Məhkəmə qərarları › İş №1(003)-260/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-260/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-260/2024 11.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Baksol y/m-də yerləşən nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs sürücü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 03:15 radələrində yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Faymonville” markalı **-ZH-*** qeydiyyat nömrəli yarımqoşqusu olan “MAN TGX-41. 540 yük” markalı, **-JD-*** qeydiyyat nömrəli yük avtomobili ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Qala-Türkan istiqamətində bir zolaqlı yolda saatda 50-60 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu, habelə həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə, yəni üfüqi nişanlanma xəttini (hərəkət istiqamətini ayıran ağ bütöv üfüqi nişanlanma xətti) kəsib keçmək qadağan olduğu halda həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu qaydalara əməl etməyib mövcud şəraitdə ehtiyatsızlıqdan əks zolaqda qarşıda hərəkətdə olan “Toyota Prius” markalı **-HF-*** qeydiyyat nömrəli minik avtomobili ona çatana yaxın sağa-sola manevr hərəkətini görüb idarə etdiyi avtomobilin sükanını anidən sağa çəkdiyindən avtomobilin qoşqu hissəsi əks zolağa çıxmış, nəticədə “Toyota Prius” markalı **-HF-*** qeydiyyat nömrəli minik avtomobili onun idarə etdiyi yük avtomobilinin sol orta hissəsindəki təkərinə çırpılaraq sürücü X2 budun aşağı üçdə birinin bayır səthinin əzilmiş yarası; sağ gözaltı nahiyyənin qançırı; döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birininin, sağ saidin orta ücdə birinin bayır səthinin, sağ kürək nahiyyəsinin, sağ və sol dizin ön səthinin sıyrıqları; ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ mil və dirsək sümüklərinin qapalı sınığı; sağ bud sümüyünün açıq, qəlpəli, yerdəyişən sınığı; kəskin daxili qanitirmə ilə nəticələnmiş qaraciyərin və dalağın cırılmaları ilə nəticələnən həyat üçün təhlükəli olan ümumilikdə sağlamlığa AĞİR dərəcəli zərər vuran bədən xəsarətləri aldığından hadisə yerində ölümünə, Zərərçəkmiş şəxs2 baş-beyin silkələnməsi halında olan qapalı kəllə beyin travması, sol təpə-gicgah nahiyyəsinin, sağ saidin, sağ baldırın əzilmiş yaraları, sağ körpücük və sağ dirsək çıxıntısının qapalı sınıqları, sağ V qabırğanın sınığı, sol bud sümüyünün qapalı, yerdəyişən sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə ümumilikdə sağlamlığa AZ AĞİR dərəcəli, Zərərçəkmiş şəxs3 üzün sıyrıqları, sağ bud sümüyünün qapalı, yerdəyişən sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə ümumilikdə sağlamlığa AZ AĞİR dərəcəli, Zərərçəkmiş şəxs4 burunun, sağ baldırın əzilmiş yaraları, burun sümüklərinin yerdəyişən sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə ümumilikdə sağlamlığa AZ AĞİR dərəcəli, Zərərçəkmiş şəxs5 İsgəndər oğluna daxili qanaxma, dalağın cırılması və xaric edilməsi (splenektomiya) və qaraciyərin zədələnməsi ilə müşayiət olunan qamın qapalı küt travması, sağ bud sümüyünün qapalı, yerdəyişən sınığı, üzün, hər iki yuxarı ətrafların sıyrıqları ilə nəticələnən həyat üçün təhlükəli olan ümumilikdə sağlamlığa AĞİR dərəcəli zərər vurulmasına səbəbli əlaqəli olan xəsarətlər yetirməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona ittiham edilən əməl üzrə özünü təqsirli bilərək göstərdi ki, hadisə baş verən vaxtı "xxxx" MMC şirkətində sürücü işləmişdir. xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Faymonville” markalı, **-ZH-*** qeyduiyyat nömrəli yarımqoşqusu olan “MAN TGX-41. 540 yük” markalı yük avtomobili ilə iş yoldaşı Hatəm adlı şəxslə birlikdə şirkətə aid ekskvatoru şirkətin qarajına aparmaq üçün Xırdalan şəhərindən Xəzər rayonu, Türkan qəsəbəsinə gəlmişdir. Orada iki ekskvator olmuşdur, onlardan birini qoşquya yükləyib aparmışır. İkinci ekskvatoru da aparmaq üçün saat 02:15 radələrində Xırdalan şəhərindən Türkan qəsəbəsinə gəlmiş və təxminən bir saatdan sonra Türkan qəsəbəsinə çatmışdır. Mən Türkan qəsəbəsində ekskvator olan yerə çatanda avtomobilin texniki cəhətdən ara yola daxil olmağa imkanı olmadığına görə məcbur olub qarşıda olan dairədən dönüb geriyə qayıtmalı olmuşdur. Ekskvator olan ara yola yaxın bir yerdə öz yolunda gedərkən görmüşdürki ki, təxminən 100-150 metr məsafədə qarşıdan bir minik avtomobili yüksək sürətlə sağ- sol hərəkəti ilə əks istiqamətdən gəlir. O, çatanda görmüşdür ki, üstünə gəlir, ona idarə etdiyi avtomobilin qabaq işıqları ilə işarə vermiş, lakin sürücü məhəl qoymamışdır, ani olaraq düşünmüşdür ki, sürücü ya yuxuludur, ya da sərxoşdur, məcbur olub idarə etdiyi avtomobilin sürətini azaltmış və sükanı sağa tərəf çəkmişdir ki, onunla üz-üzə toqquşmasın. İdarə etdiyi yük atomobili çox uzun olduğuna görə dönərkən arxa hissəsi əks tərəfə döndüyü üçün əks yola çıxmışdır, bu zaman həmin avtomobil qarşısından keçmiş, keçən kimi səs eşitmiş, güzgüdən görmüşdür ki, həmin avtomobil gəldiyi kimi də onun idarə etdiyi yük avtomobilin sol orta hissəsindəki təkərinə toqquşub. Dərhal toqquşmadan təxminən 15-20 metr sonra avtomobili saxlamış və yanında olan iş yoldaşı Hatəmlə yerə düşmüşdür. Yerə düşüb görmüşdür ki, həmin avtomobil “Toyota Prius” markalı, **-HF-*** qeydiyyat nömrəli avtomobildir və avtomobilin qabaq hissəsi tamamilə yararsız hala düşüb. Avtomobilin içərisində olan sürücü və sərnişinləri çıxarmağa başlamışlar. Bu zaman yoldan keçən avtomobillər də saxlamış və onlara köməklik etmişlər. Tez DİN-in 102 xidmətinə və TTYS-na zəng edib məlumat vermişdir. Bundan sonra görmüşdür ki, sürücünün vəziyyəti çox ağırdır. Qalan dörd nəfər sərnişin isə yaralı olsalar da nisbətən yaxşı olmuşlar. Bir neçə dəqiqə sonra TTYS-nın həkim briqadası və polis əməkdaşları gəlmiş və onlar gəldikdən bir neçə dəqiqə sonra həkimlər bildirmişlər ki, sürücü artıq vəfat etmişdir. Qalan yaralılara isə yerində ilkin tibbi yardım göstərilmiş, sonra həkimlər onları TTYS-nın avtomobili ilə Sabunçu xəstəxanasına aparmışlar. Həmin yol bir zolaqlıdır və yolun ortasında düz xətt var, özü Türkan qəsəbəsi istiqamətində öz zolağında 50- 60 km/saat sürətlə hərəkətdə olmuşdur. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, əməlini səmimi olaraq etiraf etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslər ilə barışdığını, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin şikayəti və tələbinin olmadığını, həmçinin himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X9 bildirdi ki, X10 onun oğlu olmuş, Musa subay subay olmuş və taksi fəaliyyəti ilə məşğul olmuşdur. Əsasən axşam vaxtlarında işləmişdir, gündüz vaxtları isə evdə yatıb dincəlmişdir. xx.xx.2023-cü il tarixdə, saat 19:15 radələrində həmişəki kimi evdən çıxıb taksi fəaliyyəti ilə məşğul olmağa getmişdir. Həmişə gecə, saat 03 radələrinə kimi evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə isə evə gec gəlmişdir, mobil telefonu xarab olduğuna və həyat yoldaşının telefonunda isə danışıq balansı olmadığına görə oğlu Musa ilə əlaqə saxlaya bilməmişdir. Səhərə yaxın, saat təxminən 05 radələrində qapı döyülmüş, oğlu gəldiyini fikirləşmiş, qapıya çıxıb görmüşdür ki, Musa deyil, Musanın sinif yoldaşıdır. Onu görəndə həyəcanlanmış və qorxmuşdur. Ondan “xeyir ola” gəldiyini soruşanda o, bildirmişdir ki, Musa avtomobil qəzası keçirmiş, hazırda isə Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Xəstəxanadadır. Sonra onu tez öz avtomobilinə mindirib həmin xəstəxanaya getmişdir. Xəstəxananın həyətinə daxil olanda artıq hiss etmişdir ki, ona yalan deyirlər, oğluna nəsə olub. Xəstəxananın həyətindəki morqa tərəf yaxınlaşanda tam əmin olmuşdur ki, oğlu ölüb. Morqa çatdıqdan sonra ona dəqiq məlum olmuşdur ki, həqiqətən də oğlu qəza keçirmiş və hadisə nəticəsində ölmüşdür. Təvəkül Balayev həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, onunla barışıq əldə etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 00:30 radələrində yaşadığı Xəzər rayonu, Şüvəlan qəsəbəsində məhəllələrində dostları Musa, Orxan, Elmir Elşad ilə birlikdə görüşüb Türkan qəsəbəsində yerləşən “Santafe” adlandırılan kafeyə getmək qərarına gəlmişlər və Musanın taksi kimi idarə etdiyi ‘Toyota Prius” markalı, **-HF-*** qeydiyyat nömrəli avtomobili ilə ora getmişlər. Ora çatdıqdan sonra bir stolda oturub çay, bizon (enerji içkisi) içib musiqilərə qulaq asmışlar. Saat 03 radələrində kafedən çıxıb evə gəlmək üçün yenə də Musanın avtomobili ilə Şüvəlan qəsəbəsi istiqamətinə yola düşmüşlər. Gələndə yol boş olduğuna görə Musa da avtomobili təxminən 90-100 km/saat sürətlə idarə etmişdir. Özü sağ tərəfdə arxadakı oturacaqda oturmuşdur. Avtomobildə dostlərı deyib-gülmüşlər, o, isə yorğun olduğuna görə yuxulamışdır. Anidən Musanın idarə etdiyi avtomobil yolda nəyəsə dəydiyini hiss etmiş və ondan sonra heç nəyi xatırlamamışdır. Ayılanda artıq ona X3 bildirmişlər. Hadisə zamanı bədəninin müxtəlif nahiyələrindən, əsasən baş, sağ qol, sağ çiyin, sağ qabırğa və sol bud nahiyələrindən xəsarətlər almışdır. Zərərçəkmiş şəxs2 həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, onunla barışıq əldə etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində yaşadığı Xəzər rayonu, Şüvəlan qəsəbəsində məhəllələrində dostları Musa, Orxan, Səyasət, Elşad ilə birlikdə görüşüb Türkan qəsəbəsində yerləşn “Santafe” adlandırılan kafeyə getmək qərarına gəlmişlər və Musanın taksi kimi idarə etdiyi “Toyota Prius” markalı **-HF-*** qeydiyyat nömrəli avtomobili ilə ora getmişlər. Ora çatdıqdan sonra bir stolda oturub çay, bizon (enerji içkisi) içib musiqilərə qulaq asmışlar. Saat 03 radələrində kafedən çıxıb evə gəlmək üçün yenə də Musanın avtomobili ilə Şüvəlan qəsəbəsi istiqamətinə yola düşmüşlər. O, Musanın arxasındakı oturacaqda oturmuşdur. Gələndə yol boş olduğuna görə Musa avtomobili təxminən 90-100 km/saat sürətlə idarə etmişdir. Avtomobildə olan dostları ilə deyib gülmüşlər, Səyasət yorğun olduğuna görə yuxulu olmuşdur, bu zaman bir də görmüşdür ki, Musanın idarə etdiyi avtomobil yolda qarşıdan gələn avtomobilə dəymiş və ondan sonra heç nəyi xatırlamadığını bildirmişdir. Ayılanda artıq X3 bilmişdir. Zərərçəkmiş şəxs3 həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, onunla barışıq əldə etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 analoji məzmunda ifadələr vermiş, həmçinin bildirmişlər ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbləri yoxdur, onunla barışıq əldə etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, hadisə baş verən vaxt "xxxx" MMC-də ekskvator sürücüsü kimi işləmişdir. xx.xx.2023-cü il tarixdə, gündüz saatlarında Türkan qəsəbəsində MMC-ə məxsus ekskvatorla iş görmüşdür, onunla bərabər digər iş yoldaşı da başqa bir ekskvatorla işləmişdir. İş bitdikdən sonra həmin MMC-nin İlqar adlı sürücüsü idarə etdiyi “Dayman” markalı yarımqoşqulu yük avtomobili ilə gəlib ekskvatorlardan birini Xırdalan şəhərində yerləşən MMC-nin qarajına aparmış, özü də onunla getmişdir, ikinci ekskvatoru aparmaq üçün o, yenə də İlqarla birlikdə Türkan qəsəbəsinə qayıtmalı olmuşdur. 25 sentyabr 2023-cü il saat 03 radələrində Türkan qəsəbəsinə çatmışlar, ekskvator əsas yoldan təxminən 300-400 metr içəridə olmuşdur, İlqar idarə etdiyi yük avtomobili ilə ora daxil ola bilmədiyi üçün gedib qarşıdakı dairədən dönüb geri qayıtmalı olmuşdur. Çünki avtomobil çox uzun olmuş, əvvəlki ekskvatoru aparanda da həmin qaydada gəlmişdir. Beləliklə İlqar geri qayıdacaq dairə istiqamətində hərəkətdə olduğu zaman, qaşıdan bir minik avtomobilinin yüksək sürətlə gəldiyini, onlara çatana yaxın avtomobilin sürücüsü sağ-sol hərəkəti etdiyini görmüşdür. İlqar da qorxmuş, elə bilmişdir ki, onunla qarşı-qarşıya toqquşacaq, ona görə anidən sükanı sağa çəkmiş və qarşıdan gələn avtomobil necə olmuşdursa İlqarın idarə etdiyi “Dayman” markalı yarımqoşqulu yük avtomobilinin sol yan tərəfinə dəymişdir. İlqar avtomobili saxlamış və tez avtomobildən yerə düşmüşlər, yerdə görmüşlər ki, həmin avtomobil İlqarın idarə etdiyi avtomobilin sol orta təkərinə zərbə ilə dəymiş və zərbənin təsirindən yolun kənarına səkiyə düşmüşdür. Bundan sonra yoldan keçən avtomobillər saxlayaraq onlara köməklik etməyə başlamışlar, İlqar tez təcili tibbi yardıma və polisə hadisə barədə məlumat vermişdir. Həmin avtomobildə olan yaralıları avtomobildən çıxarmağa köməklik etmişlər. Sonra TTYS-nin həkimləri gəlib yaralıları xəstəxanaya aparmışlar, bir nəfər sürücü isə hadisə yerində ölmüşdür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 28 saylı ekspert rəyindən görünür ki, mərhum M.Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş xəsarətlər - Sağ budun aşağı üçdə birinin bayır səthinin əzilmiş yarası; sağ gözaltı nahiyyənin qançırı; döş qəfəsinin ön səthinin sol yarısının vuxarı üçdə birininin, sağ saidin orta ücdə birinin bayır səthinin, sağ kürək nahiyyəsinin, sağ və sol dizin ön səthinin sıyrıqları; ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ mil və dirsək sümüklərinin qapalı sınığı; sağ bud sümüyünün açıq, qəlpəli, yerdəyişən sınığı; kəskin daxili qanitirmə ilə nəticələnmiş qaraciyərin və dalağın cırılmaları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2023-cii il tarixdə hərəkətdə olan avtomaşının salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığı AGİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum M.Zərərçəkmiş şəxs1 ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu, yuxarıda göstərilən travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki. ölüm mərhum M.Zərərçəkmiş şəxs1 meyitinin meyitxanada müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. Mərhum M.Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir (məhkəməkimyəvi müayinə aktı № 3516/K, 3516). İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1460 saylı rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - baş-beyin silkələnməsi halında olan qapalı kəllə beyin travması, sol təpə-gicgah nahiyyəsinin, sağ saidin, sağ baldırın əzilmiş yaraları, sağ körpücük və sağ dirsək çıxıntısının qapalı sınıqları, sağ V qabırğanın sınığı, sol bud sümüyünün qapalı, yerdəyişən sınıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun "X21" X22 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1467 saylı rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarətlər - üzün sıyrıqları, sağ bud sümüyünün qapalı, yerdəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun "X21" X22 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1468 saylı rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs4 bədənində aşkar edilmiş xəsarətlər - burunun, sağ baldırın əzilmiş yaraları, burun sümüklərinin yerdəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun "X21" X22 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1472 saylı rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 İsgəndər oğlunun bədənində aşkar edilmiş xəsarətlər - daxili qanaxma, dalağın cırılması və xaric edilməsi (splenektomiya) və qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarnın qapalı küt travması, sağ bud sümüyünün qapalı, yerdəyişən sınığı, üzün, hər iki yuxarı ətrafların sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun "X21" X22 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/3133 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, MAN TGX 41.540 markalı **-JD- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Toyota Prius markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini əlavə hesabat aparmaqla texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü M.Zərərçəkmiş şəxs1 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 25 sentyabr 2023-cü il tarixli, 1/4647 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbul edilməsi halı aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-in xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X6 xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyatimtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək etibarlı olan) AC 234242 nömrəli “BE CE” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Elvn Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Elektron məhkəmə informasya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2009-cü il təvəllüdlü X8 adlı iki yetkinlik yaşına çatmayan uşağ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşmançılığını, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslər ilə barışmasını, onlara dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşaq olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “Zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən “Cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 72 manat, cəmi 162 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar