Məhkəmə qərarları › İş №1(003)-250/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-250/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-250/2021 05.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, ali təhsilli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 saylı komanda rəisi, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan vəyaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 yanvar 2021-ci il tarixdə, saat 13:05-də Şahid3 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi “Bolluq” Yaşayış Massivində yerləşən nömrəsiz fərdi evinin həyətyanı sahəsində Şahid3 yaşadığı evin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus “Ekoloji park”-ın balansında olduğunu bildirməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən Şahid3 arvadı Zərərçəkmiş şəxs qızını itələməsi nəticəsində Zərərçəkmiş şəxs ayağının evin giriş hissəsində olan pilləkənlərə ilişərək yıxılıb kürək nahiyəsinin, budun qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən dərəcəsinə görə qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ibtidai istintaq zamanı özünü təqsirli bilməyərək göstərmişdir ki, 2015-ci il tarixdən Azərbaycan Respublikası “xxxx” Neft Şirkətinin “Etalon” mühafizə şirkətində işləmiş, 01 noyabr 2020-ci il tarixdə isə həmin şirkətin adı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edildiyindən, hal-hazırda Cəmiyyətin 12 saylı komanda rəisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, yəni “xxxx”-a məxsus olan torpaq sahələrinin, yəni ərazilərin mühafizəsini həyata keçirmiş, mühafizəsini həyata keçirdiyi torpaq sahələrindən biri də Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində olan “xxxx”-a məxsus “Ekoloji Parkı” deyilən ərazilərdir. Qeyd edilən ərazilərdə tabeliyində mühafizəçi işləyən X7 ilə birlikdə mühafizə fəaliyyətini həyata keçirir. “Ekoloyi Park” deyilən ərazi “xxxx” Neft Şirkətinin Ekologiya İdarəsinin balansındadır. Qeyd edilən torpaq sahəsi 01 yanvar 2021-ci il tarixdə komanda rəisi vəzifəsində işlədiyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə mühafizəsini həyata keçirmək üçün təhvil verilmişdir. 02 yanvar 2021-ci il tarixdə tabeliyində mühafizəçi işləyən Bəhruz Həkimov ona zəng edərək mühafizəsini həyata keçirdiyi “Ekoloyi Park”-ın ərazisində olan qurunt sularının yığıldığı gölə torpaq və zibil tökülərək doldurulduğunu və bununla da həmin torpaq sahəsinin zəbt edilmə fəaliyyətinə başlanıldığını bildirmişdir. Dərhal mühafizəçi Bəhruzun dediyi əraziyə yaxınlaşmış, avtomobildən düşərək həmin torpaq sahəsinə baxış keçirən zaman adını həmin yerdə “Baba” ləqəbli “Səməd” adlı şəxs kimi bildiyi Şahid3 zibil tökdüyü torpaq sahələrinin “xxxx” Neft Şirkətinin Ekologiya İdarəsinin balansında olduğunu bildirib, etdiyi hərəkətlərin zəbt etmə hərəkətləri olduğunu və buna görə də tikintini saxlamağını bildirmişdir. Lakin Səməd aqressiv cavablar verərək tikintini dayandırmaqdan imtina etmişdir. Səmədə həmin torpaq sahələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olduğunu bildirdikdə, o, onlara qeyd edilən torpaq sahəsinə dair sənədlərinin olduğunu bildirmişdir. Torpaq sahəsinə aid olan sənədləri onlara təqdim etməsini bildirmələrinə baxmayaraq, Səməd onlara heç bir sənəd təqdim etməmişdir. Daha sonra bir daha Səməddən mübahisəsi gedən torpaq sahəsinə dair sənədləri onlara göstərməsini tələb etsələr də, o, yenidən onlara kobud şəkildə cavab vermiş və söhbətdən yayınmışdır. Şahid3 evinə daxil olmamış, Səməd və həyat yoldaşı Zərərçəkmiş şəxs qızının onunla kobud və aqressiv şəkildə danışmalarına baxmayaraq, aralarında heç bir dava-dalaş olmamış və onun həyat yoldaşına hər hansı bir xəsarət yetirməmişdir. Baş vermiş dava-dalaş zamanı Şahid3, həyat yoldaşı Zərərçəkmiş şəxs və həmin yerdə olan digər şəxslərə hər hansı bir xəsarət yetirməmiş, mübahisə zamanı çəkiliş üçün əlində saxladığı və özünə məxsus mobil telefondan başqa əlində hər hansı bir əşya və ya predmet olmamış, mübahisə zamanı Şahid3, həyat yoldaşı Zərərçəkmiş şəxs və həmin yerdə olan digər şəxslərə qarşı hər hansı bir nalayiq ifadələr işlətməmişdir. Mübahisə zamanı qeyd edilən yerdə o, Bəhruz Həkimov, Şahid3, Səmədin həyat yoldaşı Zərərçəkmiş şəxs qızı və tanımadığı başqa şəxslər olmuş, mübahisə zamanı Şahid3 və Zərərçəkmiş şəxs, həmçinin qeyd edilən yerdə olan digər şəxslər ona və Bəhruz Həkimova hər hansı xəsarət yetirməmiş, mübahisə təxminən 10- 15 dəqiqə ərzində davam etmişdir. Zərərçəkmiş şəxs hər hansı bir xəsarət yetirməmiş, Şuranın bədəni üzərində olan xəsarətlərin əmələ gəlməsi halı barəsində hər hansı bir məlumatı olmamış, mühafizəçi Bəhruz da qeyd etdiyi şəxslərə hər hansı bir xəsarət yetirməmişdir. Səmədgilin evinə daxil olmamış və həmin yerdə olan heç kimə hər hansı bir xəsarət yetirməmişdir. Səmədlə olan söhbətlərini mobil telefon vasitəsilə çəkmişdir. Mübahisə zamanı Aqil Azadlı qeyd edilən yerdə olmamışdır, çünki mübahisə olan zaman qeyri-iş günü olmuşdur. Xəzər RPİ 3-cü PB-də izahat yazarkən Səmədin anket məlumatlarını tam bilmədiyindən və adını “Seymur” kimi bildiyindən, izahatında adını “Seymur” kimi qeyd etmiş, mübahisə zamanı Səməd və arvadı Şura onu söyüb təhqir etmişdir. Hazırkı açıq məhkəmə iclasında bildirir ki, o, belə bir hadisənin baş verməsini arzulamamışdır, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır və zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bunların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs qızına məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclaslarına gəlməmiş, 29 aprel 2021-ci il tarixdə məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını və gələcəkdə də olmayacağını göstərmiş, bununla bağlı cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qızının məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs qızı göstərmişdir ki, 2001-ci il tarixdə Şahid3 ilə ailə həyatı qurmuş, bu evlilikdən bir övladları olmuşdur. Övladı 1996-cı il təvəllüdlü X6 1-ci qrup əlildir, daun sindromu xəstəsidir. Əri “20 yanvar” əlili kimi qeydiyyatdadır. Əlil olmağı səbəbi ilə 1990-cı ildə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evi tikilməsi üçün Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “Bolluq” yaşayış massivində 8 sot torpaq sahəsi verilmişdir. Bundan başqa, 90cı illərdə isə 10 sot baldızının həyat yoldaşı X1 adına və 8 sot isə baldızı X2 adına torpaq sahəsi verilmişdir. 2014-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən sahibkarlıqla məşğul olmağı üçün isə adına 3 sot torpaq sahəsi verilmişdir. Həyat yoldaşı Şahid3 baldızı və həyat yoldaşının adına götürdüyü torpaq sahələri elə özlərinin adınadır. Maddi vəziyyətləri yaxşı olmadığından həyat yoldaşına verilmiş 8 sot torpaq sahəsində ev tikintisini apara bilməmiş, lakin 2018-ci il tarixdə 12 daş hündürlüyündə hasar çəkmişdir. Daha sonra elə həmin ildə “Nəsimi”-nin 650 illiyinə həsr olunmuş ağac əkmə aksiyasına qoşularaq, həyat yoldaşı, bacısı və yeznəsinin adına olan hasarladığı torpaq sahələrinin iç və çöl hissəsində həyat yoldaşı ilə birlikdə öz hesablarına 150 ədəd şam ağacı əkmişlər. Lakin 25 may 2020-ci il tarixdə özlərini Bakı şəhər İcra Hakimiyyətinin işçiləri kimi təqdim edən şəxslər həmin torpaq sahəsinə gələrək, qeyd edilən torpaq sahələrinin Heydər Əliyev fonduna məxsus olmasını iddia edib qanunsuz olaraq həmin yerdə olan ağacları məhv etmiş və hasarı tamamilə uçurtmuşlar. Bu hadisə nəticəsində onlara ümumilikdə 8.000 (səkkiz min) manat ziyan dəymişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən həyat yoldaşı Şahid3 verilmiş torpaq sahələrinin müvafiq sənədləri onlarda vardır. Həmin şəxslərin anket məlumatları haqqında hər hansı bir məlumatları yoxdur. Bircə həmin şəxslərin yaşadıqları evə ağ rəngli **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəldiklərini görmüşlər. 02 yanvar 2021-ci il tarixdə evdə olduqları zaman özlərini “xxxx” əməkdaşı kimi təqdim edən mühafizəçi geyimində olan şəxs həyətlərinə daxil olmuşdur. Həmin vaxt Nurəli İsmayılov evlərinin pəncərələrini düzəldirmiş, həyat yoldaşı isə evin həyətyanı sahəsində olmuşdur. Həmin mühafizəçi onlardan yaşadıqları evdə tikinti işlərini dayandırmalarını tələb etmiş, buna görə də, mühafizəçinin ona nə dediyini anlamadan tikinti işini dayandırmış, sonra həmin mühafizəçi çıxıb getmişdir. Daha sonra isə mühafizəçilərin rəisi, adının sonradan Alı olduğunu bildiyi şəxs evinə daxil olaraq evin əncərələrini düzəldən Nurəli adlı ustanın üzərinə hücum etmişdir. Bu zaman o, Alının qarşısına çıxaraq, usta ilə heç bir işinin olmamasını bildirmiş, elə həmin vaxt Alı sağ əli ilə sol çiyin nahiyəsindən itələmiş, buna görə bir qədər geri getmiş, ayağı evin giriş hissəsində olan pilləkənə ilişdiyi üçün bel nahiyəsi evin divarına dəymiş və xəsarət almışdır. Daha sonra həyat yoldaşı və qonşular Alını sakitləşdirərək evin həyətyanı sahəsindən çıxartmış, aldığı zədələr təzə olduğundan və ona bir o qədər də ağrı vermədiyindən birtəhər özünü toparlayıb, yerdən qalxmışdır. Həmin vaxt evin qarşısında həyat yoldaşı Səməd və Alı sözdə mübahisə etmişlər. Alının hərəkətlərini mobil telefonu vasitəsilə çəkmək istəmiş, lakin hadisənin təsirində olduğundan, mobil telefonun video çəkmək üçün olan düyməsini basmadığından, çəkiliş edə bilməmişdir. Həmin vaxt Alı da onları videoya çəkmiş, bir qədər Alı ilə sözdə mübahisə etdikdən sonra Alı avtomobilinə əyləşərək çıxıb getmişdir. Bundan sonra 3-cü PB-nə gedərək ərizə və izahat vermişdir. Evə qayıtdıqdan şonra Alının onu yıxması nəticəsində aldığı xəsarətlərdən onda kəskin ağrılar baş vermiş, buna görə də təcili yardıma məlumat vermiş və həkimlər gələrək onu müayinə etmişlər. Alı ondan başqa heç kimə xəsarət yetirməmiş, həyat yoldaşı və evdə olan başqa şəxslər Alıya və digərlərinə hər hansı bir xəsarət yetirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, ayrı-ayrı vətəndaşların yaşadıqları ünvanlarda usta kimi işləyir və tikinti işləri aparır. 02 yanvar 2021-ci il tarixdə Şahid3 yaşadığı Bakı şəhəri Xəzər rayonu X5 yerləşən evində müəyyən tikinti işləri aparmış, evin pəncərələrini hörmüşdür. Saat 13 radələrində işlə məşğul olduğu zaman özünü “xxxx”-ın əməkdaşı kimi təqdim edən, adının Alı olmasını bildiyi şəxs üzərinə hücum etmiş, bu zaman Səmədin arvadı Zərərçəkmiş şəxs Alının qarşısına çıxaraq, usta ilə işinin olmadığını demiş, Alı isə sağ əli ilə Şuranın sol çiyin nahiyəsindən itələmiş və Şuranın ayağı evin giriş qapısının pilləkəninə ilişərək yerə yıxılmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Şahid3 və Zərərçəkmiş şəxs qızı qonşularıdır. Aralarında səmimi qonşuluq münasibətləri vardır. 02 yanvar 2021-ci il tarixdə, günorta saatlarında yaşadığı evdə olan zaman Şahid3 evinin həyətyanı sahəsindən səs-küy eşitmiş, bu, onda maraq yaratdığı üçün dərhal evdən çıxıb, Səmədgilin yaşadığı evin həyətyanı sahəsinə daxil olmuş, həmin vaxt formalı bir şəxsin, adını sonradan bildiyi Alı adlı şəxsin qaçaraq, evdə işləyən ustanın üzərinə getdiyini, Səmədin həyat yoldaşı Şuranın Alının qarşısına çıxdığını, Alının isə Şuranı itələdiyini, Şuranın ayağının evinin qarşısındakı pilləkanlara ilişərək yıxıldığını, daha sonra isə mühafizəçi geyimində olan Alının qaçaraq evi tərk etdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 2001-ci il tarixdə Zərərçəkmiş şəxs qızı ilə ailə həyatı qurmuş, bu evlilikdən 1 övladları olmuşdur. Övladı 1996-cı il təvəllüdlü X6 1-ci qrup əlildir, daun sindromu xəstəsidir. Özü “20 yanvar” əlili kimi qeydiyyatdadır. Əlil olmağı səbəbi ilə 1990-cı ildə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evi tikilməsi üçün ona Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “Bolluq” yaşayış massivində 8 sot orpaq sahəsi verilmişdir. Bundan başqa, 1990-cı illərdə isə 10 sot yeznəsi X1 adına və 8 sot isə bacısı X2 adına torpaq sahəsi verilmişdir. 2014cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən sahibkarlıqla məşğul olmaları üçün isə həyat yoldaşı Zərərçəkmiş şəxs adına 3 sot torpaq sahəsi verilmişdir. Bacısı və yeznəsinin adına götürdüyü torpaq sahələri elə öz adlarınadır. Maddi vəziyyətləri yaxşı olmadığından, ona verilmiş 8 sot torpaq sahəsində ev tikintisini apara bilməmiş, lakin 2018-ci il tarixdə 12 daş hündürlüyündə hasar çəkmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs, yeznəsi Vyaçeslav Dadaşov və bacisi Mehriban Əliyevanın adına olan torpaq sahələrini isə hasarlamışdır. Daha sonra elə həmin ildə “Nəsimi”-nin 650 illiyinə həsr olunmuş ağac əkmə aksiyasına qoşularaq, həyat yoldaşı, bacısı və yeznəsinin adına olan hasarladığı torpaq sahələrinin iç və çöl hissəsində öz hesabına 150 ədəd şam ağacı əkmişdir. Lakin 25 may 2020-ci il tarixdə özlərini Bakı şəhər İcra Hakimiyyətinin işçiləri kimi təqdim edən şəxslər həmin torpaq sahəsinə gələrək, qeyd edilən torpaq sahələrinin Heydər Əliyev fonduna məxsus olmasını İddia edib qanunsuz olaraq, həmin yerdə olan ağacları məhv etmiş və hasarı tamamilə uçurtmuşlar, Bu hadisə zamanı nəticəsində onlara ümumilikdə 8.000 (səkkiz min) manat ziyan dəymişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən ona verilmiş torpaq sahələrinin müvafiq sənədləri vardır. 02 yanvar 2021-ci il tarixdə evdə olduğu zaman “xxxx” əməkdaşlarının həyətlərinə daxil olduğunu görmüş, həmin şəxslərdən burada nə etdiklərini soruşduqda, evinin ərazisinin “xxxx” Neft şirkətinə məxsus olduğunu bildirib, buna dair sənədlərinin olduğunu demiş, o isə həmin əməkdaşlara bu ərazidə 15 ildən artıq müddətdir yaşadığını bildirərək, həmin əraziyə dair qanuni sənədlərinin olduğunu demiş və bu vaxt aralarında baş verən mübahisə zamanı səs-küyə həyat yoldaşı Zərərçəkmiş şəxs və digər qonşular öz evlərindən çıxıb, ona yaxınlaşmışlar. Bu zaman adını sonradan bildiyi “xxxx” MMC-nin mühafizə rəisi Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs sol çiyin nahiyəsindən itələmiş, nəticədə Şuranın ayağı pilləkənə dəyərək yerə yıxılmış və bunun nəticəsində həyat yoldaşı xəsarət almışdır. O və digər qonşularla Təqsirləndirilən şəxs arasında baş verən insident digər mühafizəçilər tərəfindən sakitləşdirilmiş, həmin şəxslər ərazini tərk edərkən polisə şikayət edəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs itələməsini qonşusu Nurəli İsmayılov da görmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 yanvar 2021-ci il tarixli 341 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızının bədəni üzərində aşkar edilmiş xəsarətlər – kürək nahiyəsinin, budun qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 10 saylı Təcili və X3 Stansiyasına müraciətindən əvvəl olmaqla, qərarda göstərilən 02 yanvar 2021-ci il tarixə və şəraitə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və Zərərçəkmiş şəxs qızı tərəfindən yazılaraq notarial qaydada təsdiqlənmiş 29 aprel 2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bununla bağlı cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan və 13 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon Polis İdarəsinin 28 fevral 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən onun barəsində cinayət təqibinə xitam verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurması cinayətini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işində olan digər sənədlərlə də tam sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, onun ifadəsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işində olan digər sənədlərlə tam təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu cür ifadə verməsi özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Səbail rayon Polis İdarəsinin 28 fevral 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən onun barəsində cinayət təqibinə xitam verilmişdir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasına və ona dəymiş ziyanı tamamilə ödəməsinə baxmayaraq, hazırda onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilə və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və xxxxial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 15 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 5 saat) cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə ümumilikdə 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar