Məhkəmə qərarları › İş №1(003)-26/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-26/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-26/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, 10 yanvar 1979-cu ildə Şəki şəhərində anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,295 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X16 Sahəsində üzərində saxlamaqla daşımış, 17 noyabr 2022-ci il tarixdə saat 21:10 dəqiqədə Xəzər rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X16 Sahəsində küçədə saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində üzərində video çəkiliş vasitəsilə şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə qeyd edilən çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, iş axtarmaq məqsədi ilə Atçılıqda kanalın yanılə hərəkətdə olan zaman PPX-nin maşını ona yaxınlaşmış, orada saxlanılmış, üstünə baxış keçirilmiş, lakin üstündən heçnə olmamışdır, daha sonra bölməyə aparılmışdır. O, narkotik maddə istifadə edir, lakin həmin vaxt üzərində heç bir qanunsuz maddə olmamışdır. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini nəzərə alınmasını bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda ona demişlər ki, “razı olmasan yarım kilonu boynuna qoyacağıq”, ona qarşı psixoloji təsir olmuşdur, həmin vaxt şokda olduğuna görə ona qarşı fiziki təsirin olduğunu xatırlamır, ona narkotik vasitəni vermişlər o da cibinə qoymuşdur, vəkil var idi, yaşlı kişi idi, o, qorxduğuna görə vəkilə heçnə deməmişdir. O, günorta saat birdə kanalın yanı ilə getmişdir. Həmin vaxt üstündə telefon olub, lakin nömrəni xatırlamır. Saxlanılan zaman onun üstünü PPX-nın əməkdaşları yoxlamışlar, vəkil axşam saatlarında təxminən saat altıda hava qaralan zaman gəlmiş, həmin vaxta kimi o, şöbədə olmuş, “Şamxal” adlı bölmə işçisi təklif etdi ki, “narkotiki qoy cibinə”. Şöbədə axtarış saat altı-yeddi radələrində vəkilin iştirakı ilə aparılmışdır. Şamxal ona demişdir ki, “denən Maştağada tutulmuşam”, bölmədə nə deyiblərsə onu demişdir. Binə atçılıqda iş axtarmaq üçün getmişdir, orada yagin ki, kamera var, PPX-nın əməkdaşları onu əməliyyatçıların otağına təhvil verib getmişlər, orada Şamxal olmuş digər əməkdaşın adını xatırlamır. Onunla pis davranmışlar. O, iki gün MSYdə qalmış, üzərində xəsarət olmamışdır, ona sillə vurmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xəzər RPİ-nin PPX-nın polis əməkdaşıdır. Təxminən keçən ilin noyabr ayının ortalarında Atçılıq qəsəbəsində (orada elə yerlər var ki, oğurluq çox olur) bu yoldaş onların qarşısına çıxmışdır, onları görən zaman özünü tədirgin aparmış, ona yaxınlaşaraq bir iki sorğu sual vermişlər ki, “harada qalırsan? Hardan gəlirsən?” O, cavab olaraq demişdir ki, ustadır. O, onlara düzgün ifadələr verməmişdir. Araşdırılması üçün 2-ci PB-nə aparmışlar. 2-ci PB-də özü etiraf etdi ki, üstündə narkotik vasitə var. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid2 göstərmişdir ki, onu Binə Atçılıq qəsəbəsində kanaldan biraz o tərəfdə saxlamışlar. Təxminən axşam saat on radələrində özünü şübhəli apardığına görə saxlamışlar, şikayət edən qadın olmamışdır. Ona qarşı təzyiq və ya təsir olmamışdır. Həmin vaxt iki nəfər olmuşlar, o və Ü.Qasımov olmuşdur. Şəxsi axtarışda orada olmuş, çəkilişdə iştirak etmişlər. Müdafiəçinin iştirakı təmin edilmişdir. Onlar 15 gün gecə, bir ay gündüz qrafikində işləyir, axşam səkkizdən səhər səkkizə qədər. Üzərində yoxlanış keçirtməyə onların ixtiyarı yoxdur. 2-ci şöbəyə aparmışlar və raportla növbətçi hissəyə təhvil vermişlər. Saxlanılan zaman o, danışıqları ilə onların fikrini yayındırmaq istəmişdir. Saxlanıln zaman yarım saat – qırx dəqiqəyə bölməyə aparmışlar. Onlar təhvil verdikdən sonra müdafiəçi yagin ki, yarım saat sonra gəlmişdir, dəqiq xatırlamır. Həmin vaxt üzərində olan mobil telefon nömrəni deməkdən imtina etmişdir. Həmin vaxt gecə növbəsində olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, Xəzər rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır.17 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X16 Sahəsində Xəzər rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis baş senantı Şahid2 ilə avtopatrulla xidmətdə olduğumuz zaman saat 21:10 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X16 sahəsində küçə ilə piyada hərəkətdə olan bir nəfər şəxsin özünü şübhəli aparmağı diqqətini cəlb elədi, o, Şahid2lə həmin şəxsə yaxınlaşaraq özünü təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduğunu bildirmiş və həmin şəxsdən özünü təqdim etməyi tələb etmişlər. Həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığına və özü barədə qeyri-dəqiq məlumatlar verdiyinə görə həmin şəxsin şəxsiyyətini müyyən etmək məqsədilə ərazi üzrə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirmişlər. Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsində həmin şəxsin xx.xx.1979-cu ildə Şəki şəhərində doğulan, ünvan 3 küçəsi, 4, İnzibati bina ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu məlum oldu. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu etiraf etdi. Bundan sonra Təqsirləndirilən şəxs araşdırma aparılması üçün Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Fariz Məmmədova təhvil verildi. Fariz Məmmədov Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etdi. Bundan sonra o, Şahid2 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlandı. Şəxsi axtarış aparılmadan öncə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağız bükümünü çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs bildirdi ki, bir ədəd gümüşü rəngli siqaret bükümündə olan kütlə narkotik vasitə heroindir, həmin narkotik vasitəni 17 noyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən çıxardaraq təqdim etdiyi bir ədəd gümüşü rəngli siqaret kağızı bükümü açıldıqda içərisində spesifik iyə malik, tünd qəhvəyi rəngli kütlə olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı, onun üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan kütlə içərisi boş olan zərfə qoyularaq qablaşdırıldı, istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanaraq möhürləndi. Bununla bağlı olaraq təhqiqatçı tərəfindən protokol tərtib olundu, protokolla tanış oldum, protokolun düzgün tərtib edildiyinə əmin olduqdan sonra protokola imza etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış şübhəli şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:10da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6616 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N-193” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,295 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı 1) daxildir. Təmiz çəkisi 0,295 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,245 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunaraq araşdırılmış təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunaraq araşdırılmış təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı XRP-nin MSYdən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7396 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolofi dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılsın, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,295 qram narkotik vasitə heroin maddi sübut kimi tanınması və tədqiqata sərf edildikdən sonra qalan 0,245 qram narkotik vasitə heroin ibtidai istintaq qurtardıqdan sonra saxlanılması üçün Xəzər rayon Polis İdarəsinin Saxlanc Yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi mənbənin müəyyən edilməsindən ötrü ********* nömrəli cinayət işindən material ayrılması və həmin material əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə göndərilməsi, iş üzrə alınmış ifadələr, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə olunmuş CD formatlı diskdə olan görüntülərə baxış aparılması haqqında protokol, məhkəmə fiziki-kimyəvi, məhkəmə-narkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunaraq araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunaraq araşdırılmış Xəzər RPİ-nin 2-ci PŞ-nin xx.xx.2024-cü il tarixli 3-13-45-2/2-3854 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xətai rayonu ərazisində tutularaq, Azərbaycan Respublikası ƏN PX 3 saylı İTna təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunaraq araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri alternativ olan “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs MSY gətirilən vaxt onun üstünə baxış keçirilmişdir. Bədənində xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunaraq araşdırılmış MSY-də saxlanılan şəxslərin uçot Kitabından surətdən müəyyən edilmişdir ki, xx.xx.2022ci il tarixdə saat 20:30-da Təqsirləndirilən şəxs artıq Xəzər RPİ-nin MSY-də olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azercell MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və CD şəklində disk məlumatlarından görünür ki, ********* saylı nömrə xx.xx.2018-ci tarixində Nömrə Daşınma xidməti vasitəsi ilə Bakcell operatoruna keçirilmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə “**********” nömrəli mobil telefonun geolokasiyası saat 20:29-dan 22:15-dək Qala qəsəbəsi ərazisini göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Bakcell MMC-dən daxil olmuş xx.xx.2024cü il tarixli məktubdan və CD şəklində disk məlumatlarından görünür ki, ********* saylı nömrə xx.xx.2018-ci tarixində (saat 10:26) Azercell şəbəkəsindən Bakcell şəbəkəsinə daşınmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə “507745061” nömrəli mobil telefonun geolokasiyası saat 21:00:21-dən 22:15:15-dək Bakı şəhəri Suraxanı rayonu ərazisini göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs barəsində düzgün hüquqi qiymət verilməmiş, onun barəsində qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İstintaq orqanı tərəfindən qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, müdafiə tərəfinin irəli sürdüyü, Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu şahid ifadələrinə əsaslandığından və şahid ifadələri digər mötəbər sübutlarla təkzib edildiyindən həmin ittiham əsaslı hesab edilə bilməz. İlk olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əməli etiraf etsə də, məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, o, günorta saat 13 radələrində Binə Atçılıqda PPX-nın əməkdaşları tərəfindən saxlanılmış, saxlanılan zaman üstünə baxış keçirilmiş, baxış zamanı üstündə narkotik maddə olmamışdır, bölmədə fiziki təzyiq və psixoloji təsir altında ittihamı etiraf etmişdir. Bölmədə üzərinə keçirilmiş baxış zamanı üzərindən heç bir qanunsuz maddə aşkar edilməmiş, narkotik maddəni psixoloji təsir altında “Şamxal” adlı polis nəfəri tərəfindən ona verilmişdir. Məhkəmədə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etsə də, habelə digər şahid X6 ibtidai istintaqda verdiyi ifadəsi nəzərə alınmaqla, Azercell MMC-dən çıxarılmış anten məlumatından görünür ki, Şahid2 istifadəsində olan “**********” nömrəli mobil telefonun geolokasiyası saat 20:29-dan 22:15-dək Qala qəsəbəsi ərazisini, Bakcell MMC-dən çıxarılmış anten məlumatından görünür ki, X6 istifadəsində olan “507745061” nömrəli mobil telefonun geolokasiyası saat 21:00:21-dən 22:15:15-dək Bakı şəhəri Suraxanı rayonu qəsəbəsi ərazisini göstərmişdir. Bununla da Şahid2 və X6 Təqsirləndirilən şəxs qarşı keçirilmiş əməliyyat tədbirində iştirakları öz təsdiqini tapmamışdır. Bundan başqa, cinayət işinin materiallarında (şübhəli şəxsin tutulması barədə protokol, qərar, raport və s.) Təqsirləndirilən şəxs faktiki məhdudlaşdırıldığı vaxt xx.xx.2022-ci il tarixdə saat 21:10 dəqiqədə tutulmuş hesab edilsə də, MSY-də saxlanılan şəxslərin uçot Kitabından surətdən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20:30-da Təqsirləndirilən şəxs artıq Xəzər RPİ-nin MSY-də olmuşdur. Bununla da müstəntiq bir sıra prosessual tələblərin pozulması hallarına yol vermiş, ibtidai istintaq düzgün aparılmamışdır. Yuxarıda sadalanan hallar nəzərə alınmaqla, habelə narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi sübut edilməməklə, buna görə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma ittihamı əsasız və qanunsuz olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasından da göründüyü kimi narkotik maddənin satış məqsədi olmadan yalnız qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli birbaşa qəsdlə törədilməlidir. Hazırki halda isə Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin əldə edilməsinə, saxlanılmasına və daşımasına dair hər hansı bir qəsdən söhbət gedə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.17-ci maddəsinə əsasən təqsirli olmadığını bildirmək təqsirləndirilən şəxsin hüququ kimi nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X3rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan-təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Eyni zamanda, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübutayetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Oxşar vəziyyətdə X8 Rusiya Federasiyasına qarşı verdiyi şikayət üzrə 15 dekabr 2005-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vanyanın təqsirli bilinməsi haqqında məhkəmə hökmünün əsasən polisin müdaxiləsi ilə yaradılmış sübutlar vasitəsi ilə əsaslandırılmasını, xüsusilə də məhkəmələrin, o cümlədən işə nəzarət qaydasında baxan Moskva Şəhər Məhkəməsinin Prezidiumunun işdə olan milis provakasiyası kimi məsələyə əhəmiyyət verməmələrini və bu provakasiyanın ədalətli məhkəmə araşdırmasına təsirini, həmin təsirin nə dərəcədə olmasını araşdırmamalarını Rusiya məhkəmələrinin yol verdikləri ciddi nöqsan kimi qeyd etmişdir (qərarın 40-cı bəndi). Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Q.A.Vanyanın işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Ümumiyyətlə, cinayət işinin materiallarında olan bütün şahidlərin ifadələrinin məzmunundan görünür ki, həmin ifadələrin hamısı polis əməliyyatında iştirak etmiş Təqsirləndirilən şəxs təhrikindən (polisin müdaxiləsindən) sonra Təqsirləndirilən şəxs törətdiyi hərəkətlərə aid olmaqla onun polis əməliyyatınadək törətmiş olduğu hər hansı kriminal hərəkəti barədə məlumat yükü daşımırlar, beləliklə də, həmin təhrikin nəticəsində əldə olunmuş sübutlar kimi çıxış edirlər. Ən əsası məhkəmə qeyd edir ki, ittihamın əsası olan baxış keçirilməsi, şəxsi axtarış və götürmə haqqında protokol cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiyindən və protokolda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiyindən, həmin protokol əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs istinad edilən ittiham üzrə bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən 0,245 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitə heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,245 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin araşdırma sona çatanadək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 55,00 (əlli beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilməlidir. Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X9 180 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 204 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən 0,245 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitə heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,245 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin araşdırma sona çatanadək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 55,00 (əlli beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X9 180 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 204 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar