Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-245/2022 25.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1984-cü ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, bir azyaşlı və üç yetkinlik yaşına çatmayan uşağı olan, təhsili olmayan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Astara rayonu, Şahağac ərazi dairəsi, Şahağac kəndində qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 dekabr 2021-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən bağ evinə hasardan tullanmaqla qanunsuz daxil olaraq evin həyətindən saxlan yeri olan həyətdə qapısı olmayan daşdan tikilmiş tikilidən 01 ədəd dəyəri 200 (iki yüz) manat olan samovarı, hərəsinin qiyməti 5 (beş) manat olan 10 ədəd şiş, ümumi dəyəri 50 manat olan qab-qaşıq, çəngə-bıçaq dəstləri, dəyəri 20 (iyirmi) manat olan təmir alətləri, dəyəri 250 (iki yüz əlli) manat olan su çıxartmaq üçün nəzərdə tutulan 01 ədəd su nasosunu, dəyəri 80 (səksən) manat olan 100 metr uzunluğunda elektrik naqili, dəyəri, 50 (əlli) manat olan metal borunu, həyətdə olan 02 ədəd kanalizasiya quyularının üstündə olan hərəsinin dəyəri 150 (yüz əlli) manat olan 02 ədəd lyuk qapaqlarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 1000 (bir min) manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 22 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, "Şinçi" bağlar massivində yerləşən yaşayış sahəsi olan 87 saylı bağ evinə hasardan tullanmaqla qanunsuz daxil olaraq pəncərədən içəri daxil olub oradan hərəsinin dəyəri 700 (yeddi yüz) manat olan 02 ədəd xalça, dəyəri 350 (üç yüz əlli) manat olan 01 ədəd qaynaq aparatını, dəyəri 90 (doqsan) manat olan 01 ədəd laqondanı, dəyəri 300 (üç yüz) manat olan 01 ədəd samovarı və 1000 (bir min) manat dəyərində elektrik naqillərini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 3140 (üç min yüz qırx) manat dəyərində miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəli olmaqla 4, 15, 16 və 17 yaşlarında dörd uşağı vardır. Hadisə ilə bağlı onu bildirir ki, Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən bağ evindən və Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, "Şinçi" bağlar massivində yerləşən 87 saylı bağ evindən oğurluq etməmişdir. 2ci Polis şöbəsində 4-5 nəfər adlarını bilmədiyi polis əməkdaşı onu döydüyündən həmin oğurluqları törətdiyini bildirmişdir. Lakin o, zərərçəkmiş şəxslərin evlərini belə tanımır və o, Astara rayonunda olmuşdur. Ancaq həmin vaxtın hadisə törədilən vaxtlarla üst-üstə düşüb-düşmədiyini bilmir. Bundan başqa tutulmamışdan təxminən 25 gün əvvəl ona elektron nəzarət vasitəsi tətbiq olunmuşdur.Barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Xəzər rayonu, Zirə qəsəbəsində nömrəsiz bağ evi vardır. 04 dekabr 2021-ci il tarixdə axşam saatlarında bağ evini bağlayaraq çıxıb getmişdir. 26 dekabr 2021-ci il tarixdə, saat 13 radələrində bağa gələn zaman həyətdə qapısı olmayan tikilinin içərisinə yığdığı 200 manat dəyərində 01 ədəd samovarın, hər birinin dəyəri 5 manat olan 10 ədəd kabab şişlərinin, ümumi dəyəri 50 manat olan qab-qaşıq, çəngəl-bıçaq dəstinin, ümumi dəyəri 20 manat olan təmir alətlərinin, 250 manat dəyərində 1 ədəd su çıxartmaq üçün istifadə edilən matorun, hər metri 80 qəpik olan 100 metr uzunluğunda 4-lük elektrik kabelinin, dəyəri 50 manat olan 2 metr uzunluğunda olan 100-lük dəmir borunun, hər birinin dəyəri 150 manat olan 2 ədəd kanalizasiya lyuklarının oğurlandığını aşkar etmişdir. O, baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, sonra 1-ci Polis şöbəsinin gedərək ərizə yazmışdır. Baş vermiş oğurluq nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Xəzər rayonu, Zirə qəsəbəsi, "Şinçi" adlanan bağlar massivində 87 saylı bağ evi vardır. 22 dekabr 2021-ci il tarixdə, axşam saat 20 radələrində bağ evini bağlaraq çıxıb getmişdir. 23 dekabr 2021-ci il tarixdə, saat 11 radələrində bağa gələn zaman evin pəncərəsinin açıq olduğunu görüb içəri daxil olanda yataq otağından hər birinin dəyəri 700 manat olan 02 ədəd xalçanın, 01 ədəd 350 manat dəyərində qaynaq aparatının, 90 manat dəyərində 01 ədəd laqondanın, 300 manat dəyərində 01 ədəd od samovarının və 1 metri 1 manat olan 1000 metr uzunluğunda 6-lıq elektrik kabellərinin oğurlandığını müəyyən etmişdir. O, hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermiş, sonra 1-ci Polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona 3140 (üç min yüz qırx) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Xəzər rayonu, Zirə qəsəbəsində "Qazel" markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qəbul etdiyi metalları "Baku Steel" zavoduna təhvil verir. 16 dekabr 2021-ci il tarixdə günorta saatlarında əvvəllər tanımadığı Elnur adlı şəxs yaxınlaşaraq evində olan lazımsız metal əşyaları satdığını bildirmişdir. O, razı olmuş və taksi avtomobilindən 01 ədəd samovar, 10 ədəd kabab şişi, 01 ədəd su matoru, 2 metr uzunluğunda 100-lük dəmir turba və 02 ədəd kanalizasiya lyuklarını Elnurdan 160 manata almış və aldığı əşyaları öz kitabçasında qeydini aparıb ad, soyad və ata adını qeyd etmişdir. Bundan başqa 23 dekabr 2021-ci il tarixdə günorta saatlarında Elnur yaxınlaşaraq yenə evində olan lazımsız metal əşyaları yenə satdığını bildirmiş və o, taksi avtomobilindən 01 ədəd qaynaq aparatı, 01 laqonda, 01 ədəd samovar və elektrik naqillərini ondan 170 manat alaraq əşyaları öz kitabçasında qeydini aparıb ad, soyad və ata adını qeyd etmişdir. Bundan bir neçə gün sonra o, Elnurdan və digər şəxslərdən aldığı əşyaları zavoda aparıb təhvil vermişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 15 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1984-cü ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş Təqsirləndirilən şəxs – 1) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. 15 iyul 2016-cı ildə cəriməni ödədiyi üçün azad edilmişdir. 2) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına və 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. Astara rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərarı ilə cərimə cəzası 350 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. 21 noyabr 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Astara rayon İcra və probasiya şöbəsinin rəisi Rauf Məmmədovun 19 may 2022-ci il tarixli məktubundan görünür ki, Astara rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 1000 manat cərimə cəzası 350 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Astara rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərarına əsasən Astara rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 350 saat ictimai işlər cəzası 87 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs 04 fevral 2022-ci il tarixdə şöbədə qeydiyyata götürülərək ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Astara rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş 87 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və həmin Qərarın 7-ci bəndinə əsasən onun üzərində məhkumluq götürülmüşdür. Təqsirləndirilən şəxs barəsində olan Astara rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərarı 30 mart 2022-ci ildə şöbənin qeydiyyatından çıxarılmışdır. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndində qeyd edilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə təyin edilmiş cəzadan azad edildiyindən onun üzərindən məhkumluq götürülmüşdür və onun hazırki əməli cinayətin residivini yaratmır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. İş materiallarına əlavə olunmuş Xəzər rayon prokurorunun köməkçisi X1 17 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalaraq döyülməsi və psixoloji təzyiq göstərilməsi barədə müraciəti əsasında aparılmış araşdırma zamanı hər hansı bir şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən, toplanmış C-261/22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, bir azyaşlı və üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər oğurluq cinayəti törətdiyinə görə iki dəfə məhkum olunmasını, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 21 fevral 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 21 fevral 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışlar. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişlər. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 19 (on doqquz) saat vaxt sərf etmişdir. Ona görə də, 114 (yüz on dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 21 fevral 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat məbləğində vəsait, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 114 (yüz on dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X3 və Təqsirləndirilən şəxs ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-245/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-245/2022
25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver