Məhkəmə qərarları › İş №1(003)-257/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-257/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-257/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Yevlax rayonu, Qaraoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Qaraoğlan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 mart 2021-ci il tarixdə, təxminən saat 02-03 radələrində “AL” market mağazalar şəbəkəsinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən filialının giriş qapısını əvvəlcədən özü ilə gətirdiyi armaturla aralayıb, qanunsuz olaraq içəriyə daxil olmaqla marketin arxa otağında olan dəmir şkafa yerləşdirilmiş, içərisində 900 (doqquz yüz) manat pul olan 400 (dörd yüz) manat dəyərində 1 ədəd dəmir seyfi gizli olaraq talayıb “AL” market mağazalar şəbəkəsinin Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən filialına ümumilikdə 1.300 (bir min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən karkaz, yəni binaların üzərinə tikinti aparmaq üçün qurulan pilləkan sexində fəhlə kimi fəaliyyət göstərir. Həmin yerdə 3-4 nəfərdən ibarət qrup şəkilində fəaliyyət göstərirlər, belə ki, müdriyyəti yoxdur, hər hansı bir şəxs karkaz işi ilə əlaqədar onlara müraciət etdikdə özləri qəbul edib, tələb etdiyi işi müəyyən haqq müqabilində həyata keçirirlər. Qeyd etmişdir ki, sexi iş yoldaşı icarə əsasında götürüb işlədir. O isə təxminən altı aydır ki, qeyd etdiyi sexdə fəhlə kimi işləyir. İşlədiyi sexin yanında “AL” market adlı marketlər şəbəkəsinin bir filialı vardır, həmin marketdə işləyən işçilərlə səmimi münasibətləri vardır və iş olmayanda, yəni boş-bekarçılıq vaxtlarında həmin marketə gedərək işçilərlə söhbətləşir, nahar edir və çay içmişlər. Təxminən bir ay olar ki, qeyd etdiyi marketin işçiləri ilə marketin arxa hissəsində olan otaqda söhbətləşib, çay içən zaman həmin otaqda divarın yanına, küncdə dəmir materialdan olan qapıları açıq vəziyətdə olan şkafın içərisində bir ədəd ağ rəngli seyf olması məlum olmuş və həmin yerdə olan zaman marketin bir nəfər tanımadığı işçisi qeyd etdiyi otağa gələrək şkafda olan seyfi açıb sayını bilmədiyi həcmdə olan pulu seyfə qoymuşdur. Lakin həmin vaxt qeyd etdiyi seyfi oğurlamaq barədə fikirləşməmişdir. Bundan başqa qeyd etmişdir ki, 2019-cu ildə qeyri-rəsmi olaraq, ailə həyatı qurmuş, bu nigahdan bir qız övladı vardır. Qızının gözlərində xəstəlik vardır, belə ki, gözləri tez-tez şişir və çirk gəlməyə başlayır. Bu isə onda narahatlıq yaratmış və qızının xəstəliyinin fikrindən çıxmasına imkan verməmişdir. 2016-cı ildə baş vermiş “Aprel döyüşləri”-də iştirak etmiş, yaralandığın üçün əmək qabiliyyətimi qismən itirib, qazi olmuşdur. Buna görə də ikinci qrup əlilik dərəcəsi almışdır. İşlədiyi yerdə isə iş olan zaman təxminən 400-500 (dörd yüz-beş yüz) manat civarında qazanc əldə edir. Əlillik dərəcəsi olduğu üçün isə dövlət tərəfindən ona 170 (yüz yetmiş) manat müavinət təyin edilmişdir. Lakin aldığı bu pullar ailəsinin dolanışığı və qızının müalicəsi üçün kifayət etmir. Aldığı bu pul yalnız ailəsinin yeyib-içməyinə kifayət edir. Bir sözlə maddi durumunun pis olması onu düşündürür və bunun fikrini çəkmişdir. 09 mart 2021-ci il tarixdə isə ailə üzvləri ona zəng edərək qızının gözlərinin müalicəsi üçün pul lazım olduğunu bildirmiş, lakin o da pul olmadığı üçün pul tapıb, ailə üzvlərinə göndərə bilməmişdir. Bu ona pis təsir etmişdir. 09 mart 2021-ci il tarixdə axşam saatlarında iş yerində oturub, bu barədə fikirləşən zaman qəfildən yanında olan “AL” marketin arxa otağında dəmir şkafın içərisində olan ağ rəngli dəmir seyf yadına düşmüş və həmin vaxt fikirləşmişdir ki, həmin seyfin içərisində pul olacaqdır, həmin seyfi oğurlayıb, qapağını açaraq, içərisində olan pulu götürüb, ailə üzvlərinə göndərər. Buna görə də, gecə saatlarının gəlməsini, marketin işçilərinin iş vaxtlarının bitdiyi üçün evlərinə getməsini və marketin boşalmasını gözləmişdir. Qeyd etmişdir ki, həmin market 24 saat ərzində işləmir və qeyd etdiyi marketin mühafizəçisi yoxdur. Lakin həmin marketin qarşısında təhlükəsizlik kameralarının olmasını bilmiş, ancaq maddi durumunun pis olması və ailə üzvlərinə pul lazım olması nə olursa-olsun həmin marketdən oğurluq etmək barədə olan fikrini qətiləşdirmişdir. Buna görə də 10 mart 2021-ci il tarixdə, saat təxminən 2-3 radələrində sexdən marketin giriş qapısını qırmaq üçün bir ədəd armatur parçasını götürüb ilk öncə marketin yaxınlığına gəlmişdir. Bir qədər dayanıb ətrafa göz gəzdirmişdir. Ətrafda heç kim olmamışdır. Ətrafda heç kimin olmadığını qətiləşdirdikdən sonra asta yerişlərlə marketin giriş qapısına yaxınlaşmışdır. Əlində olan armatur parçasını qapının yan hissəsindən içəri salıb qapını aralayıb açaraq içəri daxil olmuş, marketin içərisinin işıqları qismən yanmış, lakin içəri işıqlı olmuşdur. Marketə daxil olub seyfi gördüyü arxa otağa daxil olmuşdur. Həmin yer marketin anbarı idi və həmin yerə mağazada satışı həyata keçirilən məhsullar yığılmışdır. Seyfin yerləşdiyi dəmir şkafın qarşısına gəlib, tutacağını buraraq, açmışdır. Seyf ağır olduğundan ilk öncə seyfi götürməkdə çətinlik çəkmiş, lakin sonradan isə bütün gücünü toplayıb seyfi götürmüşdür. Həmin seyfi mağazadan çıxarıb iş yerinə gətirmişdir. Yolda olan zaman əlində olan armatur ona maneçilik törətdiyi üçün xatırlamadığı yerdə həmin armaturu tullamış, iş yerində, yəni sexdə bir qədər əlləşib, seyfin üzərində olan kod yerini, yəni düymələrini sındırmış, seyfin kod yerini sındırmağıma baxmayaraq, qapısını aça bilməmişdir. Buna görə də, seyfi iş yerində olan yatdığı divanın alt saxlama yerinə gizlətmiş və növbəti gün həmin seyfi qapısını laqonda ilə kəsib, açmaq qərarına gəlmişdir. Seyfin qırdığı kod yerini isə başqa şəxslərin görməməsi üçün işlədiyi sexin arxa hissəsində yandırmışdır. Daha sonra isə yatmışdır. 10 mart 2021-ci il tarixdə isə seyfi divanın alt hissəsindən çıxarıb açmağa çalışarkən polis əməkdaşları sexə gəlmişlər. Həmin vaxt seyfi gizlətmişdir. Sexdən çıxıb, polis əməkdaşlarını qarşılamışdır. Polis əməkdaşlarının sorğu-sual zamanı isə ona marketin kamera görüntülərinə düşdüyü məlum olmuş va bundan sonra isə törətdiyi cinayəti gizlətməyin mənasız olduğunu düşündüyü üçün etdiyi oğurluq cinayəti polis əməkdaşlarına etiraf edib, seyfi gizlətdiyi yerdən çıxarıb, təqdim etmişdir. O, oğurluq cinayətini 10 mart 2021-ci il tarixdə, saat 02-03 radələrində işlədiyi sexin yaxınlığında, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində, Binə körpüsünün yaxınlığında, avtomobil yolunun sağ tərəfində yerləşən “AL” marketdən maddi durumunun pis olması və xəstə qızının müalicəsi üçün pul lazım olması səbəbindən etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsinə gətirilərkən ona fiziki və ya psixi təsir göstərilməmişdir. Törətdiyi bu cinayətdən başqa hər hansı bir digər cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, himayəsində xəstə uşağının olduğunu, özünün İİ dərəcəli əlil olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, 2010-ci ildən “AL” marketlər şəbəkəsinin ünvan 2 ünvanında yerləşən mağazada müdir müavini işləyir. İşlədiyi mağaza hər gün saat 08 radələrində açılır və saat 22 radələrinə qədər fəaliyyət göstərir. Mağazanın müşahidə kameraları 24 saat ərzində işləyir. 10 mart 2021-ci il tarixdə, saat 08 radələrində işçisi Şahid Fədai oğlu ona zəng edərək mağazada oğurluq olduğunu bildirmişdir. Bundan təxminən 5-10 dəqiqə sonra mağazaya yaxınlaşmış, mağazanın giriş qapısının açılmasını, daha sonra isə mağazaya baxarkən mağazanın deposunda olan dəmir şkafın qapılarını açaraq orada mağazanın pulunu yerləşdirdikləri ağ rəngli dəmir seyfin oğurlanmasını aşkar etmişdir. Bundan sonra isə o, polisin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bundan dərhal sonra isə mağazaya polis əməkdaşları gəlmişlər. O, mağazada olan təhlükəsizlik kameralarına baxarkən oğurluq hadsəsinin 02-03 radələri olmasını göstərmişdir. O, oğurlanmış dəmir seyfin içərisində 900 manat məbləğində pul olduğunu, dəmir seyfin isə dəyərinin 400 manat olduğunu bildirmiş, ümumilikdə onlara 1.300 manat məbləğində maddi ziyan vurulmasını göstərmişdir. O, mağazadan başqa hər hansı bir əmlakın oğurlanmadığını göstərmişdir. O, mağazadan oğurluq etmiş Dilqəm adlı şəxsi tanıdığını, onun tez-tez həmin mağazaya gəlib-getməsini və normal münasibətlərinin olduğunu göstərmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid Fədai oğlu bildirdi ki, 2021-ci il tarixdən əmək müqaviləsi əsasında “AL” marketlər şəbəkəsinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə, ŞTQ sahə 85 b ünvanında yerləşən filialında kassir vəzifəsinə işləyir. İşlədiyi mağazadan oğurluq etmiş Təqsirləndirilən şəxs tanıyır, o, mağazaya tez-tez gəlir, aralarında normal münasibətlər olmuşdur. Məlum hadisə barəsində bildirmişdir ki, 10 mart 2021-ci il tarixdə, saat 08 radələrində işlədiyi mağazaya gəlmiş, mağazaya çatarkən mağazanın plastik materialdan olan giriş qapısının açıq olduğunu görmüş, mağazaya daxil olaraq, içəriyə baxış keçirən zaman mağazada müdir müavini işləyən Zərərçəkmiş şəxs mağazada görməmişdir. Adətən Zərərçəkmiş şəxs mağazaya ilk olaraq gəlir və mağazanı açaraq fəaliyyətə başlayır. Mağazanın qapısının açıq olması onda mağazadan oğurluq edilməsi şübhəsini yaratmışdır. Buna görə də dərhal depoya seyfi yerləşdirdikləri otağa daxil olmuşdur. Depoda olan seyfi yerləşdirdikləri dəmir şkafın qapısını açaraq içərisinə baxan zaman dəmir seyfin olmadığını görmüş və buna görə də, dərhal Şahinə zəng edərək mağazadan oğurluq edildiyini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra isə Şahin mağazaya gəlmiş, bir daha mağazaya baxmış və mağazadan oğurluq edilməsini dəqiqləşdirdikdən sonra isə dərhal polisin 102 xidmətinə zəng edərək mağazada baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bundan sonra isə dərhal polis əməkdaşları mağazaya gələrək hadisə yerinə baxış keçirmişlər. İşlədiyi mağaza hər səhər saat 08 radələrində açılır və axşam saat 22 radələrində isə iş vaxtı bitdiyindən bağlanır. Mağazanın mühafizə sistemlərindən yalnız təhlükəsizlik kameraları vardır ki, həmin kameralar da 24 saat ərzində işləyir. Oğurluq hadisəsi 10 mart 2021-ci il tarixdə, işlədiyi “AL” marketlər şəbəkəsinin ünvan 4 ünvanında yerləşən filialında təxminən saat 02-03 radələri arası baş vermişdir, belə ki, mağazanın təlükəsizlik kamerasının görüntülərinə baxış keçirən zaman saat təxminən 06 radələrini göstərmiş, lakin kameranın çəkilişi təxminən iki-üç saat əvvəli göstərir. Ona görə də, oğurluq hadisəsi konkret olaraq, 10 mart 2021-ci il tarixdə, saat 02-03 radələrində baş vermişdir. Qeyd etdiyimdən başqa mağazadan hər hansı başqa bir əşya və ya predmet oğurlanmamışdır. İşlədiyi mağazadan oğurluq etmiş Təqsirləndirilən şəxs əvvəllər tanımış, belə ki, Təqsirləndirilən şəxs tez-tez mağazaya gəlib-getmişdir. Buna görə də aralarında normal münasibətlər olmuş və bundan başqa, ola bilsin ki, Dilqəm mağazada olan dəmir seyfi həmin vaxt görmüşdür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 16.03.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1996-cı ildə Yevlax rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş 22.10.2015-ci il tarixli məlumatın surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir. Əlil olmasına səbəb isə “Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” olmuşdur. İş materiallarında olan AA seriyalı ******* saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 04.02.2021-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan X6 tərəfindən verilmiş 17.02.2021-ci il tarixli Neyrosonoqrafiyanın rəngli Doplerlə Ultra-Səs Müayinəsinin surətindən görünür ki, X3 müayinəsinin nəticəsi: - “Periventrikulyar nahiyyədə exogenlik nisbətən yüksəlib. Hipoksiya əlaməti. Hər iki periventrikulyar sahədə kiçik ölçüdə hiperexogen sahə izlənilir-yüngül qansızma əlaməti. Dinamikada müşahidə məsləhətdir.” Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, İİ dərəcəli əlil olmasını, himayəsində xəstə uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut olan 1 ədəd seyf və həmin seyfdən aşkar edilmiş 900 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10.03.2021-ci il tarixdən 27.05.2021-ci il tarixdədək həbsdə saxlanıldığı 02 (iki) ay 17 (on yeddi) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 1 ədəd seyf və həmin seyfdən aşkar edilmiş 900 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 07 saata görə 42 (qırx iki) manat, məhkəmə zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 102 (bir yüz iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar