Məhkəmə qərarları › İş №1(003)-249/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-249/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-249/2021 02.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Ağasi oğlunun və X7, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına və zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 yanvar 2021-ci il tarixdə saat 22:40 radələrində idarə etdiyi texniki cəhətdən saz olan özünə məxsus “VAZ-2107” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala-Pirallahı şosesi ilə Mərdəkan şosesi istiqamətində həmin yolun Xəzər RPİ DYPŞ-nin yaxınlığından keçən hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və s.) vaxtında və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, hər hansı səbəbdən avtomobilin idarə olunmasında çətinlik olduğu vəziyyətdə avtomobili idarə etməməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib ehtiyatsızlıqdan idarəetməni itirib avtomobili əks istiqamətli yolları ayıran beton səkinin üzərindəki zərərçəkmiş hüquqi şəxs olan “xxxx” X5 məxsus işıq dirəyinə vurmuş, nəticədə Zərərçəkmiş şəxs1 sağ əlin əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin İV və V barmaqların yumşaq toxumalarının əzilməsi ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına, Zərərçəkmiş şəxs2 Ağasi oğlunun alının və sağ əlin əzilmiş yarası ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına, X1 körpücük sümüyünün yerdəyişən sınığı, sağ qasıq və oturaq sümüklərinin sınığı ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına, X4 ənsə nahiyəsinin əzilmiş yarası, sağ və sol əlin arxa səthinin, sağ budun orta üçdə birinin bayır səthinin, sol budun orta üçdə birinin ön-iç səthinin, sol ayağın iç topuğunun, sağ ayağın iç topuğunun qançırları, sağ dizin ön səthinin, sol dizin bayır səthinin, sağ baldırın orta üçdə birinin ön səthinin, sol ayağın bayır topuğunun sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, ənsə və sağ gicgah sümüyünün xətti sınığı, sağ said sümüklərinin orta üçdə birinin qapalı, yerdəyişən sınığı, sağ baldır sümüklərinin aşağı üçdə birinin qapalı, yerdəyişən sınığı, sağ tərəfli hemopnevmotoraks, sol tərəfli pnevmotoraks əmələ gəlməsi ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aid bədən xəsarətləri almasına və 22 yanvar 2021-ci il tarixdə saat 02:00 radələrində 3 saylı ŞKX-da ölməsinə, zərərçəkmiş hüquqi şəxs olan “xxxx” X5 məxsus bir ədəd “Qalvaniz” tipli 2 çıraqlı işıq dirəyinə isə 3139 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, onun “BC” dərəcəli sürücülük vəsiqəsi və özünə məxsus “VAZ 2107 minik” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 21 yanvar 2021-ci il tarixdə saat 22 radələrində idarə etdiyi həmin avtomobillə Xəzər rayonu Türkan qəsəbəsindən çıxıb Nizami rayonu ərazisində yerləşən yaşadığı evə getməkdən ötrü Qala-Pirallahı yolu ilə Mərdəkan şosesi istiqamətində gedirmişlər. X2 qabaq sağ oturacaqda, xalası oğlu Zərərçəkmiş şəxs2 arxa oturacaqda sol tərəfdə, xalası qızının nişanlısı Zərərçəkmiş şəxs1 arxa oturacaqda orta tərəfdə, xalası qızı X10 arxa oturacaqda sağ tərəfdə əyləşmişlər. Saat 22:40 radələrində Xəzər RPİ DYPŞ-nin yaxınlığından keçən hissəsində üç zolaqlı, həmin vaxt buz bağlamış yolda orta zolaqla təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən qəflətən avtomobil sürüşməyə başlamış, həmin vaxt əyləci basıb avtomobili saxlamağa çalışsa da, hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobili əks istiqamətli yolları ayıran beton səkinin üzərində quraşdırılmış işıq dirəyinə vurmuşdur. O, ümumiyyətlə spirtli içki qəbul etmir və həmin vaxt da ayıq olmuşdur. Zərbənin təsirindən avtomobilin qabaq tərəfi qopub yerdə qalmış, onlar isə avtomobilin içərisində olmuşlar. Həmin vaxt görmüşdür ki, atasının vəziyyəti çox pisdir. O və digər sərnişinlər isə nisbətən yaxşı vəziyyətdə imişlər. Hadisə baş verəndən bir qədər sonra həmin yerə polis əməkdaşları gəlmişlər və hadisə yerinin müayinəsi aparılmışdır. Daha sonra həmin yerə təcili yardım maşınları da gəlmiş və onların hamısını 3 saylı Şəhər Xəstəxanasına aparmışlar. 22 yanvar 2021-ci il tarixdə səhər saat 04 radələrində atası İlqar Əbülfəzov almış olduğu bədən xəsarətlərindən xəstəxanada vəfat etmişdir. İlk dəfə, həm də ehtiyatsızlıqdan törətdiyi bu əməl nəticəsində atasının ölməsindən bərk sarsılaraq peşman olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisi olan anasına hər an mənəvi dəstək olur və daim onun yanındadır. Zərərçəkmiş hüquqi şəxsə və zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı da tamamilə ödəyərək onlarla barışmışdır. Buna görə də hazırda onların ondan heç bir şikayəti və tələbi yoxdur. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X9 göstərdi ki, mərhum X8 onun əri olmuş, təqsirləndirilən şəxs Orxan isə oğludur. 21 yanvar 2021-ci il tarixdə Xəzər rayonu Türkan qəsəbəsində yaşayan bacısıgilə qonaq getmişlər. Həmin gün o, bacısıgildə qalmış, əri İlqargil isə Nizami rayonu ərazisində yerləşən yaşadıqları evə getmək üçün evdən çıxıb saat 22 radələrində oğlu Orxanın idarə etdiyi “VAZ-2107 minik” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Qala-Pirallahı yolu ilə Mərdəkan şosesi istiqamətində üç zolaqlı yolda orta zolaqla təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən Xəzər RPİ DYPŞ-nin yaxınlığından keçən hissədə buzlu yolda qəflətən avtomobil sürüşməyə başlamış, Orxan hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobili əks istiqamətli yolları ayıran beton səkiyə, ardınca isə həmin səkinin üzərində quraşdırılmış işıq dirəyinə vurmuşdur. Həmin vaxt zərbənin təsirindən avtomobilin qabaq tərəfi qopub yerdə qalmış, avtomobildə olan oğlu Orxan, əri İlqar, bacısı oğlu Oktay, bacısı qızı Səbinə və onun nişanlısı Rüstəm isə xəsarət almışlar. Bundan sonra onlar təcili tibbi yardım avtomobili ilə 3 saylı Şəhər Xəstəxanasına aparılmışlar. 22 yanvar 2021-ci il tarixdə səhər saat 04 radələrində əri İlqar hadisə nəticəsində almış olduğu bədən xəsarətlərindən xəstəxanada ölmüşdür. Hadisədən sonra atasının ölməsindən bərk sarsıntı keçirən oğlu Orxan ona hər an mənəvi dəstək olmuş və daim onun yanındadır. Ehtiyatsızlıq üzündən, həm də avtomobilin buzlu yolda sürüşməsi nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar oğlu Orxandan heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq oğlu Orxana yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “xxxx” EŞM-nin nümayəndəsi qismində dindirilən Nümayəndə göstərdi ki, 21 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala-Pirallahı şosesi ilə Mərdəkan şosesi istiqamətində həmin yolun Xəzər RPİ DYPŞ-nin yaxınlığından keçən hissəsində “xxxx” EŞM-ə məxsus olan işıq dirəyi naməlum sürücünün idarə etdiyi avtomaşınla vurulmuş, bir ədəd “Qalvaniz” tipli 2 çıraqlı işıq dirəyi yararsız hala düşmüşdür və nəticədə müəssisələrinə 3139 manat maddi ziyan dəymişdir. Odur ki, qeyd olunan hadisəni törədən - sonradan adını bildiyi Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görərək EŞM-ə dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Hazırda onlara dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Buna görə də “xxxx” EŞM-nin Təqsirləndirilən şəxs heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Orxana yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 21 yanvar 2021-ci il tarixdə qohumları ilə birlikdə Xəzər rayonu Türkan qəsəbəsində yaşayan qohumugilə qonaq getmişlər. Həmin gün saat 22 radələrində qohumu Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107 minik” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Türkan qəsəbəsindən çıxıb yaşadıqları evə getməkdən ötrü Qala-Pirallahı yolu ilə Mərdəkan şosesi istiqamətində gedirmişlər. Orxanın atası İlqar Əbülfəzov qabaq sağ oturacaqda, Zərərçəkmiş şəxs2 arxa oturacaqda sol tərəfdə, o, arxa oturacaqda orta tərəfdə, nişanlısı Səbinə Ağayeva isə arxa oturacaqda sağ tərəfdə əyləşmişdir. Saat 22:40 radələrində Xəzər RPİ DYPŞ-nin yaxınlığından keçən hissəsində üç zolaqlı yolda orta zolaqla təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən buzlu yolda qəflətən avtomobil sürüşməyə başlamışdır. Orxan hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobili əks istiqamətli yolları ayıran beton səkinin üzərində quraşdırılmış işıq dirəyinə vurmuş, zərbənin təsirindən avtomobilin qabaq tərəfi qopub yerdə qalmışdır. Həmin vaxt görmüşlər ki, İlqar Əbülfəzovun vəziyyəti çox pisdir. O və digər şəxslər isə nisbətən yaxşı vəziyyətdə olmuşlar. Hadisə baş verəndən bir qədər sonra həmin yerə polis əməkdaşları gəlmişlər və hadisə yerinin müayinəsi aparılmışdır. Daha sonra həmin yerə təcili yardım maşınları da gəlmiş və onların hamısını 3 saylı Şəhər Xəstəxanasına aparmışlar. 22 yanvar 2021-ci il tarixdə səhər saat 04 radələrində İlqar Əbülfəzov almış olduğu bədən xəsarətlərindən xəstəxanada vəfat etmişdir. Hazırda ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Buna görə də onun Orxandan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Orxana yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 Ağasi oğlu göstərdi ki, 21 yanvar 2021-ci il tarixdə qohumları ilə birlikdə Xəzər rayonu Türkan qəsəbəsində yaşayan xalasıgilə qonaq getmişlər. Həmin gün saat 22 radələrində xalası oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107 minik” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Türkan qəsəbəsindən çıxıb yaşadıqları evə getməkdən ötrü Qala-Pirallahı yolu ilə Mərdəkan şosesi istiqamətində gedirmişlər. Orxanın atası İlqar Əbülfəzov qabaq sağ oturacaqda, o, arxa oturacaqda sol tərəfdə, bacısı Səbinə arxa oturacaqda sağ tərəfdə, bacısının nişanlısı Rüstəm isə arxa oturacaqda bacısı ilə onun arasında əyləşmişlər. Saat 22:40 radələrində Xəzər RPİ DYPŞ-nin yaxınlığından keçən hissəsində üç zolaqlı yolda orta zolaqla təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən buzlu yolda qəflətən avtomobil sürüşməyə başlamış, Orxan hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobili əks istiqamətli yolları ayıran beton səkinin üzərində quraşdırılmış işıq dirəyinə vurmuş, zərbənin təsirindən avtomobilin qabaq tərəfi qopub yerdə qalmışdır. Həmin vaxt görmüşlər ki, İlqar Əbülfəzovun vəziyyəti çox pisdir. O və digər şəxslər isə nisbətən yaxşı vəziyyətdə olmuşlar. Hadisə baş verəndən bir qədər sonra həmin yerə polis əməkdaşları gəlmişlər və hadisə yerinin müayinəsi aparılmışdır. Daha sonra həmin yerə təcili yardım maşınları da gəlmiş və onların hamısını 3 saylı Şəhər Xəstəxanasına aparmışlar. 22 yanvar 2021-ci il tarixdə səhər saat 04 radələrində İlqar Əbülfəzov almış olduğu bədən xəsarətlərindən xəstəxanada vəfat etmişdir. Hazırda ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Buna görə də onun Orxandan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Orxana yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X11 göstərdi ki, 21 yanvar 2021-ci il tarixdə qohumları ilə birlikdə Xəzər rayonu Türkan qəsəbəsində yaşayan xalasıgilə qonaq getmişlər. Həmin gün saat 22 radələrində xalası oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107 minik” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Türkan qəsəbəsindən çıxıb yaşadıqları evə getməkdən ötrü Qala-Pirallahı yolu ilə Mərdəkan şosesi istiqamətində gedirmişlər. Xalasının əri İlqar Əbülfəzov qabaq sağ oturacaqda, qardaşı Oktay arxa oturacaqda sol tərəfdə, o, arxa oturacaqda sağ tərəfdə, nişanlısı Rüstəm isə arxa oturacaqda qardaşı ilə onun arasında əyləşmişdir. Saat 22:40 radələrində Xəzər RPİ-nin DYPŞ-nin yaxınlığından keçən hissəsində üç zolaqlı yolda orta zolaqla hərəkətdə olarkən qəflətən avtomobil sürüşməyə başlamış, həmin vaxt sürücü Orxan hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobili əks istiqamətli yolları ayıran beton səkinin üzərində quraşdırılmış işıq dirəyinə vurmuş, zərbənin təsirindən avtomobilin qabaq tərəfi qopub yerdə qalmış, onlar isə avtomobilin içərisində şok vəziyyətində imişlər. Həmin vaxt görmüşlər ki, xalasının əri İlqarın vəziyyəti çox pisdir. O və digər şəxslər isə nisbətən yaxşı vəziyyətdə olmuşlar. Bir qədər sonra həmin yerə polis əməkdaşları gəlmişlər və hadisə yerinin müayinəsi aparılmışdır. Daha sonra həmin yerə təcili yardım maşınları da gəlmiş və onların hamısını xəstəxanaya aparmışlar. 22 yanvar 2021-ci il tarixdə səhər saat 04 radələrində İlqar Əbülfəzov almış olduğu bədən xəsarətlərindən xəstəxanada vəfat etmişdir. Hazırda ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Buna görə də onun Orxandan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Orxana yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 21 yanvar 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş foto cədvəl və sxemdən görünür ki, hadisə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala-Pirallahı şosesi ilə Mərdəkan şosesi istiqamətində həmin yolun Xəzər RPİ DYPŞ-nin yaxınlığından keçən hissəsində baş vermişdir. Cinayət işinin materiallarına əlavə olunmuş AD seriyalı 228805 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş 22 yanvar 2021-ci il tarixli 1/116 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamaqla ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 06 fevral 2021-ci il tarixli 04 saylı rəyindən görünür ki,

1. Mərhum İ.M.Əbülfəzovun meyitində aşkar edilmiş xəsarətlər - ənsə nahiyəsinin əzilmiş yarası; sağ və sol əlin arxa səthinin, sağ budun orta üçdə birinin bayır səthinin, sol budun orta üçdə birinin ön-iç səthinin, sol ayağın iç topuğunun, sağ ayağın iç topuğunun qançırları; sağ dizin ön səthinin, sol dizin bayır səthinin, sağ baldırın orta üçdə birinin ön səthinin, sol ayağın bayır sıyrıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; ənsə və sağ gicgah sümüyünün xətti sınığı; sağ said sümüklərinin orta üçdə birinin qapalı, yerdəyişən sınığı; sağ baldır sümüklərinin aşağı üçdə birinin qapalı, yerdəyişən sınığı; sağ tərəfli hemopnevmotoraks; sol tərəfli pnevmotoraks küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni 21 yanvar 2021-ci il tarixdə hərəkətdə olan avtomaşının salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər.

2. Mərhum İ.M.Əbülfəzovun ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur.

3. Mərhum İ.M.Əbülfəzovun ölümü 22 yanvar 2021-ci ildə, saat 02:00-da 3 saylı Şəhər Kliniki Xəstəxanasında baş vermişdir (3 saylı Şəhər Kliniki Xəstəxanasında tərtib olunmuş C373 saylı xəstəlik tarixinə əsasən).

4. Mərhum İ.M.Əbülfəzovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,3 % etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti sağkən Yüngül dərəcəli sərxoşluq vəziyyətinə uyğundur. Narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 271/K, 04.02.2021). Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 18 fevral 2021-ci il tarixli 94 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – çənənin sol tac çıxıntısı və sol oynaq başının yerini dəyişməmiş sınıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 21 yanvar 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 18 fevral 2021-ci il tarixli 95 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ əlin əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin İV və V barmaqların yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 21 yanvar 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 18 fevral 2021-ci il tarixli 96 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət – alının və sağ əlin əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 21 yanvar 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 18 fevral 2021-ci il tarixli 136 saylı rəyindən görünür ki, S.A.Ağayevanın bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ körpücük sümüyünün yerdəyişən sınığı, sağ qasıq və oturaq sümüklərinin sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun X6 və Ortopediya İnstitutuna müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 21 yanvar 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17 mart 2021-ci il tarixli 8/533 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2107” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış eksperiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X9, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Ağasi oğlu və X11 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizələrdən göründüyü kimi, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və ya digər tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 11 fevral 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına və zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, baş vermiş hadisədən sonrakı davranışını, dəymiş ziyanı tamamilə ödəməsini, hadisə nəticəsində öz doğma atasının ölməsini, hüquqi varislə, zərərçəkmiş hüquqi şəxslə və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı onların ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar