Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-252/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 4, mənzil 44-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə 2023-cü ilin fevral ayının əvvəllərindən avqust ayının əvvələrinə kimi olan müddət ərzində müxtəlif vaxtlarda istifadəsində olan "xxxx" MMC-yə məxsus 050-371-83- 06 saylı mobil nömrənin "whatsapp", habelə "tik-tok" və "instaqram" sosial şəbəkəsində qeydiyyatdan keçdiyi "Haydar berk", "Heyatda xeyanet bağışlanmaz" və "Zalım-heyat" profillərindən qohumu Zərərçəkmiş şəxs "tik-tok" və "instaqram" sosial şəbəkəsində qeydiyyatdan keçdiyi "Elnur" profilinə təhdidedici ismarıclər yazıb hədələyərək 500 manat nəğd pulun müqabilində sonuncunun həyat yoldaşı Şahid aid intim videoları və fotoları ona göndərəcəyi, əks təqdirdə həmin videonu sosial şəbəkədə və qohumlar arasında paylaşaraq rüsvayedici məlumatları yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Şahid onun əmisi nəvəsidir. Zərərçəkmiş şəxs isə Aytənin həyat yoldaşıdır. Aytənlə təxminən bir ilə yaxın şəxsi münasibətləri olmuşdur. Aytənlə söhbət əsnasında sonuncu bildirmişdir ki, yoldaşı Elnurla mütəmadi olaraq münaqişə edirlər və bu səbəbdən ayrılmaq istəyir. O, da öz növbəsində yola getmirsə məhkəməyə verib boşanmasını məsləhət görmüşdür. Aytən ondan uşaqlara və özünə nəsə almaq istədiyini əsas gətirərək borca pul istəmişdir. O, da ona hissə-hissə olmaq şərtiylə ümumilikdə 1200 manat pul vermişdir. Bir müddət keçdikdən sonra Aytənlə aralarında soyuqluq olmuş, lakin yenidən yazışmağa başlamışlar. Daha sonra Aytənə verdiyi borc pulu geri istəmişdir. Bu zaman Aytən ona borclu olmadığını demişdir. O, da Aytənə borcunu verməsə əri Elnura məlumat verəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 2023-cü ilin fevral ayından başlayaraq ona tik- tok (Zalim_Heyat və Haydar berk və AzerGurcu profillərindən), instaqram (Heyatda xeyaneti bağışlama) və vatsap (***-***-**-** mobil nömrəsi) vastəsilə tanımadığı və özünü təqdim etməyən şəxs mesajlar yazaraq həyat yoldaşı Şahid ondan xəbərsiz müxtəlif yerlərə getməsini və ona xəyanət etməsini bildirmişdir. Bundan sonra həmin şəxs müxtəlif vaxtlarda sosial şəbəkələrdən mesajlar yazmağa davam edərək onda yoldaşı Aytənin intim videoları və fotoları olmasını bildirmişdir. Həmin şəxs ona reaksiya vermədiyini gördüyündən yenidən bu səpkidə mesajlar yazaraq yoldaşı Aytənin intim video və fotolarını qohumlar arasında və sosial şəbəkələrdə yayacağını bildirmişdir. O, həmin şəxsə yoldaşı Aytənə aid video və fotoları ona göndərməyi istəsə də həmin şəxs razı olmamış və ona heç bir video və foto göndərməmişdir. Lakin,həmin şəxs sonradan yoldaşı Aytənin əmisinin nəvəsi olan Təqsirləndirilən şəxs şəklini ataraq fotodakı şəxsi tanıyıb tanımamağını soruşmuşdur. O, da tanıdığını, yoldaşının əmisi nəvəsi olduğunu bildirmişdir. Həmin şəxs cavabında “əmisi oğlu olanda nə olar? Onunla sənə xəyanət etməz?" demişdir. O, da elə bir şeyin ola bilməyəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs yoldaşı Aytənlə əmisi nəvəsi Tərlanın biryerdə çəkdirdikləri şəkilləri ataraq bir daha yoldaşının ona xəyanət etdiyini demişdir. Bundan sonra həmin şəxsə üz-üzə görüşmək təklif etmiş, lakin, həmin şəxs görüşdən boyun qaçırmışdır. Yoldaşı Aytənlə bu barədə sorğu-sual etmiş, lakin, sonuncu Tərlanla arasında qohumluqdan başqa heç bir şəxsi münasibət olmadığını demişdir. Bir neçə gündən sonra həmin şəxs Tik-tok sosial şəbəkəsindən "Haydar berk" profilindən ona mesaj yazaraq yoldaşına aid intim videonu sosial şəbəkədə iyirmi min izləyicisi olan səhifədə paylaşacağını bildirmişdir. Bundan sonra həmin şəxs sosial şəbəkədən ona mesaj yazaraq yoldaşı Aytənə aid intim video və fotoları ona 500 manat pul verəcəyi təqdirdə ona göndərəcəyini demişdir. O, da yenidən üz-üzə görüş təklif etmiş, lakin, həmin şəxs yenə də görüşə gəlməkdən imtina etmişdir. Həmin şəxs Elnurun ona pul göndərmədiyini gördükdə ona yenidən mesaj yazaraq 500 manat pul göndərməyəcəyi təqdirdə yoldaşının intim videolarını və fotolarını hər yerdə paylaşacağını bildirmişdir. Həmin şəxs sonradan yazdığı mesajları silmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində qeyd etdi ki, Təqsirləndirilən şəxs ilə qohumluq əlaqəsi vardır. Tərlan bəzən vatsapla mesajlar yazmışdır. Beləliklə onların münbasibətləri başlamışdır. Lakin aralarında heç bir yataq münasibətləri olmamışdır. Bir müddətdən sonra Tərlan yoldaşına münasibətlərini deyəcəyi ilə hədələmişdir. Bundan sonra o, Tərlanı bloka atmışdır. Bir müddətdən sonra özü heç bir səbəb olmadan Tərlanı blokdan çıxarmışdır. Blokdan çıxaran zaman Tərlandan ona mesajlar gəlmiş və elədiyi səhvlərdən dərs çıxardığını bildirərək onu bağışlamağını istəmişdir. O, Tərlanın səmimiyyətinə inanaraq onu bağışlamışdır. Bir müddət sonra Tərlan onu hamıya hər şeyə qısqandığından evdən çölə çıxmamağını bildirmişdir. Qısa müddət sonra Tərlan onu hədələyərək videozəng edən zamanı danışa danışa soyunmağını istəmişdir. Bunun müqabilində Tərlan yoldaşına heç nə deməyəcəyini və həmin videodan sonra onunla münasibəti tamamilə kəsəcəyini və videonu heç kəsə göndərməyəcəyini bildirmişdir. Tərlan bir müddət normal münasibəti davam etdirdikdən sonra onu yenidən hədələməyə başlamışdır. Belə ki,tik-tok və instaqram sosial şəbəkəsindən yoldaşına başqa profillərdən mesajlar yazaraq onunla çəkdirdiyi şəkili göndərib və bu azmış kimi əlində çılpaq şəkildə videosu olduğunu əsas gətirərək 500 manat pul istəmiş və əks təqdirdə videonu sosial şəbəkədə paylaşacağını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi E.Ələsgərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(003)-460/2023 saylı qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2023-cü il tarixli mobil telefona baxış kemirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:05-12:30 radələrində Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona sonuncunun və müdafiəçinin iştirakı ilə baxış keçirilərkən telefonun “mesaj”lar qovluğunda iş üçün əhəmiyyətli heçnə aşkar olunmayıb. “Foto” bölümündə “Elnur” adlı şəxslə sosial şəbəkədə yazışmaların surətləri, Şahid ilə görüntülü danışıq zamanı yaddaşa yazılmış videogörüntü və mesajlaşmaların surətləri aşkar edilmişdir. - Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefondan çıxarılmış, “Elnur” adlı şəxslə sosial şəbəkədə yazışmaların mətnindən aydın olur ki, “Elnur” adlı şəxsə yazılmış mesajlarda sonuncunu arvadına məxsus videogörüntünün sosial şəbəkələrdə yayılması ilə hədələnir. - Sosial şəbəkələrdə “Haydar berk", "Heyatda xeyanet bağışlanmaz" və "Zalımheyat" profillərindən yazılmış mesajların mətnindən görünür ki, yazan şəxs müraciət etdiyi şəxsi arvadına məxsus çılpaq videonu yayacağı ilə hədələyir, Təqsirləndirilən şəxs və Şahid birgə çəkdirdikləri fotoşəkli göndərir, həmçinin arvadının videosunu göndərmək müqabilində 500 manat verməyini tələb edir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi E.Ələsgərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə — üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), maddi sübot kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xəcri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-252/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-252/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver