Məhkəmə qərarları › İş №1(003)-265/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-265/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-265/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1980-ci il tarixdə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs sənədləri qaydasında olmadığından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunla müəyyən edilmiş qaydada keçə bilməməsi səbəbindən Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmək məqsədi ilə qardaşı X5 adına saxta Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi əldə edib həmin sənədlə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçmək qərarına gəlmiş, bu məqsədlə 20 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə müraciət edərək özünü X3 təqdim edib sonuncunun adına Səfirliyin cinayətdən xəbərsiz olan əməkdaşı tərəfindən məzmununa bilə-bilə yalan məlumatlar daxil edilməklə özgəsinə, yəni özünün fotoşəkli yapışdırılmış, lakin 8 fevral 1982-ci il təvəllüdlü X5 anket məlumatları daxil edilməklə saxtalaşdırılmasına nail olduğu rəsmi sənəd hesab olunan eyni tarixli, AA0233109 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini əldə edib, 10 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri Xəzər rayonunda yerləşən “X8 Aeroportu” sərhəd nəzarəti məntəqəsinə gələrək qeyd olunan Şəhadətnamədən bilə-bilə istifadə edib, həmin gün, saat 17:05-də sərhəd nəzarətinə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, təxminən 2000-ci ildən etibarən işləmək məqsədi ilə Rusiya Federasiyasına gedibgəlmiş, sonuncu dəfə xx.xx.2010-cu il tarixdə Bakı Dəniz Limanından keçməklə rəsmi qaydada ölkə ərazisini tərk edərək əvvəlcə Qazaxıstan Respublikasının Aktau şəhərinə, oradan isə Astarxan şəhərinə, daha sonra Rusiya Federasiyasının Moskva şəhərinə və nəhayət Sankt-Peterburq şəhərinə getmişdir. Təxminən 2004-cü ildə Moskva şəhərində olduğu zaman pasportunu itirdiyindən polislər tərəfindən saxlanılmış və kimliyi soruşulanda özünün oturum üçün icazə sənədləri olmadığından məsuliyyətdən yaxa qurtarmaq məqsədilə qəsdən qardaşının anket məlumatları ilə özünü təqdim edərək polislərə xx.xx.1982-ci il təvəllüdlü X9 olduğunu bildirmişdir. Həmin vaxt əl-barmaq izləri polis əməkdaşları tərəfindən götürülmüş, özünü hüquq-mühafizə orqanlarına qardaşının anket məlumatları ilə təqdim etdiyindən və qardaşının da adına oturumla bağlı icazə olduğundan saxlanıldığı yerdən buraxılmışdır. Təxminən 2020-ci ilin yay fəslinin sonlarından etibarən Saratov şəhərində yaşayaraq orada meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə Saratov şəhərində sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə saxlanılmış və törətdiyi inzibati məsuliyyətə görə 10 gün müddətində cəzaçəkmə müəssisəsində saxlanılmışdır. Həmin 10 günlük cəzasını çəkdikdən sonra onu ölkə ərazində yaşama qaydalarını pozduğuna görə Rusiya Federasiyasının Miqrasiya Xidmətinə təhvil vermişlər. Miqrasiya Xidmətində ondan sənədləri istənildiyində, sənədlərinin olmadığını bildirmişdir. Həmin vaxt anket məlumatları soruşulduqda isə özünün xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Rusiya Federasiyası Miqrasiya Xidmətinin işçiləri tərəfindən ondan əl-barmaq izləri götürüldüyü zaman məlum olmuşdur ki, onun əl-barmaq izləri sistemdə xx.xx.1982-ci il təvəllüdlü X5 adına rəsmiləşdirilib. Rusiya Federasiyası Miqrasiya Xidmətinin işçiləri onun X9 olduğunu dediklərində, o, həmin şəxslərə özünün xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra ölkə hüdudlarından çıxarılması üçün vətənə qayıdış şəhadətnaməsi alınması məqsədilə aidiyyəti üzrə müraciət edilmiş, buna görə fotoşəkli çəkilmişdir. xx.xx.2022-ci il tarixdə ona “Vunukov” hava limanında olduğu zaman üzərində özünün fotoşəkli olan, lakin anket məlumatları qardaşı, xx.xx.1982-ci il təvəllüdlü X6 məxsus olan qayıdış şəhadətnaməsi vermişlər ki, onu Rusiya Federasiyası ərazisindən çıxarsınlar. Həmin vaxt Qayıdış şəhadətnaməsinin üzərində olan fotoşəklin ona məxsus olmasını, anket məlumatlarının isə qardaşına məxsus olduğunu görüb buna etirazını bildirsə də, Rusiya Federasiyasının Miqrasiya Xidmətinin işçiləri onu təyyarəyə əyləşdirmişlər. Beləliklə də o, xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində “Moskva-Bakı” aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına yola salınmışdır. Həmin gün, saat 17 radələrində Azərbaycan Respublikasına gələrək “X8 Aeroportu” sərhəd nəzarəti şöbəsində sərhədçiyə yaxınlaşmış və üzərində özünün fotoşəkli yapışdırılmış, lakin anket məlumatları qardaşına məxsus olan AA0233109 nömrəli qayıdış şəhadətnaməsini verərək həmin sənədin özünə məxsus olmadığını bildirərək əlavə etmişdir ki, həmin sənəddə olan şəkil ona məxsus olsa da, anket məlumatları qardaşına məxsusdur. Bundan sonra o saxlanılmışdır. xx.xx.1982ci il təvəllüdlü X9 onun doğma qardaşıdır. Bədirin bu hadisədən ümumiyyətlə məlumatı olmamışdır. Qeyd olunan əməli törətmək niyyətində olduğunu hər hansı şəxs bilməmiş, ümumiyyətlə o, qeyd olunan cinayəti törətmək istəməmişdir. Özünün adına ümumvətəndaşlıq pasportu olsa da, həmin pasportun istifadə müddəti bitmiş, həmin pasportun müddəti bitdikdən sonra adına yeni pasport almamışdır. Təqsirləndirilən şəxs son sözündə cinayət əməli törətmədiyini bu səbəbdən də barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, 10 noyabr 2022-ci il tarixdə, saat 09:00-dan saat 20:00-dək “X8 Aeroportu” X7 Terminal-1 gəlmə xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin edilmişdir. Xidmətdə olduğu zaman 10 noyabr 2020-ci il tarixdə, saat 17:05-də Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı X9 AA0233109 nömrəli Qayıdış Şəhadətnaməsini dövlət sərhədindən buraxılması üçün rəsmiləşdirmə aparılması məqsədi ilə təqdim etdiyində sənədi təqdim edən şəxslə sənədin üzərində olan fotoşəkli eyniləşdirərək həmin şəxsin anket məlumatlarını soruşmuşdur. Bu vaxt Qayıdış Şəhadətnaməsini təqdim edən şəxs özünü sənədin üzərində qeyd olunan anket məlumatlarındakı kimi təqdim etmiş, AA0233109 nömrəli Qayıdış Şəhadətnaməsi ilə müvafiq rəsmiləşdirmə işləri aparan zaman İAMAS-da sərhədkeçmə əlaqələrinin pozuntusunu aşkar edərək bu barədə dərhal “növbə rəisi” xidmətində olan kapitan Şahid2 məruzə etmişdir. Bundan sonra kapitan Şahid2 onların yanına gələrək X5 təqdim etdiyi AA0233109 nömrəli Qayıdış Şəhadətnaməsini sistemdə yenidən yoxlayan zaman həmin sənədin İAMAS-da sərhədkeçmə əlaqələrinin pozuntusu verdiyini aşkar etmişdir. Bundan sonra həmin şəxslə sorğu-sual aparılan zaman onun əslində AA0233109 nömrəli Qayıdış Şəhadətnaməsində anket məlumatları qeyd olunmuş xx.xx.1982-ci il təvəllüdlü X9 deyil, xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs dövlət sərhədindən keçməsi üçün təqdim etdiyi AA0233109 nömrəli Qayıdış şəhadətnaməsində qeyd olunmuş anket məlumatlarının doğma qardaşı X6 məxsus olduğunu, həmin sənədin üzərində olan fotoşəklin isə özünə məxsus olduğunu demiş, bundan sonra kapitan Şahid2 bu baş vermiş hadisə barədə aidiyyəti üzrə məruzə edərək dövlət sərhədini qismən saxtalaşdırılmış, yəni üzərində olan fotoşəkil özünə, lakin anket məlumatları başqasına məxsus olan sənəd təqdim etməklə qanunsuz yolla keçməyə cəhd edən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə portret ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/1641 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X5 adına verilmiş AA0233109 nömrəli Qayışdış Şəhadətnamsindəki fotoşəkildə, sərhədkeçmə hesabatından çıxarışda qarşısında “xx.xx.2022 18:45” yazıları olan fotoşəkildə və Təqsirləndirilən şəxs eksperimental fotoşəklində eyni şəxs əks olunmuşdur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 5/1462 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X5 adına olan AA0233109 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin blankı ofset çap üsulu ilə hazırlanmış və AA0000000 nömrəli Azərbaycan Respblikasına Qayıdış Şəhadətnaməsinin nümunəsi ilə eynilik təşkil edir, Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin üzərindəki möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur və həmin Qayıdış Şəhadətnaməsinin blankında hər hansı bir düzəliş edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarət bölməsinin tərtib etdiyi «inzibati qaydada tutma haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədini özgəsinə məxsus AZE seriyalı, AA0233109 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi ilə keçməyə cəhd etdiyi üçün həmin tarixdə saxlanılmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1980-ci ildə Gədəbəy rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 11 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, AR DSX-nin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, ədliyyə-kapitanı Rövşən Bayramov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR DSX-nin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, ədliyyə-kapitanı Rövşən Bayramov tərəfindən Azərbaycan Respublikasının CM-nin 29,318.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə metronun “Sahil” stansiyasında saxlanılaraq DSX-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 29,318.1-ci maddəsindən həmin Məcəllənin 29,318.1 və 320.2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR DSX-nin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, ədliyyə-kapitanı Rövşən Bayramov tərəfindən Azərbaycan Respublikasının CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu madəsinə əsasən “Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəza növü kimi cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş materiallarında maddi sübut olan bir nüsxədə, möhürlənmiş zərfdə olan AA0233109 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi və 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 199,65 (bir yüz doxsan doqquz manat altmış beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxsdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsin və CM-nin 29,318.1-ci maddəsi ilə 2000 (iki min) manat miqdarında cərimə cəzasına, CM-nin 320.2-ci maddəsi ilə 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldığı ümumilikdə 03 (üç) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir nüsxədə, möhürlənmiş zərfdə olan AA0233109 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 199,65 (bir yüz doxsan doqquz manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar