Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-27/2025 09.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi – “Kermur” İxtisaslaşdırılmış Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olan, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 08 noyabr 2023-cü il tarixdə, saat 01 radələrində ünvan 2 ünvanında yerləşən yaşadığı mənzildə ona evə gec gəlməsini irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində arvadı X6 yumruq və təpiklə bir neçə dəfə qəsdən vurub ona sağ göz almasının, ağlı qişasının qansızması, sol göz orbitinin, hər iki bazunun, hər iki sarğı nahiyəsinin, sol budun, sağ dizin qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərər çəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspert rəyi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, hadisə noyabr ayının 8-nə keçən gecə baş vermişdir. Sabah tezdən iş başında imiş. Atasını müalicəyə aparmışdır. Ondan əvvəl isə Kristinanı aparıb düşürmüşdür. Hətta işi olduğu üçün axşama şəhərdə qalası olmuşdur. O, saat 5-də işdən çıxırmış. İşdən çıxdıqdan sonra Kristinanı işdən götürüb evə gedirmiş Hadisə baş verən gün elə olmuşdur ki, o, saat 5-də çıxa bilməmişdir. Çünki işində yük daşımaları saat 10-dan sonra gəlirmiş. O da işdə qalmağa məcbur olmuşdur. Hətta bununla bağlı rəhbəri ilə yazışmaları, danışıqları, vatsap yazışmaları, fotolar vardır. Lakin Kristina saat 12-dən sonra ona zəng edərək evə gəlməməyini, onun nə etdiyini, onun harada olduğunu bilmədiyini demişdir. O, telefonla danışanda Kristinanın səsindən sərxoş olduğu hiss olunurmuş. Bir neçə müddət keçdikdən sonra Kristina yenidən ona zəng edərək evə gəlməməyini bildirmişdir. O, isə ona heç nə deməmişdir. Sonradan işdən evə qayıtdığı zaman anası ona zəng edərək bildirmişdir ki, Kristina ilə telefonda danışıb. Anası bildirmişdir ki, “gəl evə yat, Kristina ilə mən söhbət etmişəm.” O da anasına bildirmişdir ki, “mən də Kristina ilə danışmışam. Narahat olma hər şey qaydasında olacaq.” Evə gələn zaman qapını döymuşdür. Hiss etmişdir ki, Kristina evdə gəzir, lakin qapını açmırmış. Qızına zəng edib qapını açmağını bildirmişdir. Qızı qapını açan zaman Kristina onun evə necə daxil olduğu hiss etməmişdir. Bundan sonra Kristina onu evdə görən zaman ona harada olduğunu, kiminlə olduğunu bildirmişdir. O Kristinaya bildirmişdir ki, “mənim sübutlarım var, lakin mən indi yorulmuşam. Gəl bunları sabah müzakirə edərik.” Bundan sonra Kristina digər otağa keçmişdir. O da oğlunun yanına keçmişdir. Oğlunun dostu onlara gəlibmiş. Dostu gəldiyi üçün oğlu zala keçmişdir. O da uşaqların yatdığı otağa keçib uzanmışdır. Sonradan bilmişdir ki, Kristina onun anası ilə yenidən danışmışdır. Anasına hər şeyin yaxşı olacağını və onun evdə olmadığını bildirmişdir. Halbuki həmin vaxtı o evdə imiş və uzanmışdır. Anası da Kristinaya demişdir ki, “Anarla danışmışam, evdədir, yatır. Ona dedi ki, yorğunam, sabah Kristina ilə danışacam.” Kristina anası ilə video görüntü ilə danışan zaman çarpayını oğlu ilə oğlunun dostunu göstərərək demişdir ki, “Görürsüz, Anar yoxdur.” Sonradan nə olduğunu bilməmişdir. Bütün dedikləri yaddaş kartında vardır. O, yatan yerdə telefonu onun sifətinə çırpmışdır. O da heç nə etməmişdir. Durub görmüşdür ki, qan axır. Hamama getməmişdən qabaq görmüşdür ki, Kristina onun başına plasmas nəsə vururmuş, plasmas butulka imiş, ağzı da açıq imiş. Həmin butulkadakı pivə yerə axırmış, bütün otaq və çarpayılar pivə olmuşdur. Hətta onun dalınca düşən zaman Kristina sərxoş olduğu üçün sürüşüb yerə yıxılmışdır. Sonradan o, hamama keçmişdir. Onun hamamda olmağı təxminən 7-10 dəqiqə çəkmişdir. Həmin vaxtda anası onlara gəlmişdir. O, hamamdan çıxanda görmüşdür ki, anası ilə Kristina artıq söhbət edirlər. O da normal söhbət getdiyini görmüşdür, söhbət edirmişlər, lakin ucadan danışırmışlar. Daha sonra o, salfetkanı götürmüşdür. Qızı salfetka ilə onun sifətini silməyə başlamışdır. Bundan sonra qışqırıq səsi eşitmişdir. Görmüşdür ki, anası qapıya tərəf Krsitina isə anamın saçından tutub anasını sillələyir. O, otağa girib Kristina ilə anasını aralamışdır. O, anasını otaqdan çıxarmış, Kristina otaqda qalmışdır. Kristina ayağı ilə otaqdakı pəncərələrin şüşələrini sındırmağa başlamışdır. Pəncərə şüşələrinin sınması ilk dəfə deyilmiş. Əvvəllər də bu tipli hadisələr də olmuşdur. Anası yadında deyil, təxminən saat 02 radələrindən sonra AR DİN-in 102 zəng xidmətinə zəng etmişdir. Kristina anasının 102-yə zəng etdiyini görüb evdən çıxaraq 1-ci və 2-ci mərtəbədə yaşayan qonşuların qapısını döyməyə başlamışdır. Həmin qonşular da Kristinanı tanıdıqları üçün qapını açmırdılar. Onlarla üzbəüz yaşayan təzə qonşu var imiş, o, qapını açmışdır. Kristina da telefonu götürüb kiməsə yığmağa başlamışdır. Kristina çıxıb getmişdir. Evdə o, uşaqlar, qapını açan qonşu və anası qalmışdır. Səhər saat 4-5 imiş. Onlar artıq uşaqları götürüb anasıgilə getmişdir. Təqsirləndirilən şəxs son sözündə heç bir cinayət əməli törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, baş vermiş hal ilk dəfə deyilmiş. Belə ki, əri Təqsirləndirilən şəxs dəfələrlə ona əl qaldırıb vururmuş. Bundan əvvəllərdə də oxşar hallar baş vermişdir. Bununla bağlı dəfələrlə polisə müraciət etmişdir. Lakin əvvəllər baş verən hadisələr zamanı o, ərizələrini polisdən geri götürmüşdür. Ancaq sonuncu dəfə baş vermiş hadisədən sonra isə etdiyi hərəkətlərə görə cavab verməli olduğunu düşünmüşdür. Orada şahidlər də var imiş, hansı ki, ona köməklik etməyə çalışırmış, eyni zamanda qonşular da olmuşdur. Onlara müraciət etmişdir ki, polisə zəng etsinlər. Lakin o, xarici ölkənin vətəndaşı olduğuna və Anarla qonşu olduğuna görə heç nə etməmişlər. Bundan onun hansı vəziyyətdə olduğunu, onun halını Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin təhqiqatçısı Şahid6 görmüşdür. Hadisə baş verən günü əri evə gec gəlmişdir. Onlar mübahisə etməyə başlamışlar. Həmişəki kimi Anar ona əl qaldırmış və onu vurmuşdur. İlk dəfə deyildir ki, Anar ona əl qaldırırmış. Bunu qaynanası da görmüşdür. Uşaqlar qaynanasına zəng edib çağırmışlar. Qaynanası da həmişəki kimi onların ailə işlərinə qarışırmış. Qaynanası onların arasında dayanmışdır. Qaynanası onu otaqdan buraxmırmış və ona heç nə etməmişdir. Dava olan zaman uşaqlar da həmin hadisəni görmüşlər. O döyüldükdən sonra otaqdan qaçmışdır. Evdən çıxıb qonşuya yaxınlaşmış, qonşudan telefonu almışdır. Polisə zəng etməyə çalışmışdır. Lakin balansı olmadığı üçün o, polisə zəng edə bilməmişdir. Bundan sonra o piyada polis şöbəsinə getmişdir. Orada onu Arzuman müəllim qarşılamışdır. Əvvəlcə Arzuman müəllim yox imiş. Sonradan gəlmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmamışdır. Bu səbəbdən də təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 07 noyabrda onun yoldaşı əməliyyatda olmuşdur. Oğlu atası ilə birlikdə olmuşdur. Oğlu atasının əməliyyatı ilə əlaqədar olaraq işdən icazə almışdır. Daha sonra oğlu atasını gətirib evə qoymuşdur və onunla əlaqə saxlayaraq işdən bir az gec gələcəyini bildirmişdir. Daha sonra saat 12-12:30-da Kristina ona yazmağa başlamışdır. Kristina bildirmişdir ki, Anar evdə yoxdur. O da Kristinaya bildirmişdi ki, Anar onunla əlaqə saxlayıb və işi çoxdur. Onların iritonnajlı maşınlarla əlaqəli işləri vardır. Həmin maşınlara günün müəyyən saatlarında yol çıxmağa icazə verilir. Sonra o, Anara zəng etmiş və Anar ona artıq maşını göndərdiyini və evə doğru gəldiyini və bir müddətdən sonra evdə olacağını bildirmişdir. O da Anara Kristinanın əsəbiləşdiyini, evdə dava-dalaş olacağı təqdirdə susmağını, sakit dayanmağını bildirmişdir. Anar ona narahat olmamağımı və sakit olacağını demişdir. Daha sonra o, Kristinaya bildirmişdir ki, “narahat olma, Anar yoldadır, gəlir”. Daha sonra Anar ona yazmışdır ki. “mən evdəyəm, uzandım”. Kristina ona yazırmış ki, “Anar evdə yoxdur, yenə qızlarla gəzməyə çıxıb”. O isə Kristinaya bildirmişdir ki, “Anar artıq evdədir”. Bu zaman Kristina ona video görüntü vasitəsilə zəng etmiş və öz yataq otaqlarının boş olduğunu ona göstərmişdir. Kristina ondan “hanı Anar, hanı Anar” deyə soruşmuş, o isə Anarın qızı Amina ilə uşaqların yataq otağında uzandığını bildirmişdir. Həmin vaxtı kamera ilə digər otağa keçən zaman Kristinanın digər əlində butulka olduğunu görmüşdür. Kristina Anarın otaqda uzandığını görən zaman kameranı söndürmüşdür. O da Kristinaya yazmışdır ki, “bəs mənə demişdin və söz vermişdin ki, içməyəcəksən, bəs butulka haradan çıxdı.” “Bəs söz vermişdin axı içməyəcəksən, dəfələrlə mən sən səninlə danışdım, axı içki içməyəcəksən. Bununla bağlı axı dəfələrlə danışığımız olub”. Bundan heç 5 dəqiqə keçməmiş Amina ona zəng etmiş və qışqıra-qışqıra, ağlaya-ağlaya Anarın qan içində olduğunu, təcili onun oraya gəlməyimin lazım olduğunu demişdir. O da tez durub ev paltarında Anargilə getmiş və gecə saat təxminən 01:00 radələrində, təxminən 7- 10 dəqiqəyə Anargilə çatmışdır. Evə girmiş, Anarın harada olduğunu soruşmuşdur.Uşaqların divanda qorxmuş şəkildə oturduğunu görmüşdür. Həmin zaman o Anarın harada olduğunu soruşmuşdur. Onlar Anarın hamamda yuyunduğunu bildirmişdir. Kristina isə dəli kimi o otaqdan bu otağa, bu otaqdan o otağa gedib gəlirmiş. O da elə bir an gözləyirmiş ki, Kristina ilə danışsın. Elə bir an oldu ki, Kristina yataq otaqlarına keçmişdir. O da onun arxasınca yataq otağına getmişdir. Kristinaya sakitləşməyi, oturub danışmalı olduğunu, “əsas odur ki, sən sakit ol. Bir ana kimi səndən xahiş edirəm.” demişdir. Kristina ona ağır söz işlətmişdir. Ümumiyyətlə, Kristina içən zaman başqa adam olurmuş. Gözləri bir başqa baxır, gözləri danışan zaman həddindən artıq açılır, ağzından köpük gəlirmiş. Həmin vaxtı Kristina onun üzərinə doğru yeriməyə başlamışdır. Kristinanın dava salmaq niyyətinin olduğunu görürmüş. O isə hər hansı bir dava olmağını istəmirmiş. Çünki içəridə uşaqlar əyləşmiş, qonşular daima bu səsləri eşidirmişlər. Bu zaman o, sol əli ilə qapını saxlamışdır. Sağ əlini isə özünü qorumaq üçün qabağına doğru qoymuşdur. Çünki Kristinanın onun üzərinə doğru yeridiyini görürmüş. Bundan sonra Kristina onun sağ qolundan vurmağa başlamışdır. Bununla bağlı ekspert rəyi də var imiş. Həmin xəsarətlərin görüntüləri də var imiş Kristina qapını açmağa cəhd edirmiş və onu qapını açmağa qoymurmuş. Kristinaya “Kristina, sən sakit ol, narahat olma, mən qapını açacam” demişdir. Kristina görəndə ki o əlini çəkmir, onun sifətinin sağ tərəfindən sillə ilə onu vurmuşdur. Daha sonra onun saçından tutub yolmağa başlamış və onu döşəmənin üzərinə yıxmışdır. Uşaqlar da qışqırıb ağlamağa başlamışlar. Bu zaman Anar hamamdan çıxıb gəlmiş və qışqıraraq “Siz nə edirsiz” deyə qışqırmağa başlamışdır. Kristina Anarı gördükdən sonra ondan əl çəkmişdir. Sonra Anar onu iki əli ilə yerdən qaldırmış, Anar onu qaldıran zaman ona bildirmişdir ki, “Anar, Kristinaya əl vurma, sonra çox problem olacaq”. Anar da ona bildirdi ki, “Narahat olma, əl vurmayacam”. Sonra Anar onu zala uşaqların yanına aparmış və onlar qapını bağlamışlar. Kristina evin içində dəli kimi gəzərək şüşələri sındırmağa başlamışdır. Həmin zaman o Anara demişdir ki, “Mən 102-ə zəng edəcəm”. Bundan sonra 102-ə zəng etmişdir. Kristina isə nəsə axtarırdı. Bundan sonra Kristina çölə çıxıb qışqırmağa başlamış və “Məni döyürlər, kömək edin” deyə qışqırmağa başlamışdır. Bundan sonra aşağı, yəni 1-ci mərtəbəyə düşmüş, yenidən qışqırmağa başlamışdır. Qonşular da artıq Krtistinanı tanıyırmışlar. Anar süpürgə götürüb şüşə qırıntılarını süpürməyə başlamışdır. Üzbəüz qonşu qapını açmış və Kristina həmin qonşudan telefonu alıb qaçmışdır. Qonşu da bildirmişdir ki, “bəs mənim telefonumu götürdü”. Demişdir ki, “narahat olma, harada olsa Kristina gəlib, sənin telefonunu qaytaracaq”. Daha sonra qonşu onlara gəlmiş, onlar qonşu və uşaqlarla zalda əyləşmişlər. Daha sonra uşaqlar ağlayaraq onları öz evinə aparmağı xahiş etmişlər. O isə uşaqları apara bilməyəcəyini, onların burada qalmalı olduğunu bildirmişdir. Uşaqları yaratmışlar. O isə gözləyirmiş ki, 102-dən kimsə gəlsin. Təxminən səhərə yaxın 05:30 radələrində o öz evinə qayıtmışdır. Anar evdə imiş, uşaqlar yatmışdırlar. Kristina isə evdə yox imiş. Nə zaman gəlməyi barədə məlumatı olmamışdır. Həyat yoldaşını müayinəyə aparmış, müayinədən sonra 102-dən heç kim gəlmədiyi üçün şöbəyə ərizə yazmaq üçün yaxınlaşmışdır. Həmin zaman Arzuman müəllim gəlməmiş və onu gözləməyə başlamışdır. Həmin vaxtı onun keçmiş həmkarı zəng edib demişdir ki, “bəs sən hansı tərəfdə qalırsan”. Sonradan ona məlum olmuşdur ki, Arzuman müəllim Kristinanı evdən götürüb bölməyə izahat verməsi üçün gətirmişdir. Çünki həmin həmkarı Arzuman müəllimin tərcümə işlərini həll edirmiş. O da həmin şəxsdən bu məlumatları öyrənmişdir. Həmin hadisədən 3-4 gündən sonra Kristina onun iş yerinə gələrək demişdir ki, “Xahiş edirəm ki. barışıq ərizəsi yazaq, nə Anara, nə də ki mənə problem yaranmasın”. O da əvvəllərdə də olduğu kimi Kristinanın sözünə inanmışdır. Onlar üçü gəlib barışıq ərizəsi yazmışdır. Anar isə bundan sonra boşanma ərizəsi yazmışdır. Bir müddət keçdikdən sonra Kristina gedib yenidən ərizə ilə polis şöbəsinə müraciət edərək ərizəsini geri götürdüyünü, yenidən şikayətinin olması ilə bağlı müraciət etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, anası çox içmişdir. Anası atasına zəng etmiş və onlar telefonda mübahisə etməyə başlamışlar. Daha sonra anası qapını bağlamışdır. Bundan sonra atası ona qapını açmağı üçün mesaj yazmış, o da qapını açmışdır. Həmin vaxtı anası çox içdiyi üçün onun yataq otağında uzanmışdır. Daha sonra atası evə daxil olmuşdur. Bundan sonra atası onun otağına daxil olan zaman anası görmüşdür ki, atası gəlib, telefonunu atasının üzünə doğru atmış və telefon atasının sifətinə dəymişdir. Bundan sonra atasının üzü qan olmuş və atası üzünü tutaraq hamama doğru getmişdir. Anası isə arxadan atasını butulka ilə vurmağa başlamışdır. Daha sonra nənəsi gəlmiş və gəldikdən sonra anası onu da əli ilə vurmuşdur. Daha sonra atası anası ilə nənəsini ayırmışdır. Bundan sonra anası qışqıraraq evdən çıxmış və qonşuları köməyə çağırmağa başlamışdır. Heç bir qonşu qapını açmamış, sadəcə bir xanım qonşu qapını açmışdır. Yalandan anası həmin qonşuya Anarın onu döydüyünü demiş və qonşunun telefonunu götürərək uzun müddət ərzində yox olmuşdur. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, Teymurla birlikdə yatmaq istəyirmiş. Daha sonra Teymurun anası Kristina gəlmiş və atası Anarın üzərinə qışqırırmış. Bundan sonra Anar otağına yatmağa getmişdir. Kristina Anarın olduğu otağa gəlmiş və telefonu götürərək Anarın üzünə telefonu vurmuşdur. Bundan sonra Aminə ilə Teymurun nənəsi gəlmişdir. Onların nənəsi ilə Kristina dava etməyə başlamışlar. Kristina nənəsini vurmuş, Aminə və Teymur onları ayırmağa çalışmışlar. Krstina isə pivə butulkası və tozsoranın şlanqı ilə uşaqlara, yəni Teymurla Aminəni vurmuşdur. Uşaqlardan hansını tozsoran şlanqı, hansını isə butulka ilə vurduğunu dəqiq xatırlamadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində göstərmişdir ki, o, hadisə baş verən günü yatırmış. Təxminən saat 01 radələri imiş. Evin qapısı bərk şəkildə döyülmüş və o qapını açmışdır. Qapını döyən şəxsin Anarın həyat yoldaşı Krsitina olduğunu görmüşdür. Kristina ondan telefonu olub-olmadığını soruşmuşdur. O da telefonun olduğunu bildirmişdir. Telefonu Kristinaya vermişdir. Lakin çox içkili olduğu üçün nömrəni yığa bilmirmiş. Daha sonra Kristina telefonu götürüb çıxıb getmişdir. Bu zaman o, Anargilin qapısının açıq olduğunu görmüş və Anargilə daxil olmuşdur. Uşaqlar və onların nənəsinin qorxa-qorxa oturduğunu, sol tərəfdə yataq otağında isə Anarın çarpayını düzəltdiyini görmüşdür. Yerdə isə şüşə qırıntıları var imiş. Anara baxan zaman burnunun üzərinin qan olmağını görmüşdür. Burnunun üzərində xətt var imiş, xəsarət almışmış. Nə baş verdiyini Anardan soruşan zaman yoldaşı ilə mübahisə zamanı yoldaşının onu telefonla vurmasını bildirmişdir. Daha sonra evdəkilərin qorxduğunu görmüş, onlarla müəyyən qədər oturmuşdur. Evdəkilər özlərinə gəldikdən sonra o da çıxıb evinə getmişdir. Səhərisi gün onların qapısını döymüş və Kristina qapını açmışdır. Kristinaya telefonunu qaytarmalı olmduğunu bildirmişdir. Kristina da ondan telefonunun ona məxsus olub-olmadığını soruşmuşdur. Kristina o qədər içkili olmuşdur ki, telefonu ondan aldığını bilməmişdir. Bundan başqa Kristinanın evdəki şüşə qırıntılarını süpürüb yığdığını görmüşdür. Qeyd etmişdir ki, bu tipli hadisə ilk dəfə deyil ki, baş verir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki,o, məktəbdə direktor müavini işləyirmiş. İxtisası rus dili müəllimi imiş. Bəzi hallarda lazım olan zaman o, tərcüməçi kimi də fəaliyyət göstərirmiş. Bu dəfə də Arzuman müəllim onu dəvət etmişdir. Təhqiqatçı Arzuman müəllim ondan evə getməyi xahiş etmişdir. O da evə getmişdir. O, xanımgilin evinə getmədiyini bildirmiş, təhqiqatçı Kristinanı aşağıya çağırmışdır. Orada Kristinanı sorğu-sual etmişdir. O da onların yanında imiş. İkinci dəfə isə o Kristinanın üzərində xəsarətin olub-olmaması ilə bağlı çağırılmışdır. O da getmişdir. Çağırılan zaman Kristinanın üzərində xəsarətin olmadığnı bildirmişdir. O da onlara bildirmişdir ki, Kristina xanımla danışan zaman içkili imiş və Kristinanın üzərində hər hansı bir xəsarəti müşahidə etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X12 Hüquqi Şəxsin “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə xx.xx.2023-cü il tarixli, 1/6151 saylı protokoldan görünür ki, xx.xx.2023cü il tarixdə, saat 03:43-də keçirilmiş müayinənin nəticəsi olaraq X5 alkoqol sərxoşluğunun 1,837 promil (orta sərxoşluq dərəcəsi) olması aşkar edilmişdir. Həmçinin müayinə zamanı X5 sol qaşında zədə olduğu aşkar edilmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X15 tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə 10 noyabr 2023-cü il tarixli, 1351 saylı rəydən görünür ki, 1966-cı il təvəllüdlü Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ yanağın, sağ çiyinin, sağ bazunun, sağ saidin, sağ baldırın qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun “X17” X16 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Şahid1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən törədilməsi istisna olunmur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X15 tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə 10 noyabr 2023-cü il tarixli, 1352 saylı rəydən görünür ki, 1987-ci il təvəllüdlü X5 bədəni üzərində sol göz almasının ağlı qişasının qansızması, sol göz orbitinin, hər iki bazunun, hər iki sağrı nahiyəsinin, sol budun, sağ dizin qançırları aşkar edilmişdir. Qeyd olunan küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddirlər. K.V.Velişkunun bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X15 tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə 13 noyabr 2023-cü il tarixli, 1358 saylı rəydən görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində alının, burunun sıyrıqları aşkar edilmişdir. Qeyd olunan küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 5-6 gün əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə törənmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X15 tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə 26 yanvar 2024-cü il tarixli, 02-ə/1358 saylı rəydən görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində alının, burunun sıyrıqları aşkar edilmişdir. Qeyd olunan küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 5-6 gün əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə törənmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rüstəm İsmayılov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rüstəm İsmayılov tərəfindən tərtib edilmiş 23 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yerə baxış keçirilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rüstəm İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Kristina Velişku ilə Təqsirləndirilən şəxs üzləşdirilməsi həyata keçirilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rüstəm İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Kristina Velişku ilə Şahid1 üzləşdirilməsi həyata keçirilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, zərərçəkmiş şəxs Kristina Velişkunun sifət nahiyəsində xəsarətlər, paltarlar və döşəmə üzərində qan ləkələri mövcuddur. İş materiallarında olan disk daşıyıcıdan görünür ki, zərərçəkmiş şəxs Kristina Velişku ilə Təqsirləndirilən şəxs arasında olan mübahisəyə aid olan səslər mövcuddur. İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13- 44-5/2B-39xx-xx/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs özünün və anası Şahid1 keçmiş arvadı Kristina Velişku tərəfindən döyülməsi haqqında müraciəti əsasında Xəzər RPİ-nin İstintaq Şöbəsində prosessual araşdırma aparılaraq xx.xx.2024cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi, sonuncunun barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən tədbirlər görülməsi ilə bağlı qərar qəbul olunaraq icrası polis sahə rəisi Bəxtiyar Quliyevə həvalə edilmişdir. İnzibati məsuliyyətdən yayınan X5 tapılması istiqamətində görülən tədbirlərin intensivliyinin artırılması barədə Xəzər RPİ-yə müvafiq göstərişlər verilərək icrası nəzarətə götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsini, X12 Hüquqi Şəxsin tibbi müayinə protokolunu, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət işi üzrə toplanmış sübutlar zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən, tibbi müayinə protokolundan, ekspert rəyindən, cd disk və fotoşəkillərdən ibarətdir. Cd disk və fotoşəkillərə münasibətdə məhkəmə hesab edir ki, həmin cd diskdə olan səslərin kimə məxsus olmasını və hansı şəraitdə qeydə alınmasını məhkəmə istintaqı zamanı müəyyən etmək mümkün olmamışdır. Habelə zərərçəkmiş şəxsin təqdim etdiyi fotoşəkillərin nə vaxt çəkildiyi qeyri-müəyyəndir. Məhkəmə şahid ifadələrinə münasibətdə qeyd edir ki, məhkəmə istintaqı zamanı 5 şahid dindirilmişdir. Həmin şahidlər təqsirləndirilən şəxsin anası Şahid1, təqsirləndirilən şəxsin qızı Şahid3, təqsirləndirilən şəxsin oğlunun dostu Şahid5, təqsirləndirilən şəxsin qonşusu Şahid7 və tərcüməçi (təqsirləndirilən şəxsin anasının iş yoldaşı) Şahid2 olmuşdur. Şahidlərin hər biri öz ifadələrində təqsirləndiirlən şəxsin zərərçəkmiş şəxsi vurmadığını və ya zərərçəkmiş şəxsi gördükləri zaman onun üz nahiyyəsində və bədənində hər hansı xəsarətin olmadığını qeyd etmişdirlər. Lakin məhkəmə hesab edir ki, şahidlərin hər birinin birbaşa və ya dolayı yolla təqsirləndirilən şəxsə bağlılıqları vardır. Belə ki, Şahid1 təqsirləndirilən şəxsin anasıdır. Onun təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi daha inandırıcıdır. Digər Şahid3 təqsirləndirilən şəxsin qızıdır. Təqsirləndirilən şəxsin uşaqları artıq bir neçə aydır ki, onun himayəsindədir. Anar və Kristina neçə müddətdir ki, ayrı yaşayırlar və uşaqlar Anarın yanında qalırlar. Şahid3 öz ifadəsində anasının qonşuya kömək üçün qaçdığını və qonşulardan yalnız birinin qapını açaraq onu qəbul etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin həmin qonşuya atasının onu döydüyünü deməsini eşitmişdir. Lakin verilən suallara cavab verərəkən Şahid3 anasının kömək üçün qonşuya qaçarkən qardaşı ilə birlikdə qonaq otağında olduğunu bildirmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, Şahid3 qonaq otağında olarkən eyni zamanda anasının hansı qonşuya getməsini görməsi və qonşuya nə deməsini eşitməsi inandırıcı deyildir. Digər Şahid5 təqsirləndirilən şəxsin oğlunun dostudur. O, öz ifadəsində hadisə baş verərkən qonaq otağında olduğunu və Anarın Kristinanı vurmadığını bildirmişdir. Lakin verilən suallara cavabda isə həmin vaxt qonaq otağında olduğunu, hadisəni görmədiyini, yalnız eşitdiyini bildirmişdir. Digər Şahid7 təqsirləndirilən şəxsin qonşusudur. Şahid7 öz ifadəsində Kristinanın qapını döydüyünü və ondan telefon istədiyini bildirmişdir. Həmin vaxt blokun işığının yanmadığını qeyd etmişdir. Daha sonra o, Anargilə getmiş və bir müddət orada Anar, onun anası və uşaqlar ilə birlikdə söhbət etmişdir. Digər Şahid2 təqsirləndirilən şəxsin anası Olqanın iş yoldaşıdır. Onun təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi daha inandırıcıdır. Məhkəmə iş üzrə sübut kimi qəbul edilmiş tibbi müayinə protokoluna münasibətdə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisədən sonra zərərçəkmiş şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə həmin tarixdə saat 03:43-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X12 Hüquqi Şəxsdə tibbi müayinədən keçmiş və bu barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 1/6151 saylı protokolda müayinənin nəticəsi olaraq X5 alkoqol sərxoşluğunun 1,837 promil (orta sərxoşluq dərəcəsi) olması aşkar edilmişdir. Həmçinin müayinə zamanı X5 sol qaşında zədə olduğu müəyyən edilmişdir. Göründüyü kimi qeyd edilən müayinə protokolu hadisədən təxminən 2-3 saat sonra tərtib edilmişdir. Həmin protokolda zərərçəkmiş şəxsin sol qaşında zədə olduğu qeyd edilmişdir. Habelə həmin protokolu tərtib edən həkimin cinayət prosesi tərəfləri ilə hər hansı bir əlaqəsinin olmadığı müəyyən edilmişdir. Eyni zamanda iş üzrə sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X15 tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə 10 noyabr 2023-cü il tarixli, 1352 saylı rəyində də X5 bədəni üzərində sol göz almasının ağlı qişasının qansızması, sol göz orbitinin, hər iki bazunun, hər iki sağrı nahiyəsinin, sol budun, sağ dizin qançırları aşkar edildiyi, həmin xəsarətlərin küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə törənməsi ehtimalı olduğu və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid olması qeyd edilmişdir. Göründüyü kimi hadisədən dərhal sonra tərtib edilmiş tibbi müayinə protokolunda zərərçəkmiş şəxsdə aşkar edilmiş xəsarət ilə ekspertiza rəyindəki müəyyən edilmiş xəsarət üst-üstə düşür. Bu səbəbdən məhkəmə yuxarıda qeyd edilən iki sübutu (tibbi protokol və ekspert rəyini) digər sübutlara nisbətən daha mötəbər və inandırıcı hesab edir və təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsi üçün həmin sübutlara əsaslanmağı məqbul sayır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.2.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs hazırda himayəsində iki yetkinlik yaşına çatmayan övladı - xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü Şahid4 vardır. Himayəsində olan azyaşlı uşaqların bütün maddi və mənəvi ehtiyacları onun tərəfindən qarşılanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə himayəsində olan yetkinlik yaşına çatmayan X13 və Şahid4 təqsirləndirilən şəxs tərəfindən qarşılanan bütün maddi və mənəvi ehtiyaclardan məhrum olacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan nisbətən daha yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən cinayət təqibinin həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş vəzifələrlə yanaşı, məişət zorakılığı barədə məlumat təsdiqləndikdən sonra məişət zorakılığının yaranmasına səbəb olan halları aşkar etmək və onların qarşısını almaq istiqamətində tədbirlər görməlidir. Məhkəmə, cinayət əməlinin törədilməsinə səbəb kimi məişət zəminində fiziki zorakılıq oluduğunu, yəni təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə qarşı fiziki zorakılıq törətdiyini, bu cür zorakılığın ilk dəfə olmadığını zərərçəkmiş şəxslə yanaşı digər şəxslər tərəfindən təsdiq edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, məhkumun islah olunması və gələcəkdə belə hərəkətlərə yol verilməsinin qarşısının alınması üçün ona əlavə vəzifə olaraq zərərçəkmiş şəxs X2 yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanların çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Təqsirləndirilən şəxs qadağan edilməlidir İş materiallarında olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı ümumilikdə 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Eyni zamanda zərərçəkmiş şəxs X2 yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsi narahat edəcək digər hərəkətlərin edilməsi, həmçinin məhkəmə və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Təqsirləndirilən şəxs qadağan edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-27/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-27/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver