Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-269/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 2-də qeydiyyada olmaqla həmin ünvanda uaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 20 radələrində qonşuluqda toy məclisi keçirilən zaman digər qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanının həyətində zibil yandıraraq tüstü saldığına görə onun həyətinə daxil olmuş, sonuncu həyətində kimləsə danışarkən nalayiq ifadələr işlətdiyini görmüş, ona astadan danışmağını və qonşuluqda toy məclisi keçirildiyinə görə tüstü olmaması üçün ocağı söndürməyini bildirdikdə Zərərçəkmiş şəxs tərəfindən nalayiq ifadələrlə təhqir olunması səbəbindən aralarında mübahisə baş vermiş, yaranmış və münaqişə zamanı yumruqla qəsdən bir neçə dəfə sifət və sol göz nahiyyələrinə, yerə yıxdıqda isə təpiklə sol kürək və sol diz nahiyyələrinə vurmaqla sonuncuya sol göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının sol gözaltı nahiyyənin, sol yanağın, sağ bazunun, sağ dirsəyin, sol saidin, sol kürəyin qançırları, sifətin, sağ saidin, sol dirsəyin, sol dizin sıyrıqları ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış massivi, Zavod küçəsi, ev 7-də ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə qonşuluqda toy məclisi keçirilirərkən qonşuları ilə orada iştirak etmişdir. Saat təxminən 20 radələrində Səbinə həyətində ocaq qaladığına görə ətrafı tüstü bürümüş, o, buna dözə bilməmiş, onun həyətinə daxil olmuşdur ki, ona ocağı söndürməyini xahiş esin. Həyətə daxil olub görmüşdür ki, Səbinə həyətində telefonda kiminləsə danışır, danışan zaman nalayiq ifadələr işlədir, bu zaman ona bildirmişdir ki, “bir az asta danış, qonşuda toydur, qonaqlar var, nalayiq ifadələr işlədirsən, toydakı qonaqlar, qonşuda qız, gəlinlər hamı səsini eşidəcəklər, ayıbdır, ocağı da söndür sonra yandırarsan, hər tərəfi tüstü bürüyüb”. Bunu deyən kimi Səbinə ona “öz həyətimdir özüm bilərəm, heç kimə dəxli yoxdur, sən də get rədd ol həyətimdən” demiş, onu həyətindən kobud formada qovmaqla yanaşı ona və valideynlərinə qarşı nalayıq ifadələr işlətdiyinə görə əsəbləşmiş və yumruqla onun sifət nahiyəsinə bir neçə dəfə vurmuşdur. Həmin vaxt Səbinədən spirtli içki qoxusu hiss etmişdir, yəni spirtli içki qəbul etmişdir. Səbinə birdən yerə yıxılmış, o, təpiklə sonuncunun ayağına və belinə vurmuş və həyətdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən peşman olduğunu bildirib barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Albalılıq yaşayış massivi, zavod küçəsi, ev 15-də ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı evin həyətində yığılmış zibilləri yandıran vaxtı qonşuluqda toy məclisi keçirilmişdir. Bu zaman qonşuluqda yaşayan Mirzə adlı şəxs həyətə daxil olmuşdur. Mirzə ona “qonşuda toy var, çoxlu adamlar yığışıb, yandırdığın ocağın tüstüsü bütün ətrafı bürüyüb, hələlik söndür sonra yandırarsan” demiş, Mirzə bu sözü ona acıqlı formada dediyinə ona görə onun xətrinə dəymiş, buna görə sonuncuya “öz həyətimdir özüm bilərəm heç kimə aidiyyəti yoxdur, get işinlə məşğul ol” demiş, bunu deyən kimi Mirzə üstünə hücum edərək onu yumruqla vurmağa başlamışdır. Belə ki, bir neçə dəfə onun sifət nahiyəsinə, sol və sağ qoluna yumruqla vuraraq onu yerə yıxmış və təpiklə onun sol diz və sol kürək nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Bundan sonra DİN-in 102 xidmət mərkəzinə zəng edib məlumat vermişdir.Təqsirləndirilən şəxsdən şikayətçidir, qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1152 nömrəli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü X3 bədənində aşkar edilmiş xəsarətlər - sol göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının sol gözaltı nahiyyənin, sol yanağın, sağ bazunun, sağ dirsəyin, sol saidin, sol kürəyin qançırları, sifətin, sağ saidin, sol dirsəyin, sol dizin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cm-in 234.1-ci maddəsi ilə təqsirli bilnərək 01 il 06 ay müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş şəxsin barəsində axtarış elan edilməsi haqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, tutulduqda Xəzər RPİ-in X4 təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində tutularaq Xəzər RPİ-in 2-ci PŞ-nə gətirilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 15 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətdiyi əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, cəmi 150 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-269/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-269/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver