Məhkəmə qərarları › İş №1(003)-256/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-256/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-256/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fəaliyyət göstərən "Star" kafesinin həyətində həmin kafedə ofisiant işləyən Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə etmiş, yaranmış münaqişə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib ucadan nalayiq sözlər işlətməklə təpiklə Zərərçəkmiş şəxs arxa sağ baldır nahiyəsindən qəsdən vurub yerə yıxmış və davam edib təpiklə arxa yan, qarın və sağ qol nahiyələrindən vurmaqla ona sağ bazunun qançırları, sağ saidin, sol dizin sıyrıqları, sol dizin əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ budçanaq və sol diz oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində dostları Yusif, Rauf, Fuad birlikdə Buzovna qəsəbəsində yerləşən "Star" kafesine gedib otaqda oturub pivə sifariş vermişlər. Onların sifarişini kafedə işləyən ofisant Mətanət gətirmişdir. Mətanət bundan sonra onlara qulluq etmişdir. Bir neçə saat sonra Mətanət otağa daxil olaraq masanın üzərini silmək istədikdə Yusif Mətanətə bildirmişdir ki, "əskini ver, mən masanın üzərini özüm silim". Mətanət isə etiraz edərək özü siləcəyini demişdir. Bu zaman Mətanətin həvəssiz işlədiyini görüb sonda hörmət edəcəyini demişdir. Onun bu sözü Mətanətin xətrinə dəymiş və Mətanət qapıdan bayıra çıxdıqda ona nalayiq küçə söyüşü söydüyündən ilk öncə Mətanətlə otaqda sözlə mübahisə etmiş, mübahisə zamanı Mətanət yenidən onu söyüb otağın qapısını bağlayaraq çıxıb getdikdə, o, masadan qalxıb Mətanətin arxasınca bayıra çıxmış və Mətanətin sağ ayağından təpiklə vuraraq yerə yıxmışdır. Mətanət yerə yıxıldıqda sonuncunun qarın nahiyyəsindən təpiklə vurmuşdur. Bu zaman dostları və kafedə işləyən digər şəxslər onu sakitləşdirərək otağa aparmışlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etdi ki, təxminən bir neçə müddət olar ki, Buzovna qəsəbəsində yerləşən "Star" kafedə ofisiant kimi çalışırmış. 12 noyabr 2023-cü il tarixdən 13 noyabr 2023-cü il tarixə keçən gecə saat 01 radələrində işdə olduğu zaman 3 nəfər şəxs kafeyə gəlib 30 manatlıq depozit olan kabinetdə əyləşmişlər. Bir qədər sonra bir nəfər şəxs də onların yanına gəlmişdir. O həmin kabinetə qulluq etmişdir. İlk əvvəl hər şey yaxşı olsa da, bir neçə bakal pivə içdikdən sonra həmin şəxslər sərxoş olmuşlar. Yeyib içdikdən sonra stolun üzərini yığışdıran zaman masanın üzərini siləndə onlardan biri ona demişdir ki, "ver masanı silim." O isə ehtiyac olmadığını və özünün həll edəcəyini demişdir. Daha sonra onlardan biri ona demişdir ki, "sənin kimilər kağıza, yəni pula görə hər şeyi edərlər." Həmin şəxsin bu sözü ona təsir etmiş və bildirmişdir ki, danışığına fikir versin. Lakin həmin şəxs ona baxıb nəsil necabətinə söyərək "sənin kimilərlə bu cür danışarlar" demişdir. O isə həmin şəxsə söyüş söyməməsini bildirib özünün də nəsil necabətinin olduğunu demişdir. Bu sözü dedikdən sonra qapını bağlıyıb əlində sini və qablarla bayıra çıxmışdır. Bu zaman həmin şəxs onun arxasınca qaçaraq təpiklə onun arxa sağ baldır nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən o yerə yıxılmışdır. Bu zaman əlində olan sini və qablar da yerə düşmüşdür. O yerə yıxılan zaman həmin şəxs təpiklə onu yenidən vurmuşdur. Onu yerdə vuran zaman nalayiq ifadələr işlətmişdir. Bu zaman həmin şəxsin yanında gələn dostları və bir neçə nəfər müştəri yanlarına gəlib onları ayırmışlar. Daha sonra o, evinə getmişdir. Səhəri gün 3 saylı xəstəxanaya getmişdir. Orada müayinə olunduqdan sonra DİN-nin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, təxminən 7 il olar ki, Buzovna qəsəbəsində yerləşən "Star" kafesini işlədir. Zərərçəkmiş şəxs həmin kafedə ofisiant kimi işləyir. xx.xx.2023-cü il tarixdə saat 24 radələrində əvvəllər tanıdığı Şahin, Yusif, Rauf və Fuad adlı müştərilər, kafeyə daxil olaraq otaqda oturmuşlar. Təxminən 1 saat sonra Zərərçəkmiş şəxs və digər şəxslərin qışqırıq səslərini eşidib çölə çıxmışdır. Bu zaman Mətanətin yerdə olduğunu görmüşdür. Hadisənin necə baş verməsinə kamerada baxmışdır. Mübahisənin hansı şəraitdə baş verməsini soruşduqda Mətanət ona demişdir ki, Şahin onu təhqir etmiş, o , da cavab qaytarmışdır. Bu zaman aralarında sözlə mübahsiǝ yaranmış və mübahisə zamanı Şahin Mətanəti təpiklə vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində qeyd etdi ki, Şahinlə uşaqlıq dostlarıdırlar. 12.11 2023-cü il tarixdə saat 24 radələrində dostları Şahin, Rauf, Fuad və o, Buzovna qəsəbəsində yerləşən "Star" kafesinə gedib otaqda oturub pivə sifariş vermişlər. Onların sifarişini kafedə işləyən ofisiant Mətanət gətirmişdir. Mətanət bundan sonra onlara qulluq etmişdir. Bir neçə saat sonra Mətanət otağa daxil olaraq masanın üzərini silmək istədikdə o, Mətanətə bildirmişdir ki, "əskini ver mən masanın üzərini özüm silim ”. Mətanət isə ona kobud cavab qaytardığından Şahin Mətanətə irad bildirmişdir. Bundan sonra Şahin ilk öncə Mətanətlə otaqda sözlə mübahisə etmişdir. Onları sakitləşdirməyə çalışsa da Şahin əsəbini saxlaya bilməyib masadan qalxıb Mətanətin arxasınca getmişdir. Bu zaman qarşısını almaq istəsə də Şahini saxlaya bilməmişdir. Şahin Mətanəti vurub yerə yıxdıqdan sonra Şahini sakitləşdirib otağa aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş digər Şahid2 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli, 1370 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bazunun qançırları, sağ saidin, sol dizin sıyrıqları, sol dizin əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bud-çanaq və sol diz oynağının yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddəti onun “X8” X10 müraciətlərindən az əvvəl olmaqla, xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3cü maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 200 misli miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa Ağa-zadə X3 Rayon Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə çəkilməmiş cəzasından vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. - xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi O.Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "Star" kafesində quraşdırılmış müşahidə kameralarında olan görüntülər götürülərək baxış keçirilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 2 nömrəli otaqdan əlində qabla çıxaraq zala doğru getdiyi yerdə vət Ağa- zadə Şahin Şahbaz oğlu həmin otaqdan çıxaraq Zərərçəkmiş şəxs üzərinə cumduqda Mustafayev X2 istəmiş, lakin Təqsirləndirilən şəxs onu itələyib yerə yıxaraq Zərərçəkmiş şəxs üzərinə cumub ona arxadan sağ ayağına təpiklə vuraraq yerə yıxmış, daha sonra yerdə Zərərçəkmiş şəxs qarın nahiyəsindən təpiklə vurmuşdur. Bunu görən kafenin işçiləri və Təqsirləndirilən şəxs ilə birlikdə otaqda oturan dostları Şahini sakitləşdirərək kənara çəkmişlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cəlilabad Rayon Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi (xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir) və Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi (xx.xx.2023-cü il tarixdə çəkilməmiş cəzasından vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır) nəticəsində hazırki cinayət işi üzrə cinayət əməlini törətdiyi vaxta məhkumluqları ödənilməmiş olsa da, törətdiyi hazırki əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan CM-nin 18.4.1-ci maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları araşdırarkən məhkəmə, onun əvvəllər də dəfələrlə qəsdən cinayət törətməsinə görə məhkum edilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza olan azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi təqdirdə cəzanın məqsədinə nail oluna bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), iş üzrə maddi sübut kimi tanınan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar