Məhkəmə qərarları › İş №1(003)-247/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-247/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-247/2020 19.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1980-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu fərdi evdə qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizamqətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 15:15 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən “Dostlar” kafesinin yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu qəsdən əli ilə vuraraq ona sol gözətrafı nahiyənin, sol dizin qançırları, sol gözün ağlı qışasının qansızması, burun tənəffüsünün pozulması ilə nəticələnən sağlamlığa az ağır dərəcəli zərər vuran bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində iş yoldaşları ilə Binə qəsəbəsində yerləşən “Dostlar” kafesində nahar yeməyini yemiş və 3 nəfərə 700 ml-lik araq içmişlər. Yeməyi yeyib qurtardıqdan sonra hesabı verib kafedən çıxmışlar. Onunla yeyib-içən iş yoldaşı “Zako” içkinin təsirindən keflənmişdir. O, “Zako”nu sol çiynindən tutub evlərinə aparmaq istəmiş və onlar kafedən çıxıb 5-10 metr yol getmişlər. Yolla gedərkən “Zako”nun sağ çiyni yolla piyada gedən şəxsə - sonradan adını bildiyi Zərərçəkmiş şəxs toxunmuşdur. “Zako” və həmin vaxt içkili olan İman sözlə mübahisə etməyə başlamış, o da onları aralamışdır ki, dalaşmasınlar. Bu zaman o, görmüşdür ki, onlar yenə də bir-birilərinin üstünə gələrək dalaşmaq istəyirlər, ona görə də “Zako”nu geriyə itələmişdir. Daha sonra isə İman onun üstünə gələrək onu söymüş və sillə ilə sifətindən vurmuşdur. Ona görə də o, İmanı özündən uzaqlaşdırmaq üçün onun sifət nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. İman özündən getmiş, o, ona yaxınlaşıb onu ayıltmış və üzr istəmişdir. Lakin İman yenə də onu söymüş, o isə daha ona fikir verməmiş və oradan çıxıb getmişdir. İlk dəfə törətdiyi bu əməldən peşmandır, zərərçəkmiş şəxs İman ilə barışıq əldə edərək dəymiş ziyanı tamamilə ödəmişdir və hazırda onun ondan heç bir şikayəti yoxdur. Ailəsinin yeganə qazanc gətirənidir, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bütün bunların nəzərə alınaraq barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, təxminən 18 ildir ki, saatsazlıqla məşğul olur və Binə qəsəbəsində yerləşən saatsaz mağazasında işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 09 radələrində yaşadığı evdən bir qədər aralıda yerləşən işlədiyi saatsaz mağazasına getmişdir. Günorta saatlarında işlədiyi mağazada yemək yeyib bir qədər spirtli içki qəbul etmişdir. Təxminən saat 15:15 radələrində mağazadan çıxıb ara küçələrlə evə qayıdarkən spirtli içkinin təsirindən artıq sərxoş olmuşdur. Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən “Dostluq” kafesinin yaxınlığından keçərkən piyada gedən 2 nəfər şəxsdən biri çiyni ilə ona toxunmuşdur. O, həmin şəxsə - sonradan adını bildiyi Shakvalad İbragimova ehtiyatlı olmasını demiş və buna görə aralarında sözlə mübahisə yaranmışdır. Shakvaladın yanında olan digər şəxs onları ayırıb sakitləşdirməyə çalışmış, o isə içkili olduğundan özü də bilmədən onları ayırmaq istəyən şəxsi söymüş və ona sillə vurmuşdur. Bundan sonra Shakvalad yumruqla onu üz nahiyəsindən vurmuş və o, zərbənin təsirindən özünü itirib yerə yıxılmışdır. Shakvalad onu ayıltmış, o isə yenidən onu söymüşdür. Bundan sonra Shakvalad yanındakı şəxs ilə birlikdə oradan uzaqlaşıb getmişdir. Mübahisə təxminən 2- 3 dəqiqə davam etmiş, həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Hazırda Shakvalad onunla barışmış və dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Shakhvalad barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunmuş ifadəsi ilə onun da təqsirləndirilən şəxs Shakvalad İbragimovun ifadəsi iə oxşar, eyni məzmunlu ifadə verməsi müəyyən edildi. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, 72 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol gözətrafı nahiyənin, sol dizin qançırları, sol göz almasının ağlı qişasının qansızması, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, xx xxxxxx 2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, xx xxxxx 1980-ci il təvəllüdlü X2 (Shakvalad İbragimov) əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Shakvalad İbragimov onunla barışmış və dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq Shakvalad İbragimovun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə təqsirləndirilən şəxs Shakvalad İbragimovun ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, MTE və PA Birliyinin aktı və cinayət işinin materialında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Shakvalad İbragimovun əməli düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə təqsirləndirilən şəxs Shakvalad İbragimovun, Zərərçəkmiş şəxs, şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Shakvalad İbragimovun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Shakvalad İbragimovun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Shakvalad İbragimovunCM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Shakvalad İbragimovun dövlət hesabına hüquqlarını ibtidai istintaqda müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Bbüdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Shakvalad İbragimova ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 15 iş saatına görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Shakvalad İbragimov Zərərçəkmiş şəxs ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Shakvalad İbragimovun barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Shakvalad İbragimovun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs Shakvalad İbragimovun hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar