Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-258/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evi, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.1-ci və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamış və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Rus qəbiristanlığı”nı əhatə edən və Bakı şəhəri, Xəzər rayonu, Binə Bələdiyyəsinə məxsus 1 ədədi 60 manat olmaqla ümumi qiyməti 540 manat təşkil edən 09 ədəd dəmir boruları gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə Bələdiyyəsinə ümumilikdə 540 (beş yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, siqaretin gümüşü rəngli kağızına bükülmüş formada 01 ədəd bükümdə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Rus qəbiristanlığını əhatə edən və Bakı şəhəri, Xəzər rayonu, Binə Bələdiyyəsinə məxsus olmaqla ümumi qiyməti 540 manat olan 09 ədəd ədəd dəmir boruları yerindən çıxararaq özü ilə apardığı əl arabasına yığıb metal qəbulu yerinə satmaq üçün aparan zaman həmin tarixdə saat 12:40-da qeyd edilən Rus qəbiristanlığının yaxınlığında Xəzər RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində yaxalanıb Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gətirilmiş, şöbədə olarkən orada üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,388 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2022ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Rus qəbiristanlığı”nı əhatə edən və Bakı şəhəri, Xəzər rayonu, Binə Bələdiyyəsinə məxsus 1 ədədi 60 manat olmaqla ümumi qiyməti 540 manat təşkil edən 09 ədəd dəmir boruları gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri, Xəzər rayonu Binə Bələdiyyəsinə ümumilikdə 540 (beş yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Hazırda o, Binə Bələdiyyəsinə dəymiş zərəri ödəmişdir. Əlavə olaraq bildirmişdir ki, onun üzərində narkotik maddə olmamış, ibtidai istintaqda təziq altında, döyülərək ifadə vermişdir. Oğurluq hissədə törətdiyi cinayət əməlini etiraf edir və əməlindən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmədən əməlini səmimi etiraf edib peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqribən 5 aya yaxındır ki, narkotik maddənin heroin növündən istifadə edir. Narkotik vasitəni isə Bakı şəhərində müxtəlif yerlərdən adını bilmədiyi şəxslərdən almışdır. Sonuncu dəfə narkotik vasitə olan heroini Binə qəsəbəsində yaşayan və tanıdığı İsmayıl adlı şəxsdən xx.xx.2022-ci il tarixdə axşam saatlarında Binə qəsəbəsində, “Sıqanlar məhəlləsi” deyilən yerdə 10 manata şəxsi istifadəsi üçün almışdır. Aldığı narkotik maddənin bir qismini istifadə etmiş, qalan bir qismini isə əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə Binə qəsəbəsi ərazisində olan rus qəbirstanlığına getmiş, qəbirstanlığı əhatə edən bir neçə ədəd dəmir borunu yerindən çıxarıb özü ilə apardığı əl arabasına yığıb metal qəbulu yerinə satmaq üçün aparmışdır. Həmin vatx o, polis əməkdaşları tərəfindən oğurluq etdiyinə görə saxlanılmışdır. Saxlanıldığı zaman üzərində narkotik maddə olduğunu bildirmişdir. Buna görə də polis əməkdaşları onu Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirərək təhvil vermişlər. Polis Şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, üzərində saxladığı, içərisində narkotik maddə olan siqaretin gümüşü kağızında olan bükülünü təqdim etmişdir. Bükülü açılmış və həmin bükülüdə nə olduğu ondan soruşulmuşdur. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə heroindir və həmin narkotik maddəni xx.xx.2022-ci axşam saatlarında Binə qəsəbəsində yaşayan İsmayıl adlı şəxsdən Binə qəsəbəsi “Sıqanlar məhəlləsi” deyilən yerdə 10 manata şəxsi istifadəsi üçün almışdır. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 244 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış, zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin fevral ayından etibarən Binə qəsəbə Bələdiyyəsində daimi komissiyanın sədri vəzifəsində çalışır. Binə qəsəbəsi ərazisində bəzi yerlər Bələdiyyənin mülkiyyətindədir. Həmin yerlərdən biri də Binə qəsəbəsi ərazisində yerləşən və el arasında “rus qəbiristanlığı” kimi tanınan qəbiristanlıqdır. Binə qəsəbə bələdiyyəsi abadlıq işləri məqsədi ilə həmin qəbiristanlığın ətrafına hasar formalı dəmir borular çəkdirmişdir. xx.xx.2022-ci il tarixdə qəsəbə ərazisində nəzarət məqsədi ilə gəzən zaman həmin rus qəbiristanlığını əhatə edən dəmir boruların yerindən çıxarıldığını aşkar etmiş və dərhal bu barədə Bələdiyyə sədrinə məlumat vermiş və Xəzər RPİ-nin 3-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. 1 ədədi təxminən 60 manat olan və ümumi qiyməti 540 manat təşkil edən dəmir borular oğurlanmışdır. Hazırda Binə qəsəbə Bələdiyyəsinə dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələb yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, o, Xəzər RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir və polis serjantı rütbəsi daşıyır. 31 oktyabr 2022-ci il tarixdə saat 12:40-da iş yoldaşı, Xəzər RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə 3226 çağırışlı avtopatrulla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində xidmət aparan zaman “Rus” qəbiristanlığının yaxınlığında bir nəfər şəxsin arabanın üstündə qəbiristanlığın dəmirlərini apardığını görmüş və onu saxlamışlar. Soruşduqda ki, “bu dəmirləri haradan götürmüsən” şübhə yaradan cavablar verdiyi üçün həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə polis şöbəsinin rəisinin adına raport yazılmışlar. Polis şöbəsində həmin şəxsin anket məlumatları yoxlanılan zaman məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və Xəzər RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 iştirakı ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Vüsal Nəsirzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində İsmayıl adlı şəxsdən 10 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini, həmçinin Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən rus qəbiristanlığından qəbiristanlığı əhatə edən bir neçə ədəd dəmir borunu yerindən çıxarıb oğurladığını və əl arabası ilə metal qəbulu məntəqəsinə satmağa apararkən polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra müdafiəçi şübhəli şəxsə aşkar edilmiş narkotik vasitənin özünə aid olub-olmamasını və özünə qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə narkotik vasitənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən özünə qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin qablaşdırılaraq ekspertizaya göndəriləcəyini bildirmiş və istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş “İphone” markalı mobil telefon vasitəsilə onun tərəfindən aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Xəzər RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 Şahid1 ifadəsində oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6311 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №244” dairəvi möhür əksləri olan, “...Saxlanılan şəxs “imza” Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,388 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə 0,388 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq, hazırkı çəkisi 0,338 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Binə şəsəbəsində yerləşən Xristian qəbristanlığından hər birinin dəyəri 60-00 AZN olan 9 ədəd dəmir borular oğurlanaraq Binə bələdiyyəsinə 540-00 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il ərizədən görünür ki, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Cəza təyin edərkən nəzərə alınması xahiş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Tibbi Müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs MSY-yə gətirilən vaxt onun üzərinə baxış keçirilmiş və bədənində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü və xx.xx.2018-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 15 dekabr 2022-ci il tarixli, 7620 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3, 69.3-cü maddəsi ilə təqsirli bilinmiş və qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1, 67.1, 68.1.1ci maddəsi ilə təqsirli bilinmiş və qəti olaraq 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi hissədə) özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi hissədə) məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək (oğurluq hissədə), əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı övladlarının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,338 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 65,00 (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.1-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,338 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65,00 (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (150 manat) və məhkəmə baxışı zamanı (90 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 240 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-258/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-258/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver