torpaq sahəsi barədə araşdırma aparıb nəticəsi barədə məlumat verməsini barədə ona tapşırıq vermişdir. Bunun əsasında o, Şahid1 ilə birlikdə gedib həmin torpaq sahəsinə baxmış, torpaq sahəsini satan “makler”lə danışıb bir qədər araşdırma apardıqdan sonra ona bəlli olmuşdur ki, torpaq sahəsinin ayrılması barədə İH-in sərəncamı olsa da, sonradan torpaq sahəsi özəlləşdirilməmişdir. Belə olan halda həmin torpaq sahəsində tikinti aparılmasına icazə verilməsinin mümkün olmayacağını Şahid1 demiş, sonuncu da həmin torpaq sahəsini almaqdan imtina etmişdir. Bundan sonra “makler” yaxınlıqda olan başqa torpaq sahəsini Şahid1 göstərib həmin torpaq sahəsinin özəl mülkiyyətdə olduğunu, yəni “çıxarışı” olduğunu deyib həmin torpaq sahəsini almağı təklif etmişdir. Bundan sonra Şahid1 həmin torpaq sahəsində tikinti aparmağın mümkün olub-olmayacağını soruşanda o, torpağın sənədini görməyincə biz söz deyə bilməyəcəyini demişdir. Şəfiqə həmin torpaq sahəsinin sənədini əldə edən kimi təqdim edəcəyini bildirmişdir. Bundan sonra o, işə qayıdıb vəziyyət barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. İki gündən sonra Şahid1 yenidən Təqsirləndirilən şəxs qəbuluna gəlib torpaq sahəsinin sənədlərinin surətini təqdim etmiş, Təqsirləndirilən şəxs da həmin sənədləri ona verib bu barədə araşdırma aparmasını demişdir. O, da torpaq sahəsinin planı və ölçüsündə (kadastr planı) göstərilən koordinatları yoxlayıb torpaq sahəsinin xəritədə göstərilən yerə düşübdüşməməsini yoxlamış, bununla bağlı heç bir problem olmadığını müəyyən edib bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Bir qədər söhbətdən sonra o, otaqdan çıxmış, bundan sonra Şahid1 ilə Təqsirləndirilən şəxs arasında olan danışıqdan məlumatı olmamışdır. Növbəti dəfə 19 fevral 2021-ci il tarixdə Şahid1 İH-nə gələrək Təqsirləndirilən şəxs müraciət etmiş, həmin vaxt Təqsirləndirilən şəxs iclasa gecikdiyi üçün ondan xahiş etmişdir ki, iclasdan qayıdana qədər Şahid1 ilə birlikdə otaqda gözləsin. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs geri qayıtmış, bundan sonra o, otağı tərk etmiş, Şəfiqə ilə Turalın arasında olan söhbətdən məlumatı olmamışdır. 03 mart 2021-ci il tarixdə Şahid1 şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Təqsirləndirilən şəxs saxlamasını öyrənmişdir. Təqsirləndirilən şəxs Şəfiqə İbatovdan hər hansı məbləğdə pul tələb etməsi və ya alması barədə heç bir məlumatı olmamış, belə bir halın şahidi olmamışdır. O, yalnız qeyd edilən torpaq sahələri ilə bağlı araşdırma aparılmasında iştirak etmişdir. İş materiallarında olan 03 mart 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/126 ünvanında yerləşən 0.20 hektar torpaq sahəsində ümumi sahəsi 1200 m2 olan fərdi yaşayış evin tikintisinə icazə verilməsi işinin həll edilməsi üçün ondan 10.000 manat pul tələb etməsi barədə müraciətindən sonra Təqsirləndirilən şəxs verilməsi üçün 03.03.2021-ci il tarixdə Şahid1 tərəfindən təqdim edilən 30 ədəd - ML37019614F, ML37019613F, ML37019612F, ML37019632F, ML37019630F, ML37019629F, ML37019628F, ML37019627F, PF77603970B, PF77603969B, PF77603968B, PF77603967B, PF77603963B, PF77603964B, PF77603965B, PF77603966B, PF77603985B, PF77603986B, PF77603987B, PF77603921B, PF77603962B, PF77603978B, PF77603979B, PF77603980B, ML37019606F, ML37019607F, ML37019608F, ML37019609F, ML37019610F, ML37019611F seriya və nömrəli 100 (yüz) ABŞ dolları pul əskinasları təqdim edilmiş və həmin pullardan ML37019611F, ML37019632F, ML37019614F, ML37019630F, PF77603969B, ML37019629F, ML37019612F, PF77603968B, ML37019610F, PF77603970B nömrəli 10 ədədinin üzərinə xususi məqsədlər üçün istifadə olunan adi şəraitdə görünməyən lyuminaset qələmlə “RÜŞVƏT 2021” sözləri yazılaraq Şahid1 təqdim edilmişdir. İş materiallarında olan məhkəmə-texniki və məhkəmə kriminalistik ekspertizasının 5 mart 2021-ci il tarixli, 5/209 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 30 ədəd - ML37019614F, ML37019613F, ML37019612F, ML37019632F, ML37019630F, ML37019629F, ML37019628F, ML37019627F, PF77603970B, PF77603969B, PF77603968B, PF77603967B, PF77603963B, PF77603964B, PF77603965B, PF77603966B, PF77603985B, PF77603986B, PF77603987B, PF77603921B, PF77603962B, PF77603978B, PF77603979B, PF77603980B, ML37019606F, ML37019607F, ML37019608F, ML37019609F, ML37019610F, ML37019611F seriya və nömrəli 100 ABŞ dolları nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş pul əskinaslardan 10 ədəd ML37019611F, ML37019632F, ML37019614F, ML37019630F, PF77603969B, ML37019629F, ML37019612F, PF77603968B, ML37019610F, PF77603970B nömrəli 100 ABŞ dolları nominallı pul əskinaslarının üzərində UB işıqda görünən “RÜŞVƏT 2021” yazıları aşkar olundu. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 61,52 (altmış bir, əlli iki) manatdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Xəzər rayon İcra Hakimiyyəti Başçısının 3 sentyabr 2018-ci il tarixli, 79 nömrəli əmri ilə Təqsirləndirilən şəxs rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və istifadəsində olan nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş, Şahid1 19 fevral 2021-ci il tarixdə 3.000 ABŞ dolları və 03 mart 2021-ci il tarixdə 3000 ABŞ dolları olmaqla ümumilikdə aldığı 6.000 ABŞ dolları pul, habelə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı əldə edilən videogörüntülərə dair məlumatların yazıldığı 4 ədəd “DVD” disklər maddi sübut kimi tanınmışdır. İş materiallarından görünür ki, 30 mart 2021-ci il tarixli qəbzə əsasən Təqsirləndirilən şəxs Şahid1 aldığı 10.000 manat pul tam şəkildə sonuncuya geri qaytarılmışdır. İş materiallarından görünür ki, 30 mart 2021-ci il tarixli qəbzə əsasən Təqsirləndirilən şəxs məxsus 500 ABŞ dolları və 5069 manat pul onun qardaşı X1 tam şəkildə təhvil verilmişdir. İş materiallarında olan Xəzər RİH başçısı tərəfindən verilmiş Xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Xəzər RİH başçısının Qala qəsəbə İƏD nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan doğum haqqında şəhadətnmələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş Baş İdarənin məhkumluq barədə 11 mart 2021-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə hərəkətin edilməsi müqabilində özü vasitəsi ilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etməsi onun özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi az ağır cinayətləri etiraf edərək səmimi peşman olmasını, iş və yaşayış yerləri üzrə müsbət xarakterizə edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həmçinin onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təyin edilmiş cərimə cəzaları qismən toplanmaqla üzərində qəti olaraq cərimə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 mart 2021-ci il tarixdən 05 may 2021-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) ay 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli və üzərində qəti olaraq cərimə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 61,52 (altmış bir, əlli iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs ətrafında texniki vasitələrdən istifadə etməklə gizli videoçəkiliş aparma əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı çəkilmiş 4 ədəd “DVD” disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardıma görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 15 iş saatına görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə 5000 (beş min) manat miqdarda cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddələri ilə 5000 (beş min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8000 (səkkiz min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 mart 2021-ci il tarixdən 05 may 2021-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) ay 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş 8000 (səkkiz min) manat miqdarda cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 5000 (beş min) manat miqdarda cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 61,52 (altmış bir, əlli iki) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Maddi sübut - Təqsirləndirilən şəxs ətrafında texniki vasitələrdən istifadə etməklə gizli videoçəkiliş aparma əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı çəkilmiş 4 ədəd “DVD” disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar