Məhkəmə qərarları › İş №1(003)-240/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-240/2022

01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-240/2022 01.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Kaspian” Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1994-cü il tarixdə Rusiya Federasiyasının Çesmenskiy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Ağdaş kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə etmiş və Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 mart 2019-cu il tarixdə Rusiya Federasiyası ərazisinə qardaşı X5 adına əldə etdiyi C02589430 nömrəli saxta ümumvətəndaş pasportundan istifadə etməklə keçdikdən sonra (həmin epizod üzrə barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.3 və 41.2-ci maddələrinə əsasən xitam verilmişdir) həmin pasportu istintaqla müəyyən edilməyən şəraitdə məhv etmişdir. Bir müddət Rusiya Federasiyası ərazisində yaşadıqdan sonra Azərbaycan Respublikası ərazisinə qayıtmaq qərarına gəldiyi üçün Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçə bilməyəcəyini yəqin bilib, bunun üçün zəruri sənədlərin yenidən saxtalaşdırılması yolu ilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçmək məqsədilə 12 oktyabr 2021-ci il tarixdə Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğuna gedib həmyerlisi, 18 aprel 1993-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş Azərbaycan Respublikası vətəndaşı Şahid1 anket məlumatları əks olunmuş, lakin özünə məxsus fotoşəkil həkk edilmiş Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında” Əsasnamə ilə müəyyən olunan, ciddi hesabat blankında tərtib edilmiş, Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləmiş Şahid4 tərəfindən imzalanmış və konsulluğun möhürü ilə təsdiq edilmiş rəsmi sənəd hesab olunan saxta 12 oktyabr 2021-ci il tarixli AA0223016 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini istintaqla müəyyən edilməyən şəraitdə əldə etmişdir. Həmin rəsmi sənədin saxta olduğunu bilə-bilə ondan istifadə edib 20 oktyabr 2021-ci il tarixdə, saat 03:30 radələrində Rusiya Federasiyasının Ufa şəhərində yerləşən X7 X4 Xidmətinin Sərhəd Xidmətinin nəzarət buraxılış məntəqəsinin əməkdaşlarına təqdim etməklə 2145 saylı Ufa - Bakı aviareysi ilə Azərbaycan Respublikasının dövlət ərazisinin hüdudlarını müəyyən edən xətt üzrə keçən şaquli hava səthindən mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçməklə Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən X15 Aeroportuna gəlmişdir. Qeyd olunan hüquq verən saxta rəsmi sənədi bilə-bilə istifadə etmək məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən X15 Aerportunun sərhəd nəzarəti şöbəsinin əməkdaşlarına təqdim edərkən Azərbaycan Respublikası Dövlət sərhəd xidməti əməkdaşları tərəfindən AA0223016 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin saxta olması müəyyən edilməklə saxlanılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, yaş yarım və iki yaş yarımlığında iki azyaşlı uşağı vardır. 2015-ci ilin oktyabr ayında özünə məxsus pasportla dövlət sərhədini keçərək Rusiya Federasiyasının Yekateriburq şəhərinə getmişdir. 2019-cu ilin fevral ayında Bakı şəhərinə qayıtmış və bir neçə gün Cəlilabad rayonunda qaldıqdan sonra 11 fevral 2019-cu ildə yenidən Rusiya Federasiyasına getmişdir. Lakin Rusiya Federasiyasının sərhədçiləri Rusiya Federasiyasına girişinə məhdudiyyət qoyulduğunu bildirilərək onu geriyə Azərbaycan Respublikasına qaytarmışlar. Arvadı Rusiya Federasiyası vətəndaşı olduğundan və orada yaşadığından onun yanına getmək üçün qardaşı Elçin Qasımovun adına olan şəxsiyyət vəsiqəsini və hərbi biletini onun məlumatı olmadan Cəlilabad rayonu Ağdaş kəndində yaşadıqları evdən götürüb Masallı rayonunda yerləşən “Asan Xidmət” Mərkəzinə müraciət edərək pasportunu itirdiyini və yeni pasport almaq istədiyini bildirmişdir. Pasportunu itirməyə görə cərimə ödəyərək bir neçə gün sonra yeni pasportunu almışdır. Pasportda Elçinin anket məlumatları qeyd olunsa da, üzərinə onun fotoşəkli vurulmuşdur. 03 mart 2019-cu il tarixdə “Asan Xidmət” Mərkəzindən qardaşı X5 şəxsi məlumatları olan, lakin üzərinə onun fotoşəkili vurulmuş C02589430 nömrəli pasport almışdır. Həmin pasport əsasında 04 mart 2019-cu ildə Rusiya Federasiyasının Xantı-Mansisk şəhərinə getmiş və 1-2 gün sonra pasportu orada tullamışdır. Anası ruhi xəstə olduğundan onu görmək üçün Azərbaycan Respublikasına qayıtmaq qərarına gəlmişdir. Bunun üçün 2021-ci ilin oktyabr ayının əvvəllərində əvvəldən tanıdığı, əsasən sənəd düzəltmək işləri ilə məşğul olan Qabil adlı şəxsin +7 912 692 71 37 mobil nömrəsinə zəng edərək danışmışdır. Qabil Azərbaycan Respublikasının vətəndaşının adına olan istənilən bir sənədi ona verməsini və həmin sənəd əsasında Yekaterinburq şəhərində yerləşən Azərbaycan Respublikasının Konsulluğundan “itmə” sənədi düzəldə biləcəyini və həmin sənəd əsasında Azərbaycan Respublikasına gedəcəyimi demişdir. O, Cəlilabad rayonunun Ağdaş kəndində qonşusu olan Şahid1 məxsus və onun şəxsi avtomobilində olan pasportun rus dilinə tərcümə olunmuş səhifəsini “Watsapp” ilə Qabilə göndərmişdir. Onun bank hesabı olmadığına görə Qabilə verəcəyi 11000 rus rublu pulu Nizniye Sergi şəhərində təsadüfən tanış olduğu Elməddin adlı şəxsə vermiş, Elməddin də, pulu özünün “CBEPBAHK” adlanan bankdakı hesabından Qabilin verdiyi hesaba köçürmüşdür. Qabilin göstərişi ilə səhərisi günü saat 10:00-da Yekaterinburq şəhərindəki Konsulluğun qarşısına gəlmiş və Saleh adlı təxminən 55 yaşlı, kök bədənli, 1.65 m hündürlükdə, qaraşın, seyrək ağ saçlı, saqqalsız bir şəxs gələrək ondan Feyruzun adına olan sənədlərə baxmaq istədiyini bildirmiş və baxıb əlavə içəridə yəni Konsulluqda rüsum olaraq 2000 rus rublu ödəyəcəyini deyərək içəri girmişdir. O isə növbə götürüb gözləmişdir. Sırası çatanda qeydiyyatçı kimi bildiyi 28-30 yaşlarında, qəhvəyi uzun saçlı, saçları qaşlarının üstündən olan, Azərbaycan dilində danışan qadına yaxınlaşmış və həmin qadına özünü Feyruz Əsədov kimi təqdim edib “itmə” sənədi almaq üçün müraciət etdiyini bildirmişdir. Qadının tələbi ilə fotoşəkillərini, Feyruza aid sənədin surətini və 2000 rus rublu rüsumu təqdim etmişdir. Orada bir neçə sənədə imza etdikdən sonra qadın iki saat sonra yaxınlaşıb sənədi götürə biləcəyini demişdir. Bundan sonra Konsulluqdan çıxıb Saleh ilə həyətdə görüşmüş və Saleh iki saat sonra tək gəlib sənədi götürəcəyini demişdir. Bir neçə saat sonra Konsulluğa gedib jurnala imza edərək həmin qadından “itmə” sənədi, yəni Azərbaycana qayıdış şəhadətnaməsini təhvil almışdır. Bundan sonra bir həftə Yekaterinburq şəhərində tanışı rus qadının evində qalmış və Qabilin kartına arvadı Elmira Mirzəyevanın adına olan “CBEPBAHK”dakı hesabdan aviabiletin və covid testinə görə sağlamlıq arayışın alınması üçün 16500 rus rublu göndərmişdir. Sonrakı günlərdə Qabil ilə görüşüb birlikdə covid testi verməyə getmişlər və Qabil ona aviabileti vermişdir. 19 oktyabr 2021-ci il tarixdə Ufa-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmiş və qayıdış şəhadətnaməsini dövlət sərhədinə təqdim etmişdir. Lakin yoxlama zamanı onun dövlət sərhədindən çıxışı müəyyən edilmədiyi üçün onu saxlamışlar. Sorğu-sual zamanı o, qayıdış şəhadətnaməsində qeyd olunmuş Şahid1 olmadığını bildirmiş və özünə məxsus C00183908 nömrəli pasportunu sərhəd naryadına təqdim etmişdir. İki azyaşlı uşağının olduğunu bildirərək cərimə cəzasının təin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, X15 X10 şöbəsində nəzarətçi vəzifəsində işləyir. 20 oktyabr 2021-ci il tarixdə, saat 03:30-da X15 X10 şöbəsində Terminal-1 uçub gəlmə xəttində xidmətdə olduğu zaman R-2145 saylı Ufa-Bakı aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn 18 aprel 1993-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Şahid1 AA0223016 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini təqdim etmişdir. O, qayıdış şəhadətnaməsini rəsimiləşdirən zaman İAMAS-da sərhədkeçmə əlaqələrinin pozuntusunu aşkar edib bu barədə növbə rəisi Şahid2 məruzə etmişdir. Şahid2 özünü Şahid1 kimi tanıdan şəxsin qayıdış şəhadətnaməsini yoxladığı zaman həqiqətən də, sərhədkeçmə əlaqələrinin pozuntusunu, həmin sənədin Şahid1 aid olmadığını müəyyən edərək bu barədə aidiyyəti üzrə məruzə etmişdir. Bundan sonra saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuş və Təqsirləndirilən şəxs özünə aid olan C00183908 nömrəli Azərbaycan Respublikasının pasportunu onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq Dövlət Sərhəd Xidmətinin İstintaq şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid X15 X10 şöbəsinin baş nəzarətçisi Şahid2 istintaq zamanı Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. 02 iyul 2022-ci il tarixdə məhkəməyə teleqram vuraraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, hal-hazırda məzuniyyətdə olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilmədiyini qeyd etmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının konsulluğu yarandıqdan sonra o, konsul vəzifəsinə təyin olunmuş, 2016-cı ildən 2018-ci ilə qədər baş konsulun vəzifəsini icra etmişdir. Azərbaycan Respublikası Prezidentinin 02 aprel 2018-ci il tarixli sərəncamı ilə baş konsul vəzifəsinə təyin edilmiş və dövlət başçısının 29 noyabr 2021-ci il tarixli sərəncamı ilə həmin vəzifədən geri çağırılmışdır. 2021-ci ilin oktyabr ayı ərzində işlədiyi baş konsulluqda qayıdış şəhadətnaməsi almaq üçün müraciət edən şəxsin anket məlumatlarında qeyd etdiyi müəyyənedici məlumatlarının həqiqətən şəxsin özünə məxsus olub-olmamasının yoxlanılması üçün qeyd edilən məlumatlar İAMAS sisteminə icazəsi olan həmin tarixlərdə baş konsulluğun vitse-konsulu işləmiş Fərid Məmmədov tərəfindən yoxlanılmalı idi. Ümumiyətlə qayıdış şəhadətnaməsinin verilməsi İAMAS sistemi vasitəsi ilə yoxlanılaraq həyata keçirilir. Onun işlədiyi dövrdə baş konsulluqda həmin sistemə icazəsi olan şəxs vitse-konsul Fərid Məmmədov olmuşdur, lakin onun işləri çox olduğundan baş konsulluqda İAMAS sistemi ilə işləməyi ştatdan kənar əməkdaş Rəqsanə Məmmədovaya tapşırmışdır. Rəqsanə Məmmədovanın işə götürülməsi baş konsulluğun müraciəti əsasında XİN ilə razılaşdırılmış qaydada 2014-cü ildə ondan əvvəlki, baş konsul tərəfindən həyata keçirilmiş, lakin 3 ildən bir yenilənən müqaviləni sonuncu dəfə 2020-ci ildə o, təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs, Şahid1 Fariz oğlu və X17 adlı, habelə “Saleh” adlı şəxsləri tanımamış, aralarında hər hansı münasibət olmamışdır. Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə onun baş konsul vəzifəsində işlədiyi dövrdə onun imzası ilə təsdiq olunmuş Şahid1 adlı şəxsin adına AA0223016 №-li qayıdış şəhadətnaməsi alması barədə qabaqcadan məlumatı olmamış, qəbulda oturan əməkdaş X3, konsul vəzifəsində Şahid5, vitse konsul X11, maliyyə məsələləri üzrə attaşe Etibar Quliyev olmuşdur. Ümumi qaydalara uyğun olaraq Rəqsanə Məmmədova ərizə-anket və qoşma sənədləri toplamış, onun daxili göstərişi ilə sistemə icazəsi olan vitse-konsul Fərid Məmmədov deyil Rəqsanə Məmmədova özü İAMAS sistemi üzrə yoxlamanı həyata keçirmiş, daha sonra topladığı sənədləri əvvəlcə konsul Şahid5, daha sonra ona təqdim etmiş, rüsumların reyestrına dair sənədi isə maliyyə məsələləri üzrə attaşe Etibar Quliyevə təqdim etmişdir. Qayıdış şəhadətnaməsinin verilməsi üçün Təqsirləndirilən şəxs müraciətinə əlavə edilmiş sənədlərin arasında ərizə-anketin olmadığı halda və Şahid1 ilə Təqsirləndirilən şəxs aid fotoşəkillər arasında kəskin fərq olduğu halda o, iş yükünün ağırlığı, sənədlərin çoxluğu səbəbindən müraciətə əlavə edilmiş sənədlərə baxmamış və diqqətsizlik edərək qayıdış şəhadətnaməsini imzalamışdır. Həmçinin qayıdış şəhadətnaməsinin verilməsi üçün “Qabil” adlı şəxsin vasitəsilə 11000 rus rublu rüşvət verməsi və qayıdış şəhadətnaməsinin verilməsinə görə 10 ABŞ dolları rüsum nəzərdə tutulduğu halda Baş Konsulluqda Təqsirləndirilən şəxs dövlət rüsumu adı ilə 2000 rus rublu alınması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 istintaq zamanı ifadəsində göstərmişdir ki, 2012-ci ildən işləmək məqsədi ilə Rusiya Federasiyasının müxtəlif şəhərlərinə gedib-gəldiyi üçün Rusiya dövlət qurumlarında tələb olunduğuna görə xarici pasportunun rus dilində tərcümə olunmuş və təsdiq edilmiş surətini xarici pasportunun içində daşımışdır. 09 dekabr 2017-ci il tarixdə Rusiyaya gedib orada Serov şəhərində yaşadığı müddətdə P4837479 №-li xarici pasportunu itirmiş və pasportunun rus dilində təsdiq olunmuş surətini itirmişdir. Buna görə də, ölkəyə qayıtmaq üçün Yekaterinburq şəhərində yerləşən Baş Konsulluğa müraciət edərək öz şəxsiyyət vəsiqəsinin əslini və dövlət rüsumu kimi tələb olunan 2000 rus rublunu təqdim etmiş və qayıdış şəhadətnaməsini alıb 12 iyun 2018-ci il tarixdə ölkəyə qayıtmışdır. Ölkəyə qayıdandan sonra Masallı rayonunda yerləşən “Asan Xidmət” Mərkəzinə müraciət edərək 15 yanvar 2019-cu il tarixdə yeni C02238268 nömrəli xarici pasportu alıb rus dilinə tərcümə olunmuş və təsdiqlənmiş surətini arasında saxlamışdır. 27 yanvar 2019-cu il tarixdə Rusiyanın Serov şəhərinə gedib bir qədər işlədikdən sonra 15 mart 2020-ci il tarixdə ölkəyə qayıtmış və bir daha ölkəni tərk etməmişdir. Həmin pasportu və təsdiq olunmuş surətini evində saxlamışdır. Sonradan bilmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs onun itmiş pasportunun təsdiq olunmuş surətini Yekaterinburq şəhərindəki Konsulluğa təqdim edərək və öz anket məlumatları kimi onun anket məlumatlarını təqdim edərək onun adına, lakin öz fotoşəkili olan qayıdış şəhadətnaməsi almış və ölkəyə girmək istəyəndə X15 Aeroportunda sərhədçilər tərəfindən saxlanılmışdır. Murad bildirmişdir ki, onun pasportunun surəti Muradın avtomobilində qalmış, lakin sənədi avtamobilində tapanda bu barədə ona deməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 istintaq zamanı ifadəsində göstərmişdir ki, 01 iyun 2018-ci il tarixdə RF-nin Yekaterinburq şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun vitse-konsulu, 01 fevral 2019-cu il tarixdə isə konsul vəzifəsinə təyin olunmuş və 30 dekabr 2021-ci il tarixədək həmin vəzifədə işləmişdir. Baş konsul Şahid4 29 noyabr 2021-ci il tarixdə geri çağırıldıqdan sonra baş konsul vəzifələrinin icrası ona həvalə edildiyinə görə ezamiyyət müddəti 31 yanvar 2022-ci il tarixədək uzadılmış və həmin tarixdə tutduğu vəzifədən azad olunaraq geri çağırılmışdır. 2021-ci ilin oktyabr ayı ərzində Yekaterinburq şəhərindəki Baş Konsulluqda qayıdış şəhadətnaməsi almaq üçün müraciət edən şəxsin anket məlumatlarında qeyd etdiyi müəyyənedici məlumatların həqiqətən şəxsin özünə məxsus olub-olmamasının yoxlanılması üçün qeyd edilən məlumatlar İAMAS sistemində baş konsulluğun vitse-konsulu işləmiş Fərid Məmmədov tərəfindən yoxlanılmalı idi. Lakin Şahid4 həmin işi ştatdankənar əməkdaş Rəqsanə Məmmədovaya tapşırmış, Fərid Məmmədov isə yalnız dəftərxana işləri ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs, Şahid1 Fariz oğlu və X6, habelə “Saleh” adlı şəxsləri tanımır. Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə Şahid4 imzası ilə təsdiq olunmuş Şahid1 adlı şəxsin adına AA0223016 №-li qayıdış şəhadətnaməsi aldığını və bunun müqabilində “Qabil” adlı şəxs vasitəsilə 11000 rus rublu məbləğində pul verdiyini istintaq zamanı öyrənmişdir. Ümumi qaydalara uyğun olaraq X18 Qasımova aid olan qayıdış şəhadətnaməsinə dair qoşma sənədləri toplamış, İAMAS sistemi üzrə yoxlamanı həyata keçirmiş və topladığı sənədləri baş konsul Şahid4, rüsumların reyestrına dair sənədi isə maliyyə məsələləri üzrə attaşe Etibar Quliyevə təqdim etmişdir. Şahid4 isə diqqətsizlik edib qayıdış şəhadətnaməsini imzalamışdır. 04 iyul 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini qeyd etmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş şahidlər Şahid4 və Şahid5 arasında üzləşdirmə keçirilmiş və Şahid4 ifadəsində 2021-ci ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə Şahid5 “dostsan, qardaşsan, xahiş edirəm sənədləri (qayıdış şəhadətnamələrinə əsas verən sənədləri) sən də yoxla” dediyini, həmçinin Rəksanə Məmmədovaya da ayrıca olaraq həmin sənədləri əvvəlcə yoxlaması üçün Şahid5 təqdim etməsini tapşırdığını, həmin vaxtdan Rəksanə Məmmədovanın sənədləri ondan əvvəl Şahid5 təqdim etdiyini, sonuncunun da sənədləri yoxladığını zənn etdiyi üçün əvvəlki ifadəsində qayıdış şəhadətnaməsinin verilmə prosesində ondan əvvəl Şahid5 da sənədləri yoxladığını göstərmişdir. Şahid5 da üzləşmədə “bu barədə tapşırıq verməyinizi xatırlamıram. Əgər belə bir tapşırıq vermiş olsaydınız mən mütləq həmin tapşırığı icra etmiş olardım, ən azından hər hansı qaydada viza verməklə və s. yazılı qaydada sənədləri yoxladığımı təsdiq etmiş olardım, yoxsa Rəksanə Məmmədovanın şifahi sözü ilə guya mənim sənədləri yoxladığıma inanmaq düzgün deyil” məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-portret ekspertizasının 3/1819 nömrəli rəyindən görünür ki, Şahid1 adına verilmiş AA0223016 №-li Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsində olan fotoşəkildə və həmin sənədlə X2 keçərkən müşahidə sistemləri ilə çəkilmiş fotoşəkildə Təqsirləndirilən şəxsun əks olunduğu müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin sənədlərin məhkəmə-texniki ekspertizasının 5/1215 nömrəli rəyindən görünür ki, Şahid1 adına verilmiş AA0223016 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blankının həqiqi AZE seriyalı AA0000000 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin nümunəsi ilə eynilik təşkil etməsi, üzərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməməsi və möhür əksinin relyef klişedən sənədin üzərinə birbaşa vurulduğu müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin sənədlərin məhkəmə-xətşünaslıq ekspertizasının 4/270 nömrəli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli AA0223016 nömrəli şəhadətnamənin “Şəhadətnaməni verən vəzifəli şəxsin imzası” qrafasında olan imza Şahid4 tərəfindən icra olunmuşdur. Qeyd olunan şəhadətnamənin “Şəhadətnaməni təqdim edən şəxsin imzası” qrafasında olan imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş Xarici İşlər Nazirliyinin 03 fevral 2022-ci il tarixli, 1816 №-li məktubundan görünür ki, 20 dekabr 2021-ci il tarixinə qədər Baş konsulluqda aparılan konsulluq əməliyyatları ilə bağlı qeydiyyat jurnalları olmamış, uçot olmamış, əməliyyatların təyinatı üzrə ərizə, ərizə-anket doldurulmamış, dövlət rüsumu vətəndaşlardan nağd qəbul olunaraq, günün sonunda və ya bir sonrakı gün toplu şəkildə banka yatırıldığı üçün müraciətçinin adına görə yatırılmış ödəniş qəbzi müəyyən olunmamışdır. Habelə, Baş konsulluqda vəzifə təlimatları və vəzifələr üzrə funksiyaların müəyyən olunması ilə bağlı hər-hansı bir yazılı əmr və təlimat da, olmamışdır. Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki keçmiş baş konsulu Şahid4 imzası ilə rəsmiləşdirilən AA0223016 nömrəli Azərbaycan Respubulikasına qayıdış şəhadətnaməsi ilə bağlı Baş konsulluğun arxivində yalnız Şahid1 adına P4837479 nömrəli ümumvətəndaş pasportunun surəti, AA0223016 nömrəli Azərbaycan Respubulikasına qayıdış şəhadətnaməsinin surəti və bir ədəd fotoşəkil aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Xarici İşlər Nazirliyinin 09 mart 2022-ci il tarixli, 3986 №-li məktubundan görünür ki, keçən dövr ərzində Baş konsulluqda daxili əmr olmadığından “Giriş-çıxış və qeydiyyat" İAMAS-a daxil olmaq səlahiyyəti rəsmi olaraq müəyyən olmamışdır. Lakin əməkdaşlar arasında aparılan daxili sorğu əsasında 2021-ci ilin oktyabr ayında İAMAS-a daxil olmaq üçün elektron açarların keçmiş Baş konsulun nəzarətində olmaqla Baş konsulluğun ştatdankənar əməkdaşı Rəqsanə Məmmədova tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Müvafiq dövr üzrə Baş konsulluqda əmək funksiyalarının təsdiq edilməsi barədə daxili əmr, təlimat və s. aşkar olunmamış, Baş konsulluqda quraşdırılmış kamera qurğularının qeydiyyat müddəti bir ay olduğundan müvafiq dövrün kamera görüntülərinin təqdim olunması mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsuluğunun RF-da fəaliyyət göstərən “VTB” bankda mövcud hesabdan çıxarışından görünür ki, 18 oktyabr 2021-ci il tarixdə hesaba 76,100 rus rublu vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsuluğunun 12 oktyabr 2021-ci il tarixdə aparılan konsul əməliyyatlarına görə dövlət rüsumlarının cədvəlindən görünür ki, həmin tarixdə Şahid1 adına AA0223016 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsinə görə 730 rus rublu dövlət rüsumu alınmışdır. İş materiallarında olan 31 mart 2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, həmin əmək müqaviləsi Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki baş konsulu Şahid4 ilə Rusiya vətəndaşı X3 arasında bağlanmış, Rəqsanə Məmmədova konsulluqda texniki əməkdaş - katibə işinə qəbul edilmiş və onun əmək funksiyaları konsulluq bölməsinin sənədlərinin arxivləşdirilməsi, konsulluq məsələləri üzrə telefon zənglərinə cavab verməkdən ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş İAMAS məlumatından görünür ki, Cənub bölgəsində regional şöbə tərəfindən 22 aprel 2011-ci il tarixdə X5 anket məlumatları və fotoşəkili əsasında, P4378198 nömrəli ilk pasport verilmişdir. İş materiallarına əlavə edilmiş İAMAS məlumatından görünür ki, Cənub bölgəsində regional şöbə tərəfindən 26 yanvar 2013-cü il tarixdə X5 anket məlumatları və fotoşəkili əsasında, əvvəlki - P4378198 nömrəli pasportun itməsi səbəbi ilə, P5211803 nömrəli pasport verilmişdir. İş materiallarında olan sərhədkeçmə haqqında məlumatlardan görünür ki, X1 dəfə xx.xx.2018-ci il tarixdə P5211803 nömrəli pasport əsasında Samur sərhəd nəzarət məntəqəsindən ölkəni tərk etmişdir. İş materiallarında olan sərhədkeçmə haqqında məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 12 fveral 2019-cu il tarixdə özünə məxsus C00183908 nömrəli pasport əsasında Samur sərhəd nəzarət məntəqəsindən ölkəni tərk etmək istəmiş, lakin müqabil ölkə qəbul etmədiyi üçün araşdırılıb ölkəyə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş İAMAS məlumatından görünür ki, Masallı “ASAN xidmət” mərkəzinin əməkdaşı Səbinə Rəfiyeva tərəfindən 03 mart 2019-cu il tarixdə saat 13:23-də X5 anket məlumatları, lakin Təqsirləndirilən şəxs fotoşəkili əsasında, əvvəlki sənədin itməsi səbəbi ilə C02589430 nömrəli saxta pasport verilmişdir. İş materiallarına əlavə edilmiş sərhədkeçmə haqqında məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2019-cu il tarixdə X5 anket məlumatları, lakin özünün fotoşəkili əsasında tərtib olunmuş həmin C02589430 nömrəli saxta pasport əsasında Samur sərhəd nəzarət məntəqəsindən ölkəni tərk etmişdir. İş materiallarında olan sərhədkeçmə haqqında məlumatlardan görünür ki, Şahid1 09 dekabr 2017-ci il tarixdə özünün adına olan P4837479 nömrəli pasport əsasında Samur sərhəd nəzarət məntəqəsindən ölkəni tərk etmiş və 12 iyun 2018-ci il tarixdə ölkəyə qayıdış şəhadətnaməsi əsasında geri qayıtmışdır. Bu da Şahid1 P4837479 nömrəli pasportunu həmin dövrdə itirdiyini təsdiq edir. İş materiallarında olan İAMAS məlumatından görünür ki, Masallı “ASAN xidmət” mərkəzi tərəfindən 18 yanvar 2019-cu il tarixdə Şahid1 əvvəlki sənədin itməsi səbəbi ilə C02238268 nömrəli pasport verilmişdir. İş materiallarına əlavə edilmiş sərhədkeçmə haqqında məlumatlardan görünür ki, Şahid1 sonuncu dəfə 09 sentyabr 2019-cu il tarixdə C02238268 nömrəli pasport əsasında Xanoba sərhəd nəzarət məntəqəsindən ölkəni tərk etmiş və 15 mart 2020-ci il tarixdə həmin pasportla ölkəyə geri qayıtmışdır. İş materiallarına əlavə edilmiş sərhədkeçmə haqqında məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2021-ci il tarixdə AA0223016 nömrəli saxta qayıdış şəhadətnaməsi əsasında ölkəyə geri qayıtmağa cəhd etmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin 18 yanvar 2022-ci il tarixli, 4552 №-li əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasında yaxın qohumları yaşadığı üçün 2014-cü ildən mütəmadi olaraq ora işləmək və yaxınlarına baş çəkmək məqsədi ilə getmiş, 2015-ci ildə Rusiya Federasiyasının Sverdlov vilayətinin Sosiva qəsəbəsində yaşadığı zaman oradan deportasiya edilməsi barədə qərar qəbul edilmişdir. Lakin Təqsirləndirilən şəxs Nijne-Serqi şəhərinə köçərək bir müddət orada əvvəllər öz həmkəndlisi Şahid1 qaldığı mənzildə yaşamış, həmin mənzildə qaldığı müddətdə Şahid1 məxsus sənədləri aşkar etmiş və deportasiya olunduğuna baxmayaraq Rusiya Federasiyasında qalmağa davam etdiyinə görə həbs olunacağından qorxduğu üçün həmin sənədləri Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğuna apararaq Şahid1 məxsus AA0223016 nömrəli qayıdış şəhadətnaməsi əldə etmişdir. 20 oktyabr 2021-ci il tarixdə həmin qayıdış şəhadətnaməsi ilə Rusiya Federasiyasının Ufa şəhərindən Azərbaycan Respublikasına qayıtmışdır. Həmçinin, Təqsirləndirilən şəxs hər hansı cinayətkar fəaliyyətin, eləcə də “kriminal aləm”in üzvləri ilə yaxınlığı müəyyən edilməmişdir. İş materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin 29 yanvar 2022-ci il tarixli, 255 №-li əməliyyat tapşırığına cavab məktubundan görünür ki, ətrafda Yusif kimi tanınan Təqsirləndirilən şəxs 2015-ci ildə RF-nin Sverdlov vilayətinin Sosiva qəsəbəsində yaşadığı dövrdə deportasiya olunmuş və bir müddət Serov şəhərində qanunsuz yaşamış, bundan sonra o, qeyd olunan vilayətin Nijne Serqi şəhərindəki həmkəndlisi – 18 aprel 1993-cü il tarixdə anadan olmuş Şahid1 kirayənişin yaşadığı mənzildə məskunlaşmış və həmin vaxt sonuncuya məxsus sənədlərin kserosurəti ilə Azərbaycan Respublikasının RF-nin Yekaterinburq şəhərindəki Baş Konsulluğu vasitəsilə qayıdış şəhadətnaməsi əldə edərək Azərbaycan Respublikasına qayıtmışdır. Təqsirləndirilən şəxs atası - X8 uzun müddətdir RF-də məskunlaşmış və ailə üzvləri ilə əlaqə saxlamır, anası - X9 xx.xx.1968-ci il tarixdə Cəlilabad rayonunun Ağdaş kəndində anadan olmuş, Cəlilabad rayon Mərkəzi Xəstəxanasında ruhi-əsəb kabinetinin qeydiyyatdadır. X21 RF-nin Oktyabrski rayonunda, bacıları Sevda RF-də, Baxçagül isə Bakı şəhərində ailələri ilə birgə yaşayırlar. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinin xx.xx.2021-ci il tarixli 18333 №-li məktubundan görünür ki, X5 anket məlumatları əsasında qardaşı Təqsirləndirilən şəxs C02589430 nömrəli saxta pasportu rəsmiləşdirdiyinə görə DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinə bilavasitə tabe olan Masallı “ASAN xidmət” mərkəzi üzrə regional qrupun kiçik inspektoru, polis baş serjantı X13 barəsində idarənin əmri ilə intizam tənbehi tədbiri görülmüşdür. X5 anket məlumatları ilə doldurulmuş ərizə-anket, hərbi bilet, şəxsiyyət vəsiqəsi və dövlət rüsumunun ödənilməsi haqqında qəbz Təqsirləndirilən şəxs adına C02589430 nömrəli saxta pasportun rəsmiləşdirilməsinə əsas olmuşdur. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon polis şöbəsinin 11 noyabr 2021-ci il tarixli 78104 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində polis şöbəsində təqsirləndirici və nüfuzdansalıcı rəsmi material olmamış, lakin əməliyyat yolu ilə yoxlanılarkən cəmiyyət arasında mənfi xarakterizə olunmaları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Respublikası Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin 27 oktyabr 2021-ci il tarixli 9188 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarına əlavə edilmiş Respublikası Narkoloji Mərkəzi publik hüquqi şəxsin 05 noyabr 2011-ci il tarixli xx/xx-12594 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamışdır. İş materiallarına əlavə edilmiş X15 X10 şöbəsinin “Xidmətin təşkili plan”ından çıxarışdan görünür ki, 19 oktyabr 2021-ci il tarixdə, saat 09:00-dan 20 oktyabr 2021-ci il tarixdə, saat 09:00-dək kapitan Şahid2 növbə rəisi qismində və baş gizir Şahid3 sənədlərin yoxlanışı üzrə xidmət aparmışlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair tələbnaməsindən görünür ki, xx xxxxxx 1994-cü il tarixdə Rusiya Federasiyasının Çesmenskiy rayonunda anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 318.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Tural Hümmət-zadənin sübutların qiymətləndirilməsi haqqında 18 aprel 2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə müvafiq qaydada əldə edilmiş saxta AA0223016 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi öz xüsusiyyətlərinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına, üzərilərində hadisənin izlərini saxladıgına görə cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işindən ayrılmış ********* №-li cinayət işində saxlanılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut cinayət işi üzrə müvafiq qaydada əldə edilmiş saxta AA0223016 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin cinayət işindən ayrılmış ********* №-li cinayət işində saxlanılması nəzərə alınmalıdır. İş üzrə 331,65 (üç yüz otuz bir manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla o, qəti olaraq 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut cinayət işi üzrə müvafiq qaydada əldə edilmiş saxta AA0223016 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin cinayət işindən ayrılmış ********* №-li cinayət işində saxlanılması nəzərə alınsın. İş üzrə 331,65 (üç yüz otuz bir manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar