Məhkəmə qərarları › İş №1(003)-246/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-246/2025

05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-246/2025 05.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən “Murad" marketin qarşısında qardaşı Şahid idarə etdiyi “Atego" markalı 77NE451 dövlət qeydiyyat nişanlı 160 nömrəli xətt avtobusu ilə qarşılaşan “Daevo" markalı 90JK341 dövlət qeydiyyat nişanlı 169 nömrəli xəttt avtobusun sürücüsü Zərərçəkmiş şəxs hərəkət aralığı vaxtını pozmasını irad tutması səbəbindən aralarında əvvəlcə avtobusda, sonradan isə yerə düşməklə ictimai yer olan küçədə yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs qardaşı Şahid və ailəsinin ünvanına təhqiramiz ifadələr işlətməsi kimi cüzi səbəbdən Zərərçəkmiş şəxsla əlbəyaxa olaraq söyüb təhqir etməklə səs-küy salaraq hər iki avtobusda olan sərnişinlərin və ətrafdakı digər şəxslərin gözü qarşısında dalaşıb ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, birgə davranış və əxlaq normalarını, eyni zamanda ictimai maraqları pozub eqoizin nümayiş etdirərək Zərərçəkmiş şəxs bir baş və bir yumruq zərbəsi ilə sifət nahiyyəsindən qəsdən vuraraq zor tətbiq etməklə sonuncuya üst dodağın selikli qişasının əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid edilən yüngül dərəcəli xəsarətlər yetirib zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xəzər rayonu, Binə Atçılıq qəsəbəsindən Badam Bağları adlanan ünvana gedən 160A nömrəli avtobusda dispetçer olaraq işləyir. Qardaşı Şahid isə avtobus sürücü olaraq işləyir. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Binə Atçılıq qəsəbəsində Badam Bağları adlanan ünvanın yaxınlığında qardaşı ilə avtobusda hərəkətdə olarkən qarşıdan gələn 169 nömrəli avtobusun yanına yaxınlaşdıqda qardaşı avtobusdan digər avtobusun sürücüsü, əvvəlcədən tanıdığı Vahidlə avtobusun interval vaxtına görə mübahisə etdikdə Vahid “yaxşı eləyirəm" deyib qardaşının ünvanına “varyox” söyüşü söyməsi səbəbindən o, əsəbləşərək Vahidin sifət nahiyəsinə sağ əli ilə yumruqla zərbə vurmuşdur. Həmin vaxt orada ondan, qardaşından və Vahiddən başqa heç kim olmamışdır. Belə ki, qardaşı ilə Vahid arasında mübahisə baş verən vaxt orada avtobusda olan sərnişinlər avtobusdan düşüb getmişdir. Daha sonra onlar avtobusa minərək yollarına davam etmişlər. Vahid isə şikayət edəcəyini deyərək, getmişdir. Hazırda zərərçəkmiş şəxslə aralarında barışıq əldə etmişdirlər. Təqsirləndirilən şəxs son sözündə törətdiyin əmələ görə peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 169 nömrəli avtobus xəttində sürücü olaraq işləyir. xx.xx.2024-cü il tarixdə 160 nömrəli avtobusun sürücüsü Rövşənlə mübahisəsi yaranmış, mübahisə zamanı isə sonuncunun qardaşı Elçin onlara yaxınlaşaraq onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı onun üz nahiyyəsindən yumruqla vurmuşdur. Mübahisə zamanı Rövşənə qarşı nalayiq ifadələr işlətməmişdir. O, Rövşəni tanısa da Elçini tanımamışdır. Elçini mübahisədən sonra tanımışdır. Hal-hazırda onlar barışmışlar, şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələr arasında kəskin ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 5 ildir ki, Binə Atçılıq və Koroğlu metrostansiyası istiqamətində "Daevo" markalı 90JK341 dövlət qeydiyyat nişanlı 169 nömrəli avtobus xəttində sürücü olaraq işləyir. xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində marşrutun Bakı şəhəri, X5 Massivində yerləşən “Murad" marketin qarşısında olarkən 160 nömrəli avtobusun sürücüsü Rövşənlə avtobusları yanyana saxlamışlar və şüşədən Rövşənə vaxt məsələsinə görə irad tutduqda aralarında Rövşən adlı şəxslə söz mübahisəsi yaranmış. Bu zaman o, Rövşənə qarşı nalayiq ifadə işlətmiş və ardınca Rövşən və sonradan adını bildiyi Elçin avtobusdan düşərək üzərinə gəlmişlər və avtobusdan düşməyini tələb etmişlər. O da avtobusdan düşdükdən sonra ilkin olaraq Rövşənin yaxasından tutduqda Rövşən də onun qollarından tutmuş, həmin vaxt orada olan tanımadığı vətəndaşlar onları uzaqlaşdırmışlar. Daha sonra isə Elçin ona Rövşənin qardaşı olduğunu deyib niyə Rövşənə qarşı nalayiq ifadə işlətdiyini soruşub onu təhqir etmiş, o da cavab olaraq Elçinin ailə üzvlərinin ünvanına nalayiq ifadə işlətdikdə Elçin 1 dəfə baş zərbəsi və 1 dəfə yumruq zərbəsi ilə onun sifət nahiyəsinə vurmuş, daha sonra Rövşən və orada olan vətəndaşlar Elçini ondan uzaqlaşdırmışlar. O Rövşəni tanısa da Elçini tanımamış, Elçini mübahisədən sonra tanımışdır. Hal-hazırda onlar barışmışlar, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 160 nömrəli xətt avtobusunda müvəqqəti olaraq sürücü işləmişdir. Çünki, orada həm silesar, həm də ki, sürücü kimi işləyir. xx.xx.2024-cü il tarixdə 169 saylı avtobusun sürücüsü Vahidə onun vaxtına girməyini dediyindən, aralarında söz mübahisəsi yaranmış, bu zaman Vahid onu təhqir etmişdir. Bu zaman Vahidlə aralarında mübahisə yaranmış, mübahisəyə Elçin də qoşulmuş, həmin vaxt qardaşı Elçin Vahidin sifət nahiyəsindən 1 dəfə yumruq zərbəsi vurmuşdur. Sonra isə onları ayırmışdırlar. Hadisə baş verən zaman ancaq özləri olmuş, kənar şəxslər olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X4 Şəxsi Xəzər rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 1460 nömrəli müayinə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət-üst dodağın selikli qişasının əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibbi müayinəsindən 10-11 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş:- -“Məhkumluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RM-nin qərarı ilə Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə olan cinayət təqibinə CM-in 73.2-ci maddəsinə əsasən xitam verilməklə cinayət məsuliyyətindən azad edilmiş, xx.xx.2020-ci il tarixdə Xəzər RPİ tərəfindən AR CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə AR CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, xx.xx.2024-cü il tarixdə Xəzər RPİ tərəfindən CM-nin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə AR CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. -Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində 10123/25 saylı axtarış işi açılmış Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində saxlanılaraq RPİ-nin MSY-yə təhvil verilmişdir. -“Təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. -“təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xəzər RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad edilmişdir -“Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən “Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.” Əməldə cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edildiyindən və iş üzrə mümkün sübutların həcmi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermədiyindən məhkəmə hesab edir ki, toplanmış sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət etmir və məhkəmənin müəyyən etdiyi hallara uyğun deyil. Belə ki, Azırbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Təqsirləndirilən şəxs verilən ittihamdan göründüyü kimi, o, 20 noyabr 2024-cü il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən “Murad" marketin qarşısında qardaşı Şahid idarə etdiyi “Atego" markalı 77NE451 dövlət qeydiyyat nişanlı 160 nömrəli xətt avtobusu ilə qarşılaşan “Daevo" markalı 90JK341 dövlət qeydiyyat nişanlı 169 nömrəli xəttt avtobusun sürücüsü Zərərçəkmiş şəxs hərəkət aralığı vaxtını pozmasını irad tutması səbəbindən aralarında əvvəlcə avtobusda, sonradan isə yerə düşməklə ictimai yer olan küçədə yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs qardaşı Şahid və ailəsinin ünvanına təhqiramiz ifadələr işlətməsi kimi cüzi səbəbdən Zərərçəkmiş şəxsla əlbəyaxa olaraq söyüb təhqir etməklə səs-küy salaraq hər iki avtobusda olan sərnişinlərin və ətrafdakı digər şəxslərin gözü qarşısında dalaşıb ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, birgə davranış və əxlaq normalarını, eyni zamanda ictimai maraqları pozub eqoizin nümayiş etdirərək Zərərçəkmiş şəxs bir baş və bir yumruq zərbəsi ilə sifət nahiyyəsindən qəsdən vuraraq zor tətbiq etməklə sonuncuya üst dodağın selikli qişasının əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid edilən yüngül dərəcəli xəsarətlər yetirib zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, iş araşdırılmış hallarından da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qardaşı Şahid təhqir etməsi səsəbindən baş vermişdir. Belə ki, onlar arasında baş vermiş mübahisə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməklə bağlı olmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə arasında yaranmış mübahisə zamanı, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri ilə nəticələnməklə sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bu hal həmin təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır. Yəni təqsirləndirilən şəxsin əməlinin əsas və yeganə motivi və hərəkətverici qüvvəsi xuliqanlıq deyil, şəxsi münasibətlərin pozulması zəminində qisas almaq niyyəti və motivi olmuşdur. Bu səbəbdən də təqsirləndirilən şəxsin əməlini ağır maddə ilə, yəni xuliqanlıq kimi qiymətləndirmək cinayət mühakimə icraatının vəzifələri və prinsipləri ilə bir araya sığmır və ədalət mühakiməsinin çatmalı olduğu əsas məqsədlərdən biri olan həqiqətin müəyyən edilməsi ilə də ziddiyyət təşkil etmiş olardı. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsi ilə düzgün tövsif olunmamış, onun əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri vardır və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Belə ki, AR CM-in 72.1-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barşıq əldə edib ona dəymiş ziyanı ödəsə də, əvvəllər barəsində olan cinayət işinə CM-in 73.2-ci maddəsinə əsasən xitam verildiyindən hazırda onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi cinayət prosessual qanunvericiliyi baxımından mümkün deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu əməli etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 yerləşən nömrəsiz fərdi evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə etməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, hüquqlarının məhkəmədə müdafiə etməsinə görə sərf etdiyi 12 saata görə 132 manat, cəmi 252 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar