Məhkəmə qərarları › İş №1(003)-240/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-240/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-240/2021 19.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 mart 2021-ci il tarixdə təxminən saat 23 radələrində Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Mehdi Hüseynzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə pəncərənin metal barmaqlığını sındırma yolu ilə qanunsuz daxil olaraq oradan qiyməti 350 manat olan bir ədəd 2013-cü il Koreya istehsalı “LG” markalı “47LA6210” modelli televizoru oğurlayıb aparmaq istəyərkən həmin vaxt ərazidə xidmət aparan X3 Alayının 11-ci Patrul bölüyünün polis nəfərləri tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə törətdiyi cinayət əməlini başa çatdıra bilməyib oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Cinayət Məcəlləsinin 128, 181, 177 və 185-ci maddələri ilə dörd dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, sonuncu dəfə oğurluq etdiyinə görə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cəzaçəkmə müəssisəsində cəza çəkərkən yenidən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək cəzası əlavə 03 (üç) ay müddətə artırılmış, 15 aprel 2017-ci il tarixdə cəzasının sonu ilə azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra ailə həyatı qurmuş və Bakı şəhərində kirayə ev tutub yaşamağa başlamış, meyvə-tərəvəz alveri ilə məşğul olaraq ailəsini dolandırmışdır. 2021-ci ilin mart ayının əvvəllərində maddi vəziyyəti ilə əlaqədar oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə 05 mart 2021-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən Meyvəli bazarındakı kafedə yemək yeyib spirtli içki olan araq içdikdən sonra həmin gün təxminən saat 19 radələrində manatlıq taksi ilə əvvəlcə “Koroğlu” metrosunun yaxınlığına, oradan isə yenə də manatlıq taksi ilə Xəzər rayonu Şağan qəsəbəsinə gələrək orada oğurluq etməyə münasib ev axtarmağa başlamışdır. Təxminən 2 saat ərzində ev axtarmış və işıqları yanmayan ikimərtəbəli bir ev diqqətini çəkmişdir. Həmin evə tərəf gəlib görmüşdür ki, evdə heç kəs yoxdur. Çənin dəmirdən olan pilləkənləri vasitəsi ilə hasarın üstünə qalxmış və evin həyətinə düşüb görmüşdür ki, evin pəncərələri metal barmaqlıqla bağlanmışdır. Həmin metal barmaqlığı sındırmaq üçün həyətdən dəmir parçası və daş tapıb özü ilə götürərək pilləkənlə evin ikinci mərtəbəsinə qalxmışdır. Əvvəlcə daşla vuraraq metal barmaqlığı yerindən boşaltmış, sonra metal parçasının köməkliyi ilə metal barmaqlığı sındırmışdır. Daha sonra daşla pəncərənin şüşəsini vurub sındırmış, daşı həmin yerdən evin içərisinə atmış, bundan sonra oradan evə daxil olmuşdur. Məqsədi 300 manat məbləğində pul və ya eyni məbləğdə qızıl-zinət əşyaları oğurlamaq olmuşdur. Evdəki otaqların qapıları bağlı olduğuna görə onları açmaq üçün birini daşla vurub yararsız vəziyyətə salmış, birini isə çiyni ilə vuraraq kilidindən açmışdır. Təxminən 1 saat ərzində evin bütün otaqlarını axtarmış, lakin heç nə tapa bilməmişdir. Həmin vaxt evdə olan “LG” markalı televizoru oğurlamaq qərarına gəlmiş və onu olduğu yerdən götürüb bir kənara qoymuşdur ki, evdən çıxanda özü ilə aparsın. Bundan sonra evdən tapdığı pivə içkisini içərkən, evin çöl tərəfindən polis maşınının səsinin gəldiyini eşitmişdir. Daha sonra polis əməkdaşları evə yaxınlaşaraq onu çağırmağa başlamış və o, polis əməkdaşlarına təslim olduğunu bildirərək evə girdiyi pəncərədən çölə çıxıb onlara təslim olmuşdur. Həmin evə oğurluq etmək niyyəti ilə daxil olsa da, oradan heç nə oğurlaya bilməmişdir. Törətdiyi əməldən peşman olmuş, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə hazırlıq iclasında iştirak etmiş və 23 aprel 2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayarq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını və gələcəkdə də olmayacağını göstərmiş, buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Şağan qəsəbəsi Mehdi Hüseynzadə küçəsində şəxsi bağ evi vardır, orada əsasən yay aylarında yaşayırlar. Qalan aylarda isə ev boş olur, arada gəlib evə baş çəkib gedir. 06 mart 2021-ci il tarixdə təxminən saat 02 radələrində bağ qonşusu Zaur ona zəng edərək bildirmişdir ki, evlərində səs-küy var, evə kiminsə girməsindən şübhələnir. O, dərhal polisdə işləyən yaxın qohumu Cavidə zəng edərək məlumat vermiş, bir neçə dəqiqədən sonra Cavid ona zəng edib bildirmişdir ki, evlərindən oğurluq edən şəxsi tutmuşlar. Həmin şəxs pəncərənin metal barmaqlığını sındıraraq bağ evinə daxil olmuş və evin bəzi əşyalarını dağıtmış, otaqlar arasında olan seyf qapıları sındırmış, evin içərisindəki bir ədəd “LG” markalı televizoru isə yerindən çıxararaq kənara qoyulmuşdur. Bundan sonra o, bağ evinə gəlmiş və baş verən hadisənin şahidi olmuşdur. Evdə olan əşyalarının dağıdılıb sındırılması nəticəsində ona ümumilikdə 3000 manat maddi ziyan dəymişdir. “LG” markalı