Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-246/2022 01.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxs “X1” MMC-nin nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci il Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu götürülmüş, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-113/2022 saylı 04 mart 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 mart 2022-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşayış sahəsinə və saxlanc yerinə daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022ci il yanvar ayının sonlarında “X1” MMC-nə məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən istixanaya hasardan aşıb qanunsuz daxil olaraq istixananın içərisində quraşdırılmış 3000 manat dəyərində 1000 metr uzunluğunda mis elektrik naqilini söküb gizli olaraq talamaqla "xxxx" MMC-nə 3000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 fevral 2022-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən fərdi bağ evinə pəncərənin dəmir barmaqlığını həyətdən götürdüyü dəmir parçası ilə qırıb plastik pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq evdən dəyəri 700 manat olan “Shıvakı” markalı 42 diaqonal televizoru, dəyəri 93 manat olan “ATV Plus” tuner aparatını, dəyəri 35 manat olan elektrik sobanı, dəyəri 20 manat olan elektron saatı, dəyəri 50 manat olan mis çaydanı, dəyəri 10 manat olan su pompasını, dəyəri 5 manat olan lupanı, dəyəri 7 manat olan üzərində “Bentley” yazısı olan mətbəx bıçağını, ümumi dəyəri 20 manat olan 2 ədəd yay çarpayı örtüyünü, dəyəri 20 manat olan payız kişi gödəkçəsini, dəyəri 20 manat olan qış kişi gödəkçəsini, dəyəri 20 manat olan uşaq gödəkçəsini, dəyəri 15 manat olan uşaq köynəyini, dəyəri 100 manat olan mərmər binoklu, dəyəri 18 manat olan elektrik yorğanını, dəyəri 20 manat olan divan kreslo örtüyünü, həyətdə olan hasarın üzərinə quraşdırılmış metrəsi 1.5 manata olmaqla ümumi dəyəri 210 manat təşkil edən 140 metr uzunluğunda mis elektrik naqilləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1363 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 yanvar 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus Xəzər rayonu Türkan qəsəbəsində yerləşən fərdi bağ evinə pəncərənin dəmir barmaqlığını həyətdən götürdüyü dəmir parçası ilə qırıb qanunsuz daxil olaraq evdən dəyəri 100 manat olan elektrik samovarı, dəyəri 120 manat olan paltaryuyan maşını, ümumi dəyəri 200 manat olan 190 metr uzunluğunda mis naqilləri, dəyəri 300 manat olan odun samovarını, ümumi dəyəri 100 manat olan hamam aksesuarı sukranlarını, hər birinin dəyəri 10 manat olan 2 ədəd odun baltasını, ümumi dəyəri 300 manat olan qaz açarları komplektlərini, dəyəri 10 manat olan budaq kəsən qayçını, dəyəri 30 manat olan at formalı stolüstü saatı, dəyəri 40 manata olan tuner aparatını, ümumi dəyəri 20 manat olan 3 ədəd qəssab bıçağını, dəyəri 280 manat olan elektrik ət maşınını, dəyəri 30 manat olan sacı, dəyəri 20 manat olan dreli, dəyəri 450 manat olan “Madonna serviz”i gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 2020 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər narkotik vasitələri qəbul etdiyi və oğurluq etdiyi üçün məhkum olunmuşdur. 2022-ci ilin təxminən fevral ayının sonlarında Xəzər rayonu Türkan qəsəbəsi Dənizkənarı küçəsində yerləşən iki ədəd evin dəmir barmaqlıqlarını həyətdən tapdığı dəmir parçası ilə qıraraq evlərə daxil olmuşdur. Evlərin birindən 1 ədəd “Şıvakı” markalı televizoru, elektrik saatını, mis çayniki və pərdəni, həmçinin unutduğu bir neçə əlavə malları oğurlamışdır. Türkan qəsəbəsi Dənizkənarı küçəsində yerləşən digər evin dəmir barmaqlıqlarını lomla qıraraq içəri daxil olub 2 ədəd mis samovarı, 01 ədəd elektrik samovarını, 01 ədəd laqundanı, 01 ədəd dreli, 20 metr elektrik naqilini və müxtəlif növ qaz açarlarını və unutduğu digər malları oğurlamışdır. Oğurladığı əşyaları Türkan qəsəbəsində yerləşən metal qəbulu məntəqələrinə satmışdır. Bəzilərini isə avtomaşınla dəmir yığan şəxslərə satmışdır. Türkan qəsəbəsində evdən götürdüyü “Şıvakı” markalı televizoru satmağa qorxduğu üçün həmin televizoru qırıb içərisində olan mis və dəmir metalı satmışdır. Əldə etdiyi pulu narkotik vasitələrə olan ehtiyacını ödəmək üçün istifadə etmişdir. Oğurluq hadisələrini gecə saatlarında törətmişdir. Bundan başqa, həmçinin 2022-ci ilin yanvar ayının sonlarında Türkan qəsəbəsində yerləşən "xxxx" MMC-ə məxsus istixananın içərisinə hasardan aşmaqla daxil olaraq içəridə olan elektrik naqillərini dartıb qıraraq oğurlamış, onları aparıb boş sahədə yandırmış və metal qəbulu məntəqəsində metal qəbul edən Raqif adlı şəxsə satmış, lakin ona həmin naqillərin oğurluq olmasını deməmişdir. Əməllərindən peşmandır, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışmışdır. Hazırda həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya tələbi yoxdur, lakin zərərçəkmiş hüquqi şəxs “X1” MMC-nə dəymiş maddi ziyanı ödəməyə hazırda maddi imkanı olmadığına görə onunla barışıq əldə edə bilməmişdir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Dənizkənarı küçəsi 185 saylı bağ evi vardır. Həmin bağ 4,95 sot torpaq sahəsində yerləşir. Bağ evi 2 mərtəbəli olmaqla 1-ci mərtəbədən 2 otaq və mətbəx, 2-ci mərtəbədə 2 yataq otağı, 1 mansar yerləşir. Hər iki mərtəbədə sanitar qovşaq yerləşir. Həmin bağ evində yaşamasa da hərdən baş çəkirlər, həmçinin yayda bağda qalırlar. Sonuncu dəfə bağ sahəsində 13 fevral 2022-ci il tarixdə olmuşdur. 19 fevral 2022-ci il tarixdə bağ evinə gələndə həyət darvazasını açarla açıb həyətə daxil olanda küçə hissədə daşı görəndə şübhələnmişdir ki, evə kimsə daxil olub. Evə daxil olanda görmüşdür ki, ev dağınıq vəziyyətdədir. Məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evə 1-ci mərtəbənin qonaq otağının pəncərəsinin dəmir barmaqlığını qopararaq plastik pəncərəni aralayıb açaraq daxil olmuş, evin 1-ci mərtəbəsində rəfin üzərində olan 2-ci mərtəbənin açarını götürüb, oradan mətbəxin qapısını içəridən açıb həyətə çıxmışlar. Həyətdən girişi ayrı olan 2-ci mərtəbəyə açarla açıb qapıdan daxil olmuşlar. Birinci mərtəbədə qonaq otağında olan dəyəri 700 manat olan “Shıvakı” markalı 42 diaqonal televizoru, dəyəri 93 manat olan “ATV tunar” aparatı, dəyəri 35 manat olan elektrik soba, dəyəri 20 manat olan elektron saat, dəyəri 50 manat olan mis çaydan, dəyəri 10 manat olan su pompası, dəyəri 5 manat olan lupa, dəyəri 7 manat olan üzərində “Bentley” yazısı olan mətbəx bıçağı, ümumi dəyəri 20 manat olan 2 ədəd yay çarpayı örtüyü, dəyəri 20 manat olan payız kişi gödəkçəsi, dəyəri 20 manat olan qış kişi gödəkçəsi, dəyəri 20 manat olan uşaq gödəkçəsi, dəyəri 15 manat olan uşaq köynəyi gürmüşlər. Həmçinin 2-ci mərtəbədən dəyəri 100 manat olan mərmər binokl, dəyəri 18 manat olan elektrik yorğan bir yataq otağından, digər yataq otağından dəyəri 20 manat olan divan kreslo örtüyü oğurlanmışdır. Həmçinin həyətdə olan hasarın üzəri ilə gedən təxminən 140 metr uzunluğunda 210 manat dəyərində mis naqilləri qopararaq həyətdə təmizləmişlər. O, dərhal DİN “102” xidmətinə zəng vurub oğurluq barədə məlumat vermiş, polis əməkdaşları gəlib baxış keçirmişlər. Oğurluq nəticəsində ona 1363 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəmiş və onunla barışmışdır, buna görə də hazırda onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Dənizkənarı küçəsi 146 saylı bağ evi vardır. Həmin bağ 16 sot torpaq sahəsində yerləşir. Bağ evi 1 mərtəbəli olmaqla 3 otaq və mətbəx, sanitar qovşaq yerləşir. Həmin bağ evində yaşamasa da hərdən baş çəkirlər, həmçinin yayda bağda qalır. Sonuncu dəfə bağ sahəsində təxminən 1 ay olarmış ki, olmurmuş. 25 fevral 2022-ci il tarixdə bağ evinə gələndə darvazanı açarla açıb həyətə daxil daxil olanda görmüşdür ki, bağ evinin pəncərələri üzərində olan dəmir barmaqlıqlar qırılaraq yerdədir. Sonra otaqlara baxanda müəyyən etmişdir ki, evin mətbəxindən dəyəri 100 manat olan elektrik samovarını, dəyəri 120 manat olan paltaryuyan maşını, evdə olan ümumi 200 manat olan 190 metr uzunluğunda mis naqilləri, həmçinin evdən dəyəri 300 manat olan odun samovarını, ümumi dəyəri 100 manat olan hamam aksesuarı sukaranlarını, hər birinin dəyəri 10 manat olan 2 ədəd odun baltasını, ümumi dəyəri 300 manat olan qaz açarları komplektlərini, dəyəri 10 manat olan budaq kəsən qayçını, dəyəri 30 manat olan at formalı stolüstü saatı, dəyəri 40 manata olan tuner aparatını, ümumi dəyəri 20 manat olan 3 ədəd qəssab bıçağını, dəyəri 280 manat olan elektrik ət maşınını, dəyəri 30 manat olan sacı, dəyəri 20 manat olan dreli, dəyəri 450 manat olan “Madonna serviz”i oğurlamışlar. O, dərhal DİN “102” xidmətinə zəng vurub oğurluq barədə məlumat vermiş, polis əməkdaşları gəlib baxış keçirmişlər. Oğurluq nəticəsində ona 2020 manat məbləğində maddi ziyan dəymişdir Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəmiş və onunla barışmışdır, buna görə də hazırda onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “X1” MMC-nin nümayəndəsi qismində dindirilən Nümayəndə göstərdi ki, 26 yanvar 2022-ci il tarixdə “X1” MMC-ə məxsus Bakı şəhəri Xəzər rayonu Turkan qəsəbəsində yerləşən istixanaya nəzarət qaydasında baş çəkəndə məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər 1000 metr uzunluğunda olan mis naqil oğurlanmışdır. Hadisə vaxtı həmin parnik işlək vəziyyətdə olmadığı üçün naqillərdə cərəyan olmamışdır. Hadisə nəticəsində "xxxx" MMC-ə 3000 manat maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilmədiyinə görə onlar Təqsirləndirilən şəxs şikayətçidirlər. Buna görə də cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə əməlinə görə müvafiq cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Hüseyn Zülfüqarovu tanıyır. 2022-ci ilin yanvar, fevral ayının təxminən sonlarında Hüseyn işlətdiyi Türkan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə yanmış vəziyyətdə olan mis naqilləri gətirərək satmışdır. O da çəkərək təxminən hər dəfə 15-20 manat pul vermişdir. Hüseyn Zülfüqarov yanvar ayının sonunda mis naqillərin yanaraq əridilmiş şəkildə gətirib təhvil vermişdir. Həmçinin fevral ayının sonlarında da 2 dəfə mis naqilləri yanaraq əridilmiş şəkildə gətirib təhvil vermişdir. Hər dəfə də zibillikdən yığdığını deyirmiş. İş materiallarında olan ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış Qəbzdən görünür ki, o, ona məxsus bir ədəd 01 ədəd dreli müstəntiq Rüstəm İsmayılovdan təhvil almışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 18 may 2022-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışmışdır, onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-113/2022 saylı 04 mart 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli 1(003)-57/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 aprel 2018ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 aprel 2018ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin olunmuş 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasını çəkməsinin əvvəli 10 noyabr 2018-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə müəssisəsinin rəisinin “Amnistiya aktının tətbiq edilməsi barədə” 06 noyabr 2021-ci il tarixli Qərarının surətindən görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4 və 7-ci bəndlərinə əsasən məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) gün hissəsini çəkməkdən azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 18 mart 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3 və 67.1-ci maddələrinə əsasən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 noyabr 2021-ci il tarixdə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4 və 7-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) gün hissəsini çəkməkdən azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşayış sahəsinə və saxlanc yerinə daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etməsi cinayətlərini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərini etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etməsini və onların ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 03 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - bir ədəd drelin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs “X1” MMC tərəfindən 3000 (üç min) manat məbləğdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, həmin zərərçəkmiş hüquqi şəxs “X1” MMC-nə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 03 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - bir ədəd drelin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş hüquqi şəxs “X1” MMC-nə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-246/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-246/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver