Məhkəmə qərarları › İş №1(003)-267/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-267/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-267/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, 26 may 2022-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1979-cu ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Astara rayonu, Artupa kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağ massivində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs 26.01.2022-ci il tarixdə təxminən saat 15:50 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Qızılqum bağ massivi, nömrəsiz bağ evinə gələrək qeyri-rəsmi ər-arvad münasibətlərində əvvəllər yaşadığı Zərərçəkmiş şəxs İlə aralarında qısqanclıq zəminində yaranmış münaqişə zamanı ona sol dirsəyin, sol saidin, sol budun qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsəyin yumşaq toxumasının əzilməsi, sol əlin İV barmağının kəsilmiş yarası İlə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid edilən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağ massivi, nömrəsiz evdə tək yaşayır. 20 ilə yaxındır ki, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq ailə qurmuşdur. Üç övladları var. Təxminən 8 aydır ki, həyat yoldaşı Zərnurə yaşadığı evə buraxmır. Belə ki, bir neçə dəfə aralarında münaqişələr olmuş, lakin bu barədə yoldaşı polisə müraciət etməmişdir. Zərərçəkmiş şəxs əvvəllər kiminləsə münasibəti olmasından şübhələnmiş, ona görə də aralarında münaqişələr baş vermişdir. Bu səbəbdən evdən çıxıb başqa bir yerdə tək yaşayır. Sonradan həmin məsələyə aydınlıq gətirmiş və hal-hazırda onun haqqında şübhəsi olmadığını bildirmişdir. Sonuncu dəfə 26.01.2022-ci il tarixdə təxminən saat 15:50 radələrində uşaqlarını görmək üçün onların yaşadığı evə getmiş, qapıdan həyətə daxil olmuş və uşaqlarının hal-əhvalı ilə maraqlanmışdır. Uşaqlarından analarını soruşmuş, bu zaman Zərnurə evdən çıxan kimi onu nalayiq ifadələrlə təhqir etmiş və onunla mübahisə etməyə başlamışdır. Mətbəxdən baltanın taxta materialdan olan sapını götürərək üstünə hücum etmişdir. O, balta sapını zorla yoldaşından almaq istəyərkən həmin balta sapı onun sol qoluna və sol ayağna dəyərək xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs əsəbləşərək onun üstünə gəlmiş və Təqsirləndirilən şəxs qapını örtmək istəmişdir ki, ona yaxınlaşmasın, bu zaman onun sol qolu qapının arasında qalaraq xəsarət almışdır. O, balta sapını onun əlindən almağa nail olmuş və həmin balta sapını onun əlindən alarkən balta sapı pəncərənin şüşəsinə dəymiş və şüşə sınmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs sağ əlinin İV barmağı kəsilmiş və qan axmağa başlamışdır. Bunu belə görüb həyətdən çıxıb uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Mədəkan qəsəbəsi, Qızılqum yeni yaşayış massivində fərdi evdə ailəsi ilə birlikdə yaşayır. 20 il bundan əvvəl Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ailə qurmuşdur. Üç övladları var, son yeddi aydır ki, Təqsirləndirilən şəxs ayrılmış və onunla birgə yaşamır. Belə ki, son illər çox vaxt evə sərxoş halda gəldiyi üçün səbəbsiz qısqanclıq zəmnində aralarında münaqişələr yaranmış, münaqişə zamanı onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, onu döymüş və hədələyərək evdən qovmuşdur. Buna baxmayaraq birgə yaşadıqları müddətdə aralarında baş vermiş münaqişələrlə bağlı polisə şikayət etməmişdir. Sonuncu dəfə 26.01.2022-ci il tarixdə təxminən saat 15:50 radələrində Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsində yaşadığı evin hasarından həyətə daxil olmuş, ona “əxlaqsız”, “pozğun” deyərək təhqir etmiş və taxta parçası ilə üzərinə hücum edərək sol qoluna və sol ayaq nahiyyəsinə vurmuş, evin pəncərəsinin şüşəsini sındırmışdır. Münaqişə zamanı Təqsirləndirilən şəxs onun sol əlini pəncərənin şüşəsinin sınmış yerinə apararaq şüşəyə toxundurmuş və nəticədə sol əlinin 4-cü barmağı kəsilmişdir. Hadisə baş verən zaman şahid kimi iki qızı, 16 yaşlı Fatma və 19 yaşlı Emilya yanında olmuşdur. Aralarındakı münaqişə başlayandan bitənə kimi təxminən 15-20 dəqiqə davam etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızılqum bağ massivi, nömrəsiz bağ evində ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 183 nömrəli tam orta məktəbin 8 C sinifində oxuyur. Atası Təqsirləndirilən şəxs ilə birgə yaşadıqları müddətdə dəfələrlə mütəmadi olaraq evdə sərxoş halda səbəbsiz münaqişələr etmiş və anası Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək onu döymüş və ona xəsarətlər yetirmişdir. Anası bu barədə heç vaxt polis orqanlarına müraciət etməmişdir. Təxminən 7-8 aydır ki, atası onlarla birlikdə yaşamır, evdən çıxıb getmişdir. 26.01.2022-ci il tarixdə saat təxminən saat 15:50 radələrində yenidən sərxoş halda onların yaşadığı evə gələrək heç bir səbəb olmadan anası ilə mübahisə etməyə başlamış və aralarında yaranmış münaqişə nəticəsində anasını əlində olan taxta parçası ilə bədəninə vuraraq ona xəsarət yetirmişdir. Evin pəncərələrinin şüşəsini sındırmışdır. Anasının sol əlinin 4-cü barmağını şüşənin sınmış yerinə vuraraq kəsmişdir. O, qorxmuş və bacısı Emilya telefonunu götürüb DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Atası Təqsirləndirilən şəxs onu və bacısını döymədiyini, yalnız anası Zərərçəkmiş şəxs taxta parçası ilə vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının 16.02.2022-ci il tarixli, 91 saylı rəyinə əsasən 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol dirsəyin, sol saidin, sol budun qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsəyin yumşaq toxumasının əzilməsi küt əşya (əşyalar); sol əlin kəsilmiş yarası kəsici təsirə malik əşya (ola bilsin şüşə parçası) təsirindən törənmişdir. Qeyd olunan xəsarətlərdən sol dirsəyin, sol budun qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsəyin yumşaq toxumasının əzilməsi, sağ əlin İV barmağının kəsilmiş yarasının törənmə müddətləri onun məhkəmətibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 26.01.2022-ci il tarixə, sol saidin qançırlarının isə törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, müayinə olunanın göstərdiyi 24.01.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin kənar şəxslər tərəfindən yetrilməsi istisna olunmur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 02.04.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1979-cu ildə Astara rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut yoxdur İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 07 saata görə 42 (qırx iki) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 (otuz) manat, ümumilikdə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar