Məhkəmə qərarları › İş №1(003)-27/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-27/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-27/2022 02.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Naxçıvani küçəsi dalan 4 nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib, saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 0,338 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 22 iyul 2021-ci il tarixdə saat 18:30 radələrində Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Naxçıvani küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ 2-ci PŞ-nə gətirilmiş və həmin gün saat 19:50 radələrində Xəzər RPİ 2-ci PŞnin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 büküm təmiz çəkisi 0,338 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 3 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Öz istifadəsi üçün narkotik vasitələri əsasən Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı, lakin adlarını bilmədiyi şəxslərdən alır. 21 iyul 2021-ci il tarixdə axşam saatlarında o, yenə Suraxanı qəsəbəsi ərazisindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata bir büküm “şüşə” alaraq cibinə qoyub evinə getmişdir. 22 iyul 2021-ci il tarixdə təxminən saat 18:30 radələrində o, Buzovna qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduğlarını bildirmiş və narkotik vasitələrin qəbulunda şübhəli olduğu üçün onu Xəzər RPİ 2-ci PŞ-nə gətirərək təhvil vermişlər. Orada təhqiqatçı onu narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutduqdan sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, o, buna etiraz etməmişdir. Bir qədər sonra polis əməkdaşları hüquqlarının müdafiəsi məqsədilə təyin edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirtmişlər. Əvvəlcə ona üzərində narkotik vasitə, yaxud gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa, könüllü təqdim etməsini təklif etmişlər. O, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir büküm “şüşə”ni çıxarıb təqdim etmiş, sorğu zamanı polis əməkdaşlarına həmin maddənin psixotrop maddə “şüşə” olduğunu və onu Suraxanı rayonu ərazisindən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Polis əməkdaşı onun üzərində şəxsi axtarış aparmış, lakin könüllü təqdim etdiyi psixotrop maddə “şüşə”dən başqa üzərindən saxlanılması, gəzdirilməsi qanunla qadağan olunmuş heç bir maddə, əşya aşkar edilməmişdir. Həmin psixotrop maddə polis əməkdaşları tərəfindən onun iştirakı ilə yerindəcə qablaşdırıb götürülmüş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, protokolu və psixotrop maddənin qablaşdırıldığı zərfi o və digər iştirakçılar imzalamışlar. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Onu da bildirir ki, onun atası X5 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanaraq 1-ci qrup əlil olmuş, sonra vəfat etmişdir. X1 1992-ci ildə Ağdərə rayonunun Torpaqtəpə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Əmisi oğlu, Tərtər RPİ-nin əməkdaşı, baş çavuş X8 1991-ci ilin sentyabr ayında Ağcakənd rayonunun Şəfəq kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 22 iyul 2021-ci il tarixdə Buzovna qəsəbəsi Naxçıvani küçəsi dalan 4-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış qrupun tərkibində o, 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə həmin gün saat saat 18:30 radələrində Buzovna qəsəbəsi Naxçıvani küçəsində Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmiş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib onun Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirdikdən sonra ona üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirib üzərinə baxış keçirilməsi üçün onu 2-ci PŞ-nə gətirərək təhvil vermişlər. Orada xidməti otaqların birində təhqiqatçı Cavid Ağayev videoçəkilişlə şübhəli kimi gətirilən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlandığını elan etmiş və daha sonra şəxsi axtarış və götürmənin aparılmasında iştirak edən polis əməkdaşlarını, müdafiəçini və ilkin təhqiqat araşdırılması aparılanı təqdim etmişdir. Həmin xidməti otaqda Təqsirləndirilən şəxs, iştirakçılardan o, 2ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 və müdafiəçi 08 saylı Vəkil Bürosunun vəkili Bəhruz Səfərov olmuşdur. Təqsirləndirilən şəxs əvvəlcə üzərində qanunla qadağa olunan hər hansı bir əşya və ya narkotik maddə olub-olmadığı soruşulmuş və əgər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızını çıxarıb masanın üzərinə qoymuş, həmin bükülü təhqiqatçı Cavid Ağayev tərəfindən açılmış və içərisində ağ rəngli kristal maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükülünün içərisində olan maddənin narkotik maddə “şüşə” olduğunu, saxlanıldığı gün onu Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərindən başqa heç nə aşkar edilməmişdir. Daha sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş bükülüdə olan maddə zərfə qoyularaq ağzı zərflər üçün nəzərdə tutulmuş “193” nömrəli möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 elan edilmiş ifadəsi ilə onun da Şahid1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 23 iyul 2021-ci il tarixli 6/3032 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “... (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,338 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,338 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,288 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir, səksən iki) manat təşkil edir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısina (Siyahıİ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 30 iyul 2021-ci il tarixli, 2568 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə olan ümumi çəkisi 0,338 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalmış qalığı 0,288 qram metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14 sentyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 may 2012-ci il tarixli hökmü ilə AzərbaycanRespublikası CM-nin 177.2.3-cü maddəsi ilətəqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək həmin cəza şərti hesab edilməklə 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşıyaraq üstündə saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X6 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. İş materiallarında olan 024434 saylı 17 oktyabr 2002-ci il tarixli vəsiqədən görünür ki, X5 1-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi Tərtər rayon filialı tərəfindən verilmiş 122 saylı 19 avqust 2016-cı il tarixli Arayışdan görünür ki, X5 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanaraq 1-ci qrup əlil olmuş, sonra vəfat etmişdir. X1 1992-ci ildə Ağdərə rayonunun Torpaqtəpə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Əmisi oğlu, Tərtər RPİ-nin əməkdaşı, baş çavuş X8 1991-ci ilin sentyabr ayında Ağcakənd rayonunun Şəfəq kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, atasının Qarabağ müharibəsindəki döyüşlərdə yaralanaraq 1-ci qrup əlil olmasını, əmisinin və əmisi oğlunun Qarabağ müharibəsində şəhid olmalarını Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 24 iyul 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 52-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 7(003)-269/2022 saylı Qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs oğluna Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-95/2020 saylı, 17 mart 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək 01 (bir) il azaldılmış, Təqsirləndirilən şəxs oğlu cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-95/2020 saylı, 17 mart 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 7(003)-269/2022 saylı Qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək 01 (bir) il azaldılmış və o, cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 22 iyul 2021-ci il tarixdən 24 iyul 2021-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,288 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 81,82 (səksən bir, səksən iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X3 və X4 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X3 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X4 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (atı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 22 iyul 2021-ci il tarixdən 24 iyul 2021ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 02 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,288 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81,82 (səksən bir, səksən iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 20 (iyirmi) iş saatına görə 120,00 (bir yüz iyirmi) manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 25 (iyirmi beş) iş saatına görə 150,00 (bir yüz əlli) manat olmaqla ümumilikdə 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar