Məhkəmə qərarları › İş №1(003)-239/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-239/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-239/2021 05.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatında olan, Xəzər rayonu Albalılıq massivi yeni sahədə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdə, saat 00:30 radələrində etibarnamə ilə idarə etdiyi, Zərərçəkmiş şəxs3 məxsus “Mersedes-Benz E220 CDİ” minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna-Maştağa şosesi yolunda Abşeron 129 ünvanında saatda 50 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli və beləliklə də yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrinin hərəkət istiqamətlərini ayıran ağ qoşa 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək idarə etdiyi avtomobili qarşı hərəkət zolağına çıxararaq Zərərçəkmiş şəxs4 məxsus “X5” markalı, **- LY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən sürücü X1 hərəkəti üçün real təhlükə yaratmış və idarə etdiyi “Mersedes-Benz E220 CDİ” minik markalı, **- ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə “X5” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsini vurmuş, nəticədə ehtiyatsızlıqdan “X5” markalı avtomobildə olmuş sərnişinlər – 13 dekabr 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 hər iki süd vəzisinin qançırları, hər iki baldırın sıyrıqları, sol mil sümüyünün tipik yerdən sınığı ilə nəticələnən və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər, 15 iyun 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 hər iki süd vəzisinin qançırları, hər iki baldırın sıyrıqları, sol əlin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, 30 iyul 1992-ci il təvəllüdlü X2 hər iki dizin sıyrıqları, sağ bud-çanaq oynağının əzilməsi ilə nəticələnən və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, habelə “Mersedes-Benz E220 CDİ” minik markalı, **- ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar sahibi Zərərçəkmiş şəxs3 5.370 (beş min üç yüz yetmiş) manat məbləğində və “X5” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar sahibi Zərərçəkmiş şəxs4 7.495 (yeddi min dörd yüz doxsan beş) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, dostu Zərərçəkmiş şəxs3 məxsus olan “Mersedes-Benz 220” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili 23 may 2020-ci il tarixdə sürmək üçün etibarnamə ilə alaraq idarə edir. 19 mart 2020-ci il tarixdə isə sürücülük vəsiqəsi almışdır. Həmin avtomobillə bəzi vaxtlarda taksi kimi işləyir. 21 yanvar 2021-ci il tarixdə ad günü olmuş, şəhərdə “Sovetski” adlanan ərazidə yaşayan bacısının evində yığışıb ad gününü qeyd etmişlər. Təxminən saat 23:00 radələrində artıq bacısının evindən çıxıb etibarnamə ilə idarə etdiyi “Mersedes-Benz” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Buzovna-Maştağa yolu ilə yaşadığı evə getmişdir. Həmin vaxt o, maşında tək olmuşdur. Yanvar ayının 22-də, gecə təxminən saat 00:30 radələrində yolda hərəkətdə olarkən yol buzlu olduğundan sürüşkən olmuşdur. Saatda təxminən 60 km sürətlə hərəkətdə olarkən ani olaraq qarşıdan maşın işığı gəlməsini görmüş və nə baş verdiyini anlamamış, bu vaxt əks hərəkət istiqamətində hərəkət edən maşınla toqquşmuşdur. Maşınlar toqquşan kimi dayanmış və həmin vaxt artıq o, huşunu itirmişdir. Sonra nə baş verdiyini anlamamış və yadına o gəlir ki, onu təcili tibbi yardımın həkimi və polislər maşından çıxarıb xəstəxanaya aparmaq istəyirlər. Sonradan Sabunçu xəstəxanasında ona məlum olmuşdur ki, sağ ağayı sınmış və ona tibbi yardım göstərildikdən sonra yaşadığı evdə müalicə olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, o, idarə etdiyi avtomobillə hərəkətdə olarkən avtomobil buzlu yolda sürüşməsi nəticəsində əks hərəkət yoluna girmiş və onun idarə etdiyi avtomobil öz yolunda hərəkətdə olan sürücü Vüsal Azayevin idarə etdiyi “X5” markalı, **-LY-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və həmin maşında olan iki nəfər qadın müştəri xəsarət almışlar. O, hadisə vaxtı sərxoş halda olmamış, hadisədən sonra həmin gün sərxoşluğa görə tibbi müayinədən də keçmişdir. Onun idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobilin idarə edilməsi ilə bağlı hər hansı bir nasazlığı olmamış, avtomobildə hadisə vaxtı sərnişin və ya yük olmamışdır. Ehtiyatsızlıqdan törətdiyi bu əməldən səmimi peşman olmuşdur, böyük mənəvi sarsıntı keçirir. Məhkəmənin gedişində zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş maddi ziyanı tamamilə ödəmişdir və onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxslərlə barışmasının və onlara dəymiş ziyanın tamamilə ödənilməsinin nəzərə alınaraq onun barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, o, 21 yanvar 2021-ci il tarixdə, saat 00:30 radələrində rəfiqəsi Zərərçəkmiş şəxs2 ilə birlikdə Albalılıq qəsəbəsində taksiyə əyləşərək Binəqədi qəsəbəsindəki onun yaşadığı evə getmişlər. Şəhanə hamilə olduğundan və arxada oturanda ürəyi bulandığı üçün qabaq sərnişin oturacağında oturmuşdur. O isə arxa sağ tərəfdə oturmuşdur. Həmin gün hava şaxtalı olmuş və yolun üstü buz bağlamışdır. Taksi sürücüsü maşını asta sürətlə idarə etmişdir. Buzovna qəsəbəsinə az qalmış qarşıdan bir maşının gəldiyini görmüşdür. Həmin maşın onların olduğu taksiyə yaxınlaşanda sürüşməyə başlamış və idarəetməni itirərək öz yolundan onların getdiyi yola keçmiş və onların olduğu taksinin üstünə gəlməyə başlamışdır. Onların olduğu taksinin sürücüsü Vüsal maşını dayandırmağa çalışmış və uca səslə həmin maşının onların üstünə gəldiyini demişdir. Lakin həmin maşının sürəti çox olduğundan gəlib onların olduğu taksi maşınının qabaq tərəfindən vurmuş və toqquşma baş vermişdir. Toqquşma zamanı o, özünü saxlaya bilməyib oturduğu yerdən qarşı tərəfə atılmış və harasa dəydikdən sonra sol qolunda şiddətli ağrı yarandığı hiss etmiş, Şəhanənin isə ürəyi getmişdir. Vüsal isə qışqıraraq sol tərəfini hiss etmədiyini demişdir. Sonra hadisə yerinə gələn polis əməkdaşları və təcili tibbi yardım işçiləri onlara köməklik etmişlər və onları 3 saylı xəstəxanaya aparmışlar. Xəstəxanada ona məlum olmuşdur ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində onun sol qolu sınmışdır. Həmin yol-nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs hazırda onunla barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, 21 yanvar 2021-ci il tarixdə, saat 00:30 radələrində rəfiqəsi Zərərçəkmiş şəxs1 ilə birlikdə Albalılıq qəsəbəsində taksiyə əyləşərək Binəqədi qəsəbəsindəki onun yaşadığı evə getmişlər. O, hamilə olduğundan və arxada oturanda ürəyi bulandığı üçün qabaq sərnişin oturacağında oturmuşdur. Ziba isə arxa sağ tərəfdə oturmuşdur. Həmin gün hava şaxtalı olmuş və yolun üstü buz bağlamışdır. Taksi sürücüsü maşını asta sürətlə idarə etmişdir. Buzovna qəsəbəsinə az qalmış qarşıdan bir maşının gəldiyini görmüşdür. Həmin maşın onların olduğu taksiyə yaxınlaşanda sürüşməyə başlamış və idarəetməni itirərək öz yolundan onların getdiyi yola keçmiş və onların olduğu taksinin üstünə gəlməyə başlamışdır. Onların olduğu taksinin sürücüsü Vüsal maşını dayandırmağa çalışmış və uca səslə həmin maşının onların üstünə gəldiyini demişdir. Lakin həmin maşının sürəti çox olduğundan gəlib onların olduğu taksi maşınının qabaq tərəfindən vurmuş və toqquşma baş vermişdir. Toqquşma zamanı o, özünü saxlaya bilməyib oturduğu yerdən qarşı tərəfə atılmış və harasa dəydikdən sonra sinəsi və qarnında dəhşətli ağrı yarandığı hiss etmiş və ürəyi getmişdir. Sonra onu hadisə yerinə gələn polis əməkdaşları ayıltmışlar. Təcili yardım maşını gəldikdən sonra onları 3 saylı xəstəxanaya aparmışlar. Həmin yol-nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs hazırda onunla barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, “Mersedes-Benz 220” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, həmin avtomaşını idarə etmək üçün tanışı Təqsirləndirilən şəxs vermiş və Ənvər bir neçə aydır ki, həmin maşını idarə etmişdir. 22 yanvar 2021-ci il tarixdə Ənvər buzlu havada həmin avtomaşınla yol-nəqliyyat hadisəsi törətmişdir. O, Ənvərə avtomaşını idarə etmək üçün vermişdir. Hadisə nəticəsində Ənvər və qarşı maşında olan sürücü ilə sərnişinlər xəsarət almış, ona məxsus avtomobilə 5000 (beş min) manata yaxın maddi ziyan dəymişdir. Belə ki, hadisə zamanı həmin avtomaşının ön hissəsi yararsız hala düşmüşdür. Ənvər hazırda onunla barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, “X5” markalı, **-LY-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur və o, həmin avtomobili idarə etmək üçün tanışı Vüsal Azayevə idarə etmək üçün etibarnamə ilə vermişdir. O, avtomobili Vüsala hadisə baş verən gün vermişdir. 22 yanvar 2021-ci il tarixdə Vüsal buzlu havada həmin avtomaşınla yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı Vüsal, avtomaşında olan sərnişinlər və qarşı tərəfdə olan avtomobildə olmuş şəxslər xəsarət almışlar. Avtomaşının ön hissəsi hadisə zamanı yararsız hala düşdüyünə görə ona 3000 (üç min) manata yaxın ziyan dəymişdir. Həmin yol-nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs hazırda onunla barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 göstərdi ki, o, “X5” markalı, **-LY-*** dövlət nömrə nişanlı avtomobili gündəlik olaraq 20 manata icarəyə götürərək taksi şirkətləri ilə taksi kimi işləyir. 21 yanvar 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində iki nəfər qadın müştərini Buzovna qəsəbəsindən Binəqədi rayonuna aparmaq üçün onları yaşadıqları ünvandan götürmüş və Buzovna-Maştağa yolu ilə hərəkət etmişdir. Həmin gün yol buzlu olmuşdur. Saatda təxminən 50 km sürətlə hərəkətdə olmuşdur. Sərnişinlərdən biri qarşıda, digəri isə arxa sağda oturmuşdur. Saat 00:30 radələrində sağ yol ilə hərəkətdə olarkən təxminən 30-40 metr məsafədən görmüşdür ki, əks hərəkət yolunda olan “Mersedes” markalı bir avtomobil çox yüksək sürətlə hərəkət edir. Həmin avtomobil ona çatmağa təxminən 4-5 metr qalmış sürüşərək qoşa xətti keçib onun yoluna girmiş və düz onun üstünə gələrək onun idarə etdiyi avtomobillə tən ortadan toqquşmuşdur. O, hadisə vaxtı heç bir şey edə bilməzdi, aralarındakı məsafə çox az olmuşdur. Hadisə vaxtı tormoz verməmişdir, çünki qarlı-buzlu yollarda tormoz verdikdə maşın daha da sürüşür və saxlamaq mümkün olmur. Bundan sonra maşınlar dayanmışdır. Hadisə vaxtı sərxoş halda olmamış, həmin gün sərxoşluqla bağlı müayinə testindən də keçmişdir. Eləcə də hadisədən sonra hadisə yerinə təcili tibbi yardım gəlmiş və onları xəsarət aldıqlarına görə Sabunçu xəstəxanasına aparmışlar. Həmin yol-nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs hazırda onunla barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2021-cı il tarixli, 69 saylı rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində hər iki süd vəzisinin qançırları, hər iki baldırın sıyrıqları, sol mil sümüyünün tipik yerdən sınığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən, onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən 21 yanvar 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 25 yanvar 2021-cı il tarixli, 68 saylı rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində hər iki süd vəzisinin qançırları, hər iki baldırın sıyrıqları, sol əlin yumşaq toxumalarının əzilməsi aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən, onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən 21 yanvar 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 25 yanvar 2021-cı il tarixli, 70 saylı rəyindən görünür ki, 1992-cı il təvəllüdlü X1 bədəni üzərində hər iki dizin sıyrıqları, sağ bud-çanaq oynağının əzilməsi aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən, onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən 21 yanvar 2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 04 mart 2021-ci il tarixli, 8/359 saylı rəyindən görünür ki, “Mersedes-Benz E220” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin 18 fevral 2021-ci il tarixli 016-21183-1221 saylı məktubundan görünür ki, İdarənin kompyuter uçot bazasının məlumatlarına əsasən xx xxxxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 19 mart 2020-ci il tarixdə AD 221657 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsini dəqiqləşdirmək məqsədi ilə Azərbaycan Respublikası CPM-nin 260 və 261-ci maddələrin tələblərinə əsasən onun ifadəsinin yerində yoxlanılması keçirilmiş və o, ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bununla bağlı Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinə əsasən müvafiq protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 22 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 22 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 noyabr 2013-cü il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin 22 aprel 2013-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Qaradağ Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməklə həmin maddə ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 31 yanvar 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, zərərçəkmiş şəxslərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi faktı tam sübuta yetirildi. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X3 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 05 may 2021-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlarla barışaraq dəymiş maddi ziyanı tamamilə ödəmişdir, hazırda onların ondan heç bir şikayəti və ya tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsin barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razılığını, təqsirləndirilən şəxsin ehtiyatsızlıqdan törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və onlara dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X3 ilə barışdığına və onlara dəymiş maddi ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 100,00 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar