Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-259/2022 01.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) xx xxxxxxx 1991-cı il tarixdə Ağsu rayonunun Bozavand kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonunun Bozavand kəndində qeydiyyatda olub, Abşeron rayonu Xırdalan şəhəri Masazır qəsəbəsi Ə.Vahid küçəsi ev 114-də kirayədə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-132/2022 saylı 12 mart 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 mart 2022-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə və 2) xx xxxxx 1988-ci il tarixdə İmişli rayonunun Gövhərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, İmişli rayonunun Gövhərli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Atçılıq yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 194.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, X4 24 fevral 2022 il tarixdə saat 15 radələrində işlədiyi və çobanlıq etdiyi Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus fermadan 01 başı 90 manat olmaqla ümumi dəyəri 1080 manat olan 15-22 kiloqramlıq 12 baş qoyunu və 01 başı 60 manat olmaqla ümumi dəyəri 720 manat olan 3-4 aylıq, 7-8 kiloqramlıq çəkidə 12 baş quzunu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1800 (min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən 25 fevral 2022 il tarixdə saat 16 radələrində işlədiyi və çobanlıq etdiyi Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus fermadan 01 başı 90 manat olmaqla ümumi dəyəri 720 manat olan 15-22 kiloqramlıq 08 baş qoyunu və 01 başı 60 manat olmaqla ümumi dəyəri 480 manat olan 3-4 aylıq, 7-8 kiloqramlıq çəkidə 08 baş quzunu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən 26 fevral 2022 il tarixdə saat 14:30 radələrində işlədiyi və çobanlığ etdiyi Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus fermadan 01 başı 90 manat olmaqla ümumi dəyəri 630 manat olan 15-22 kiloqramlıq 07 baş qoyunu və 01 başı 60 manat olmaqla ümumi dəyəri 420 manat olan 3-4 aylıq, 7-8 kiloqramlıq çəkidə 07 baş quzunu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1050 (min əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin əmlakı əldə etmiş və onlara sahiblik etməklə istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 24 fevral 2022-ci il tarixdən 26 fevral 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus fermadan oğurladığı 01 başı 90 manat olmaqla ümumi dəyəri 2430 manat olan 15-22 kiloqramlıq 27 baş qoyunu və 01 başı 60 manat olmaqla ümumi dəyəri 1620 manat olan 3-4 aylıq, 7- 8 kiloqramlıq çəkidə 27 baş quzunu qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin əmlakı əldə etmiş və onlara sahiblik etməklə istifadə etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların və zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin dekabr ayında işsizliyindən iş axtarmaq qərarına gəlmiş və həmin ərəfədə Buzovna qəsəbəsində yerləşən fermada çobanlıq işini tapmışdır. İşin sahibi olaraq Elçin adlı şəxslə danışıb görüşmüş və işin mahiyyətini danışmışdır. Ona məlum olmuşdur ki, fermada olan qoyunlara baxaraq çobanlıq edəcək, həmçinin də qalmaq üçün ona fermanın ərazində yer veriləcəkmiş, bu iş üçün də aylıq ona 400 manat maaş veriləcəkmiş. O, razılıq verdikdən sonra işləməyə başlamışdır. Onun Fariz adlı şəxsə 3000 manat borcu olduğundan həmin pulu hansısa yolla əldə etməyini düşünmüş və qərarlaşdırmışdır ki, otardığı qoyunlardan satıb pul əldə edıb borcunu verər, daha sonra isə axşamlar başqa işlə də məşğul olub həmin qoyunları alıb yerinə qoyar ki, heyvanların sahibi olan, yəni onunla iş danışmış Elçinin qardaşı İsmixanın bundan xəbəri olmasın. O, artıq tam qərara gəlib qoyunları satmağı barədə Buzovna qəsəbəsindən tanıdığı Tural adlı şəxsə bildirmişdir. Tural ondan qoyunları neçəyə satdığını soruşmuş, o da cavab olaraq borcu olduğundan, satdığını eləcə də ucuz sata biləcəyini demişdir. Daha sonra isə Tural qoyunlara baxmış və yanı balalı qoyunlar olduğunu gördükdə qoyunların kimə məxsus olduğunu ondan soruşmuş, o da olduğu kimi bildirmişdir ki, sahibi İsmixandır, lakin İsmixanın xəbəri olmadan onları oğurlayıb satmaq istəyir, çünki borcunu verməlidir, borcunu verəndən sonra özü qoyunları alıb yerinə qoyacaqdır. Tural da ona cavab olaraq qoyunları almaq istədiyini, bu məsələnin isə ona heç bir aidiyyətinin olmadığını demişdir. Daha sonra yanı balalı qoyunun bir başını 74 manata Turala satmaqla razılaşmışdır. 24 fevral 2021-ci il tarixdə saat 15 radələrində Tural özünə məxsus və özünün idarə etdiyi ağ rəngli “VAZ-2106” markalı avtomaşınla fermanın yaxınlığına gələrək maşını saxlayıb fermaya yaxınlaşmış, öz istəyi ilə seçdiyi 12 baş yanı 1-2 aylıq balalı olmaqla ümumilikdə 24 baş xırda buynuzlu heyvanı maşının qoşqusuna yükləmiş, daha sonra isə pulu sayıb verərək çıxıb getmişdir. Həmin qoyunlara o baxdığından, yəni çobanlığını etdiyindən, fermaya şəxsən girib çıxmağına, fermanı idarə etməyinə icazəsi olmuşdur. Ertəsi gün, yəni 25 fevral 2022-ci il tarixdə günorta saat 15-16 radələrində eyni qayda ilə yenə də Tural fermaya gəlmiş və yenə də 9 baş yanı 1-2 aylıq balalı olmaqla ümumilikdə 18 baş xırda buynuzlu heyvanı maşına yükləyib pulunu verib çıxıb getmişdir. 26 fevral 2022-ci il tarixdə saat 14:30 radələrində Tural yenə özünə məxsus və özünün idarə etdiyi ağ rəngli “VAZ-2106” markalı avtomaşınla fermanın yaxınlığına gələrək maşını saxlamış, maşından düşüb fermaya yaxınlaşmış və öz istəyi ilə seçdiyi daha 7 baş yanı 1-2 aylıq balalı olmaqla ümumilikdə 14 baş xırda buynuzlu heyvanı maşının qoşqusuna yükləmiş, daha sonra isə pulu sayıb verərək çıxıb getmişdir. Lakin o, satdığı qoyunlardan heç birini alıb yerinə qoya bilməmişdir. Beləliklə də o, Turala fermadan oğurladığı və Turalın oğurluq olduğunu bildiyi 27 baş yanı 1-2 aylıq balalı olmaqla ümumilikdə 54 baş xırda buynuzlu heyvanı ümumilikdə 2080 manat olmaqla satmış, sonra həmin pulun üstünə də özündən əlavə pul qoyub 3000 manat olmaqla borcunu vermişdir. İlk dəfə törətdiyi əməlindən peşman olmuş və hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Buzovna qəsəbəsində yerləşən pomidor istixanasında fəhlə işləyir. 2022-ci ilin fevral ayının 23-də istixanadan işdən çıxıb evə gedən zaman bir nəfər - sonradan adının Seyid oldunu bildiyi çobanın qoyun otardığını görərək ona yaxınlaşmış və bir baş keçi lazım olduğnu, eləcə də satıbsatmadığını soruşmuşdur. Həmin çoban onun mobil telefon nömrəsini götürmüş və olanda zəng edib xəbər edəcəyini ona demişdir. Bir gün sonra Seyid çoban ona ***-***-**- ** saylı mobil telefon nömrəsi ilə zəng edərək qardaşına məxsus iki baş yanı balalı qoyunun olduğunu, ikisini birlikdə 340 manata satdığını demiş, bundan başqa, hələlik satlıq iki baş qoyun olduğunu, qardaşından soruşduqdan sonra satlıq heyvan olarsa yenə də xəbər edəcəyini bildirmişdir. Sonra o, çobanın fermasına getmiş, Seyid çoban qoyunları qapının qarşısına çıxartmış, o, qoyunlara baxmış və 340 manat verərək iki baş yanı balalı qoyunu alıb yaşadığı ünvana aparmışdır. 2-3 gündən sonra Seyid çoban yenə də ona zəng etmiş və qardaşı şəhidin qəbrinin üstünü götürdüyündən pul lazım olduğu üçün yenə də 6 baş qoyun satmasını demişdir. O, yenə Seyid çobanın fermasına getmiş, çoban 6 baş yanı balalı qoyunun hər birini 148 manata satdığını ona demiş, o da hesablayaraq pulunu vermiş və qoyunları yenə yaşadığı evin həyətinə aparmışdır. Bundan 2-3 gün sonra Seyid çoban zəng edərək 6 baş satlıq qoyun olduğunu demiş və o, yenə onun fermasına getmiş 6 baş yanı balalı qoyunu da Seyiddən alaraq yaşadığı ünvana aparmışdır. Beləliklə, o, Seyid çobandan ümumilikdə 2080 manata 28 baş xırda buynuzlu heyvan almış, onlardan 14-ü qoyun, 14-ü də balası olmuşdur. 26 fevral 2022-ci il tarixdə saat 14.00 radələrində Seyid çoban ona yenə zəng edərək qardaşının iki baş satlıq qoyununun olduğunu və onları satdığını bildirmiş, o isə qoyunları almaq istəmədiyini demişdir. Sonra orada başqa bir çoban olan başqa şəxsə yaxınlaşmış və ondan ona qoyunları satan Seyid çoban barəsində soruşduqda qoyunların Seyid çobana deyil, gürcüstanlı iki qardaşa məxsus olduğunu bildirmişdir. O, şübhələnərək Seyid çobana zəng etmiş və qoyunların onun olub-olmamasını soruşmuş, Seyid isə bir daha bildirmişdir ki, qoyunlar özünə, atasına və qardaşına məxsusdur. Sonra o, qoyunların əsl sahib olan İsmixanın qardaşının mobil telefon nömrəsini taparaq bu barədə soruşduqda məlum olmuşdur ki, Seyid çoban onlardan xəbərsiz olaraq qoyunları ona satmışdır. O, Seyid çobanın qoyunları necə və hansı şəraitdə, hansı qiymətə satdığını qoyunların əsl sahibinə demiş, sonra onlar polisə məlumat vermişlər. Seyid ona ümumilikdə 28 baş qoyun-quzu satmış, onlardan bir baş qoyun və bir quzu ölmüşdür, qalan 13 baş qoyun və 13 baş quzu isə “Atçılıq massivi”ndə onun yaşadığı ünvanın həyətində olduğundan, onları sahibi İsmixana qaytarmışdır. Törətdiyi əməlindən peşman olmuş və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Xəzər rayonu Buzovna qəsəbəsində yeni sahədə yerləşən özünə məxsus torpaq sahəsində fermer təsərrüfatı ilə məşğul olmaqla fermada əsasən xırda buynuzlu heyvanlar saxlayır. Təxminən 2021-ci ilin dekabr ayında fermada olan xırda buynuzlu heyvanlara baxmaq üçün çoban lazım olduğundan, iş qrupunda bu barədə qeyd etmişdir. Sonradan adını X1 bildiyi şəxs həmin iş qrupunda qoyduğu çoban işi elanını tapıb qardaşı ilə bu bardə danışmışdır. Qardaşı ilə danışıq əsasında həmin Seyidəli ilə aralarında razılaşma olub hər ayına 400 manat maaş olmaqla çoban xırda buynuzlu heyvanlara baxıb otaracaq və orada qalacaqmış. Fermanın ərazisində qalmaq üçün ev də olmuşdur. Həmin ferma və heyvanlar ümumilikdə ona məxsus olmaqla onun əmlakıdır. Müəyyən vaxtlarda gəlib heyvanlara və fermaya baş çəkirmiş. Həmin çobana inanaraq fermanı çobanın ixtiyarına buraxmışdır. 26 fevral 2022-ci il tarixdə axşam saatlarında fermaya baş çəkmək üçün gələrkən ona məlum olmuşdur ki, fermada olan qoyunların 54 başı yəni 27 baş qoyun olmaqla hər birinin yanında 27 baş 3-4 aylıq quzu yerində yoxdur. O, heyvanlarının sayından bunu aşkar etmiş, bu barədə dərhal çobandan soruşduqda, çoban könüllü etiraf edərək ona məxsus fermadan 54 baş xırda buynuzlu heyvanı Tural adlı şəxsə satdığını demişdir. Ona məxsus qoyunların çəkiləri təxmini olaraq 15-22 kiloqram arasında olmaqla diri çəkisinin bir kiloqramı 7,50 manatdan hesablanılır. Yəni qoyunun qiyməti 112,50 manatla 165 manat arası olmuşdur. Lakin quzuların çəkiləri təxminən 7-8 kiloqram arası olmaqla diri çəkilərinin qiyməti 8 manatdan hesablanırmış. Bununla da quzuların diri çəkisinin orta qiyməti 56 manat 64 manat aralığında olmuşdur. Məlum olduğu kimi, 27 baş quzunun oğurlanması nəticəsində ona 1728 manat (27x8x8) və 27 baş qoyunun oğurlanması nəticəsində ona 4455 manat (22x27x7.50) maddi ziyan dəymişdir. Bundan sonra o, Tural adlı şəxs ilə görüşüb danışmış və Tural hər şeyi olduğu kimi ona demişdir. Hazırda təqsirləndirilən şəxslər ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişlər. Buna görə də onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan üzləşdirmə protokollarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində qeyd olunan xüsusatları bir-birlərinin üzünə deyərək bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 aprel 2022-ci il tarixli 9/2196 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırda buynuzlu heyvanların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 150,00 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarında olan 13 mart 2022-ci il tarixli təqdim etmə, götürmə və baxış keçirmə barədə protokoldan görünür ki, istintaq zamanı X5 istintaqa təqdim etdiyi, eləcə də Təqsirləndirilən şəxs1 pul müqabilində aldığı oğurluq olan 13 baş qoyun və 13 baş quzu olmaqla ümumilikdə 26 baş xırda buynuzlu heyvan tərəfindən istintaqa sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş və iştirakçıların iştirakı ilə birlikdə baxış keçirilərək, 26 baş xırda buynuzlu heyvan sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış Qəbzdən görünür ki, ona məxsus fermadan oğurlanmış və Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi 26 baş xırda buynuzli heyvanı müstəntiq Anar Bəxtiyarovdan sağ-salamat vəziyyətdə təhvil almışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 01 iyun 2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişlər. Buna görə də onun hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bunun nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Ağsu rayon İHB-nin Bozavand kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 25 mart 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 26 aprel 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlunun təkrarən özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin əmlakı əldə etməsi və onlara sahiblik etməklə istifadə etməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 oğlunun cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməlləri etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-132/2022 saylı 12 mart 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 11 mart 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək həbsdə olduğu cəmi 02 (iki) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Ağsu rayonunun Bozavand kəndindəki evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Ağsu rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 12 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, həmin gün onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimat Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən rədd edilmiş, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 12 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Atçılıq yaşayış massivində yerləşən fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Maddi sübutlar – 13 baş qoyun və 13 baş quzu olmaqla ümumilikdə 26 baş xırda buynuzlu heyvanın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.2-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 CM-nin 194.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 35 (otuz beş) iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə baxışı zamanı 05 saat) 210,00 (iki yüz on) manat və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X3 15 (on beş) iş saatına görə 90,00 (doxsan) manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 21 (iyirmi bir) iş saatına görə 126,00 (bir yüz iyirmi altı) manat olmaqla ümumilikdə 426,00 (dörd yüz iyirmi altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 11 mart 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək həbsdə olduğu cəmi 02 (iki) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Ağsu rayonunun Bozavand kəndindəki evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağsu rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 12 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Xəzər rayonu Atçılıq yaşayış massivində yerləşən fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – 13 baş qoyun və 13 baş quzu olmaqla ümumilikdə 26 baş xırda buynuzlu heyvanın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 35 (iyirmi beş) iş saatına görə 210,00 (iki yüz on) manat və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X3 15 (on beş) iş saatına görə 90,00 (doxsan) manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 21 (iyirmi bir) iş saatına görə 126,00 (bir yüz iyirmi altı) manat olmaqla ümumilikdə 426,00 (dörd yüz iyirmi altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-259/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-259/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver