Məhkəmə qərarları › İş №1(003)-255/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-255/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-255/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1993-cü ildə Naxçıvan MR, Şərur rayonu Çomaxtur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Naxçıvan MR, Şərur rayonu Çomaxtur kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.1998-ci ildə Naxçıvan MR, Şərur rayonu Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Naxçıvan MR, Şərur rayonu Çərçiboğan kəndində qeydiyyatda olmaqla, ünvan 1də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 06 avqust 2024-cü il tarixdə saat 18:30 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Stansiya yeni yaşayış massivində yerləşən Voxr küçəsində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını pozulmaqla ətrafdakı şəxslər üçün aşkar surətdə və əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməklə Zərərçəkmiş şəxs1 öz avtomobilinə Təqsirləndirilən şəxs1 keçmiş həyat yoldaşı X3 mindirməsini cüzi səbəb kimi bəhanə edərək aralarında baş vermiş mübahisə zamanı heç bir əsaslı səbəb olmadan zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 baş və bədəninin müxtəlif nahiyələrinə əli və ayağı ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs1 boynun, döş qəfəsinin sıyrıqları, ağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol tərəfli çənə-gicgah oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarəti yetirməklə zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən 21 oktyabr 2024-cü il tarixdə saat 21:30 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban Qonşular adlanan ərazidə olan avtobus dayanacağında tanışı Təqsirləndirilən şəxs2 ilə əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını pozulmaqla ətrafdakı şəxslər üçün aşkar surətdə və əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməklə Zərərçəkmiş şəxs2 mikroavtobusla yoldan keçən vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə su sıçratmasını cüzi səbəb kimi bəhanə edərək aralarında baş vermiş mübahisə zamanı bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan zor tətbiq etməklə “Mersedes” markalı ictimai nəqliyyat vasitəsi olan mikroavtobusu idarə edən sürücü X4 qəsdən yumruqla mikroavtobusun içərisində vurmuş, sonra Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs2 mikroavtobusdan zorla dartıb küçəyə çıxartmış və küçədə hərəktlərini davam etdirərək qəsdən əl və ayaqları ilə onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq Zərərçəkmiş şəxs2 təpə nahiyyəsinin hemotoması, təpə nahiyyəsinin, sol gözünün bayır bucağının qansızmaları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarəti yetirməklə zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə təkrarən xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 21 oktyabr 2024-cü il tarixdə saat 21:30 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban Qonşular adlanan ərazidə olan avtobus dayanacağında tanışı Təqsirləndirilən şəxs1 ilə əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış raydalarını pozulmaqla ətrafdakı şəxslər üçün aşkar surətdə və əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməklə Zərərçəkmiş şəxs2 mikroavtobusla yoldan keçən vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə su sıçratmasını cüzi səbəb kimi bəhanə edərək aralarında baş vermiş mübahisə zamanı bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan zor tətbiq etməklə “Mersedes” markalı ictimai nəqliyyat vasitəsi olan mikroavtobusu idarə edən sürücü Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə mikroavtobusdan zorla dartıb küçəyə çıxartmış və küçədə hərəktlərini davam etdirərək qəsdən əl və ayaqları ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyyələrinə vuraraq Zərərçəkmiş şəxs2 təpə nahiyyəsinin hemotoması, təpə nahiyyəsinin, sol gözünün bayır bucağının qansızmaları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarəti yetirməklə zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, 2024-cü ilin avqust ayında keçmiş arvadı Əfşanın bibisi oğlu Abdul adlı şəxs “Tik-Tok”-dan ona yazaraq Əfşanın yanında işlədiyi Fatma adlı qadının oğlu Nurlanın maşınına mindiyini bildirmişdir. O da bunu yanlış başa düşərək əsəbləşmişdir. Sonra Nurlanın “Mersedes C klass” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini öyrənmişdir. 06 avqust 2024-cü il tarixdə saat təxminən 18:00 radələrində Binə qəsəbəsində qohumu Şahid1 idarə etdiyi “Vaz-21144” markalı avtomobillə Mərdəkan qəsəbəsində hərəkətdə olan zaman yolda Nurlana məxsus avtomobilin hərəkət etdiyini görmüşdür. O, Şahindən “Mersedes” markalı avtomobili izləməsini istəmişdir. Həmin avtomobili onlar təxminən 200-300 metr təqib etmişlər. Elə zənn etmişdir ki, Əfşan da Nurlanın maşınındadır. Bir qədər sonra Nurlan maşını saxlamışdır. O da dərhal maşından düşmüş və Nurlanın maşınının içinə baxmışdır. Bu zaman Nurlanla anlaşılmazlıq nəticəsində mübahisələri olmuş və o, sonuncunu üz nahiyyəsindən vurmuşdur. Həmin vaxt oraya bir neçə qadın yığışmışdır. O da dərhal oradan uzaqlaşmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə o, dostları Eltun və Elgün ilə birlikdə Binə qəsəbəsində olan “XXİ əsr” kafesində çay içmişlər. Həmin gün bayırda güclü yağış yağmışdır. Sonra onlar üçü də ordan durub evlərinə doğru hərəkət etmişlər. Yolun kənarı ilə hərəkət edən zaman “Mersedes” markalı avtobus surətli hərəkət etdiyinə görə yerdə yığılmış yağış suyunu onların üstlərinə sıçratmışdır. Mikroavtobusun sürücüsünün bu hərəkətindən qəzəbləndiklərinə görə yoldan keçən avtomaşına minərək həmin avtobusun arxası ilə getmişlər. Binə qəsəbəsində olan Mehriban qonşular adlı yerə çatdıqları zaman avtobus dayancaqda saxlamışdır. Onlar da, maşını saxlatdıraraq düşüb sürücünün yanına getmişlər. Həmin vaxt sürücüyə iradlarını bildirmişlər. Sürücü onlara kobud cavab vermişdir. Bu səbəbdən Eltun sürücünün qapısını açmış, o, isə sillə ilə sürücünü vurmuşdur. Sonra aralarında dava-dalaş baş vermiş, qarşılıqlı surətdə bir-birilərini vurmuşlar. Niyyəti xuliqanlıq olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək verdiyi ifadəsində qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə o, dostları Ceyhun və Elgün ilə birlikdə Binə qəsəbəsində olan “XXİ əsr” kafesində çay içmişlər. Həmin gün bayırda güclü yağış yağmışdır. Sonra onlar üçü də ordan durub evlərinə doğru hərəkət etmişlər. Yolun kənarı ilə hərəkət edən zaman “Mersedes” markalı avtobus surətli hərəkət etdiyinə görə yerdə yığılmış yağış suyunu onların üstlərinə sıçratmışdır. Mikroavtobusun sürücüsünün bu hərəkətindən qəzəbləndiklərinə görə yoldan keçən avtomaşına minərək həmin avtobusun arxası ilə getmişlər. Binə qəsəbəsində olan Mehriban qonşular adlı yerə çatdıqları zaman avtobus dayancaqda saxlamışdır. Onlar da, maşını saxlatdıraraq düşüb sürücünün yanına getmişlər. Həmin vaxt sürücüyə iradlarını bildirmişlər. Sürücü onlara kobud cavab vermişdir. Bu səbəbdən o, sürücünün qapısını açmış, Ceyhun isə əli ilə sürücünü vurmuşdur. Bundan sonra sürücü onu vurmuş, o, da qarşılığında sürücünü vurmuşdur. Sonra aralarında dava-dalaş baş vermiş, qarşılıqlı surətdə bir-birilərini vurmuşlar. Hadisə bir neçə dəqiqə ərzində baş vermişdir. Hadisə vaxtı qarşılıqlı olaraq söyüş söymüşlər. Niyyəti xuliqanlıq olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayında Əşfan adlı qız onun yaşadığı evin yaxınlığına köçmüşlər. Sonradan Əfşan onun anasının salonunda işə düzəlmişdir. Bir neçə dəfə anasının xahişi ilə Əfşanı işə gətirmişdir. 06.08.24-cü il tarixdə saat 18:30 radələrində o, “Mersedes C klass” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yolda hərəkət edərkən ardınca “Vaz-21144” markalı avtomobilin onu təqib etməsini görmüşdür. Bu haldan narahat olmuş və avtomobilini yaşadığı məhləyə sürərək saxlamışdır. Bu zaman həmin avtomobil də onun maşınını yanında saxlamışdır. O, öz avtomaşınından düşən zaman sonradan adının Ceyhun olduğunu bildiyi şəxs “Vaz” markalı avtomaşından düşmüş və ona yaxınlaşmışdır. Həmin vaxt “Vaz-21144” markalı avtomaşının sürücüsü avtomaşında qalmışdır. Sonra Ceyhun onun avtomobilinin içərisinə baxıb qızın harada olmasını soruşmuşdur. O isə nədən söhbət getdiyini başa düşməmiş, bu zaman Ceyhun anidən onu vurmuşdur. Onların dalaşdıqlarını görən sürücü avtomaşınından düşmüş və onlara yaxınlaşaraq Ceyhunu ondan aralamağa başlamışdır. Bu vaxt səs-küy yaranmış və səsküyə qonşuluqda olan Gülnaz xala çıxmışdır. Bundan sonra onun anası Fatma da məhləyə çıxmışdır. Bu zaman həmin sürücü Ceyhunu oradan uzaqlaşdırmışdır. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdi ki, fərdi qaydada Binə qəsəbəsində olan ictimai nəqliyyatda sürücü kimi çalışırdı. O, “Mersedes” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edirdi. xx.xx.2024-cü il tarixdə saat təxminən 21:15 radələrində idarə etdiyi mikroavtobusla Mehriban Qonşular adlanan küçənin qarşısından dayanacaqdan sərnişin mindirən zaman onun qarşısında “Vaz 2107” markalı nəqliyyat vasitəsi dayanmış və içindən 3 nəfər adam yerə düşərək onun idarə etdiyi avtomobilə yaxınlaşmışdır. Onlardan sonradan adını bildiyi Ceyhun onu pəncərədən yumruqla vurmuşdur. Sonra digər şəxs də onu vurmuşdur. Həmin vaxt onlarla bir yerdə olan, sonralar adını bildiyi Elgün onları aralamağa çalışmışdır. Həmin vaxtı avtobusda təxminən 10-15 nəfər adam olmuşdur. Aralarında olan mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı ödəməmişlər. Onlarla barışmış və heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur. Özü gözəllik salonu işlədir. Bir müddət əvvəl qonşuluqlarındakı evə Əfşan adlı xanım köçmüşdür. Əfşan iş axtardığından o, öz salonunda sonuncunu “dırnaq düzəldən” işinə götürmüşdür. Bir neçə dəfə təcili lazım olduğundan onun xahişi ilə oğlu Nurlan əfşanı işi yerinə gətirmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 18:00 radlərində o, yaşadığı ünvanda olmuşdur. Bu zaman məhlədən səsküy eşitmişdir. Bayıra çıxdığı zaman sonradan bildiyi Əfşanın keçmiş əri Ceyhunun oğlu ilə dava etdiyini görmüşdür. Həmin vaxtı qonşusu Gülnaz da orda olmuşdur. Onları gördükdən sonra Ceyhun və yanında olan şəxs maşına minərək oradan uzaqlaşmışlar. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 qeyd etdi ki, 21 oktyabr 2024-cü il tarixdə dostları Eltun və Ceyhun ilə birlikdə Binə qəsəbəsində olan “XXİ əsr” kafesində çay içmişlər. Həmin gün bayırda güclü yağış yağmışdır. Sonra onlar üçü də ordan durub evlərinə doğru hərəkət etmişlər. Yolun kənarı ilə hərəkət edən zaman “Mersedes” markalı avtobus surətli hərəkət etdiyinə görə yerdə yığılmış yağış suyunu onların üstlərinə sıçratmışdır. Bu zaman o, arxada olduğundan az islanmış, lakin Ceyhun və Eltunun üstləri tam su olmuşdur. Mikroavtobusun sürücüsünün bu hərəkətindən qəzəbləndiklərinə görə yoldan keçən avtomaşına minərək həmin avtobusun arxası ilə getmişlər. Binə qəsəbəsində olan Mehriban qonşular adlı yerə çatdıqları zaman avtobus dayanacaqda saxlamışdır. Onlar da, maşını saxlatdıraraq düşüb sürücünün yanına getmişlər. Həmin vaxt sürücüyə iradlarını bildirmişlər. Sürücü onlara kobud cavab vermişdir. Bu səbəbdən Eltun sürücünün qapısını açmış, Ceyhun isə əli ilə sürücünü vurmuşdur. Sonra aralarında dava-dalaş baş vermiş, bu zaman o, Ceyhun və Eltunu aralamışdır. Şahid X7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid4 ilə eyni məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid X6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə aliləli olub ayrılmışdır. Zərərçəkmiş şəxs1 ilə o, yaşadığı Qala qəsəbəsi Voxr küçəsində qonşudur. O, Nurlanın anası Fatma xanımın yanında işləyirdi. Həmin vaxtlarda onları işə mütəmadi olaraq Nurlan aparıbgətirirdi. Nurlan gedib-gələn zaman о, Abdul adlı qohumu tərəfindən “İnstaqram” sosial şəbəkəsində narahat edildiyini Nurlana bildirmişdir. Bu əhvalat Nurlanın yadında qalmışdır. Daha sonra Abdul Nurlana “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə yazaraq niyə onun hesabını izlədiyini və kim olması barəsində Nurlanla mübahisə etmiş və Nurlanı Binə qəsəbəsində söhbətə çağırmışdır. Bu olanları sonradan ona Nurlan danışmışdır. xx.xx.2024-cü il tarixdə onun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs1 yanında tanımadığı şəxs ilə birlikdə X5 döyüb xəsarət yetirmişlər. Baş yermiş hadisəni o, görməmişdir. Nurlan və məhlə camaatından baş vermiş hadisə barədə məlumat ala bilmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində şahid X6 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, “Vaz 21144 minik” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun özünə məxsusdur. O, Bakı şəhərində olan zaman həmişə əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə görüşürdü və sonuncu onun avtomaşınına benzin vururdu ki, o, Ceyhunu müştərilərinin tikiş maşınlarını təmir etmək üçün aparsın. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində olan zaman təxminən saat 18 radələrində Binə qəsəbəsi ilə avtomaşını ilə gedən zaman təsadüfən əmisi oğlu Ceyhunu görüb avtomaşınını saxlamışdır. Sonra Ceyhun ona təklif etmişdi ki, gedib onun maşınına benzin vursun və sonra o, Ceyhunu Qala qəsəbəsinə aparsın ki, orada müştərinin tikiş maşınını təmir etsin. O, razılaşmış və Ceyhunla bir yerdə maşına benzin vurduqdan sonra Qala qəsəbəsinə getmişlər. Onlar Qala qəsəbəsində bir məhləyə girmişlər və Ceyhun ona demişdir ki, “Mersedes” markalı avtomaşının yanında saxlasın. O, öz avtomaşınını “Mersedes” maşınının yaxınlığında saxlamış və Ceyhun onun maşınından düşüb həmin maşına yaxınlaşmışdır. Həmin vaxt o, öz avtomaşınında oturmuşdur. Ceyhun həmin maşınının sürücüsünə yaxınlaşmış və sonuncu ilə görüşüb söhbət etməyə başlamışdır. O, öz maşınında oturduğundan onların söhbətlərini eşitməmişdir. Sonra görmüşdür ki, Ceyhun həmin avtomaşının sürücüsü ilə dalaşmağa başlamışdır. O, öz maşınından çıxıb Ceyhuna tərəf getmişdir. Ceyhuna çatan kimi sonuncunu həmin maşınının sürücüsündən aralamış və öz idarə etdiyi avtomaşına mindirən zaman məhlədə olan həyətdən 1 nəfər qadın çıxmışdır. O, idarə etdiyi avtomaşında Ceyhunla bir yerdə məhlədən çıxan zaman həmin məhlədən 2-ci qadın çıxaraq qışqırmağa başlamışdır. Lakin o, avtomaşınını saxlamayıb həmin məhlədən sürüb Ceyhunla bir yerdə çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Stansiya yeni yaşayış sahəsində olan Voxr küçəsində fərdi nömrəsiz evin qarşısında baş vermiş hadisə ilə bağlı baxış keçirilmişdir; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban Qonşular adlanana yaşayış massivində baş vermiş xuliqanlıq hadisəsi ilə bağlı baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 xx.xx.2024-cü il tarixli 940 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər — boynun, döş qəfəsinin sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol tərəfli çənə-gicgəh oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 xx.xx.2024-cü il tarixli 1302 saylı ekspert rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər — təpə nahiyyəsinin hematoması, təpə nahiyyəsinin, sol gözün bayır bucağının qansızmaları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə tutulmuşdur; - xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə tutulmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-182/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilmiş, onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır; - Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2023-cü il tarixində cəza müddəti bitmişdir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan aydın olur ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban qonşular adlanan ərazidə baş vermiş hadisənin videogörüntüləri köçürülmüş 01 ədəd videodiskə baxış keçirilmişdir. Videodiskə baxış zamanı müəyyən edilmişdir ki, həmin videodiskdə 01 ədəd videofayl vardır. Həmin videofayl kompyuterdə açılarkan müəyyən olunmuşdur ki, videofaylda olan görüntü 01 dəqiqə 20 saniyə davam edir. Görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, 01 ədəd göy rəngli mikroavtobus dayanır. Həmin avtobusun yanından 01 ədəd ağ rəngli “Vaz-2107” markalı avtomaşın keçir. Sonra 03 nəfər şəxs düşərək mikroavtobus istiqamətində hərəkət edir. Onlardan iki şəxs mikroavtobusa yaxınlaşır, həmin iki nəfər şəxsdən biri mikroavtobusun sürücüsünü pəncərədən yumruqla sifətindən vurur. Sonra həmin iki nəfər şəxslər mikroavtobusun qapısını açırlar və sürücünü mikroavtobusdan dartıb yerə salırlar. Həmin iki nəfər yumruq-təpiklə mikroavtobusun sürücüsünü vururlar. Həmin vaxt üçüncü şəxs həmin iki nəfər şəxsi mikroavtobusun sürücüsündən aralaşdırmağa çalışır. Eyni zamanda üçüncü şəxs mikroavtobusun sürücüsünə bir təpik atır. Mikroavtobusun sürücüsü yerə yıxılır və yerdə olan zaman həmin iki nəfər şəxs onu yumruq-təpiklə vurmağı davam edirlər, üçüncü şəxs isə həmin iki nəfəri sürücüdən aralamağa çalışır. Həmin vaxt kənardan vətəndaşlar yaxınlaşaraq həmin iki nəfər şəxsi sürücüdən üçüncü şəxslə bir yerdə aralamağa köməklik edirlər. Sonra mikroavtobusun sürücüsü yerdən ayağa durur və onu vuran şəxslərə müqavimət göstərək özündən kənarlaşdırmağa çalışır. Həmin iki nəfər şəxs birmüddət nəqliyyat vasitəsinin yanında, daha sonra mikroavtobusun arxasında mikroavtobusun sürücüsü ilə mübahisə və dava-dalaşı davam etdirirlər. Hadisə yerində olan kənar şəxslər dava edən şəxsləri aralamağa çalışırlar. Şahid5 videogörüntüyə baxışdan sonra bildirmişdir ki, miroavtobusun sürücüsünü pəncərədən yumruqla sifətindən vuran şəxs Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 qoşularaq mikroavtobusun sürücüsünü mikroavtobusdan yerə salıb yumruq-təpiklə vuran şəxs Təqsirləndirilən şəxs2dur, sürücüdən onları aralayan şəxs isə onun özüdür. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mikroavtobusun sürücüsündən aralayarkan Eltuna və Ceyhuna təpik atmış və həmin təpik təsadüfən mikroavtobusun sürücüsünə dəymişdir. O, mikroavtobusun sürücüsünü döyməmiş və dava zamanı Eltunla Ceyhuna köməklik etməmiş, onları mikroavtobusun sürücüsündən aralamağa çalışmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-cİ il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur; - xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, xx.xx.2023-cü il təvəllüdlü Murad - Təqsirləndirilən şəxs2 övladıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özlərini qismən təqsirli bilmələri barədə verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və onlar, həmin ifadələrini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını ( CM-nin 59.1.4), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-nin 59.1.12), əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-nin 59.1.12), əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə (xx.xx.2023-cü il tarixində cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur) yaranmış məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.3). Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd video-disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş cəzaya hesablansın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 35 saat vaxta görə 210 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saat vaxta görə 72 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar