Məhkəmə qərarları › İş №1(003)-263/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-263/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-263/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi Bağlar massivi ərazisində yerləşən evə qanunsuz daxil olaraq mətbəxdə olan, dəyəri 400 manat olan samovarı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 sentyabr 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixə qədər olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi Bağlar massivi ərazisində yerləşən istixanaya qanunsuz daxil olaraq istixananın metal konstruksiyasının tavanından 5x10mm ölçüsü olan bir metrinin dəyəri 9 manat, ümumi dəyəri 540 manat olan 60 metr mis naqil, 3x4mm ölçüsü olan bir metrinin dəyəri 3 manat, ümumi dəyəri 570 manat olan 190 metr mis naqil, 3x2,5mm ölçüsü olan bir metrinin dəyəri 2 manat, ümumi dəyəri 280 manat olan 140 metr mis naqil, 4x4mm ölçüsü olan bir metrinin dəyəri 3,60 manat, ümumi dəyəri 400 manat olan 110 metr mis naqil, bir metrinin dəyəri 2 manat, ümumi dəyəri 120 manat olan 60 metr mis naqili gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 1910 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, uzun müddət cəzaçəkmə müəssisəsində çəza çəkmişdir. Həbsxanadan çıxdıqdan sonra iş yeri və pulu olmadığından məcburiyyətdən oğurluq etməli olmuşdur. xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zirə bağlar massivi ərazisində bir evə daxil olaraq evin mətbəxində olan 01 ədəd samovarı oğurlamışdır. Həmin samovarı oğurladıqdan sonra Zirə Türkan yolunun kənarında yerləşən metal qəbulu məntəqəsinə satmışdır. Sonra xx.xx.2023-cü il tarixdə Zirə qəsəbəsində yerləşən istixanaya hasardan aşmaqla daxil olmuşdur. Orada istixananın tavanı ilə keçirilmiş elektrik naqillərini qırıb soyaraq bir hissəsini aparmışdır. Qalanı isə orada qalmış və düşünmüşdür ki, sonra aparar. Sonrdan qalanını da eyni yolla daxil olaraq bir neçə dəfə ərzində aparmışdır. Lakin həmin günü Zirə qəsəbəsində onu polis əməkdaşları saxlamışlar. Götürdüyü naqilləri Zirə Türkan yolunun kənarında yerləşən metal qəbulu məntəqəsinə, yəni eyni məntəqəyə satmışdır. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd etmişdir ki, ona məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən fərdi nömrəsiz bağ evi vardır. xx.xx.2023-cü il tarixdə bağ evində olmuş və həmin vaxt orada heç bir oğurluq olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində həmin bağ sahəsinə gedən zaman aşkar etmişdir ki, həyət qapısı içəridən açılmışdır. Evin plastik qapısı naməlum şəxs tərəfindən sıxılaraq açılıb evin mətbəxində olan bir ədəd 400 manat dəyərində odun samovarı oğurlanmışdır. Dərhal bu barədə Xəzər RPİ-nin 1-ci PS- nə ərizə ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, həmin oğurluq əməlini Təqsirləndirilən şəxs törətmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, onun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən istixana kompleksi vardır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə olan müddət ərzində naməlum şəxs bir neçə dəfəyə hasardan aşaraq istixanaya daxil olub naqilləri oğurlamışdır. Sonradan aşkar etmişlər ki, istixananın metal konstruksiyasının tavanından 5x10mm ölçüsü olan bir metrinin dəyəri 9 manat, ümumi dəyəri 540 manat olan 60 metr mis naqil, 3x4mm ölçüsü olan bir metrinin dəyəri 3 manat, ümumi dəyəri 570 manat olan 190 metr mis naqil, 3x2,5mm ölçüsü olan bir metrinin dəyəri 2 manat, ümumi dəyəri 280 manat olan 140 metr mis naqil, 4x4mm ölçüsü olan bir metrinin dəyəri 3,60 manat, ümumi dəyəri 400 manat olan 110 metr mis naqil, bir metrinin dəyəri 2 manat, ümumi dəyəri 120 manat olan 60 metr mis naqil oğurlanmışdır. Sonradan məlum olmuşdur ki, oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. O, bir neçə dəfə zibillikdən dəmir yığıb onun işlədiyi, Zirə qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə təhvil vermişdir. xx.xx.2023cü il tarixdə saat təxminən 15 radələrində İlham yenidən məntəqəyə gəlib 1 ədəd samovar və 01 torba 13 kq yanmış mis naqil vermişdir. Samovarın oğurluq olub olmamasını soruşduqda İlham bildirmşdir ki, samovar öz həyətindəndir və oğurluq deyil. Misi də zibillikdən tapmışdır. O, razılaşaraq ümumilikdə 154 manat pul verərək təhvil almışdır. Sonra polis əməkdaşları zəng vuraraq həmin naqili kimdən aldığını soruşanda İlhamın adını demiş və polislər oğurluq olduğunu bildirib gəlib ondan götürmüşlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır ; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, X3 ərazisində yerləşən istixanada baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Maddi sübutların götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd samovar və mis metal istintaq orqanı tərəfindən metal qəbulu məntəqəsində işləyən Şahid götürülmüşdür; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır - Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış qəbzdən məlum olur ki, o, ona məxsus oğurlanmış samovarı təhvil almışdır; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-466/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən CM-nin 93-3M 3 hissəsi ilə (köhnə redaksiyada) 03 il şərti cəzaya məhkum edilmiş, Ağdam Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə CM-nin 241-ci maddəsinin “V” bəndi (köhnə redaksiyada) ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin xx.xx.2003cü il tarixli hökmünə əsasaən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsili bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq olunmaqla 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixində cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 05 ay 05 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixində cəzasının sonu ilə azad olunmuşdur; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və ona 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 67.1-ci maddəsinə əsasən Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 05 ay 05 gün hissəsi qeyd edilən hökmlə təyin olunmuş 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – təkrarən; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlkəli sayılır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında təqsirini etiraf etməsini, oğurlanmış əşyaların qaytarılmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və CMnin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 02 il müddətinə, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə isə CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi (xx.xx.2023-cü il tarixində cəzasının sonu ilə cəzadan azad edilib) və hər iki hökm üzrə məhkumluqlarının ödənilməməsi cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd samovarın və yanmış mis naqil qalıqlarının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut olan 01 (bir) ədəd samovarın və yanmış mis naqil qalıqlarının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Mustafayev Mamiq Cuma oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar