Məhkəmə qərarları › İş №1(003)-269/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-269/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-269/2021 26.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs Şahid1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Astara rayonunun Vaqo kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Astara rayonunun Vaqo kəndində qeydiyyatda olan və ünvan 1də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə saat 17 radələrində keçmiş əri X1 yaşadığı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik südçülük sovxozu, nömrəsiz fərdi evin həyətinə gələrək, Tahir Qubadovun arvadı Şahid1 ilə şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib əlləri ilə Şahid1 sol əlinin çeçələ barmağını buraraq, Şahid1 qəsdən sağ əlin sıyrığı, sol əlin 5-ci barmağının əsas falanqasının yerdəyişən, qapalı sınığı ilə xarakterizə olunan, həyat üçün təhlükəli olmayan, sağlamlığın uzun müddət pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Astara rayonunun Vaqo kəndində qeydiyyatdadır, lakin hal-hazırda ünvan 1də kirayədə yaşayır. 2010-cu il tarixdə Tahir Qubadov ilə ailə quraraq rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki övladı olmuşdur. Sonradan Tahir spirtli içki qəbul etdiyinə görə ondan məhkəməyə müraciət edərək boşanmış, məhkəmə tərəfindən ona aliment kəsilsə də, aliment pulunu vaxtında verməmiş, 700 manat borcu qalmışdır. Bir aya yaxın Tahir onun evinə gəlib-getmiş və onunla yenidən barışmaq istəmiş, o da uşaqlarına görə Tahirlə razılaşmışdır. Tahir 15 fevral 2021-ci il tarixdə saat 19.00 radələrində yaşadığı evə gəlmiş, 16 fevral 2021-ci il tarixdə isə evdən çıxaraq getmiş, ona hara getməsi barədə heç bir söz bildirməmiş, lakin ona söz vermişdir ki, Şahid1 ayrılaraq onunla yaşayacaqdır. 16 fevral 2021-ci il tarixdə saat 17.00 radələrində o, Tahirin Buzovna qəsəbəsində yaşadığı Əfsanə adlı qadının evinə gəlmişdir ki, Tahirin orada olub-olmamasını yoxlasın. Əfsanənin həyətinə daxil olduqda Tahir onu görən kimi mübahisə etməyə başlamış, onun üzərinə hücum etmiş, həyətdən çıxmağını tələb etmişdir. Çox keçməmiş Tahirin həyat yoldaşı Əfsanə və yanında olan adını sonradan bildiyi Günay adlı qadın həyətə daxil olmuşlar. Əfsanə onun üzərinə cumaraq saçını tutub üzünə çırmaq atmış, Tahir onun başından yumruqla zərbə vurmuş, Günay isə onu əli ilə çölə itələməyə çalışmışdır. Ona əsas xəsarəti Tahir və Əfsanə yetirmişdir. Onu Tahir çölə çıxartmışdır. Əfsanənin sol əlinin 5-ci barmağına əli ilə sıxaraq, buraraq xəsarət yetirməmiş, onu həyətdən çıxarandan sonra o, oradan uzaqlaşmamış içəridən Əfsanənin əlinin qapı arasında qalması ilə bağlı qışqırıq səsi gəldiyini eşitmişdir. Dava-dalaş təxminən 30 dəqiqə çəkmiş, həmin vaxt yanlarında başqa kimsə olmamışdır. Himayəsində iki azyaşlı uşağı vardır, özünü təqsirli bilmir, buna görə də barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Şahid1 göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Südçülük tərəvəzçilik sovxozunda fərdi nömrəsiz evdə yaşayır. Əvvəllər ailəli olmuş, 2011-ci ildə rəsmi olaraq boşanmışdır. 2018-ci ildən Tahir Qubadov ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan bir övladı vardır. Tahir keçmiş arvadı Təqsirləndirilən şəxs hər ay 140 manat aliment verir. Ülviyyə onlardan əl çəkməyərək mütəmadi olaraq onları narahat edir. 16 fevral 2021-ci il tarixdə saat 17.00 radələrində Tahir ona zəng edərək bildirmişdir ki, “Ülviyyə həyətimizə gələrək münaqişə edir”. O, qonşusu Bağırova Günay ilə birlikdə parça almaq üçün getmişlər, bu telefon zəngindən sonra taksi ilə Günayla birlikdə yaşadığı evə gəlmiş və həyətə daxil olduqda Ülviyyə ona qarşı nalayiq küçə söyüşləri söyərək onun üstünə gələrək sol əlinin balaca barmağını əli ilə tutaraq arxaya sıxıb barmağına xəsarət yetirmişdir. Ülviyyə onun barmağını sıxdıqda o, onun saçından tutaraq dartmışdır ki, barmağını buraxsın. Həmin vaxt qonşu Günay və yoldaşı Tahir yanında olmuşlar. Tahir və Günay Ülviyyəni ondan ayırmağa çalışmışlar. Onlar Ülviyyəyə əl qaldırmamış, ona xəsarət yetirməmişlər. Davadalaş təxminən 30 dəqiqə çəkmiş, həmin vaxt yanlarında əlavə kimsə olmamışdır. Ülviyyə ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir, çünki, aldığı xəsarətlə bağlı müalicəsinə 2000 (iki min) manatdan çox pul xərcləmiş, lakin Ülviyyə ona dəyən ziyanı ödəməmişdir. Buna görə də Ülviyyəyə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 göstərdi ki, Sabirabad rayonunun Cəngə kəndində qeydiyyatdadır, lakin hal-hazırda Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Südçülük tərəvəzçilik sovxozunda nömrəsiz fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs onun birinci arvadı olub, onunla 2010-cu ildə rəsmi nikaha girmiş, birgə nikahdan iki azyaşlı övladı vardır. Ülviyyə ilə 2016-cı ildə rəsmi olaraq boşanmışlar, hal-hazırda 140 manat aliment verir. 2018-ci ildə Buzovna qəsəbəsində yaşayan Şahid1 ilə ailə quraraq rəsmi nikaha daxil olmuş, bu nikahdan da bir övladı vardır. Ülviyyə ona zəng edərək uşaqların ərzağı olmadığını deyib ondan kömək istəmiş, o da ərzaq alaraq 15 fevral 2021-ci il tarixdə Ülviyyənin kirayədə yaşadığı evə aparmışdır. Ülviyyəyə 25 manat vermiş, əlavə olaraq 100 manat da aliment kartına köçürmüşdür. Eyni zamanda Ülviyyə ilə danışıb razılığa gəlmişlər ki, o, uşaqlara daim baxacaqdır. 15 fevral 2021-ci il tarixdə gecə saatlarında Ülviyyənin evindən çıxaraq Buzovna qəsəbəsinə gəlmiş, Əfsanənin yanında qalmışdır. 16 fevral 2021-ci il tarixdə səhər işə gedərək 16.00 radələrində işdən evə gəlmiş, uşaqlar evdə olmuş, Əfsanə isə dükana parça almağa getmişdir. Saat 17 radələrində Ülviyyə onların həyətlərinə gələrək ondan onunla birlikdə getməyi tələb etmş, o, ona etiraz etmiş və aralarında bununla əlaqədar mübahisə yaranmışdır. Bu zaman rəsmi nikahda olan arvadı Əfsanə qonşu Günayla birlikdə həyətə daxil olmuşlar. Ülviyyə Əfsanə ilə mübahisə etməyə başlamış, onların arasında dava düşmüşdür. Ülviyyə Əfsanənin sol əl barmağını geriyə qatlayaraq sıxmış, Əfsanə qışqıraraq barmağının sınmasını bildirib Ülviyyənin saçından tutaraq yolmuş, sifətini cırmaqlamışdır. O, Günayla birlikdə onları ayırmış, Ülviyyəyə əl qaldırmamış, onun başından yumruq zərbəsi vurmamışdır. Ülviyyəni həyətdən küçəyə çıxartmışdır. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, hadisə Əfsanənin yaşadığı evin həyətində baş vermiş, təxminən 30 dəqiqə çəkmiş, həmin vaxt orada başqa kimsə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 da Şahid1 və X1 ifadələri ilə oxşar, eyni məzmunda ifadə verərək onların göstərdiklərini təsdiq etdi. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 hadisə vaxtı sol əlin 5-ci barmağını sıxaraq burduğunu, xəsarət yetirdiyini Təqsirləndirilən şəxs üzünə bildirmişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Tahir Qubadov arasında keçirilmiş üzləşdirmə zamanı Tahir Qubadov hadisə vaxtı Əfsanənin sol əlinin 5-ci barmağını sıxaraq burduğunu, xəsarət yetirdiyini Təqsirləndirilən şəxs üzünə bildirmişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 hadisə vaxtı Ülviyyənin Əfsanənin sol əlinin 5-ci barmağını sıxaraq burduğunu, xəsarət yetirdiyini Təqsirləndirilən şəxs üzünə bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MTE və PA Elmi- Təcrübi və Tədris Birliyinin 17 fevral 2021-ci il tarixli 153 nömrəli ekspert rəyində göstərilmişdir ki, Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin sıyrığı, sol əlin 5-ci barmağının əsas falanqasının yerdəyişən, qapalı sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun 3 saylı ŞKX-na müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 16 fevral 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara və qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Şahid1 bədənində aşkar olunmuş xəsarətlərin müxtəlif şəraitdə, o cümlədən kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan doğum haqqında şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən 21 aprel 2021-ci il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 ümumilikdə 05 (beş) iş saatına görə cəmi 30,00 (otuz) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 10 (on) iş saatına görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə cəmi 30,00 (otuz) manat və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar