Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-26/2022 27.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Sultanov Şamil Yusif oğlunun, Səməd-zadə Səməd Zaur oğlunun və Muradov Zeynal Oktay oğlunun, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Cəfərov Fərman Dəmir oğlunun iştirakları ilə Dəmirov Kənan İmamverdi oğlunun 29 oktyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay,bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Dəmirov Kənan İmamverdi oğlu yaşayış sahəsinə qanunsuz olaraq daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, Dəmirov Kənan İmamverdi oğlu 25 aprel 2021-ci il tarixdə, saat 03 radələrində tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsi bağlar massivində yerləşən Muradov Zeynal Oktay oğluna məxsus bağ evinin pəncərəsinin dəmir barmaqlığını çıxarmaqla pəncərəni sıxıb açaraq evə, oradan da evin qarajına qanunsuz olaraq daxil olmuşdur. Qarajdan 1 ədəd 150 manat dəyərində su motorunu, hər birinin dəyəri 40 manat olan iki ədəd elektrik samovarını, 02 ədəd hər birinin dəyəri 40 manat olan elektrik tənzimləyici aparatları, 30 manat dəyərində təmir alətləri olan çantanı, 50 manat dəyərində olan gümüş qaşıq-çəngəl dəstini gizli olaraq talayıb zərərçəkmiş şəxs Zeynal Muradovova 390 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 11 iyul 2021-ci il tarixdə, saat 12 radələrində tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Sultanov Şamil Yusif oğluna məxsus 167 saylı bağ evinin həyət darvazasının qapısının kilidini sındırmaq, evin plastik pəncərəni sıxıb açmaq yolu ilə qanunsuz olaraq daxil olub evdən sonuncuya məxsus 1 ədəd 160 manat dəyərində mis samovarı, mətbəxdən 597 manat dəyərində qab-qacağı, 195 manat dəyərində 65 metr elektrik naqillərini gizli olaraq talayıb zərəçəkmiş şəxs Şamil Sultanova cəmi 1017 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən 11 iyul 2021-ci il tarixdə, saat 13 radələrində tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Məmmədov Abil Rüstəm oğluna məxsus bağ evinin həyətinə hasardan aşaraq düşmüş evə zirzəmidən qanunsuz daxil olmaq yolu ilə evdən sonuncuya məxsus 2 ədəd hər birinin dəyəri 350 manat olan 2 top elektrik naqillərini, 26 ədəd 140 manat dəyərində «siemens» markalı elektrik açarlarını, 2 ədəd hər birnin dəyəri 45 manat olan işıq projektorlarını gizli olaraq talayıb zərəçəkmiş şəxs AbilMəmmədova cəmi 930 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 21 iyul 2021-ci il tarixdə, saat 12 radələrində tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Səməd-zadə Səməd Zaur oğluna məxsus 768 saylı bağ evinin həyətinə hasardan aşaraq düşmüş və 2 mərtəbəli evin birinci mərtəbəsinin plastik pəncərəsini sıxıb açmaq yolu ilə evə qanunsuz daxil olmuşdur. Evin 1-ci mərtəbəsində qonaq otağından 1 ədəd 60 manat dəyərində“Brame” markalı, WKP70-1 model, 0,6 kw su mühərrikini, 1 ədəd 15 manat dəyərində 1 ədəd istifadədə olmuş, normal vəziyyətdə “Raid-Su” markalı hidroforu, mətbəxdən 40 manat dəyərində su kranını, daha sonra 2-ci mərtəbədə otaqda sellofan torbada olan 48 manat dəyərində 12 ədəd təzə vəziyyətdə “Aulmo” markalı elektrik mənbəyini (rozetka), 48 manat dəyərində 12 ədəd təzə vəziyyətdə “Aulmo” markalı elektrik açarlarını (vklyuçatel), ümumilikdə 40 manat dəyərində 2 ədəd hər birinin dəyəri 20 manat olan işıq projektorlarını, ümumilikdə 107 manat dəyərində 10 ədəd hər birinin dəyəri 10,7 manat olan avtomat elektrik açarlarını (rubilnik) və həyətin işıqlandırılması üçün hasarın dibi ilə torpağa bastırılmış 300 manat dəyərində 100 metr uzunluğunda elektrik naqillərini gizli olaraq talayıb zərəçəkmiş şəxs Səməd Səmədzadəyə 658 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Dəmirov Kənan İmamverdi oğlu özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, maddi cəhətdən imkanı olmadığından oğurluq etmək qərarına gəlmişdir. 11 iyul 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən bağların arası ilə gedərəkən evlərdən birində yaşayış olmadığını görüb hasardan evin həyətinə düşmüşdür. Sonra evin arxa tərəfindəki pəncərəni yerdən tapdığı dəmir ilə sıxıb açaraq evə daxil olmuşdur. Evdən bir ədəd mis samovarı, işıq projektorlarını və qab-qacağı götürüb sellofan torbaya yığaraq oradan uzaqlaşmışdır. Oğlurladığı əşyaları yaxınlıqda olan boş torpaq sahəsində gizlətmişdir. Sonra həmin əşyaları Sabunçu qəsəbəsində yerləşən rus bazarında 250 manata satmışıdr. Həmin gün saat 13 radələrində hasarın üstündə olarkən tikintisi davam edən evdə heç kimin olmadığını və zirzəmisinin açıq olduğunu görüb oraya daxil olmuşdur. Oradan 2 top elektrik naqilini açıb doğramış, sonra həmin naqilləri, elektrik açarlarını və 2 ədəd projektorları götürüb bir qədər kənarda boş sahədə gizlətmişdir. Həmin əşyaların bir qismini həmin gün Sabunçu qəsəbəsində yerləşən rus bazarında 250 manata tanımadığı şəxsə satıb oradan Dərnəgül qəsəbəsinə getmişdir. Orada isə elektrik naqillərini metal qəbulu məntəqəsinə sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 25 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsi bağlar massivində yerləşən Muradov Zeynal Oktay oğluna məxsus bağ evindən və 21 iyul 2021-ci il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Səməd-zadə Səməd Zaur oğluna məxsus 768 saylı bağ evindən oğurluq etməmişdir. Zərərçəkmiş şəxs Səməd-zadə Səməd Zaur oğlunun evindən oğurlanmış 1 ədəd göy rəngli, “Brame” markalı su mühərriki, 1 ədəd “Raid-Su” markalı hidraforu, 12 ədəd “Aulmo” markalı elektrik mənbəyi, 12 ədəd “Aulmo” markalı elektrik açarlar və zərərçəkmiş şəxs Muradov Zeynal Oktay oğlunun evindən oğurlanmış 2 ədəd boz rəngli metaldan elektrik samovarları aşkar olunsa da, həmin əşyaları o, oğurlamamış və həmin əşyalar ondan götürülməmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın təyin olunmasını xahiş etdi. Dəmirov Kənan İmamverdi oğlunun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs Sultanov Şamil Yusif oğlu ifadəsində göstərdi ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində arvadı Hümbətova Dilarə Əbdüldəhməd qızının adına 167 saylı bağ evi vardır. Orada yaşamasa da, həftədə 2-3 dəfə ora gedib baş çəkir. Sonuncu dəfə 09 iyul 2021-ci il tarixdə həmin evdə olmuşdur. 13 iyul 2021-ci il tarixdə evə gəlib həyət darvazasını açmaq istədikdə kilidin sındırıldığını görüb evə girmişdir. Evdən, saxlanc yerindən və həyətdən 1 ədəd 160 manat dəyərində mis samovarın, hər biri 30 manat olan 2 ədəd prajektorun, 12 ədəd 12 manat dəyərində stəkanların, 12 ədəd 20 manat dəyərində nəlbəkilərin, 24 ədəd 40 manat dəyərində çəngəllərin, 12 ədəd 20 manat dəyərində bıçaqların, 5 ədəd 200 manat dəyərində dəst qazanların, 1 ədəd 70 manat dəyərində elektrik çaynikinin, 35 ədəd 40 manat dəyərində su sətkanlarının, hər birinin dəyəri 50 manat olan 2 ədəd tavaların, 12 ədəd 30 manat dəyərində boşqabların, 3 ədəd 25 manat dəyərində dəst podnislərin, hər birinin dəyəri 5 manat olan 4 ədəd qaz karnlarının və hasarın üzəri ilə çəkilmiş 65 metr uzunluğunda 195 manat dəyərində elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə ilə bağlı Xəzər RPİ-nin 1-ci PŞ-də izahat yazarkən oğurlanmış əşyaların qiymətlərini dəqiq bilmədiyi üçün 1000 manat göstərmişdir. Lakin sonradan ona ümumilikdə 1012 manat dəyərində maddi ziyan dəydiyini müəyyən etmişdir. Təqsirləndirilən şəxs Dəmirov Kənan İmamverdi oğluna qarşı şikayət və tələbinin olmadığını bildirdi, ona cəza təyin olunmasını xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə zərərçəkmiş şəxs Səməd-zadə Səməd Zaur oğlu ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində tikintisi başa çatmamış 768 saylı bağ evi vardır. Hər həftə evdə müəyyən təmir-tikinti işləri aparıb təkrar evə qayıdır. Sonuncu dəfə evdə 20 iyul 2021-ci il tarixdə olmuşdur. 22 iyul 2021-ci il tarixdə evə gələrkən evdən 1 ədəd 150 manat dəyərində «Brameks» markalı su matoru, 1 ədəd 40 manat dəyərində «Raid-Su» markalı hidrofor, 40 manat dəyərində su kranı, 12 ədəd hər birinin dəyəri 4 manat olan «Aulmo» markalı elektrik mənbəyi (rozetka), 12 ədəd hər birinin dəyəri 4 manat olan «Aulmo» markalı elektrik açarları (vıkulçatel), 2 ədəd hər birinin dəyəri 20 manat olan işıq projektorlar, 10 ədəd hər birinin dəyəri 10,7 manat olan avtomat elektrik açarları (rubilnik) və həyətin işıqlandırılması üçün hasarın dibi ilə torpağa bastırılımş 300 manat dəyərində 100 metr uzunluğunda elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 836 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs Dəmirov Kənan İmamverdi oğluna qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə zərərçəkmiş şəxs Muradov Zeynal Oktay oğlu ifadəsində göstərdi ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Şimal Dres massivində bağ evi vardır. 25 aprel 2021-ci il tarixdə, saat 09 radələrində bağ evinə gəldikdə evin dəmir barmaqlıqların sındırıldığını görüb evə daxil olarkən evdən hər hansı əşyanın oğurlanmadığını müəyyən etmişdir. Lakin evin zirzəmisindəki qaraja girib baxdıqda oradakı 1 ədəd 150 manat dəyərində su motorunun, hər birinin dəyəri 50 manat olan iki ədəd elektrik samovarının, 2 ədəd hər birinin dəyəri 40 manat olan elektrik tənzimləyici aparatların, 30 manat dəyərində təmir alətləri olan çantasının və 50 manat dəyərində olan gümüş qaşıq-çəngəl dəstinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 410 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs Dəmirov Kənan İmamverdi oğluna qarşı şikayətçi olduğunu və dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmədə ifadəsi elan olunmuş zərərçəkmiş şəxs Məmmədov Abil Rüstəm oğlu istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində tikintisi başa çatmamış bağ evi vardır. Sonuncu dəfə 10 iyul 2021-ci il tarixdə evdə olmuşdur. 13 iyul 2021-ci il tarixdə evə gəldikdə 350 manat dəyərində 2 top elektrik naqilləri, 26 ədəd 140 manat dəyərində «Siemens» markalı elektrik açarları və hər birinin dəyəri 45 manat olan 2 ədəd işıq projektorlarının oğurlandığını aşkar etmişdir. İlkin izahatında əşyaların qiymətlərini 1000 manat qeyd etsə də, sonradan ona cəmi 930 manat dəyərində maddi ziyan dəydiyini müəyyən etmişdir. 10 noyabr 2021-ci il tarixdə Məmmədov Abil Rüstəm oğlu ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs Dəmirov Kənan İmamverdi oğluna qarşı şikayət və tələbinin olmadığını, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini və səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmədə şahid Yusifov David Abil oğlu ifadəsində göstərdi ki, Məmmədov Abil Rüstəm oğlu onun doğma atasıdır və onun Bakı şəhəri, Şüvəlan qəsəbəsi bağlar massivində bağ evi vardır. Atası bağ evində oğurluq hadisəsini 13 iyul 2021-ci il tarixdə aşkar etdikdən sonra ərizə ilə Xəzər RPİ-nin 1-ci PŞ-nə müraciət etmişdir. Bağ evindən hər birinin dəyəri 350 manat olan 2 top elektrik naqilləri, 26 ədəd 140 manat dəyərində «Siemens» markalı elektrik açarları, hər birinin dəyəri 45 manat olan 2 ədəd işıq projektorları oğurlanmışdır. Bu hadisədən sonra qonşu bağ evlərindən də, oğurluq hadisələri olması barədə məlumatı olmuşdur. 21 iyul 2021-ci il tarixdə, saat 20:30 radələrində atası Şüvəlan qəsəbəsindəki bağ evinə baş çəkmək üçün gedərkən həmin bağlar massivində yaşayış olmayan torpaqlıq yerdən keçərkən bir nəfər şəxsin əlində elektrik naqilləri olmasını görmüş və havadan yanıq iyi gəldiyindən həmin şəxsdən şübhələnərək ona yaxınlaşıb özünü təqdim etmişdir. Həmin şəxs özünü Dəmirov Kənan İmamverdi oğlu kimi təqdim etmiş və Şüvəlan qəsəbəsindəki bağ evlərindən oğurluq etməsini etiraf etdiyindən onu Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirib raport yazaraq təhvil vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Dəmirov Kənan İmamverdi oğlu Şüvəlan qəsəbəsində müxtəlif vaxtlarda bağ evlərindən, həmçinin onun atası Abil Məmmədovun bağ evindən oğurluq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 9\5431 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda malların 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 171,00 (yüz yetmiş bir) manat müəyyən edilir. O cümlədən:
1. 1 ədəd göy rəngli, istifadə olmuş, normal vəziyyətdə “Brame” markalı, WKP70-1 model, 0,6 kw su mühərriki – 60,00 manat,
2. 1 ədəd istifadədə olmuş, normal vəziyyətdə “Raid-Su” markalı hidrafor – 15,00 manat,
3. 12 ədəd təzə vəziyyətdə “Aulmo” markalı elektrik mənbəyi (rozetka) – 48,00(12x4m) manat,
4. 12 ədəd təzə vəziyyətdə “Aulmo” markalı elektrik açarları (vklyuçatel) – 48,00 (12x4) manat
5. təxminən 20 sm uzunluğunda, üzərində markalanma göstəriciləri olmayan elektrik naqilinə məxsus ağ rəngli izolyasiya və izolyasiyadan ayrılmış və yanmış vəziyyətdə çoxmisli mis tərkibli məftil. İzolyasiya qatında markalanma göstəriciləri olmadığı və çox simli mis məftil izolyasiyadan ayrıldığı üçün elektrik naqilinin içərisindən keçən misin diametrini müəyyən etmək mümkün olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 oktyabr 2021-ci il tarixli, 9/6650 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 ədəd alt hissəində “ 3 l 1972 ” yazıları olan elektrik samovarlarının istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 80,00 (2x40) manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş 22 iyul 2021-ci il tarixli götürmə protokolundan görünür ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis mayoru Xəzər Yolçuyev tərəfindən Dəmirov Kənan İmamverdi oğlunun oğurladığı və Xəzər rayonu, Şüvəlan qəsəbəsində boş ərazidə gizlətdiyi su motoru, hər birində 6 ədəd olmaqla 4 ədəd qutuda elektrik açarları, elektrik naqilləri, 02 ədəd elektrik samovarı aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 02 avqust 2021-ci il tarixli tələbnaməsindən görünür ki, 29 oktyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuş Dəmirov Kənan İmamverdi oğlu - 1) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 saylı ƏFV sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. 2) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin 23 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Dəmirov Kənan İmamverdi oğlu cəzasının 4 ay 24 gün hissəsini çəkmiş, 1 il 7 ay 02 gün hissəsi çəkilməmiş qalmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)- 1601/2021 nömrəli, 30 dekabr 2021-ci il tarixli qərarından görünür ki, məhkum Dəmirov Kənan İmamverdi oğluna Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 7 ay 02 gün hissəsi «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən 1 (bir) il azaldılmışdır. Dəmirov Kənan İmamverdi oğlu əvvəllər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cinayət törətməyə görə məhkum olunmasına, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən cinayət törətməsinə baxmayaraq onun əməli cinayətin residivini yaratmır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Dəmirov Kənan İmamverdi oğlunun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Dəmirov Kənan İmamverdi oğlunun səmimi peşmançılığını, bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslər Sultanov Şamil Yusif oğlunun və Məmmədov Abil Rüstəm oğlunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Dəmirov Kənan İmamverdi oğlunun cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Dəmirov Kənan İmamverdi oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmasını, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmü ilə Dəmirov Kənan İmamverdi oğluna təyin olunmuş 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 7 ay 02 günü çəkilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmü ilə Dəmirov Kənan İmamverdi oğluna təyin olunmuş 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Dəmirov Kənan İmamverdi oğlu 22 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 iyul 2021ci il tarixli qərarından görünür ki, Dəmirov Kənan İmamverdi oğlunun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 22 iyul 2021-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Dəmirov Kənan İmamverdi oğlu Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 22 iyul 2021-ci il tarixdən hesab olunmalıdır. Dəmirov Kənan İmamverdi oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Musa Məmmədovun 09 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Dəmirov Kənan İmamverdi oğlundan götürülmüş 1 ədəd göy rəngli, istifadə olmuş, normal vəziyyətdə “Brame” markalı, WKP70-1 model, 0,6 kw su mühərriki, 1 ədəd istifadədə olmuş, normal vəziyyətdə “Raid-Su” markalı hidrafor, 12 ədəd təzə vəziyyətdə “Aulmo” markalı elektrik mənbəyi (rozetka), 12 ədəd təzə vəziyyətdə “Aulmo” markalı elektrik açarları (vklyuçatel), 20 sm uzunluğunda, üzərində markalanma göstəriciləri olmayan elektrik naqilləri və 2 ədəd elektrik samovarları maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər rayon Polis idarəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan 1 ədəd göy rəngli, istifadə olmuş, normal vəziyyətdə “Brame” markalı, WKP70-1 model, 0,6 kw su mühərriki, 1 ədəd istifadədə olmuş, normal vəziyyətdə “Raid-Su” markalı hidrafor, 12 ədəd təzə vəziyyətdə “Aulmo” markalı elektrik mənbəyi (rozetka), 12 ədəd təzə vəziyyətdə “Aulmo” markalı elektrik açarları (vklyuçatel) və 20 sm uzunluğunda, üzərində markalanma göstəriciləri olmayan elektrik naqilləri hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxs Səməd-zadə Səməd Zaur oğluna, 2 ədəd elektrik samovarı isə zərərçəkmiş şəxs Muradov Zeynal Oktay oğluna qaytarılmalıdır. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Dəmirov Kənan İmamverdi oğlundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxslər Səmədzadə Səməd Zaur oğlu və Muradov Zeynal Oktay oğlu yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışlar. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişlər. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Səməd-zadə Səməd Zaur oğlu və Muradov Zeynal Oktay oğlu dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Cəfərov Fərman Dəmir oğlu təqsirləndirilən şəxs Dəmirov Kənan İmamverdi oğluna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat olmaqla, ümumilikdə 55 (əlli beş) saat vaxt sərf etmişdir. Ona görə də, 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ödənilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ :
Dəmirov Kənan İmamverdi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Dəmirov Kənan İmamverdi oğluna Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 7 (yeddi) ay 2 (iki) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 3 (üç) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə o, qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 22 iyul 2021-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Dəmirov Kənan İmamverdi oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan 2 ədəd elektrik samovarı hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxs Muradov Zeynal Oktay oğluna qaytarılsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan 1 ədəd göy rəngli, istifadə olmuş, normal vəziyyətdə “Brame” markalı, WKP70-1 model, 0,6 kw su mühərriki, 1 ədəd istifadədə olmuş, normal vəziyyətdə “Raid-Su” markalı hidrafor, 12 ədəd təzə vəziyyətdə “Aulmo” markalı elektrik mənbəyi (rozetka), 12 ədəd təzə vəziyyətdə “Aulmo” markalı elektrik açarları (vklyuçatel) və 20 sm uzunluğunda, üzərində markalanma göstəriciləri olmayan elektrik naqilləri hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxs Səməd-zadə Səməd Zaur oğluna qaytarılsın. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Dəmirov Kənan İmamverdi oğlundan alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Cəfərov Fərman Dəmir oğlu təqsirləndirilən şəxs Dəmirov Kənan İmamverdi oğluna ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Cəfərov Fərman Dəmir oğluna ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Dəmirov Kənan İmamverdi oğluna isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Əkrəm Qəhrəmanov