televizorunun qiyməti isə 980 manat təşkil edir. Buna görə də evindən oğurluq edən şəxsin cinayət məsuliyyətinə cəlb edilərək ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 Alayının Patrul bölüyünün polis nəfəri Şahid2 Raiq oğlu göstərdi ki, 06 mart 2021-ci il tarixdə təxminən saat 00:30 radələrində xidmətdə olarkən yaxın qohumu Zərərçəkmiş şəxs ona zəng edərək Şağan qəsəbəsində yerləşən bağ evində qonşuların eşitdikləri səs-küyə uyğun olaraq həyətdə adam olduğunu bildirmişdir. O, dərhal Şağan qəsəbəsində xidmət aparan postla birlikdə həmin ünvana getmişdir. Ünvanda həqiqətən dəmir barmaqlıqların sındırıldığını görmüşlər və bundan sonra evdə olan şəxsin çölə çıxmasını tələb etmişlər. Həmin şəxs qaçacaq yeri olmadığını görmüş və təslim olmuşdur. Onlar həmin şəxsi yaxalamış və əməliyyat qrupunu oraya dəvət etmişlər. Söhbət əsnasında saxlanılan şəxs etiraf edib bildirmişdir ki, həmin evə oğurluq etmək məqsədi ilə daxil olmuşdur. Daha sonra onların zəngi ilə ev sahibi də ünvana yaxınlaşmışdır. Əməliyyat qrupu ilə birlikdə saxlanılan şəxs Xəzər RPİ 1-ci PŞ-nə gətirilmiş və orada onun Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3, Şahid4, Şahid5, Şahid6 və X1 da oxşar, eyni məzmunlu ifadələr verərək Şahid2 Raiq oğlunun göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Zərərçəkmiş şəxs məxsus Şağan qəsəbəsi Mehdi Hüseynzadə küçəsində yerləşən bağ evi var və onun evi ilə qonşudur. Asimangil həmin evdə əsasən yay aylarında yaşayırlar. Qalan aylarda isə ev boş olur, arada gəlib evə baş çəkib gedirlər. 06 mart 2021-ci il tarixdə təxminən saat 02 radələrində Asimana məxsus evdə səs-küy olduğunu eşitmiş və evə kiminsə oğurluq etməyə girməsindən şübhələnərək Asimana zəng edib bu barədə məlumat vermişdir. Asiman bu barədə dərhal polisə məlumat verəcəyini və ardınca bağ evinə gələcəyini bildirib onunla sağollaşmışdır. Bir neçə dəqiqə sonra bağ evinin yanına polis əməkdaşları gəlmişlər. O, polis əməkdaşlarına evi göstərərək onlara köməklik etmişdir. Bundan sonra polis əməkdaşları evi əhatəyə alıb evə daxil olan şəxsi çağıraraq ona təslim olmasını bildirmişlər. Həmin şəxs də polis əməkdaşlarına təslim olacağını bildirmiş və təslim olmuşdur. Bir qədər sonra Asiman da həmin yerə gəlmişdir. Evə daxil olub görmüşlər ki, evə oğurluq etməyə girən şəxs pəncərənin metal barmaqlığını sındıraraq evə daxil olmuş və evin bəzi əşyalarını dağıtmış, otaqlar arasında olan seyf qapılarını sındırmış, evin içərisində olan bir ədəd “LG” markalı televizoru isə yerindən çıxararaq bir kənara qoymuşdur. İş materiallarında olan 06 mart 2021-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, hadisə Xəzər rayonu Şağan qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş və iş üçün əhəmiyyət kəsb edən bir ədəd “LG” markalı “47LA6210” model televizor götürülmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq eksertizasının 12 mart 2021-ci il tarixli 9/1379 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd 2013-cü il Koreya istehsalı “LG” markalı “47LA6210” modelli televizorun istifadə olunması nəzərə alınmaqla 2021-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 350,00 (üş yüz əlli) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarından görünür ki, iş üzrə əldə edilmiş bir ədəd “LG” markalı “47LA6210” model televizor maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2018-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 16 mart 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5 və 333.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 62 və 66.3-cü maddələrinə əsasən 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 iyul 2006-cı il tarixdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 03 (üç) il 08 (səkkiz) aya endirilmiş, Ağsu Rayon Məhkəməsinin 01 aprel 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 06 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 dekabr 2011-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2011-ci il tarixli qərarı ilə 09 (doqquz) ay 11 (on bir) gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş, Şamaxı Rayon Məhkəməsinin 18 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 yanvar 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,15 aprel 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 29, 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 08 mart 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdən 08 mart 2021-ci tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – bir ədəd “LG” markalı “47LA6210” model televizorun zərərçəkmiş şəxsə - sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdən 08 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 19 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - bir ədəd “LG” markalı “47LA6210” model televizorun zərərçəkmiş şəxsə - sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar