Məhkəmə qərarları › İş №1(003)-249/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-249/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-249/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, 08 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs2 məxsus 20.000 manat dəyərində “Mercedes- Benz Viano” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobili 20.000 manat ödəyəcəyinə dair vəd verib etibardan sui-istifadə etmə və aldatma yolu ilə talayaraq zərər çəkmiş şəxsə qeyd edilən məbləğdə maddi ziyan vurmaqla xeyli miqdarda dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Zərərçəkmiş şəxs1 oğlu barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs X8 işini yüngülləşdirəcəyini vəd edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid2 Zərərçəkmiş şəxs1 məxsus 10.000 manat pulu talayaraq zərər çəkmiş şəxsə qeyd edilən məbləğdə maddi ziyan vurmaqla xeyli miqdarda təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs2 bir neçə müddətdir ki, tanıyır. Famillə Şahid3 vasitəsilə tanış olmuşdur. Onunla əvvəllər aralarında hər hansı ədavət və qərəzli münasibət olmamışdır. Mahirlə Famil arasında dost münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs2 məxsus **-UM- *** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz Viano” markalı avtomobili almaq qərarına gəlmiş, Famil avtomobili ona 20.000 manata satmağa razılaşmışdır. Famillə aralarında olan razılaşmaya əsasən ilkin ödəniş olaraq 10.000 manat ödəməli imiş, qalan 10.000 manatı isə hissə-hissə ödəyəcəkmiş. İlkin ödəniş olaraq ödəməli olduğu 10.000 manat pulu bir ay müddətində ona ödəyəcəyinə razılaşmış, Famil onunla və Mahirlə olan səmimi münasibətinə görə ilkin ödəniş olmadan qeyd edilən avtomobilə 2020-ci ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən notariat kontorunda onun adına sərəncam vermək haqqında etibarnamə vermişdir. “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq karantin qaydaları sərtləşdiyindən işləri planlaşdırdığı kimi getməmiş, bu səbəbdən Familə verdiyi sözə əməl edə bilməmişdir. Dörd ay ərzində Familə ümumilikdə 1.800 manat pul verə bilmişdir. 1.800 manatdan 300 manatı Familə əvvəldən olan borc olmuşdur. 20.000 manata almağa razılaşdığı avtomobilə görə Familə ümumilikdə 1.500 manat pul verə bilmişdir. Anası xəstə olduğuna görə pula ehtiyacı olmuş və Famildən aldığı avtomobili lombarda girov qoyaraq pul götürməyi qərara almışdır. Məqsədi daha sonra lombarda ödəniş edərək avtomobili geri götürmək olmuşdur. Bu səbəbdən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində X3 ona lombard tapmağını xahiş etmişdir. Onun vasitəsilə Bakı şəhəri, Nizami rayonu ərazisində “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən lombardda avtomobilin mühərrikində nasazlıq olduğuna görə avtomobili girov qoyaraq cəmi 13.500 manat pul ala bilmişdir. Pandemiya səbəbindən işləri alınmadığına görə avtomobili lombarddan götürə bilməmiş və qeyd edilən avtomobil kənar bir şəxsə satılmışdır. Bundan sonra Familə ondan aldığı avtomobilə görə ödəməli olduğu 18.500 manat pulu hissə-hissə olaraq qaytaracağına söz vermişdir. Lakin vədinə əməl edə bilməmiş, Familə ödəməli olduğu 18.500 manat pulu tez bir zamanda qaytaracaq. Famili aldatmaq fikri olmamışdır. Zərərçəkmiş şəxs2 Şahid3 vasitəsilə tanısa da, Mahirdən Famili ona avtomobili satmasına razı salmaq üçün kömək etməsini xahiş etməmiş və buna görə Mahirə nəsə verəcəyini vəd etməmişdir. Mahirin onun Famildən aldığı avtomobili lombarda qoymağından xəbəri olmamışdır, Famildən aldığı avtomobili lombarda qoyaraq əldə etdiyi 13.500 manat puldan Mahirə heç nə verməmiş, həmin pulu anasının müalicəsinə xərcləmişdir. Bundan başqa Şahid2 bir ilə yaxındır ki, tanıyır. Onunla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində çayxanada tanış olmuş, Hüseynə onun hüquq-mühafizə orqanlarında sanballı tanışları olduğunu və qanunla bağlı nəsə problemi olsa ona köməklik göstərə biləcəyini bildirmişdir. 2022-ci ilin may ayının sonlarında Hüseyn ona Aynur adlı qohumunun olduğunu, Aynurun oğlu X8 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə həbsdə olduğunu və onun oğlunun işinə köməklik göstərilməsinin lazım olduğunu, buna görə Aynurənin 10.000 manat pul verməyə hazır olduğunu bildirmişdir. Aynurənin oğlunun işinə köməklik göstərəcəyini bildirərək 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Hüseynlə görüşmüş, Hüseyn ona pul verməyini Aynurəyə sübut etmək üçün 10.000 manat pulun ona verilməsini borc müqaviləsi kimi notarial qaydada təsdiq elətdirməyi xahiş etmişdir. Buna etiraz etməmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən notarius yolu ilə Hüseyn ona 10.000 manat pul vermişdir. Aynurənin oğlunun işini düzəldə biləcək adam tapa bilmədiyinə görə 10.000 manat pulu götürərək 2022-ci ilin iyun ayının əvvəllərində Gürcüstan Respublikasına, oradan da Türkiyə Cümhuriyyətinə getmiş və 10.000 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Azərbaycan Respublikasına qayıdan zaman sərhədkeçmə məntəqəsində saxlanılmışdır. Zərərçəkmiş şəxs1 oğlu Ramalın işinə köməklik göstərmək fikri olsa da, bu işi həll edə biləcək münasib adamlar tapa bilməmişdir. Həmin vaxt pula ehtiyacı olduğuna görə 10.000 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmək qərarına gəlmiş və xərcləmişdir. Hüseyndən aldığı 10.000 manat pulu tək özü üçün xərcləmiş, həmin puldan heç kimə, heç nə verməmişdir. Hüseynin onun Aynurənin oğlu Ramalın işinə kömək edə bilməyəcəyindən və Aynurəni aldadacağından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs son sözündə ona elan edilmiş ittihamda olan 1-ci epizod üzrə özünü təqsirli bilmədiyini, həmin epizod üzrə dələduzluq niyyətinin olmadığını, bu səbəbdən də mülki iddianın təmin edilməməsini, 2-ci epizod üzrə özünü təqsirli bildiyini, həmin epizod üzrə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. 2022ci ilin may ayının əvvəlində oğlu X2 rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edildiyinə görə onun azadlığa çıxmasından ötrü rəfiqəsi Şahid1 kömək etməsi üçün müraciət etmiş, Fəridənin qohumu Şahid2 Ağəmməd adlı bir tanışının olduğunu və bu işdə kömək edəcəyini bildirmişdir. Bundan sonra Ağəmməd Ramalın azadlığa buraxılmasından ötrü 10.000 manat pul lazım olduğunu bildirmişdir. 10.000 manat pulu taparaq 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda Şahid1 məxsus fərdi yaşayış evində Fərdiənin yanında 10.000 manat pulu Şahid2 vermişdir. Şahid2 da həmin gün 10.000 manat pulu Ramalın azadlığa buraxılmasından ötrü Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində vermişdir. Lakin buna baxmayaraq Ramal azadlığa buraxılmamış, Ağəmməd onu aldadaraq 10.000 manat pulu ələ keçirmişdir. Daha sonra Ağəmməddən bir neçə dəfə aldığı pulu geri qaytarmağı tələb etmələrinə baxmayaraq Ağəmməd bu günə kimi pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. 2020-ci ilin iyul ayında ona məxsus olan **-UM-*** dövlət qeydiyyat nişanlı, “X14” markalı avtomobili Təqsirləndirilən şəxs 20.000. manata satmışdır. Aralarında olan razılaşmaya əsasən Ağəmməd bir ay ərzində ilkin ödəniş olaraq 10.000. manat, yerdə qalan 10.000. manatı da hissə-hissə ödəməli imiş. Ağəmmədi Şahid3 vasitəsilə tanımış, Mahirlə aralarında yaxın dostluq münasibətləri olmuşdur. Daha sonra Ağəmmədlə də aralarında səmimi münasibət yaranmışdır. Ağəmmədin onu aldatmayacağını fikirləşmişdir. Ona görə də avtomobili Ağəmməd ona ilkin ödəniş etmədiyinə baxmayaraq 2020-ci ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən notariat kontorunda qeyd edilən avtomobilə sərəncam vermək haqqında Təqsirləndirilən şəxs adına etibarnamə vermişdir. Bundan sonra Ağəmməd ondan pandemiya ilə əlaqədar işlərinin qaydasında getmədiyini və ondan ona vaxt verməyini xahiş etmişdir. Növbəti dörd ay ərzində Ağəmməd ona ümumilikdə 1.800. manat pul vermişdir. Ağəmmədin ona əvvəldən 300 manat borcu olduğuna görə 1.800. manatdan 300 manatı onun borcuna çıxmışdır. Daha sonra Ağəmməd anası xəstə olduğuna görə ona satdığı avtomobili lombarda girov qoyub 13.500. manat pul götürərək anasının müalicəsinə xərclədiyini bildirmişdir. İmkanı olmadığına görə lombardın pulunu ödəyə bilməmiş və avtomobil lombard tərəfindən tanımadığı bir şəxsə satılmışdır. Ağəmməd hissə-hissə olaraq onun pulunu qaytaracağına əmin etmişdir. Lakin, bu günə kimi Ağəmməd müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs onu aldatmışdır. Ağəmmədi Şahid3 görə tanımış, Mahirlə aralarında uzun müddət dostluq münasibətləri olmuşdur. Ağəmmədi Mahirə görə tanısa da, Ağəmmədin özü ilə də aralarında səmimi dostluq münasibətləri yaranmışdır. Ağəmməd özünü işgüzar bir şəxs kimi aparmışdır. Mahirin dostu olduğuna və özü etibar qazandığına görə ilkin ödəniş olmadan Ağəmmədə avtomobili satmağa razı olmuşdur. Sonradan Şahid3 bu işlərə aidiyyatının olmadığı və Ağəmməddin onu aldatmasından xəbəri olmadığı ona məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 10 ildən çoxdur ki, tanıyır. Aynurə 2022-ci ilin may ayının əvvəllərində onun yaşadığı ünvana gələrək oğlu X8 həbs olunduğunu və buna görə ona kömək lazım olduğunu bildirmiş, xalasının nəvəsi Şahid2 Ağəmməd adlı bir şəxsin bu işdə kömək edəcəyini bildirərək Təqsirləndirilən şəxs bu işi həll etməkdən ötrü 10.000 manat pul lazım olduğunu demişdir. Aynurə 10.000 manat pul taparaq 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən ona məxsus fərdi yaşayış evində 10.000 manat pulu Ağəmmədə verilməsindən ötrü Şahid2 vermişdir. Daha sonra Təqsirləndirilən şəxs heç bir iş həll etmədiyi, Aynurəyə məxsus 10.000 manat pulu aldadaraq ələ keçirdiyi məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 bildirdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Şahid1 onun qohumudur. Zərərçəkmiş şəxs1 Fəridəyə görə tanımışdır. 2022-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs1 oğlu X8 həbs olunduğunu və buna görə ona kömək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bir müddətdir ki, tanıyır. Ağəmməd ona bir neçə dəfə onun yüksək vəzifədə olan tanışları olduğunu, bir problem olacağı təqdirdə ona müraciət edə biləcəyini təklif etmişdir. Buna görə də Ağəmmədə Zərərçəkmiş şəxs1 oğlu Ramalın tutulduğunu, onu buraxdırmaq üçün kömək lazım oldğunu bildirmişdir. Ağəmməd bu işin həll olunması üçün 10.000 manat pul lazım olduğunu demiş, bundan sonra 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Şahid1 məxsus fərdi yaşayış evində 10.000 manat pulu Fəridənin yanında Aynurədən almış, həmin gün Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində görüşərək 10.000 manat pulu Ağəmmədə vermişdir. Ağəmməd onu tez bir zamanda Ramalın azadlığa buraxılacağına əmin etmişdir. Lakin Ramal azadlığa buraxılmamış, Ağəmməd hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Ağəmmədin onları aldatdığı məlum olmuş, Bundan sonra ondan aldığı 10.000 manat pulu geri qaytarmağı tələb etmişdir. Lakin Ağəmməd hər dəfə bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs ona heç bir pul verməmiş, onun bu işi doğrudan da həll edəcəyini fikirləşmişdir. Ağəmmədin aldatmaq niyyəti ilə pulu ələ keçirdiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Ağəmmədlə Famil arasında həqiqətən maşın alış-verişi olmuşdur. Maşını kredit ilə ayda 500 manat olmaqla almaq üçün razılaşmışdılar. 3-4 ay aylıq ödənişlər edilmişdir, sonradan pandemiya olmuş, nəticədə işlərdə problemlər yaranmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, fakta görə AR CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 05 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Nizami Həmidov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, könüllü olaraq polis şöbəsinə gəlmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Nizami Həmidov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Nizami Həmidov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin 4(003)-484/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin 4(003)-22/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün yəni, 17 yanvar 2023-cü il tarixdən 06 fevral 2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin nümayəndəsiin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 arasında əldə edilmiş razılığa əsasən zərər çəkmiş şəxs hər ay 500 manat ödəmək şərti ilə “Mercedes-Benz Viano” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında təqsirləndirilən şəxsə vermişdir. Təqsirləndirilən şəxs 3 ay müddət ərzində ona 1500 manat ödəmiş, lakin sonrakı müddətdə zərər çəkmiş şəxsə heç bir ödəniş etməmişdir. Daha sonra təqsirləndirilən şəxs həmin avtomobili lombarda qoyaraq 13500 manat məbləğində pul əldə etmişdir. Aldığı pul vəsaitini isə zərər çəkmiş şəxsə heç bir ödəniş etmədən yalnız özünə xərcləmişdir. Məhkəmə bildirir ki, təsirləndirilən şəxsin ilk üç ay ərzində zərər çəkmiş şəxsə ümumilikdə 1500 manat ödəniş etməsi onun əməlində əvvəlcədən dələduzluq niyyətinin olmadığını göstərsə də, sonradan həmin avtomobili lomdarda qoyaraq əldə etdiyi pul vəsaitindən zərər çəkmiş şəxsə heç bir ödəniş etməməsi onun niyyətində dələduzluq olmasını təsbit edir. Burdan görünür ki, təsirləndirilən şəxsin məqsədi üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurmaqla, təkrarən törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onun xeyrinə ümumilikdə 18500 manat maddi ziyanın və 145,50 manat dövlət rüsumunun tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən “Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirməsi, bunun nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 18500 manat ziyan vurulması təsdiq edildiyindən, beləliklə, mülki iddia əsaslı olduğundan Zərərçəkmiş şəxs2 iddiası təmin edilməli, Təqsirləndirilən şəxs 18500 manat (on səkkiz min beş yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən ödənilmiş 145,50 (bir yüz qırx beş manat əlli qəpik) manat dövlət rüsumu Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs2 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 17 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 145,50 (bir yüz qırx beş manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saata görə 66 (altmış altı) manat, ümumilikdə 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar