Məhkəmə qərarları › İş №1(003)-244/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-244/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-244/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, M.Maqomayev küçəsi, ev 6A-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda ƏN-nin PX-nin 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə 15 fevral 2022-ci il tarixdə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri hesab olunan Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən nömrəsiz bağ evinin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə həyətdə yerləşən tövlənin taxta qapısını açma yolu ilə tövləyə qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 250 manat olmaqla ümumilikdə dəyəri 1000 manat olan 4 baş qoyunları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 cəmi 1000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tamah niyyəti ilə 30 avqust 2022-ci il tarixdə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs2 İsgəndər oğluna məxsus yaşayış sahəsi hesab olunan Xəzər rayonu, Türkan qəsəbəsi, bağlar massivində yerləşən nömrəsiz bağ evinin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə evin plastik pəncərəsinin dəmir barmaqlığını sındıraraq pəncərəni açma yolu ilə evə qanunsuz daxil olaraq oradan ümumilikdə 2000 manat qiymətində olan 03 ədəd motesiklet matorunu, 01 ədəd işıq tənzimləyicini, 01 ədəd elektrik qızdırıcısını, 02 ədəd motosiklet təkərini və işıq üçün nəzərdə tutulmuş tənzimləycisini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 İsgəndər oğluna cəmi 2000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tamah niyyəti ilə 24 sentyabr 2022-ci il tarixdə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus saxlanc yeri hesab olunan Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən mağazanın plastik qapısının şüşəsini sındırma yolu ilə qanunsuz daxil olaraq oradan hər qutusunun qiyməti 30 manat olmaqla ümumilikdə 900 manat qiymətində 30 qutu müxtəlif markalı siqaretləri, hər birinin qiyməti 28 manat olmaqla ümumilikdə 140 manat qiymətində 05 ədəd spirtli içki Visgi və 560 manat nağd pulu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 1600 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tamah niyyəti ilə 14 oktyabr 2022-ci il tarixdə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab olunan Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 175 saylı bağ evinin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə həyətdəki tikilinin plastik qapısını sındıraraq qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 150 manat qiymətində 03 ədəd dreli, 01 ədəd 50 manat qiymətində laqondanı, 01 ədəd 60 manat qiymətində ütünü və 01 ədəd 40 manat qiymətində su nasosunu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 300 manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, əvvəllər narkotik maddə istifadə etdiyi üçün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. O, ibtidai istintaqda hazırki oğurluq cinayətini etiraf edərkən narkotik maddənin təhsiri və polis əməkdaşlarının təyziqi altında olmuşdur. Onu döyməmişlər, lakin oğlu ilə hədələmişlər. Bu səbəbdən də cinayət əməlini etiraf etmək məcburiyyətində qalmışdır. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkumluğu olmuşdur. Hazırda isə Xəzər Rayon Məhkəməsində CM-nin 234.1-ci maddəsi ilə işinə baxılır. O, pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə təxminən gecə saat 02 radələrində Türkan qəsəbəsində yaşayan Hatəm adlı şəxsin yaşadığı evdən oğlurluq etmişdir. Belə ki, o həmin evin həyətinə hasardan keçmiş və həyətdə olan tövlənin taxta qapısını açaraq içəriyə keçmişdir. Orada 6 baş qoyun olmuşdur. O, həmin qoyunlardan 4 başını qabağına qataraq yaşadığı evə aparmış və sabahı gün həmin qoyunları Maştağa qəsəbəsində yerləşən heyvan bazarına apararaq dördünü bir yerdə 280 manata satmışdır. Əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, Türkan qəsəbəsində yaşayan İsmayıl adlı şəxsin evindən oğurluq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 02 radələrində İsmayılın yaşadığı evinə gedərək hasardan həyətə keçmişdir. Bundan sonra həyətdən götürdüyü dəmir parçası ilə evin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmış və pəncərəni açaraq evə keçmişdir. Evdən 03 ədəd mator, 01 ədəd rele, 01 ədəd qızdırıcı, 02 ədəd təkər və işıq üçün nəzərdə tutulmuş avtomatı sökərək oradan çıxaraq yaşadığı evə getmişdir. Oğurladığı əşyaların bir qismini Sabunçu bazarına apararaq satmışdır. Bir qismini isə məhəlləyə gəlmiş metal qəbul edən maşına satmışdır. Ümumilikdə 180 manat pul əldə etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 03 radələrində Türkan qəsəbəsində Dənizkənarı küçədə yerləşən mağazanın giriş qapısını daşla sındırdıqdan sonra mağazanın içərisinə girmiş və orada piştaxtadan müxtəlif markalı siqaretlər, 5 ədəd spirtli içki və 560 manat nağd pulu götürmüş və oradan çıxaraq yaşadığı evə getmişdir. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Siqaretləri və spirtli içkini isə özü istifadə eləmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə təxminən gecə saat 03 radələrində Türkan qəsəbəsində yaşadığı evdən təxminən 1 km aralıda yerləşən Abdulrəhmana məxsus yaşayış evinə gedərək hasardan içəriyə boylanmışdır. Evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan içəriyə keçmiş və həyətdə olan əl damı kimi yerin plastik qapısını açmış və içəridən 3 ədəd drel,1 ədəd laqonda, 1 ədəd ütü və 1 ədəd su nasosunu götürərək həyətin darvaszasını açmış və oradan çıxaraq yaşadığı evə getmişdir. Sabahı gün, yəni xx.xx.2022-ci il tarixdə o, həmin əşyalardan 3 ədəd drel və 1 ədəd laqondanı Türkan qəsəbəsində yerləşən Türkan marketin yanındakı metal qəbulu məntəqəsini işlədən Raqif adlı şəxsə 30 manata satmışdır. Həmin vaxt o, həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra o, 1 ədəd ütünü və bir ədəd su nasosunu Sabunçu bazarına apararaq ümumilikdə 50 manata satmışdır. Əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd etdiyi oğurluqları tək törətmişdir. Pula ehtiyacı olduğu üçün oğurluq etmişdir. Oğurladığı əşyaları satarkən özünə məxsus olmasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 vermiş olduğu ifadəsində göstərmişdir ki, onun Xəzər rayonu, Türkan qəsəbəsində 175 saylı bağ evi vardır. O, ailəsi ilə birlikdə şəhərdə yaşadığından yay aylarında həmin bağ evinə istirahət etmək üçün gedir. Sonuncu dəfə o, 12 oktyabr 2022-ci il tarixdə bağ evində olmuşdur. xx.xx.2022-ci il tarixdə o, bağ evinə gəldikdə həyətin darvazasının açıq olduğunu və həyətə baxış keçirdikdə həyətdə olan əl damının plastik qapısının sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, polisə hadisə barədə məlumat vermişdir. Bildirmişdir ki, ona məxsus bağ evindən hər birinin dəyəri 50 manat olan ümumilikdə dəyəri 150 manat olan 03 ədəd drel, 01 ədəd 50 manat dəyərində laqonda, 01 ədəd 60 manat dəyərində ütü və 01 ədəd 40 manat dəyərində su matoru oğurlanmışdır. Ümumilikdə ona 300 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində göstərmişdir ki, ona məxsus Xəzər rayonu, Türkan qəsəbəsi, bağlar sahəsində bağ evi vardır. Həmin ev tam təmirli yaşayış üçün yararlı olsa da həmin evdə yaşamamışdır. Belə ki, həmin evə vaxtı olduqda nəzarət üçün getmişdir. Sonuncu dəfə həmin evdə 02 avqust 2022-ci il tarixdə olmuşdur. 02 sentyabr 2022-ci il tarixdə yaşadığı evə gedərkən evin pəncərəsinin dəmir barmaqlıqlarının sındırılmış vəziyyətdə yerdə olduğunu görmüşdür. O, evə nəzər yetirdikdə evdən oğurluq olduğu ona məlum olmuş və o, hadisə barədə DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Ona məxsus evdən ümumilikdə 2000 manat dəyərində 03 ədəd motesiklet matoru, 01 ədəd işıq tənzimləyici, 01 ədəd elektrik qızdırıcısı, 02 ədəd motosiklet təkəri və 01 ədəd elektrik tənzimləyicisi oğurlanmışdır. Oğurluq nəticəsində ona 2000 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 vermiş olduğu ifadəsində göstərmişdir ki, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində ərzaq mağazası işlədir. 23 sentyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində o, mağazanı bağlayaraq evinə getmiş, səhəri gün, yəni 24 sentyabr 2022-ci il tarixdə o, mağazaya getdikdə mağazanın giriş qapısının sındırılmış vəziyyətdə olduğunu görmüşdür. O, dərhal hadisə barəsində polisə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Ona məxsus mağazadan bir qutusunun qiyməti 30 manat olan ümumilikdə 900 manat dəyərində 30 qutu müxtəlif markalı siqaretlər, 05 ədəd dəyəri 28 manat olan ümumilikdə 140 manat dəyərində spirtli içki visgi, mağazanın xəzinəsindən isə 560 manat nağd pulu oğurlamışlar. Ona ümumilikdə 1600 manat maddi ziyan dəymişdir. Mağazanın qapısının şüşəsinin sındırılması nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxındır ki, yaşadığı evin həyətində xırda buynuzlu qoyun saxlayır və saxladığı qoyunları yaşadığı evin yaxınlığında məhəllədə otarır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində 6 ədəd qoyunu tövləyə salıb taxta qapının cəftəsini bağlamışdır. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində tövləyə gəldikdə qoyunlardan 4 ədədinin yerində olmadığını görmüşdür. Bundan sonra saat 10 radələrində DİN-nin 102 zəng mərkəzinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir. Daha sonra yaşadığı evə polis əməkdaşları gəlmiş və baxış keçirmişlər. Oğurlanmış qoyunların hər biri 250 manat olmaqla ümumilikdə ona 1000 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid X3 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, təxminən 4 ildir ki, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Türkan marketin yanında metal qəbulu məntəqəsini işlədir. Təqsirləndirilən şəxs Türkan qəsəbəsi sakini kimi tanıyır. Belə ki, Etibar bir neçə dəfə onun işlədiyi metal qəbulu məntəqəsinə işlənmiş əşyalar və mis gətirib təhvil vermişdir. 15 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Etibar işlədiyi metal qəbulu məntəqəsinə gəlmiş və 3 ədəd drel və 1 ədəd laqondanı təhvil verərək həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. O, həmin əşyalara görə ümumilikdə 30 manat pulu Etibara vermişdir. Həmçinin, Etibar öz şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Etibar həmin əşyaların özünə məxsus olduğunu bildirmiş və şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-496/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1ci maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 1/3 qədər azaldılıb, 01 il 08 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 69.4-cü maddəsinə əsasən 1200 manat cərimə cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin olunmuş cərimə cəzası islah işləri cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nin 49.3-cü maddəsinə əsasən qəti olaraq qazancının 20% dövlət nəfinə tutulmaqla 11 ay 09 gün müddətində islah işləri növündə cəza saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-36/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərarından görünür ki, **********3 saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-462/2022 saylı 24 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası, hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-462/2022 saylı 24 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası, hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı (114 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 234 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar