Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-268/2022 03.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 2148-ci məhəllə mənzil 5-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 fevral 2022-ci il tarixli 4(003)-97/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 24 fevral 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 fevral 2022-ci il tarixdə, saat 18:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini vintaçanla açmaqla qanunsuz daxil olmaqla oradan dəyəri 25 manat təşkil edən 01 ədəd “Atec T7225 410W 10mm” markalı dreli, dəyəri 200 manat təşkil edən 01 ədəd künckəsən aləti, dəyəri 80 manat təşkil edən 01 ədəd lobziki, eləcə də evin 1-ci və 2-ci mərtəbəsinə divarlara çəkilmiş hər bağlamasının dəyəri 60 manat təşkil edən 300 manat dəyərində 05 bağlama, yəni 500 metr uzunluğunda göy rəngli izolyasiyalı üzərində markalanma yazısı olmayan 4 mm diametrli çoxsimli elektrik naqilini yerindən dartıb çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 605 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 fevral 2022-ci il tarixdə, gecə saat 01:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini vintaçanla açmaqla qanunsuz daxil olmaqla oradan evin divarlarına çəkilmiş hər bağlamasının dəyəri 60 manat təşkil edən 240 manat dəyərində 04 bağlama, yəni 400 metr uzunluğunda göy rəngli izolyasiyalı üzərində markalanma yazısı olmayan 4 mm diametrli çoxsimli elektrik naqilini, hər bağlamasının dəyəri 90 manat olan 360 manat dəyərində 04 bağlama, yəni 400 metr uzunluğunda 6 mm-lik elektrik naqilini yerindən dartıb çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəxmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, lakin hal-hazırda da narkotik vasitə istifadə edir. Son zamanlar maddi imkanı olmadığından oğurluq etmək qərarına gəlmişdir. 08 fevral 2022-ci il tarixdə, saat 18:00 radələrində Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən evlərin arası ilə piyada gəzərək oğurluq etmək üçün münasib ev axtarmış, bu vaxt ikimərtəbəli həyət evi diqqətini cəlb etmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra açıq darvaza yerindən evin həyətinə daxil olmuş, daha sonra həyətdə olan evə yaxınlaşıb plastik pəncərəsini özü ilə gətirdiyi atverka (vintaçan) ilə açıb evə daxil olmuşdur. Evin divarlarına çəkilmiş elektrik naqillərini divardan sökərək kəsib götürmüş, eləcə də həmin evdən drel, lobzik, künckəsən alət götürüb özü ilə gətirdiyi kisəyə yığaraq gəldiyi kimi oradan uzaqlaşmışdır. 19 fevral 2022-ci il tarixdə, gecə saat 01:30 radələrində, yenidən Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən təmir olunmamış birmərtəbəli kürsülü həyət evinə açıq darvaza yerindən daxil olmuş, daha sonra həyətdə olan evə yaxınlaşıb plastik pəncərəsini özü ilə gətirdiyi atverka (vintaçan) ilə açıb evə daxil olub və evin divarlarına çəkilmiş elektrik naqillərini divardan sökərək kəsib götürmüş və özü ilə gətirdiyi kisəyə yığaraq gəldiyi kimi oradan uzaqlaşmışdır. Oğurladığı əşyaların bir qismini, eləcə də yandırdığı naqilləri mis halında tanımadığı şəxslərə satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən oğurladığı əşyalardan onda qalan hissəsini polislərə təqdim etmişdir. Törətdiyi əməllərindən peşman olaraq zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmiş və onlarla barışıq əldə etmişdir. Hazırda onların ondan heç bir şikayətləri və ya digər tələbləri yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən yeni tikilmiş ikimərtəbəli evi vardır. Həmin ev tam təmirli olmadığından evdə hələlik yaşayış yoxdur, buna baxmayaraq, mütəmadi olaraq həmin evə baş çəkir. 08 fevral 2022-ci il tarixdə, saat 08:20 radələrində evdə olarkən hər bir şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. 08 fevral 2022-ci il tarixdə, saat 19:55 radələrində yenidən həmin ünvana gəlib qapını açaraq evə daxil olarkən, evin 1-ci və 2-ci mərtəbəsinə divarlara çəkilmiş hər bağlamasının dəyəri 80 manat olan 400 manat dəyərində olan 05 bağlama, yəni 500 metr uzunluğunda 4 mmlik elektrik naqilinin, eləcə də evdə olan dəyəri 100 manat olan 01 ədəd drelin, dəyəri 200 manat təşkil edən 01 ədəd künckəsən alətin və dəyəri 80 manat təşkil edən 01 ədəd lobzikin oğurlandığını aşkar etmişdir. Belə ki, evə birinci mərtəbədə evin giriş qapısından sağ tərəfdə yerləşən plastik pəncərəni açmaqla daxil olan naməlum şəxs və ya şəxslər həmin evdən qeyd olunan əşyaları oğurlamışlar. Oğurluq nəticəsində ona ümumilikdə 780 manat məbləğində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs hazırda həmin zərəri tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun ona şəxsə qarşı heç bir şikayət və ya digər tələbləri yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən yeni tikilmiş birmərtəbəli evi vardır. Həmin ev tam təmirli olmadığından evdə hələ ki, yaşayış yoxdur. Buna baxmayaraq, o, mütəmadi olaraq həmin evə baş çəkirmiş. Sonuncu dəfə 17 fevral 2022-ci il tarixdə, saat 19:00-da evdə əşyaları qaydasında qoyub çıxıb getmişdir. 19 fevral 2022-ci il tarixdə, saat 12 radələrində yenidən həmin ünvana gəlib evin qapısını açaraq evə daxil olarkən, evin mətbəxdə olan plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Evə baxarkən ona məlum olmuşdur ki, evin bütün otaqlarına çəkilmiş hər bağlamasının dəyəri 85 manat olan 340 manat dəyərində 04 bağlama, yəni 400 metr uzunluğunda 4 mm-lik elektrik naqili, hər bağlamasının dəyəri 90 manat olan 360 manat dəyərində 04 bağlama, yəni 400 metr uzunluğunda 6 mm-lik elektrik naqili oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 700 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs hazırda həmin zərəri tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun ona qarşı heç bir şikayət və ya digər tələbləri yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan “maddi sübutun götürülməsi” barədə 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Atec” markalı drel, 01 ədəd “İnterskol” markalı drel, 1 bağlama, eləcə də doğranmış vəziyyətdə olan göy rəngli elektrik naqili və ağ rəngli elektrik naqili götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməəmtəəşünaslıq ekspertizasının 04 aprel 2022-ci il tarixli, 9/1541 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında 4 adda malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar-fevral aylarına olan orta bazar qiyməti təxminən 51,00 manat müəyyən edilir: 1. Üzərində “Atec T7225 410W 10mm” yazıları olan 01 ədəd drel - 25 manat; 2. Üzərində “İnterskol DU-6** GR *** VT” yazıları olan 01 ədəd drel - 25 manat; 3. Göy rəngli izolyasiyalı üzərində markalanma yazısı olmayan 4 mm diametrli çoxsimli elektrik naqilinin 1 metri - 0,60 manat; 4. Ağ rəngli izolyasiyalı üzərində markalanma yazısı olmayan 11 mm diametrli çoxsimli (d=0,4+1mm) elektrik naqilinin 1 metri - 0,40 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq ibtidai istintaq orqanına təqdim edilmiş 18 aprel 2022-ci il tarixli ərizələrdən görünür ki, onlar oğurlanmış əşyaların dəyərinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 aprel 2022-ci il tarixli, 9/1541 saylı rəyindəki kimi qiymətləndirilməsini xahiş edirlər. İş materiallarında olan “əşyalara baxış keçirilməsi” barədə protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxslər cinayət işi üzrə əldə olunmuş 01 ədəd “İnterskol” markalı drelə, 1 bağlama, eləcə də doğranmış vəziyyətdə olan göy rəngli elektrik naqilinə və ağ rəngli elektrik naqili nümunələrinə baxış keçirtmişlər və Zərərçəkmiş şəxs1 həmin əşyalara baxış keçirib üzərində “Atec T7225 410W 10mm” yazıları olan 01 ədəd drelin və göy rəngli izolyasiyalı üzərində markalanma yazısı olmayan 4 mm diametrli çoxsimli elektrik naqilinin ona məxsus oğurlanmış əşyalardan olduğunu, belə ki, 5 bağlama, yəni 500 metr uzunluğunda göy rəngli üzərində 4 mm diametrli çoxsimli elektrik naqilinin oğurlanmasını; Zərərçəkmiş şəxs2 həmin əşyalara baxış keçirib üzərində göy rəngli izolyasiyalı üzərində markalanma yazısı olmayan 4 mm diametrli çoxsimli elektrik naqilinin ona məxsus oğurlanmış elektrik naqilinin olduğunu, belə ki, 4 bağlama, yəni 400 metr uzunluğunda göy rəngli üzərində 4 mm diametrli çoxsimli elektrik naqilinin oğurlanmasını bildirmişdir. İş materiallarından görünür ki, 1 bağlama göy rəngli izolyasiyalı üzərində markalanma yazısı olmayan 4 mm diametrli çoxsimli elektrik naqili, 1 ədəd göy rəngli izolyasiyalı üzərində markalanma yazısı olmayan 4 mm diametrli çoxsimli elektrik naqili nümunəsi maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarından görünür ki, 01 ədəd “Atec” markalı drel maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış Qəbzdən görünür ki, o, ona məxsus 01 ədəd dreli təhvil almışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış Qəbzdən görünür ki, o, evindən oğurlanmış naqillərin bir qismini təhvil almışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 18 may 2022-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışmışdır, onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 17 mart 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 1(003)-191/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 19 yanvar 2021-ci il tarixdən 21 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 07 iyun 2022-ci il tarixli 21- 1/3-8556/4 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 1(003)-191/2021 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası icra edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 7(003)-1296/2022 saylı Qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 1(003)-191/2021 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5ci bəndi tətbiq edilərək 01 (bir) il azaldılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 1(003)-191/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 7(003)-1296/2022 saylı Qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək 01 (bir) il azaldılmış və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində qalan 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi cinayətlərini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etməsini və onların ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 1(003)-191/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 7(003)-1296/2022 saylı Qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək 01 (bir) il azaldılmaqla üzərində qalan 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 24 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - 1 bağlama göy rəngli izolyasiyalı üzərində markalanma yazısı olmayan 4 mm diametrli çoxsimli elektrik naqilinin, 1 ədəd göy rəngli izolyasiyalı üzərində markalanma yazısı olmayan 4 mm diametrli çoxsimli elektrik naqili nümunəsinin Zərərçəkmiş şəxs2 Jalal oğluna, 01 ədəd “Atec” markalı drelin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 10 iş saatına görə cəmi 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 13 iş saatına görə cəmi 78,00 (yetmiş səkkiz) manat olmaqla ümumilikdə 138,00 (yüz otuz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 1(003)-191/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 7(003)-1296/2022 saylı Qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək 01 (bir) il azaldılmaqla üzərində qalan 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 24 fevral 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - 1 bağlama göy rəngli izolyasiyalı üzərində markalanma yazısı olmayan 4 mm diametrli çoxsimli elektrik naqilinin, 1 ədəd göy rəngli izolyasiyalı üzərində markalanma yazısı olmayan 4 mm diametrli çoxsimli elektrik naqili nümunəsinin Zərərçəkmiş şəxs2 Jalal oğluna, 01 ədəd “Atec” markalı drelin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun X1 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 78,00 (yetmiş səkkiz) manat olmaqla ümumilikdə 138,00 (yüz otuz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-268/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-268/2022
03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver