Məhkəmə qərarları › İş №1(003)-257/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-257/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-257/2024 21.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Tərtər rayonu, Sarıcalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, Tərtər rayonu, Sarıcalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük savxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin yay aylarından etibarən Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində fəaliyyat göstərən «Bənövşə» şadlıq sarayının yaxınlığında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mülkiyyətində olmaqla 39T424441, ******* koordinatlarında yerləşən torpaq sahəsi üzərində qanunla müəyyən olunmuş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 0,01 ha torpaq sahəsini 3 tərəfdən 10 daş hündürlüyündə öz başına hasarlamaqla torpaq üzərində ümumi sahəsi 48 m2 olan 14 daş hündürlüyündə fərdi yaşayış evi tikərək Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mülkiyyətində olan torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, torpaq sahəsini tanıdığı şəxsdən almışdır. Lakin torpağa dair hər hansı bir sənəd olmamışdır. Yəni ona toprağa dair heç bir sənəd verilməmişdir. Həmin adamın adını da ifadəsində qeyd etmişdir. Evi özü üçün tikmişdir. Tikdiyi evin yaxınlığında qazı və qarabağ əlili olan insanlarda ev tikib yaşayırlar. Baxmayaraq ki, o özüdə Qarabağ veteranıdır. Onlara heç kim heçnə demir. Bundan başqa orda restoranlar və obyektlərdə tikilib. Sökülməsinə etiraz etmir qanunun tələbinə hamı kimi oda tapedir. Lakin o evin tikintisinə xeyli miqdarda xərc çəkmişdir. Verilən suallara cava olaraq bildirdi ki, torpaq sahəsini 2020-ci il tarixdə Asif adlı şəxsdən almışdır. Onunla yaxşı münasibəti olduğu üçün ondan torpağa dair sənəd almamışdır. Torpağa görə pul vermiş, lakin heç bir sənəd almamışdır. Ümumiyyətlə torpağın yerləşdiyi ərazidə heç kimdə torpağa dair sənəd mövcud deyildir. Torpağa görə 5500 manat pul vermişdir. Torpağı alandan bir müddət sonra isə torpağın hasarını çəkmiş və orada ev tikmişdir. Evi tikməyə başladıqdan, daha doğrusu bir neçə daş qaldırdıqdan sonra tikintini dayandırması bildirilmiş, o da tikintini dayandırmışdır. O, dövlət torpağını zəbt etməmiş və belə bir niyyəti də olmamışdır. Torpağın ümumi ölçüsü isə təxminən iki sotdur. Evin hasarından on dörd daş qaldırmışdır. Təqsirləndirilən şəxs son sözündə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 07 noyabr 2023-cü il tarixdə torpaqlardan istifadəyə və onların üzərində nəzarətin həyata keçiriməsi məqsədi ilə Xəzər rayonu, Qala qəsəbəsi ərazisində baxış keçirilmişdir. Baxış zamanı yüksək təzyiqli qaz xəttinin mühafizə zolağında tikinti işlərinin aparılması faktı aşkar olunmuşdur. Araşdırma zamanı tikinti işlərinin Təqsirləndirilən şəxs tərəfindən müvafiq qurumların icazəsi və müvafiq sərəncam olmadan aparıldığı müəyyən edilmişdir. Vətəndaşdan torpağa dair sənədlər tələb edilmiş, lakin vətəndaş sənədlərin olmadığını bildirmişdir. Bundan sonra akt tərtib edilərək barəsində tədbir görüləcəyi bildirilmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətindədir və mühafizə zolağında yerləşdiyi üçün həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi də mümkün deyildir. Apardığı tikinti işləri qanunsuz olduğu üçün vətəndaşa tikinti işlərinin dayandırılması barədə yazılı deyil şifahi qaydada bildirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərazisində təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və barəsində qərar qəbul edilməsi məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisə olan torpağı Elsevərə 2019-cu ildə 5500 manat müqabilində satmışdır. Torpaq isə onun adına olmuşdur. Torpağı Elsevərə satarkən hər hansı bir sənəd verməmiş, sadəcə olaraq şifahi qaydada razılaşmışlar. Elsevər ondan sənəd istəmədiyinə görə sənəd verməmişdir. Təzəlikcə isə həmin torpağa dair Elsevərə etibarnamə və öz adına olan sənəd vermişdir. Torpağı satarkən səhətində problemlər olduğu üçün sənəd verə bilməmişdir. Həmçinin həmin torpaq sahəsini Elsevərə satmamışdan qabaq üç tərəfdən hasarlamış, bir tərəfi isə açıq qalmışdır. Elsevəri torpağı satmamışdan uzun müddət qabaq tanımış, aralarında dostluq münasibətləri olmuşdur. Torpağı satarkən isə dediyi kimi hər hansı bir sənəd və ya etibarnamə verməmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1974-ci ildə Tərtər rayonu, Sarıcalı kəndində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin əməkdaşları baş məslahetçi-müfəttiş Zərərçəkmiş şəxs, aparıcı məsləhətçi X12 və məsləhətçi X4 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində (39T424441; ******* nömrəli koordinatlar) yüksək təzyiqli qaz xəttinin mühafizə zolağında yerləşən, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, bələdiyyə mülkiyyətində olan təxminən 0.01 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi faktı aşkar edilmişdir, Araşdırma zamanı, tikinti işlərinin Təqsirləndirilən şəxs (*** *** ** **) tərəfindən müvafiq qurumların icazəsi, eləcə də torpaq sahəsinin ayrılmasına dair hüquq müəyyənedici sənədlər olmadan aparıldığı müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından keçib-keçməməsini müəyyənləşdirmək üçün Milli Qeydiyyat Sisteminin və Necaa proqramının bazasında yoxlanılmış, lakin məlumatlar əldə olunmamışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və müdafiə tərəfindən təqdim edilmiş xx.xx.1990-cı il tarixli, 1347 nömrəli Abşeron rayon donuzkökəltmə sovxozu üzrə 135 nömrəli, xx.xx.1990cı il tarixli əmrdən görünür ki, Azərbaycan SSR Nazirlər sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli, 23 nömrəli qərarının tələbinə uyğun olaraq X8 fərdi ev tikmək üçün 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş və müdafiə tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə ilə ünvan 1i ünvanında qeydiyyatda olan X2 rayonu, Sarıcalı kəndi ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Abşeron rayonu Donuzkökəltmə sovxozu üzrə xx.xx.1990-cı il tarixli, 135 nömrəli əmrinə əsasən Bakı şəhəri, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün onun adına ayrılmış 0.06 sahəsi üzrə Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə xx.xx.1990-ci il tarixli 135 nömrəli əmrinə əsasən Bakı şəhəri, Binəqədi qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün onun adına ayrılmış 0.06 ha torpaq sahəsini sənədləşdirməyi və s hüquqları etibar etmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivindən daxil olmuş T-399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 saylı xx.xx.1990cı il tarixli əmrində X7 adı aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən istinad kordinatlı sahə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Eyni zamanda sahənin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 188-ci maddəsinin normasında müəyyən olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, maddədə nəzərdə tutulan əməllərin törədilməsi iqtisadi sistemdə və ekoloji potensialın yüksəldilməsində çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə görə torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində- bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110cu maddəsinə görə aşağıdakı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar: torpaq sahələrinin özbaşına tutulması; torpaq sahələrində qanunsuz tikinti aparılması; torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 188.2ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə əsasən “Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaq zamanı verdiyi ifadəsinə və müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 da ifadəsinə qiymət verməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə ifadəsində mübahisə predmeti olan torpaq sahəsini özbaşına tutmadığını, X6 2020-ci il tarixdə 5500 manat pul verib aldığını, lakin həmin torpaq sahəsini alarkən ona hər hansı bir sənəd verilmədiyini bildirmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş X10 da təqsirləndirilən şəxsin ifadəsini təsdiq etmiş və həmin torpaq sahəsini 2019-cu il tarixdə Təqsirləndirilən şəxs satdığını bildirmişdir. Məhkəmə hesab edir ki, aşağıdakı sabəblərdən təqsirləndirilən şəxsin həmin ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmişdir, həmçinin X7 ifadəsi də mötəbər sübut hesab edilə bilməz. Belə ki, işin araşdırılmış hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən mübahisə predmeti olan torpağın qanuni əsaslarla 2019-2020-ci illərdə əldə edilməsini təsdiq edən hər hansı bir sənəd mövcud deyildir. Müdafiə tərəfindən məhkəməyə xx.xx.1990-cı il tarixli, 1347 nömrəli Abşeron rayon donuzkökəltmə sovxozu üzrə 135 nömrəli, xx.xx.1990-cı il tarixli əmr və xx.xx.2024-cü il tarixli etibarnamə təqdim edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivindən daxil olmuş məhkəmə sorğusuna cavabda həmin əmrdə ümumiyyətlə X7 adının aşkar olunmadığı göstərilmiş, etibarnamə isə göründüyü kimi yeni tarixə verilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən əmr verilərkən Asif Əliyevin 15 yaşı olmuşdur. Göründüyü kimi qeyd olunan hallar Təqsirləndirilən şəxs mübahisə predmeti olan torpağı özbaşına tutaraq orada tikinti işləri aparmadığı, əksinə satın almasını təsdiq etmək və onun ümumiyyətlə torpaq sahəsini özbaşına tutmaq kimi bir niyyətinin olmamasını təsdiq etmək üçün müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sübutların nə qədər qeyri-mötəbər olduğunu və sübut əhəmiyyəti daşımadığını göstərir. Beləliklə müdafiə tərəfinin seçidiyi müdafiə taktikası təqsirləndirilən şəxsin özünü müdafiə üçün şifahi bildirdiklərindən və qeyri-mötəbər sübut olan və təqsirləndirilən şəxslə uzun müddətdir ki yaxın münasibətləri olduğunu bildirən X7 ifadəsindən başqa heç bir mötəbər sübuta söykənmir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 188.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması və həmin hissədə iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, məhkəmə çıxışları zamanı dövlət ittihamçısı X3 əməlinin Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə tam əhatə olunduğunu bildirib ona qarşı CM-in 188.1-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyini bildirmişdir. Məhkəmə dövlət ittihamçısının ittihamdan qismən imtina etməsi barədə çıxışını nəzərə alaraq hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-in 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Qeyd olunanlara əsasən dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyindən iş üzrə həmin hissədə ona qarşı cinayət təqibinə xitam verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Dövlət ittihamçısı Azərbaycan Respublikası CM-in 188.1 və 188.2-ci maddələri ilə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyindən iş üzrə həmin hissədə ona qarşı cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük savxozunda yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 37 saata görə 222 (iki yüz iyirmi iki) manat, ümumilikdə 312 (üç yüz on iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar