Məhkəmə qərarları › İş №1(003)-255/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-255/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-255/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, Yardımlı rayonu, Məlikli kəndində qeydiyyatdadır, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 29 mart 2020-ci il tarixdə, saat 07:30 radələrində etibarnamə əsasında idarə etdiyi, Zərərçəkmiş şəxs1 məxsus “VAZ-21074” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxoz-Binə mərkəz istiqamətində hərəkətdə olarkən “X6” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsi ilə saatda 60-70 km sürətlə hərəkət edərkən yolun sağ hissəsindən mərkəz yola köməkçi yoldan velosiped ilə çıxan Zərərçəkmiş şəxs2 vurmuş, nəticədə ehtiyatsızlıqdan 28.09.1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün, sağ baldırın hər iki sümüyünün, sol iç topuğunun qapalı, yerdəyişən sınıqları ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə, habelə “VAZ-21074” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs1 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17.11.2016-cı il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi almışdır. 07.02.2017-ci il tarixdən qardaşı Zərərçəkmiş şəxs1 məxsus olan VAZ-21074 markalı, ** RN *** dövlət nömrə nişanlı avtomobili etibarnamə ilə idarə edir. 29 mart 2021-ci il tarixdə, saat 07:30 radələrində idarə etdiyi həmin avtomobillə saatda 60-70 km sürətlə Binə qəsəbəsi, Mehriban Qonşular küçəsi ilə hərəkətdə olarkən yolun sağ hissəsindən mərkəzi yola baxmadan velosipedi idarə edən bir nəfər şəxs ani olaraq yola çıxmış, o, həmin velosipedçi şəxsi 3-4 metr məsafədən görmüş və velosipedçi ilə toqquşmanın qarşısını almaq üçün əyləci basmışdır. Lakin aralarındakı məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmamış və velosipedçini vurmuşdur. Baş vermiş hadisə zamanı onun maşınında onunla birlikdə fəhlə işləyən tanışı Şahid olmuşdur və onlar xəsarət almamışlar. Hadisə vaxtı sərxoş halda olmamış, hadisədən sonra həmin gün sərxoşluğa görə tibbi müayinədən də keçmişdir. Hadisədən əvvəl idarə etdiyi VAZ-21074 markalı, ** RN *** dövlət nömrə nişanlı avtomobilin texniki vəziyyəti saz olmuş, hadisə zamanı avtomobildə yük olmamış, həmin vaxt, yol aydın və işıqlı olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslər ilə barışdığını, onlara dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 29.03.2020-ci il tarixdə saat 07:20 radələrində əvvələr yaşadığı Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evindən çıxıb velosipedlə Binə qəsəbəsi, Mehriban qonşular küçəsi istiqamətindən Binə mərkəz istiqamətinə sağdan birinci zolaqla gedən zaman “VAZ 2107” markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomaşın qəflətən onun qarşısına çıxmış və həmin avtomaşına çırpılmışdır. Zərbənin gücündən yerə yıxılmış, bundan sonra 3 saylı xəstəxanada olduğunu bilmiş. həmin vaxt müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsi zamanı sağ bazu sümüyü, sağ baldırının sümüyü sol və sağ topuğu sınmışdır. Həmin vaxt əməliyyat olunmuş, avtomaşını idarə edən şəxs onun əməliyyatı üçün pul vermək istəməmiş, lakin sonradan 2500 manat pul ödəmişdir. Lakin bundan sonra ona maddi köməklik etməmiş, bu səbəbdən də o, yenidən şikayət etmişdir. Yol nəqliyyat hadisəsi zaman aldığı xəsarətlərə görə bu günə qədər işləyə bilmir. Bu səbəbdən də o, ailəsindən də boşanmışdır. Hazırda aldığı xəsarətlərə görə işləyə bilmir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “VAZ-21074” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi özüdür. Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır, o, 2016-cı ildə avtomobil idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi almışdır. 07 fevral 2017-ci il tarixdə Bakı şəhərində, 28 saylı notariusda qardaşı Eyvaza ona məxsus olan avtomobili 17.11.2026-cı ilə qədər idarə etmək üçün etibarnamə vermiş və həmin vaxtdan etibarən Eyvaz həmin avtomaşını idarə edir. Qardaşı Eyvaz maşından adətən daha çox işə gedib-gəlmək üçün istifadə edir. O, tikinti işlərində işləyir. 29 mart 2020-ci il tarixdə, saat 07:30 radələrində qardaşı Eyvaz etibarnamə ilə idarə etdiyi VAZ-21074 markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən evindən işə gedərkən Binə qəsəbəsində, Mehriban Qonşular küçəsində saatda 60-70 km sürətlə hərəkətdə olarkən yolun sağ hissəsindən mərkəzi yola baxmadan velosipedi idarə edən şəxs anidən çıxmış və qardaşı Eyvaz hadisənin qarşısını almaq üçün idarə etdiyi avtomaşının əyləcini basmış, lakin məsafə az olduğundan velosipedi sürən şəxsi vurmuş və sonradan adını bildiyimiz velosipedçi Zərərçəkmiş şəxs2 xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdir. Hadisə baş verən vaxt Eyvazın maşınında onunla birlikdə tikintidə fəhlə işləyən Məcid adlı şəxs olmuş, lakin qardaşı və Məcid bu hadisə nəticəsində xəsarətlər almamışlar. Hadisədən sonra qardaşı Eyvaz xəsarət almış Zərərçəkmiş şəxs2 müalicəsi ilə bağlı maddi yardımlar göstərmiş və onun müalicə xərclərini ödəmişdir. Həmçinin qardaşı Eyvaz hadisədən sonra avtomaşını da təmir etdirmiş və avtomaşının zədələnməsi ilə bağlı 1.000 manat vəsait sərf etmişdir. Hadisə nəticəsində sahibi olduğu “VAZ-21074” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomaşının zədələnməsinə görə cəmi 1.000 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 29 mart 2020-ci il tarixdə, saat 07:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban Qonşular küçəsində tanışı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı, ** RN *** dövlət nömrə nişanlı avtomobillə işə gedən zaman o, arxada oturmuşdur. Eyvaz maşını təxminən saatda 60-70 km sürətlə idarə edirmiş. Binə qəsəbəsi, Mehriban Qonşular küçəsi ilə hərəkətdə olarkən yolun sağ hissəsindən mərkəzi yola baxmadan velosipedi idarə edən bir nəfər şəxs ani olaraq yola çıxmış, Eyvaz həmin velosipedçi şəxsi 3-4 metr məsafədən görmüş və velosipedçi ilə toqquşmanın qarşısını almaq üçün əyləci basmışdır. Lakin aradakı məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmamış və Eyvaz velosipedçini vurmuşdur. Baş vermiş hadisə zamanı maşında ikisi olmuş və heç biri xəsarət almamışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 08.04.2020-ci il tarixli, 335 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ bazu sümüyünün, sağ baldırın hər iki sümüyünün, sol iş topuğunun qapalı, yerdəyişən sınıqları aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətlərindən az əvvəl törənmişlər, qərarda göstərilən 29.03.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və sağlamlığın uzun müddətə pozulmasımna səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22.06.2020-ci il tarixli, 8/842 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 21074” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uygunsuzluq olmuşdur. Sürücü Məmmədov avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «X6» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uygunsuzluq olmuşdur. Velosipedçi yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından onun hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyildir. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 29.03.2020-ci il tarixli, 1\1936 saylı aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 27.01.2020-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1986-cı ildə Yardımlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərərçəkmiş şəxslər ilə barışdığı, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacaqları qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. QEYD: Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “CMnin 263-cü maddəsinə görə isə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına (CM-nin 263.1-ci maddəsi), eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə (CM-nin 263.2-ci maddəsi), və ya iki və daha çox şəxsin ölümünə (CM-nin 263.3-cü maddəsi) səbəb olduqda şəxs həmin maddədə göstərilmiş sanksiyalara məruz qalır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 15.11.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə və ya zərər çəkən şəxsə maddi zərər vurulduqda, inzibati məsuliyyət yaranır. Yolnəqliyyat hadisəsi daha ağır nəticələrə səbəb olduqda isə ictimai münasibətlər artıq cinayət qanununun müddəaları ilə tənzimlənir. Belə ki, CMin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaranır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən “Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş “ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs” anlayışının şərh edilməsinə dair” 25.12.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Ağır və xüsusilə ağır cinayətlərdən fərqli olaraq böyük ictimai təhlükə törətməyən, şəraitin dəyişməsi ilə bağlı həmçinin az ağır cinayətlərə qanunvericinin belə imtiyazlı münasibəti qanuni ictimai marağa xidmət edir. Bununla da belə cinayətlər kateqoriyasına aid olan təqsirli əməl törətmiş şəxs cinayət qanununun qeyd olunan normalarında göstərilən şərtləri yerinə yetirməklə artıq ictimai təhlükəli olmadığını ifadə etdiyi halda, cinayət məsuliyyətinə cəlb olunmadan onun belə davranışdan çəkinməsinə, islah olunmasına və ictimaiyyətdə qəbul olunmuş birgəyaşayış qaydalarına riayət etməsinə nail olunur.” Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin olmamasını və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın ödənildiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən bildirir ki, iş üzrə zərərəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs2 az ağır xəsarət almış, digər zərərçəkmiş şəxs isə bədən xəsarətləri almamışdır. Zərərçəkmiş şəxs2 az ağır dərəcəli bədən xəsarəti aldığından Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılmışdır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığından və ona dəymiş ziyan ödənildiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin dispozisiyasında həmçinin Konstitusiya və Ali Məhkəmənin müvafiq qərarlarında göstərildiyi kimi cinayət məsuliyyəti zərərçəkmiş şəxsin sağlamlığına az ağır dərəcəli bədən xəsarətləri yetirildikdə yaranır. İş üzrə 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X5 və Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar