Məhkəmə qərarları › İş №1(003)-251/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-251/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-251/2022 01.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də tikinti üzrə menecer mütəxəssisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş- - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui istifadə etmə yolu ilə gəlir əldə etmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs Bakı şəhəri 251 saylı orta məktəbdə azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldatmış, Zərərçəkmiş şəxs 09 iyun 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Sabunçu rayonu Südçülük sovxozunda fəaliyyət göstərən “Pətək” marketdə ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan “Unibank Albalı” **********683641 saylı kart hesabına 4800 manat, 10 iyun 2021-ci il tarixdə saat 10:29-da Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində fəaliyyət göstərən "xxxx" ASC-nin filialında ödəniş terminalı vasitəsi ilə eyni işə görə həmin kart hesabına 1200 manat, 11 iyun 2021-ci il tarixdə saat 13:52-də eyni terminalda eyni hesaba, eyni işə görə 1000 manat pul ödəməklə vahid niyyətlə əhatə olunmuş qəsdlə bank hesabına köçürülməsi yolu ilə 7000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 7000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs qzı ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2021-ci ilin iyun ayından hazırkı dövrə kimi "xxxx" MMC-də tikinti üzrə satış meneceri vəzifəsində çalışır. Zərərçəkmiş şəxs əvvəllər şəxsən tanımamış, sonradan Zərinə vasitəsilə tanımışdır. Belə ki, təxminən 2021-ci ilin iyun ayının əvvəllərində 14 saylı Bakı Qız Peşə Liseyində direktor müavini vəzifəsində çalışan Şahid zəng edərək həmin liseydə müqavilə ilə müəllim işləmiş Ülviyyə adlı qadını işə düzəltmək lazım olduğunu demişdir. O da bildirmişdir ki, qohumu Təhsil nazirliyində çalışır, onun vasitəsi ilə düzəldə bilər. Zərinəni Ülviyyəni məktəblərdən birinə işə düzəldəcəyinə inandırmış və bunun üçün 7000 manat pul lazım olduğunu ona demişdir. Zərinə Ülviyyənin telefon nömrəsini verərək demişdir ki, “özünüz öz aranızda danışın, işi düzəlt”. O, telefonda Laləyə 7000 manat pulu bank kartına göndərməsini və onu Bakı şəhərində məktəblərin birinə müəllimə kimi işə düzəldəcəyini demişdir. Ülviyyə razılaşmış və o, Bank kartının şəklini ona göndərmişdir. Növbəti gün ona kartına pul köçürülməsi barədə mesaj gəlmiş və Ülviyyə bir neçə dəfəyə kartına 7000 manat pul köçürdüyünü yazmışdır. O, həmin pulları çıxarmış, sonra Zərinənin telefonuna vakansiyalar olan məktəblərin siyahısını göndərib Ülviyyəyə göndərməsini və Ülviyyənin oradan istədiyi məktəbi seçməsini demişdir. Zərinə bir müddət sonra ona demişdir ki, “Ülviyyə 251 saylı orta məktəbi seçdi”. Bir neçə aydan sonra Ülviyyənin həyat yoldaşı mesaj yazaraq pulun geri qaytarılmasını istəmişdir. Həmçinin Zərinə də ona dəfələrlə zəng edərək vədinə əməl etməyə çağırırmış və nəyə görə işin düzəlmədiyini soruşmuş, o da işin alınmadığını və pulu qaytaracağını demişdir. Əslində isə pulu xərclədiyi üçün qaytara bilmirmiş. İlk dəfə törətdiyi bu əməldən səmimi peşmandır, zərərçəkmiş şəxsə şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bundan başqa, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş 7000,00 (yeddi min) manat məbləğində ziyanın 25 (iyirmi beş) faizi miqdarında (1750,00 (bir min yedi yüz əlli) manat) Dövlət Büdcəsinə ödəniş etmişdir. Bütün bunların nəzərə alınaraq onun cinayət məsuliyyətindən azad edilməsi və hazırkı cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, 2003-2008-ci illlərdə Azərbaycan Pedoqoji Universitetində “filologiya” fakultəsində təhsil almışdır. İxtisası “azərbaycan dili və ədəbiyyatı” müəllimliyidir, lakin hazırda işləmir. Evlidir, 2 övladı vardır. 2018-ci ilin noyabr ayından 2019-cu ilin iyun ayına kimi müqavilə əsasında Nizami rayonunda yerləşən 14 saylı Bakı Qız Peşə Liseyində “azərbaycan dili və ədəbiyyətı” fənni üzrə müəllim vəzifəsində çalışmışdır. 2019-cu ilin iyun ayında müqavilənin müddəti bitmiş və o, işdən azad olunmuşdur. İşdən azad olunduqdan bir müddət sonra həmin peşə litseyində direktor müavini vəzifəsində çalışan Şahid zəng edərək tanıdığı Lalə adlı qadının olduğunu, Lalənin əmisi oğlunun Təhsil Nazirliyində yüksək vəzifədə çalışdığını və onun vasitəsilə Bakı şəhərində yerləşən istənilən orta məktəbə müəllim vəzifəsində işə qəbul etdirə biləcəyini demişdir. O, razılaşmış, bundan sonra Zərinə Lalənin şəxsiyyət vəsiqəsinin şəklini və telefon nömrəsini ona göndərmişdir. Lalə 7000 manat verəcəyi təqdirdə onu istənilən məktəbə müəllim kimi işə qəbul etdirə biləcəyini və pulu bir gün ərzində verməli olduğunu bildirmiş, həmçinin “whatsapp” vasitəsilə öz bank kartının şəklini göndərərək pulu həmin karta köçürməsini demişdir. 09 iyun 2021-ci il tarixdə bir neçə dəfəyə ümumilikdə 7000 manat məbləğində pulu “e-manat” ödəniş sistemi vasitəsilə və "xxxx" ASC-yə məxsus ödəniş terminalı vasitəsilə Lalənin göndərdiyi "xxxx"a məxsus **********683641 nömrəli bank kartına göndərmişdir. Lalə mesaj yazaraq bildirmişdir ki, “pulu aldım”. Bir neçə gün sonra Lalədən hansı məktəblərdə vakansiya olduğunu soruşmuş, Lalə Zərinənin bu haqda ona məlumat verəcəyini demişdir. Bir neçə gün sonra Zərinə ona vakansiya olan məktəblərin siyahısını göndərmiş, o da 251 saylı orta məktəbin ona daha uyğun olduğunu demişdir. Zərinə həmin məktəbdə müəllim yerinin rezerv olunduğunu bildirmişdir. Sentyabr ayına kimi o, işin alınmadığını görüb, Lalənin onu aldatdığını başa düşmüş və verdiyi pulları qaytarmasını tələb etmişdir. Lalə isə yaxın vaxtlarda pulu qaytaracağını desə də, qaytarmamışdır. Lakin hazırda Lalə ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasının sonunda Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar onun cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, o, 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin “kimya” fakültəsində təhsil almışdır, ixtisası “kimyaçı”dır. 2002-2017-ci illərdə Xətai rayonunda yerləşən 138 saylı orta məktəbdə kimya müəllimi, 2017-2020-ci illərdə isə 14 saylı Bakı Qız Peşə Liseyində direktor müavini - dərs hissə müdiri vəzifəsində çalışmışdır. 2020-ci ilin iyul ayında 14, 4 və 12 saylı peşə liseyləri birləşdirilərək “Texnika və texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X1 yaradılmışdır. Həmin vaxtdan etibarən də o, orada “kimya müəllimi” vəzifəsində çalışır. Zərərçəkmiş şəxs 2018-ci ilin noyabr ayından 2019-cu ilin iyun ayına kimi müqavilə əsasında Nizami rayonunda yerləşən 14 saylı Bakı Qız Peşə Liseyində “azərbaycan dili və ədəbiyyatı” fənni üzrə müəllim vəzifəsində çalışmış, o da həmin liseyin direktor müavini olmuşdur. 2019-cu ilin iyun ayında Ülviyyənin əmək müqaviləsinin müddəti bitmiş və işdən azad olunmuşdur. Lalə yaxın qohumunun Təhsil Nazirliyində yüksək vəzifədə çalışdığını, 7000 manat verəcəyi təqdirdə Ülviyyəni istənilən məktəbə işə qəbul etdirə biləcəyini demişdir. O da Ülviyyənin iş axtardığını bildiyindən, bir müddət sonra təxminən 2021-ci ilin iyun ayının əvvəllərində Ülviyyəyə zəng edərək tələbə yoldaşı Leylanın Lalə adlı bacısının Bakı şəhərində yerləşən istənilən orta məktəbə müəllim kimi işə düzəlməsində ona kömək edə biləcəyini demişdir. Ülviyyə razılaşmış, o da Lalə ilə telefonda danışmış və Lalənin telefon nömrəsini ona vermişdir. Ülviyyə ilə Lalə danışdıqdan bir neçə gün sonra Ülviyyə 7000 manat pulu Lalənin kartına göndərmiş, lakin həmin puldan ona çatmamışdır. Bir müddət sonra Lalə hansı məktəblərdə vakansiya olması barədə siyahını ona göndərmiş, o da həmin siyahını Ülviyyəyə göndərmişdir. Ülviyyə evlərinə yaxın olduğundan 251 saylı orta məktəbdə işləmək istədiyini demiş, o da bunu Laləyə bildirmişdir. Lalə yaxın vaxtlarda Ülviyyənin işə qəbul olunacağını desə də təxminən 6-7 ay keçməsinə baxmayaraq, işi alınmamışdır. Ülviyyə verdiyi pulu geri tələb etmişdir, o da bu barədə Lalə ilə danışmışdır. Lalə pulu qaytaracağını demiş, lakin qaytarmamışdır. Ülviyyə bu barədə şikayət etdikdən sonra Lalə Ülviyyədən aldığı pulu tamamilə qaytarmışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış 11 aprel 2022-ci il tarixli qəbzdən göründüyü kimi, Təqsirləndirilən şəxs ondan aldığı 7000,00 (yeddi min) manat pulu ona tam şəkildə ödəmişdir, bununla bağlı onun ondan heç bir tələbi yoxdur. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 18 may 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ondan aldığı 7000,00 (yeddi min) manat pulu ona tam şəkildə ödəmiş və onunla barışıq əldə etmişdir. Buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan 01 iyun 2022-ci il tarixli 11838 №-li ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 7000,00 (yeddi min) manat məbləğində ziyanın 25 (iyirmi beş) faizi miqdarında (1750,00 (bir min yedi yüz əlli) manat) Dövlət Büdcəsinə ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 10 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmasını, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbinin olmamasını, gələcəkdə də olmayacağını göstərdi, bütün bunların, həmçinin təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etməsinin nəzərə alınaraq hazırkı cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışması və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətini törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk dəfə az ağır cinayət törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu 7000,00 (yeddi min) manat maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmadığına görə, bundan başqa, onun cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında (1750,00 (bir min yeddi yüz əlli) manat) Dövlət Büdcəsinə ödəniş etməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməli və o, cinayət məsuliyyətindən azad edilməli, cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 5 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu 7000,00 (yeddi min) manat maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında (1750,00 (bir min yeddi yüz əlli) manat Dövlət Büdcəsinə ödəniş etdiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar