Məhkəmə qərarları › İş №1(003)-256/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-256/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-256/2021 26.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan (dəmirçi-rəngsaz), əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Qurdlar kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi “Ulduz” düşərgəsində yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-67/2021 saylı 24 fevral 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 fevral 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 185.2.4, 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş, sərxoş halda nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdə, təxminən saat 23 radələrində ünvan 1 ünvanı ərazisində yerləşən, dəmirçi-rəngsaz işlədiyi avtomobil təmiri sexindən ona təmir olunması məqsədi ilə (rənglənmə) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş, sonuncuya məxsus “Mercedes-Benz C 200” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan, qanunsuz olaraq ələ keçirməklə qaçırıb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etməklə Yasamal rayonu ərazisində yerləşən “Malibu” kafesinə gəlib orada spirtli içki qəbul etdikdən sonra kafedə təsadüfən tanış olduğu Zərərçəkmiş şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan şəxsi idarə etmək üçün icazəsi olmayan avtomobilə əyləşdirib cinayətkar qəsdini davam etdirərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 37ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsinə gəlmiş, 22 fevral 2021-ci il tarixdə, təxminən saat 03 radələrində idarə etdiyi “Mercedes-Benz C 200” markalı, **-NH- *** dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsində, dəniz yolu istiqamətindən “Xalça” restoranı istiqamətində hərəkətdə olarkən həmin Qanunun 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış sahəsinə aid olan yol sahəsində icazə verilən 60 km saat sürətdən artıq, yəni saatda 140 km sürətlə hərəkət etdirərək, habelə həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraqyol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən, avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili yol şəraitinə uyğun sürətlə idarə etməli və avtomobilin hərəkət hissəsində dayanıqlı hərəkətini təmin etməli olduğu halda bu qaydalara əməl etməyərək idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılmış, nəticədə ehtiyyatsızlıqdan avtomobildə olan sərnişin, Zərərçəkmiş şəxs1 baş-beynin orta dərəcəli əzilməsi, sağ-təpə gicgah sümüyünün kəllə əsasına uzanan xətti sınığı, baş-beynin sağ təpə-gicgah payına epidural (beynin sərt qişaüstü) hematoması, sağ təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olan, habelə “Mercedes-Benz C 200” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini zədələməklə sahibi Zərərçəkmiş şəxs2 6.200 (altı min iki yüz) manat, yəni xeyli miqdarda, həmçinin idarə etdyi avtomobilin yol kənarında olan 1 ədəd 8 m-lik 1 çıraqlı işıq dirəyinə çırpılması nəticəsində dirəyi zədələyərək Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X2 1.190 (bir min yüz doxsan) manat məbləğində maddi ziyan vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, eləcə də həmin Qanunun 37-ci maddəsinin 4-cü hissəinin tələblərinə uyğun olaraq yol-nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına (polisə) xəbər verməli, hadisə yerində qalaraq, özünün şəxsiyyəti barədə məlumatları tərəflərə çatdırmalı olduğu halda, bunları etməyərək idarə etdiyi nəqliyyat vasitəsini hadisə yerində qoyaraq yolnəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.2.4, 263-1.2 və 264-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, bir ildir ki, ünvan 1 ünvanı ərazisində yerləşən avtomobil təmiri sexində dəmirçi-rəngsaz işləyir. 20 fevral 2021-ci il tarixdə Əlixan adlı bir müştəri özünə məxsus olan “Mersedes-Benz C 200” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomaşını onun işlədiyi sexə gətirmişdir. O, Əlixanla razılaşdığı kimi, avtomaşını iki günə rəngləyib ayın 22-də ona təhvil verəcəkmiş. Həmin vaxt o, Əlixandan maşının açarlarını da verməsini istəmişdir ki, lazım olanda maşını rəngləmək üçün yerini dəyişsin. Əlixan da razılaşıb ona açarı vermiş, lakin, o, açarı verəndə ona dəfələrlə tapşırmışdır ki, maşını ümumiyyətlə sexdən çıxarmasın və sürməsin. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi yoxdur, lakin buna baxmayaraq, Əlixana məlumat vermədən və heç bir icazə almadan hələ rəngləmədiyi həmin avtomaşını 21 fevral 2021-ci il tarixdə, təxminən saat 23 radələrində götürərək Yasamalda yerləşən “Malibu” kafesinə getmişdir. Kafedə olarkən orada təsadüfən İmran adlı şəxslə tanış olmuş və onun yanında olan daha iki nəfərlə yeyib-içmişlər, iki bakal da pivə içmiş və sərxoş olmuşdur. Təxminən saat 24 radələrində kafedən çıxmış, içkili olmuş, İmran və yanında olan tanışı da çox içmişlər. İmrana demişdir ki, onun Şüvəlanda işi var, maşınla ora gedib-qayıtmalıdır. İmran və onun yanında olan tanışlarından biri də ona demişlər ki, onlar da onunla yol yoldaşı kimi getmək istəyirlər. O da razılaşmış və maşına oturmuşlar. İmran maşında qabaqda onun yanında oturmuş, onun yanında olan şəxs isə arxada oturmuşdur. Kafedə onlarla bir yerdə olan digər oğlan isə gəlmək istəməmişdir. Şüvəlana gəlib geri - şəhərə qayıdanda, təxminən saat 03 radələrində Şağan yolunda hərəkətdə olarkən dövlət yol polisi əməkdaşları maşını saxlamaq işarəsi vermişlər. Lakin, o, polisin qanuni tələbinə məhəl qoymayaraq maşını saxlamamış və sürətini artırıb yoluna davam etmişdir. Həm sürücülük vəsiqəsi olmadığından, həm sərxoş olduğundan və həm də ki, idarə etdiyi maşın onun olmadığından yol polisi maşını “saxla” işarəsi verəndə maşını saxlamamışdır. Mərdəkan qəsəbəsində dəniz yolunda maşını yüksək sürətlə, yəni saatda 140 km sürətlə idarə etmişdir. Dəniz yolundan “Xalça” restoranı istiqamətində hərəkətdə olarkən sərxoş olduğundan maşının idarəetməsini itirmiş və maşın yoldan çıxaraq bardürün üstünə çıxıb yol kənarında olan elektrik dirəyinə çırpılmış və bir neçə dəfə fırlanaraq yolda dayanmışdır. Hadisədən sonra maşından düşmüş, İmranla digər tanışı isə hələ maşında olmuşlar. Yoldan keçən tanımadığı bir taksi sürücüsü hadisəni görüb təcili yardıma zəng vurmuş və bir qədər sonra hadisə yerinə həkim gəlmişdir. O, həkimə kömək edib İmranı maşından çıxartmışlar. İmranın başı partlamış, qanlı olmuşdur. Buna görə də həkimlər İmranı təcili yardım maşını ilə xəstəxanaya aparmışlar. Maşında olan digər sərnişin isə maşından çıxanda görmüşdür ki, ona heç bir şey olmamış və buna görə də yoldan keçən tanımadığı taksi maşınını saxlatdırıb çıxıb getmişdir. İmranı xəstəxanaya yola saldıqdan sonra soyuq olduğuna görə daha hadisə yerində dayanmamış və maşını hadisə yerində qoyub qaçıb evə getmişdir. Daha sonra ona polis əməkdaşları zəng edib onu Xəzər rayon Polis idarəsinə dəvət etmişlər və o, polisə gələrək baş vermiş hadisə barədə izahat vermişdir. O, hadisə vaxtı elə də böyük xəsarət almamış, ayağı və boynunun arxası əzilmiş, bədənində başqa hər hansı bir xəsarəti olmamışdır. Maşın ustası olduğundan maşınların texniki vəziyyətini yaxşı bilir və buna görə də deyə bilər ki, maşın texniki cəhətdən tamamilə saz vəziyyətdə olmuşdur. İlk dəfə törətdiyi əməllərdən peşman olmuş, Zərərçəkmiş şəxs1 ilə barışıq əldə edərək ona dəymiş ziyanı tam ödəmişdir, buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur, digər zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı isə hələlik ödəyə bilməmişdir, lakin ziyanı ödəməyə və onlarla barışıq əldə etməyə çalışır. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, o, 21 fevral 2021-ci il tarixdə, axşam saatlarında işdən çıxıb Yeni Yasamalda yerləşən “Malibu” kafesinə gələrək 5-6 bakal pivə içmiş, həmin gün kafedə Vəli adlı şəxslə tanış olmuş və birlikdə pivə içmişlər. Həmin vaxt tanımadıqları və adını bilmədikləri digər bir şəxs də onların masasına əyləşmiş, o da sərxoş olmuşdur. O, Vəli ilə söhbət edərkən onun Şüvəlan qəsəbəsində yaşadığını bilmişdir. Kafe bağlanarkən kafedən çıxdıqda, o, Vəliyə təklif etmişdir ki, Şüvəlanda əsgər yoldaşı olur və gedib ona baş çəksinlər. Onlar avtomaşına əşləyəşən zaman üçüncü şəxsin avtomaşına necə əyləşməsini görməmişdir. Onlar yolda olduqları zaman o, sərxoş olduğundan yuxuya getmiş, ayılanda artıq özünün xəstəxanada olduğunu görmüşdür. Yol-nəqliyyat hadisəsinin necə baş verməsini xatırlamır, lakin hadisə zamanı başından xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 göstərdi ki, o, 2014-cü ildə özünə “Mersedes-Benz” markalı, **-NH-*** dövlət nömrə nişanlı avtomaşını almış, həmin avtomaşını öz adına sənədləşdirmişdir. 20 fevral 2021-ci il tarixdə özünə məxsus olan avtomaşını təmir etmək üçün Yasamal rayonu Yeni Yasamalda dəmirçirəngsaz işləyən Vəli adlı ustanın işlədiyi avtomobil təmiri sexinə aparmışdır. Avtomaşını Vəliyə təhvil vermiş və dönə-dönə tapşırmışdır ki, avtomaşını idarə etməsin. 22 fevral 2021-ci il tarixdə, saat 05:40-da ona zəng gəlmiş, zəng edən şəxs özünü Xəzər rayon Polis idarəsinin Təhqiqat şöbəsinin əməkdaşı kimi təqdim etmiş və onu Polis idarəsinə dəvət etmişdir. O, Xəzər rayon Polis idarəsinə gəlmiş və orada ona məlum olmuşdur ki, Vəli ona məxsus olan avtomaşınla Xəzər rayonuna gələrək yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan sonra o, izahat yazmış və bildirmişdir ki, o, Vəliyə avtomaşını idarə etməsinə icazə verməmiş, sadəcə təmir etmək üçün onun işlədiyi sexə qoymuşdur. Daha sonra Vəlini Polis idarəsinə dəvət etmişlər və onun sərxoş olması müəyyən edilmişdir. Həmin gün o, dayanacağa gedərək avtomaşınına baxmış və avtomaşının yararsız vəziyyətdə olmasını görmüşdür. Bu hadisə nəticəsində ona məxsus olan avtomaşına 6.200 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs3 göstərdi ki, o, hazırda “xxxx” X1 işləyir. 22 fevral 2021-ci il tarixdə onlara məlum olmuşdur ki, naməlum sürücü idarə etdiyi nəqliyyat vasitəsi ilə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş və bunun nəticəsində yol kənarında olan bir ədəd elektrik işıq dirəyi zədələnmişdir. İstintaq zamanı onlara məlum olmuşdur ki, həmin yol-nəqliyyat hadisəsini Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz C 200” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə törətmişdir. Həmin hadisə zamanı yol kənarında olan 1 ədəd elektrik dirəyinin zədələnməsi nəticəsində “xxxx” X2 1190 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 22 fevral 2021ci il tarixli, 1/448 №-li aktdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs sərxoş olmuşdur. İş materiallarında olan və məhkəmə iclası zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 25 fevral 2021-ci il tarixli, 171 saylı rəyi ilə müəyyən olunmuşdur ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər - boyunun qansızması, sağ bazunun qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən 22 fevral 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin müxtəlif şəraitlərdə, yol-nəqliyyat hadisəsi zamanı və eləcə də kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və məhkəmə iclası zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 17 mart 2021-ci il tarixli, 203 saylı rəyi ilə müəyyən olunmuşdur ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - baş-beynin orta dərəcəli əzilməsi, sağ-təpə gicgah sümüyünün kəllə əsasına uzanan xətti sınığı, baş-beynin sağ təpə-gicgah payına epidural (beynin sərt qişaüstü) hematoması, sağ təpə nahiyyəsinin əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 22 fevral 2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclası zamanı elan edilərək tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 mart 2021-ci il tarixli, 8/450 saylı rəyi ilə müəyyən olunmuşdur ki; 1a. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mersedes-Benz C200” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq, yəni 140 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərər çəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri “xxxx” MMC-nin 03 mart 2021-ci il tarixli, 13 №-li Arayışından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Mersedes-Benz C 200” markalı, **- NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın məbləği 6.200 (altı min iki yüz) manat müəyyən edilir. İş materiallarında olan AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 09 mart 2021-ci il tarixli, 016-27894-1221 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixədək Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes- Benz C200” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə - sahibi Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarında olan və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş 26 may 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, bunun nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 01 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş, sərxoş halda nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçması cinayətlərini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında protokollarla, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 185.2.4, 263-1.2 və 264-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlləri etiraf edərək peşman olmasını, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini və həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4, 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 22 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - “Mersedes Benz C200” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsə - sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 100,00 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 185.2.4, 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4, 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - “Mersedes Benz C200” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsə - sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 100,00 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar