Məhkəmə qərarları › İş №1(003)-258/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-258/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-258/2025 01.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixinə cəzasının 01 il 07 ay 13 gün hissəsi çəkilməmiş qalan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2025-ci il tarixində gecə saat təxminən 00:30 radələrində yaşadığı evin qonşuluğundakı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə giriş qapısının üzərindən aşmaqla qanunsuz daxil olmaqla evin mətbəxindəki döşəmənin üzərinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus olan bir topunun dəyəri 65 manat təşkil edən 4 top 4lük elektrik naqillərini, dəyəri 45 manat təşkil edən 1 top 2.5-lik elektrik naqillərini, bir ədədinin dəyəri 4 manat təşkil edən 6 ədəd lampanı, bir ədədinin dəyəri 8.5 manat təşkil edən 6 ədəd 32-lik işıq açarlarını, bir ədədinin dəyəri 4.5 manat təşkil edən 4 ədəd 16-lıq işıq açarlarını, bir ədəd 18 manat dəyərində elektrik şitini, bir ədədinin dəyəri 1 manat təşkil edən 4 ədəd naqil sarğısı və bir ədədinin dəyəri 0.50 manat olan 6 ədəd işıq patronun yığıb evə girdiyi yerdən çıxıb aparmaqla satıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs 468 manat maddi ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, daha əvvəl narkotik vasitələrdən istifadəyə görə məhkum olunmuşdur. Maddi imkanı aşağı olduğundan oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində qonşuluqda yerləşən yarımtikili evə daxil olmuşdur. Həmin evdən elektrik naqilləri oğurlamışdır. Etdiyi əməldən peşmandır. Vurduğu maddi ziyan ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qeyd etdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində təmiri davam edən evi vardır. xx.xx.2025-ci il tarixində həmin evdən çıxmışdır. Bir gün sonra gəldikdə evdə olan elektrik naqillərinin, lampa və sair elektrik əşyalarının oğurlandığını görmüşdür. Bu barədə polis orqanlarına şikayət etmişdir. Oğurluq nəticəsində ona 486 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi E.Ələsgərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - Zərərçəmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi E.Ələsgərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - İfadənin yerində yoxlanması haqqında xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi evi və yerləri dəqiqliklə göstərmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 3-16-35-84/2-23947/2025 nömrəli məktubundan məlum olur ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixinə 04 ay 11 gün hissəsini çəkmiş, 01 il 07 ay 15 gün hissəsini çəkməmişdir. Həmin hökm üzrə o, xx.xx.2024-cü il tarixində qeydiyyata düşmüşdür; - Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən aydın olur ki, ona dəymiş maddi ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs vurduğu maddi ziyanı ödəməsini (CM-59.1.13), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edilməsi CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan göründüyü kimi Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixində ona təyin edilmiş cəzanı çəkmək üçün qeydiyyata düşmüşdür. O, hazırki cinayət işi üzrə 23-xx.xx.2025-ci il tarixlərində 02 gün şübhəli şəxs kimi tutulmuşdur. Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən onun tutulduğu 02 gün cəzanın icrası müddətinə daxil edilmir. Bu səbəbdən də onun qeydiyyata düşdüyü xx.xx.2024-cü il tarixdən (23-xx.xx.2025-ci il tarixləri çıxılmaqla) xx.xx.2025-ci il tarixinə çəzasının çəkilən hissəsi 04 ay 11 gün, çəkilməmiş cəzası isə 01 il 07 ay 15 gün təşkil edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl onun cinayət törətməsinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, az ciddi cəza növünün təyini cəzanın məqsədlərini təmin edə bilməməsi kimi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablanmalı (CM-69.3), cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-812/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 15 (on beş) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) günü hesabı ilə hesablanmaqla 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saat vaxta görə 72 manat olmaqla, cəmi 192 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar