Məhkəmə qərarları › İş №1(003)-250/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-250/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-250/2020 20.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1960-cı ildə Naxçıvan MR., Şərur rayonu, Dizə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan MR., Şərur rayonu, Dizə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ünvanında fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 16:15 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, nömrəsiz fərdi evin yerləşdiyi küçədə «xxxxxxxx» ASC-nin Xəzər rayon X10 İdarəsində nəzarətçi-mühəndis vəzifəsində işləyən Zərərçəkmiş şəxs ilə sonuncunun onun evinə elektrik enerjisi verilişini dayandırması səbəbindən aralarında baş vermiş mübahisə zamanı qəsdən əlləri və əlində olan çəliklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ona posttravmatik kranioservikalgiya ağrı sindromu ilə, sol göz orbitinin qançırı, sol gözün ağlı qişasının, üst dodağın selikli qişasının və üst çənədə sol İİİ diş ətinin qansızmaları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi tikili olan evi 6-7 ildir ki, X6 almış və ailəsi ilə birlikdə orada yaşayır. Evi almağına baxmayaraq evin elektrik və qaz sayğacları Abbasov Əjdərin adına qalmışdır. Yaşadığı evə həmişə işığın bildirişləri gəlmiş və o da vaxtında ödəmişdir. xx.xx.2020-ci il tarixdə arvadı Şahid ilə yaşadıqları evdə olduqları zaman işıqları kəsilmişdir. O, dərhal evdən çölə çıxmış və evlərindən 2-3 ev qabaqda bir kişinin durduğunu görmüşdür. Həmin kişiyə yaxınlaşaraq onların evinin işığını kimin kəsdiyini soruşmuşdur. Həmin şəxs ona bildirmişdir ki, o, “xxxxxxxx”ASC-nin əməkdaşıdır və işığı o, kəsmişdir. Həmin vaxt aralarında sözlə mübahisə yaranmış və o, həmin şəxsə borcları olduğunu bilmədiyini bildirmişdir. Bundan sonra əsəbləşərək həmin şəxsə nalayiq sözlər demişdir. Sonra isə əlində olan əsa ilə və yumruqla həmin şəxsi vurmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, «xxxxxxxx» ASC-də nəzarətçi mühəndis vəzifəsində işləyir. Vəzifə səlahiyyətlərindən biri də, borclu olan abonentlərin borcunun ödənilməsini təmin etməkdən ibarətdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 16:15 radələrində Binə qəsəbəsində yerləşən xidməti ərazidə xidmət edirdi. Nəzarət etdiyi ərazidə yerləşən borclu olan abonent X7 adına yazılan bildirişdə 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək 32 manat 21 qəpik borc göstərilmişdir. O, həmin abonentə yenidən heç bir xəbərdarlıq etmədən küçədə olan elektrik xəttini sayğacın qutusunda yerləşən qoruyucudan söndürmüş və digər abonentlərin bildirişlərini paylamağa keçmişdir. Qeyd etmişdir ki, həmin ünvanda yaşayan, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə təxminən 2020-ci ilin fevral ayının axırlarında borcunu ödəməsinə dair şifahi xəbərdarlıq etmişdir. Təxminən 3-4 dəqiqədən sonra həmin evdən sonradan həmin Təqsirləndirilən şəxs ailəsi ilə çıxmış və ondan soruşmuşlar ki, onların işiğını kim söndürmüşdür. Özünü “xxxxxxxx” ASC-nin əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqəsini göstərib işıqlarını özünün söndürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs və oğlu Nihad adlı şəxs onu təhqir etmişlər. O, həmin şəxslərə vəzifəsini icra etdiyini bildirmişdir. Qeyd etmişdir ki, həmin vaxt xidməti vəsiqəsi boynundan asılı vəziyyətdə idi və o özünü bir daha təqdim edərək harada işlədiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onu əlində olan əsa ilə bədən və üz nahiyyələrindən vurmuşdur. Həmçinin oğlu Nihad adlı şəxs də ona yaxınlaşaraq yumruqla sifət və baş nahiyyəsindən vurmuşdur. Bundan sonra DİN-nin «102» zəng mərkəzinə və xəstəxanaya müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi tikili olan evi 6-7 ildir ki, X6 almışlar və ailəsi ilə birlikdə orada yaşayır. Evi almaqlarına baxmayaraq evin elektrik və qaz sayğacları Abbasov Əjdərin adına qalmışdır. Yaşadığı evə həmişə işığın bildirişləri gəlirmiş və onlar da vaxtında ödəyirmişlər. xx.xx.2020-ci il tarixdə əri Təqsirləndirilən şəxs ilə yaşadıqları evdə olduqları zaman görmüşdür ki, işıqları kəsilib. Əri dərhal evdən çölə çıxmış və evlərindən 2-3 ev qabaqda bir kişinin durduğunu görmüşdür. Əri həmin kişiyə yaxınlaşaraq onların evinin işığının kimin kəsdiyini soruşmuşdur. Həmin şəxs ərinə bildirmişdir ki, o, “xxxxxxxx”ASC-nin əməkdaşıdır və işığı o, kəsib. Həmin vaxt aralarında sözlə mübahisə yaranmış və əri həmin şəxsə bildirmişdir ki, borcları olduğunu bilməmişdir. Küçədə səs küy olmuş, o da səsə küçəyə çıxmış və əri Təqsirləndirilən şəxs yerə yıxıldığını görmüşdür. Ərinə kömək edib yerdən qaldırmış, əri isə bu zaman əlindəki əsa ilə bir dəfə Zərərçəkmiş şəxs vurmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2020-ci il tarixli, 223 saylı rəydən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində posttravmatik kranioservikalgiya ağrı sindromu ilə, sol göz orbitinin qançırı, sol gözün ağlı qişasının, üst dodağın selikli qişasının və üst çənədə sol İİİ diş ətinin qansızmaları aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 1 günə qədər əvvəl törənmişlər və xx.xx.2020-ci il tarixdə və şəraitdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın təyin edilməsi məqsədəmüvafiqdir və təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini tam təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, kifayət qədər yaşının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 03 saata görə 18 (on səkkiz) manat, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 06 saata görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X8 və Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar